Ürəyin danışdığı sevgi dolu şeirlər

 

 

Əbülfət Mədətoğlunun şeirləri ilə çoxdan tanışam. Son illər dövrü mətbuatda şeirləri ən çox çap olunan şairlərimizdəndir.

 

Şeirlərin vəzni, üslubu, məzmunu, bədii təsviri məndə belə bir təəssürat yaratmışdı ki, onların müəllifi uzaqbaşı 30-35 yaşlı gənc şairdir. Ancaq özü ilə şəxsi tanışlıqdan sonra yetkin təcrübəli yazı adamı, əməkdar jurnalist olduğunu bildim. Əbülfət müəllim həm tez-tez maraqlı mövzularda publisist yazılar yazır, şeir, nəsr kitablarına rəylər çap etdirir. Sayca 30-cu kitabı olanÜrəyim sənlə danışıradlı şeir toplusunu avtoqrafla mənə verməsi minnətdarlıqla yanaşı, ona olan marağımı da artırmış oldu. 232 səhifəlik kitabda Əbülfətin təxminən 200 şeiri yer alıb. Kitabın başlıca özünəməxsusluğu onun içindəki bütöv şeirlərdə, bəzən isə bəndlərdə, misralardadır. Məni bu təəssüratları yazıya çevirməyə əsas səbəb onlardakı bənzərsizlik, bəzənağlı başdan çıxaranepitetlər, metaforalar, mübaliğələrdir. Ümumiyyətlə, Əbülfətin şeirləri düşündürücüdür, onları hazırlıqsız oxucu gec başa düşər. Əbülfət müəllim sözün elə uzaq mənasına arxalanır ki, onu tapıb yerinə qoymaq elə asan olmur. Elə götürək kitabdakı 1-ci şeiri - “Dərdim”i:

 

Qollarımı açmışam,

Dolan boynuma, dərdim!

Cani-dildən deyirəm:

- Bəlan boynuma, dərdim.

 

Birinci iki misra aydındı: dərdi can-başla qəbul edir. İkinci misra artıq həddi aşır; üstəlik dərdin bəlasını da boynuna götürür; bax bu qeyri-adidir. Sonrakı iki bənd beləcə davam edir; dərdi çox güclü olsa, çaşar, yalan danışa bilər, dərdə icazə verir ki, yaxşını (!!) götürsün, qalanlar (ağırlar) ona qalsın:

 

Üzüyola uşağam,

Arx üstəyəm, başağam.

Çox qısnama, çaşaram -

Yalan boynuma, dərdim.

 

Min illərdi köç ötür,

Yüyrək ötür, gec ötür;

Sən yaxşını seç götür -

Qalan boynuma, dərdim.

 

Axırıncı bənddə bayatı məzmunu ilə qoşma formasının birləşdirilməsi güclü bədiilik yarada bilmişdir.

 

Bədiilikdən söz düşmüşkən, bir daha vurğulayım ki, Əbülfətin şeirlərinin ən qabarıq cəhətləri onlardakı yeni söz birləşməsi tipləri (Məsələn, konkret varlıq bildirən sözə elə epitet (təyin) qoşulur ki, buna çox az-az təsadüf edirik), adət etmədiyimiz qafiyələr, sözün içinə - məna dərinliyinə baş vurmaq kimi sənət əlamətləridir. Onları oxuyanda belə qənaətə gəlirsən ki, Əbülfətin şeirləri birnəfəsə, bədahətən deyilən, üstündəəməliyyataparılmayan misralardır. Ona görə onların ahəngi, bir-birinə qovuşuqluğu, qafiyəsi, hər şeydən əvvəl, gözlənilməz çox vaxt yerindəliyinə görə heyrət doğuracaq qədər təbii olur:

 

Elə bil böyüyübdü

Ürəyim sinəmdə

Gəzirsən addım-addım

Bu yerləri sən məndə.

 

... Əbülfətin əksər şeirlərində məzmundan çox forma oxucunututur”, onubaş bulamağavadar edir:

 

... Dedi: - daşıma dərdimi,

Burax başına dərdini!

Alıb başıma dərdimi,

Çıxdım dağlara, dağlara.

 

Alıb başıma dərdimi”?! Qəribə qovuşuqluqdur, eləmi: “Dərdi başa almaq”?!

 

Müasir poeziyamızda ən çox sevgi şeirləri, məncə, Əbülfət Mədətoğluna məxsusdur. Onun sevgi şeirləri ürəyin pıçıltısı, qəlbin həyəcanı, gözün işığından yaranır, o “sevirəm”, “yanıramdemir, onlardan doğan duyğuları, hissləri həzin-həzinoxuyur”, danışır:

 

Bir narın yağış yağır,

Sözlərinə bənzəyir.

Göylər yağışdan sonra

Gözlərinə bənzəyir...

 

Sevgilinin rəsmi onun cizgilərini sadəcə sadalamaqla diqqətə çatdırılmır, onun bənzəri ilə göz önünə gətirilir, sözlər narın yağışın səsi, gözlər yağışdan sonrakı göylərin rəngindədir. Ardınca gələn misralarda deyilir ki, meh sevdiyinin pıçıltısıdır, üzünə düşən şeh yanağını yandırır (bu, xəyali bir öpüşdür!!!):

 

Bir əsən meh duyuram -

Pıçıltını andırır!

Üzümdə şeh duyuram -

Yanağımı yandırır!

 

Son bənd aşiq sədaqətinin, aşiq səbrinin, aşiq təmənnasızlığının yüksək nümunəsidir:

 

Bir yarpaq xışıltısı -

Tanış addım səsidi...

Sevirəmpıçıltısı

Sevənlərin bəsidi!..

 

Sevənlər üçün bundan gərəkli hansı söz ola bilər: Sevirəm!?

 

Ürəyim sənlə danışırkitabında saf zərif sevgi duyğularını tərənnüm edən şeirlər çoxdur:

 

... Hər gün ölüb - dirilmək

Bir sevgiyə bəs etmir;

İçimdən uzaqlara -

Məzardayam; səs getmir...

 

Daha çox sevgi şeirlərinin toplandığı bu kitabda sənətkarlıq baxımından oxucuya xoş gələn cəhətlər çoxdur. Burda elə şeirlər var ki, onlar yaddaqalan süjetli əsər təsiri bağışlayır. Məsələn, “Yolları vərəqlədimmisrası ilə başlayan bədii parçada olduğu kimi: lirik qəhrəman yolları - həyatın sərt üzünü özünəməxsus şəkildəvərəqləməkləbələd olur, həsrətə yol verməyən üsullarını, gözlərinə köçürdüyü tin döngələrini, izi ilə gələn kölgələri öyrənir yaddaşında yaxşıca saxlayaraq yolların ondan özünü gizlətməsinin qarşısını alır.

 

Əlbəttə, yollar şairin incə məcazlaşdırdığı həyat sınaqlarıdır... Şeirdən bəzi sətirlər:

 

Yolları vərəqlədim

Düzgün dilin öyrəndim

Köçürdüm gözlərimə

Tinləri, döngələri”.

 

Nəhayət:

 

Yaşatdım yaddaşımda

Yolların dan üzünü...

Daha gizlədə bilməz -

Yollar məndən ö zünü.

 

Əbülfət Mədətoğlunun şeir yaradıcılığının müasir poeziyamızda xüsusi yeri var. Onun həm şeirlərində, həm də publisistikasında ayrıca bir “dərd”, “kədər” mövzusu hakim mövqe tutur. Bu, təkcə sevən lirik qəhrəmanın hicran, ayrılıq şikayətləri, gileyi deyil, həm də parçalanmış doğma yurd həsrətindən, köçkünlük nisgilindən doğan ümummilli kədər, ümummilli ağrıdan olan şikayətdir (Kitabda Qarabağa, Güney Azərbaycan mövzusuna, Urmiya gölünə aid şeirlər yüksək vətəndaş mövqeyini əks etdirir). Bütün bunlara görə də Əbülfətin şerlərinin xüsusi, geniş filoloji tədqiqata cəlb olunmasına ehtiyac var. Belə bir qənaətə gəlməyimə onun indiki qızğın jurnalistlik fəaliyyəti və bəzi məziyyətlərini diqqətə çatdırmaq istədiyim “Ürəyim sənlə danışır”  kitabındakı şeirlər də əyani sübutdur.

 

Əbülfət müəllim ömrünün və yaradıcılığının çox məhsuldar, necə deyərlər, gül-çiçəkli dövrünü yaşayır. Mən ona tezliklə illərdən bəri xiffətini çəkdiyi doğma yurda qovuşmağı, yeni-yeni yaradıcılıq uğurları, bir də möhkəm cansağlığı arzulayıram.

 

Akif MİRİYEV

ATU-nun Azərbaycan dili kafedrasının müdiri, dosent

525-ci qəzet.- 2016.- 16 aprel.- S.15