Gələcək məkanda cavablar varmı?

 

Xəbər verildiyi kimi, “Drujba Narodov” jurnalında (¹ 3 2016) Anarın “Göz muncuğu” povesti və yazıçı haqqında moskvalı tənqidçi Lyudmila Lavrovanın geniş məqaləsi dərc olunub.

 

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik.

 

“Bədbəxtlik də elə burasındadır, hamını başa düşürsən, hamını anlayırsan, dərdinə şərik olursan, səni isə, nəticə etibarilə heç kəs anlamır...”

 

Anar. “Gecə düşüncələri”

 

“Yeganə ümid yeri Mətndir. Müasirlər onun səsini ya eşitmir, ya da eşitmək istəmirlər. Ümid yalnız onadır ki, gələcək var”.

 

Anar. “Gecə düşüncələri”

 

Təyyarəçi... Bir neçə il bundan əvvəl Anar və onun yaradıcılığı haqqında kitab üzərində işləyərkən, onun nəsr əsərlərini, məqalələrini və şeirlərini sanki təzədən oxuyarkən birdən-birə mənim şüurumda, sanki fəhmlə, Anarın bu cür obrazı yarandı. Ona görə təzədən deyirəm ki, indi dövran dəyişib, ədəbiyyata münasibət, sözün dəyəri dəyişib, amma insanın mövcudluğunun mənası barədə suallarımız dəyişməyib, postmodernizm labirintlərində yerini rahatlayan və ya kommersiya xaltasını həvəslə qəbul edən indiki ədəbiyyat isə bu suallara cavab vermir.

 

Anar Sovet dövründə yazmağa başlayıb, lakin bizim hamımız kimi o da tarixin mürəkkəb döngələrində öz sözünün əsas cəhətini - hisslərinin və düşüncələrinin səmimiyyətini qoruyub saxlaya bilib. Bu, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı fantasmaqorik, kəskin süjetli eşq dramına da aiddir, “Otel otağı” tarixi-sosial miniromanına da, “Dantenin yubileyi” qrotesk-psixoloji novellasına da, “Ağ qoç, qara qoç”, “Göz muncuğu” fəlsəfi pritçalarına da. Anarın hər bir sətrində müəllifin iştirakı hiss olunur. Onun nəsrinin milli zəminində kök salmış bu “adilik”, eyni zamanda əlçatmazdır, haradasa, səmada, tamam başqa ölçülü bir məkanda, başqa sivilizasiyada, başqa kainatda süzür. Azərbaycanın “qara günlərində”, 90-cı illərin əvvəllərində yaradılmış və müəllifin aktual siyasət və islam dini haqda, Rusiya və Türkiyə barədə, sürətlə dəyişən dünyada mədəniyyətin rolu və öz xalqının milli ləyaqəti, sivilizasiyaların tarixi və tarixdə xalqların taleyi barədə düşüncələrini əhatə edən “Gecə düşüncələri”ni oxuyanda bu cür hisslər daha güclü təzahür edir...

 

Hər bir böyük sənətkarın obrazında bəzən onun müasirlərinin görmədiyi çoxlu paradokslar gizlənib. Azərbaycanda Anarın adını çəkəndə çox vaxt onun ictimai sahədə - həm Yazıçılar Birliyinin rəhbəri vəzifəsində, həm də parlamentin deputatı kimi çoxillik və yorulmaz işi barədə fikirlər eşidirsən. Hətta bəzən adama elə gəlir ki, ictimai xadim, maarifçi, milli-mədəni dəyərlərin tədqiqatçısı və ehtiraslı təəssübkeşi, Azərbaycan intibahının ideoloqu olan Anarın insanların şüurunda yaranmış obrazı öz xalqının tarixinin və mədəniyyətinin dərinliklərində kök salmış düşüncələri və yaradıcılığı dünya bədii təcrübə məkanına istiqamətlənmiş filosof, şair, nasir, dramaturq, ssenarist, tərcüməçi Anarı kölgədə qoyur. Burada onun fundamental əsərini - 2010-2011-ci illərdə Bakıda rus dilində nəşr edilmiş “Azərbaycan. Ədəbiyyat. İncəsənət. Mədəniyyət” (“Literatura. İskusstvo. Kulğtura Azerbaydjana” (tərtibçi Nazim İbrahimov)) adlı nəfis tərtibatlı, illüstrasiyalı üçcildliyini hökmən qeyd etməliyik.

 

Anar haqqında sadaladığım təqdimatların hamısı həqiqətdir, lakin bunların hər birinin arxasında həqiqətin yalnız bir qismi dayanır. Axı kölgədə qalan hissə daha çoxdur - yazıçının emalatxanası, insan həyatının mənasını tapmaq üçün tənha gəzintiləri və zamanı dayandırmaq, sözlər torunda onun simasını tutmaq, onun rənglərini, səslərini, ab-havasını çatdırmaq üçün cəsarətli cəhdlər. Lakin bu da hamısı deyil. Rəngarəng nüanslar, tonallıqlar, mövzu və ovqatlar çoxluğunda Xəzərin küləkli ənginliklərini xatırladan yaradıcılıq barədə yazmaq asan məsələ deyil... Anara münasibətdə bu fikirlər əsla metafora deyil.

 

Anar kimi insanın, onun kimi sənətkarın sirrini öyrənmək istəyən kəs, ən azı, bu insanın tənha qaldığı anlarda onun vəziyyətinin sanbalını, özünə rəhm etmədən, həyatının hər bir anını gərgin, təbii ki, formal kəmiyyətlərlə, məsələn, yazı masası arxasında keçirilmiş saatların sayı ilə və ya yazılmış səhifələrin sayı ilə ölçülməyən işinə sərf edən Anar şəxsiyyətinin bu gözəgörünməz pərdəsini duymağa çalışmalıdır.

 

Filosof Emil Çoran Bekket haqqında essesində yazır: “Buddizmdə maariflənmək eşqi ilə yaşayan adeptdən “tabutu gəmirən siçan kimi inadkarlıq” tələb olunur. Öz adına qiymət verən hər bir yazıçı bu cür gərgin həyat sürür”. Əlavə edək ki, bu sözlər təkcə yazıçıya aid deyil.

 

Yaradıcılığa bu gizli mübtəlalıq, vərdişli adilik, informasiya hay-küyü, hamılıqla qəbul edilmiş və bəzən hədsiz aqressiv fikirlərin qəliblərini üstələyərək irəliləmək üçün mənəvi gərginlik bu cür insanın hər hansı yığıncaqlarda və kütlə arasında öz mənliyini qoruyub saxlamasına imkan verir və onun yaratdığı hər şeydə iz qoyur. Başqa sözlə desək, onun taleyini müəyyən edir. Sənin olmayan və hətta sənə yabançı olan həyatda həqiqi varlıq - ekzistensiya axtarışları Anarı fransız ekzistensialistlərinin axtarışları ilə bağlayır. Lakin Anar ilə məsələn, “Yabançı”nın müəllifi gənc Kamyu arasında fərq ondan ibarətdir ki, Azərbaycan yazıçısı başqasının dərdinə şərik olmamaq və ya onu qınamamaq mövqeyi tuta bilməz: onun üçün lirizm və humanizm bir-birindən ayrılmazdır.

 

Yuxarıda dediyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəlində, Azərbaycan tarixində Anarın “qara gün”, Maqsud İbrahimbəyovun “çəyirtkə mövsümü” adlandırdığı dramatik məqamların birində Anar gündəlik xarakterli “Gecə düşüncələri” kitabında yazır: “Gərək öz saatınla yaşayasan”. “Öz saatı ilə yaşamaq” - axının gücünə, sürünün meyllərinə tabe olmamaq, öz seçdiyin yol ilə getmək, siyasi məqamın konyunkturu nə qədər fayda vəd etsə də, bu yolu həmin konyunkturla yox, sənin nəslinin əxlaqi normalarını, həyatda keçirdiyin hisslərin müxtəlifliyini və dünya mədəniyyətinin onun ruhuna yaxın ideyalarını üzvi şəkildə əhatə edən ruhunun daxili ritmi ilə müqayisə etmək deməkdir. Borxesin təklif etdiyi məşhur “Hansı kitabları oxuduğunu de, sənin necə yazıçı olduğunu deyim” meyarı bəlkə də o qədər universal deyil, lakin bir oxucu kimi Anarın maraq dairəsi inanılmaz dərəcədə genişdir, hələ onun musiqiyə, kinematoqrafa və rəngkarlığa həvəsini demirəm. Anarın mənəvi dünyasının incəsənət aləmindən əsən, gözəllik, orijinallıq və paradoksallıq baxımından bir-biri ilə rəqabət aparan müxtəlif və hətta bir-birini qarşılıqlı istisna edən küləklər üçün görünməmiş dərəcədə açıq olması onun yaradıcı fərdiliyinin əsasını təşkil edir. Anarın “Gecə düşüncələri”ndəki qeydlərin xeyli hissəsi onun daimi müsahibləri olan və təsiri onun əsərlərində də hiss olunan yazıçı  həmkarlarına həsr edilib. Bu insanların bəziləri barədə ayrıca məqalələr və esselər yazılıb, bəziləri haqqında filmlər çəkilib. Amma bununla belə, yazıçı Anarın bəhrələndiyi əsas qaynaq nə kitabxana labirintləridir, nə konsert salonları, nə də muzey zalları.

 

Ola bilsin, bunun sirri Anar üçün heç də asan olmamış 1993-cü ildə qürbətdə, İstanbulda yazdığı gündəliyində xatirələr kimi yaranmış qeydlərindədir.

 

Pəncərədən o tərəfdə əfsanəvi şəhər. Neçə-neçə xalqların və hökmdarların axıtdığı qanların, qazandığı şan-şöhrətin, onların ucalmasının və enməsinin şahidi olmuş bu şəhərin daşlarında ibrət dərsi və xəbərdarlıq kimi qorunub saxlanan müqəddəs tarixi rəvayətlər elm adamlarına çox mətləblərdən xəbər verir.

 

O, acı düşüncələrdən ayrılıb dincəlmək istəyəndə bir kənara çəkilib, “Allahın bəşəriyyətə ismarıcı” olan musiqiyə qulaq asır. Xəyal onu, kinoda kamera obyektivinin hərəkəti kimi, ehmallıca gənclik dövrünə aparır, gözləri qarşısında bir mənzərə açılır: o, hədsiz sevdiyi, indi itirilmiş Şuşada, zümrüd kimi yamyaşıl Malıbəylidə, Səkili bulağın başındadır. Qızmar yay günü. Buz kimi çeşmə Günəşin zərrin şüaları altında büllur kimi parlayır. O, yalın ayaqlarını yavaş-yavaş suya salır və - “dünya da beləcə işıqlı, sərin, rahatdır”... Anar yazır ki, ətrafda səslənən musiqini aşkar duyması bu işıqlı səmadan, sərinlikdən və sakitlikdən doğur...

 

Bu nə idi? Sonsuzluqla birbaşa ünsiyyətin bəxş etdiyi, heç də hamıya və heç də tez-tez qismət olmayan xoşbəxtlik məqamı? Dünyanın ilahi mahiyyəti ilə təmas kimi, az qala dini məna daşıyan bir akt? İndi isə, Vətəndən uzaqlarda bu musiqi onun şəxsi bənzərsizliyinə və deməli, yaradıcı təkrarsızlığına da heç kimin və heç nəyin xələl gətirə bilməyəcəyi, dərinliklərində alovlanan, parlaq bir nöqtə gizlənmiş “yaralı yaddaşına” sanki cənnət haqqında xatirələr kimi rahatlıq gətirirdi. Yazıçı elə həmin gündəliklərdə başqa bir məsələ ilə əlaqədar qeyd edir ki, o öz Vətənini bu nüvə ilə, bu nöqtə ilə hiss edir, “bütün Yer Kürəsi” oradan başlanır. Mənbə buradadır. Onun tale xətti buradan Yerin və Kosmosun ənginliklərinə yönəlir. Bəşəriyyəti minilliklər boyu düşündürən sirlərin açarı buradadır və bu açar onundur, ondan başqa heç kəsin deyil: “Həyat nədir, Kainatın sonu haradadır, Zaman nə vaxt və necə başlanıb, nə vaxt və necə bitəcək?”

 

Lakin “Gecə düşüncələri”ndə bu və digər fəlsəfi suallar oxucunun qarşısında, necə deyərlər, birinci şəxsin adından qoyulursa, Anarın nəsrində əks effekt yaranır: müəllifin gizli və sakit-səssiz iştirakı gündəlik adi həyati qayğılarla yaşayan, sanki adiliklər dumanından keçən, əyinlərində toz basmış qara pencək olan adi qəhrəmanları dəyişdirir, qəflətən duman dağılır və onların dolaşıq, dərk edilməmiş şəkildə həsrətlə gözlədikləri əsl həyatın obrazı yaranır.

 

Möcüzəyə oxşayan bu cür çevrilməni Fellininin heyranedici filmlərində görmüşük, məsələn, “Amarkord” filmində taqətdən düşmüş halda özlərinə sığınacaq axtaran personajlar qatı payız dumanına bürünmüş küçədə vurnuxurlar...

 

Anar real ilə irrealın, yerlə göyün bu qorxuducu və gözəl yaxınlığını həssaslıqla duyur. Onun bir sıra novellaları və ən yaxşı əsərlərindən biri olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” məhz bu duyumun təsiri altında yazılıb: adət etdiyin izdən kənara kiçicik bir addım atsan, tamam başqa bir aləmə düşürsən, gündəlik həyatın paxırından təmizlənmiş bu aləmin reallıqları qəsdən və zorən simvol dərəcəsinə yüksəldilmir, sadəcə birdən-birə simvolik məna kəsb etməyə başlayan bu reallıqları insan yalnız ən yüksək mənəvi gərginlik anlarında dərk edir. Ya da heç vaxt dərk etmir...

 

Anar haqqında dərin və mürəkkəb mövzuya bu kiçik müqəddimədən anlamaq olar ki, onlarca ədəbiyyat tənqidçişi bu mövzu qarşısında məğlubiyyətini etiraf etməyə məhkumdur. Lakin müəllifin Anar haqqında yazmaq arzusunu gözlənilmədən dəstəkləyən ... bu hekayətin baş qəhrəmanının özü oldu: o, öz gündəliyindəki qeydlərdə özü də bilmədən, ilk baxışda birləşdirilə bilməyənləri birləşdirmək, qarma-qarışıq görünəni harmonikləşdirmək, hətta ən mürəkkəb, öz məntiqi ilə yaşayan materiala da görkəm və forma vermək, onu səslənməyə, bütünlüklə açılmağa məcbur etmək qabiliyyətinə malik olan bir fiqur göstərib. Anar partituranı hazırlaşmadan, birbaşa vərəqdən oxuyan, öz daxili səs duyumu ilə orkestrdəki yüz səsin hamısını, hər bir alətin tembrini, onların partiyalarını eyni zamanda eşidən və bütün bunları öz başında vahid bir tam kimi - simfoniya şəklində birləşdirən musiqiçini nəzərdə tuturdu.

 

“Anarın partiturası” oxumaq üçün məhz belə musiqiçi olmaq, ancaq bu halda onun daha bir köməyindən istifadə etmək lazımdır, hərçənd bu köməkdə bir ironiya da var: “Mən istərdim ki, məni tanıyan insanlar mənim mozaika şəklində portretimi yaratsınlar - hər kəs öz istədiyi kimi, hərə bir tikə. Əgər həmin portretin,  Pikassovari, beş burnu olsa, eybi yoxdur, mənim üçün məqbuldur”.

 

Anar mumdan da yumşaq, dərviş-zəvvardan da həlim xasiyyətli, meşədə gizli-gizli axan çaylar kimi, onlardan daha artıq dərəcədə təvazökar, özünü gözə soxmayan bir insandır, amma bununla belə, artıq bir neçə onillikdir ki, Anarın dəst-xətti Azərbaycan mədəniyyətində müəyyənedici yer tutur. Anarın sözü - Azərbaycanın dərin qatlarından gələn sözdür, onun ağrısı-acısı - bütün xalqın ağrısı-acısıdır.

 

Anar tarixən tamamilə müxtəlif dövrlərdə, iki minillikdə, iki tamamilə fərqli sivilizasiyada yaşayıb və yenə yaşayır, amma həmin dövrlər, həmin sivilizasiyalar nə qədər müxtəlif, nə qədər fərqli olsalar da, bütün dəyişikliklərə baxmayaraq, onun qəlbinin dərinliklərində milli Azərbaycan ruhu dəyişməz qalır. Və Anarın altmışıncı illərdə qələmə aldığı ilk hekayələrindən başlamış bu yaxınlarda, artıq üçüncü minillikdə işıq üzü görmüş, kəskin süjetli “Ağ qoç...” və “Göz muncuğu” əsərlərinə qədər bütün bədii yaradıcılığında milli həyatın dərinliklərindən gələn səs eşidilir. Və illər keçdikcə bu səs görkəmli sənətkarın, hətta daha artıq - müdrik insanın səsinə çevrilir.

 

Bəs sonra? Hər yazıçı dünyanı bir cür görür. İroniya hissi Anara yad olmasa da, o əvvəlcə Herman Hessenin “Muncuq oyunu” əsərində təsvir etdiyi yüksək yaradıcılıq oyunu mühitində böyümüş olsa da, onun həyata və insana münasibəti ciddidir. Buna görə də indiki postmodern oyun, parodiya vəziyyətinə, canlı insanlar əvəzinə onların sahibsiz əvəzedicilərinin -qurdalandığı mühitə qətiyyən uyğunlaşmır. O hələ otuz ildən artıq bundan əvvəl yazdığı “Əlaqə” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” povestlərində “məhşər günü”nü təsvir etmişdi və bu onilliklər ərzində istər Azərbaycanda, istərsə də bütün postsovet məkanında onun versiyasına bəlkə də heç kəs heç nə əlavə etməyib.

 

Paradoksal da olsa, bu məsələdə o, yaradıcılıq  yönlərinin və bədii dəst-xətlərinin çox fərqli olmasına baxmayaraq, Rusiyada Valentin Rasputinlə oxşar vəziyyətdədir, yeri gəlmişkən, bu haqda bizim tənqidçilər də yazıblar. Burada kimsə mənimlə razılaşmayıb deyə bilər ki, Rasputin kənd həyatı haqqında yazırdı və onu “kəndyazıçıları” sırasına aid edirlər, Anar isə “şəhər nasiri”dir... Amma ədəbiyyata belə yanaşma yalnız baxışın məhdudluğundan xəbər verir. Yazıçıların tematik prinsip üzrə heç bir bölgüsü yoxdur və ola da bilməz. Əsas məsələ - sənətkarın fasiləsiz axan zamanın gedişində, keçmiş, indiki və gələcək zamanın kosmik əlaqəsində dövrün ab-havasını duymasıdır. Bu mənada keçən əsrin 80-ci illərində - o qarışıq dövrdə Rasputinin faciəli uzaqgörənliklə qələmə aldığı “Yanğın” povesti və 90-cı illərin əvvəlində Anarın həcm baxımından novella kimi yığcam “Otel otağı” romanı bir-biri ilə səsləşir. Hər iki yazıçı postmodern “məhşər günü”nün məhvedici dalanlarından çıxış yolu kimi xalq ruhunun dirçəlişi şəklində milli alternativ təklif edir.

 

Anar özünün bu proqram xarakterli essesində azərbaycançılıq məfkurəsi barədə, Valentin Rasputin isə sonuncu, “İvanın qızı, İvanın anası” adlı povestində rus mühiti haqda çox dərin və parlaq fikirlər söyləyir.

 

Həm azərbaycanlı sənətkar üçün, həm də onun rus həmkarının nəzərində öz millətindən və öz vətənindən kənarda yazıçı yoxdur, o hökmən öz milli şüuru dairəsində yazıb-yaradır; məhz bu halda o, qalan dünya üçün də maraqlı olur. Coysun şəhər dünyası, “Dublin dünyası”, Markesin Latın Amerikası stüsiyası, fransız Uelbekin qəhrəmanlarının mənəvi sərsəriliyi - bütün bunların kökü bu söz ustalarını yetişdirən ənənənin həqiqiliyindədir. Milli mədəniyyətin ən yaxşı nümunələri məhz həqiqilik nümunələridir. Bu, sənətkarı daim qidalandıran saf çeşmədir. Hətta avanqard sənətin nümayəndələri də milli mədəniyyət xəzinəsindən bəhrələnirlər. Xlebnikov, Stravinski - rus dastanlarından və nağıllardan, Kandinski - ikonadan, Kortasar - qauço poeziyasından nümunələr götürüblər.

 

Anarı müvəqqəti populyarlığın, dəb xatirinə, ötəri şöhrətin fövqünə ucaldan daha bir xüsusiyyət var. O hələ 1969-cu ildə, Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” əsəri haqqında yazdığı “Ucalmış insanlıq” adlı məqaləsində öz inam rəmzini bəyan edərək bildirir ki, hətta ən çətin şəraitdə insan üçün onun insanlığını qoruyub saxlamağa kömək edə biləcək yeganə qüvvə humanizmdir... Anar bütün yaradıcılığında və həyat yolu boyunca özünün bu kredosuna sadiq qalır. Şəxsiyyət “öz ağlının və qəlbinin təbii meylləri, öz həqiqi emosiyaları və arzuları” ilə hesablaşmaq, yoxsa “bütün bunlara rəğmən konformist, fövqəlbəşər əxlaqın naminə hərəkət etmək” kimi dilemma qarşısında qalanda Anar mənfəət naminə, yaxud yanlış olduğu bilinən, amma guya uğur gətirən hədəflər naminə öz şəxsiyyətini qurban verməyənlərin tərəfini seçir, hətta belələri əksəriyyətin nəzərində dəli kimi görünsələr də... O ümid edir ki, “insanın daxilindəki əsl mahiyyəti gec-tez oyanacaq və onda insanlıq avtomatizmə, mexaniki ayinlərə, ətalətə qarşı üsyan edəcək”. Görəsən, onun bu ümidi hədər deyilmi?

 

Yox, hədər deyil! - Anarın “Göz muncuğu” povestində bu məsələləri daha yüksək səviyyəyə qaldıraraq, insanın varlığında Xeyir və Şər, Zülmət və Nur başlanğıcları üzərində, insanın hərəkətlərinin vadaredici motivləri və onların mümkün əvəzləri haqqında düşünərək gəldiyi qənaət belədir. Bu əsərdə yazıçının fəlsəfəsi haqqında təsəvvür əldə etmək heç də asan deyil, varlığın mənası barədə əsrlər boyu ən böyük zəka sahiblərini düşündürən ən mürəkkəb problemlərə onun baxışları ən müxtəlif şərhlər üçün əsas verir.

 

Üstəlik, Anar əsl sənətkar kimi, bu əsərin hər bir fəslində dünya klassikasına istinadlardan istifadə edir və bunun hesabına öz nəsrinin əhatə dairəsini ölçüyəgəlməz dərəcədə genişləndirir. Beləliklə o, müasir kolliziyalardan bəhs edərək, bizi həm keçmiş əsrlərdə, həm də bizim günlərimizə yaxın dövrdə Şərqdə və Qərbdə yaşayıb yaratmış ən böyük şair və mütəfəkkirlərin, filosof və yazıçıların axtarışlar dünyasına, mənəvi kolliziyalar aləminə daxil edir.

 

Anarın bu əsərində “Dhammapada”dan, “İlahiyyatçı İoannın kəlamları”ndan müəyyən motivlərə, İdris Şah, Rumi, Paskal, Svedenborq, Kyerkeqor, İbn Sina, Konfutsi, Dostoyevski, Sartr, Yunq və başqa mütəfəkkirlərə istinadlar var... Bunlar sadəcə olaraq müəllifin fikrinin hərəkət istiqamətlərini göstərən nişanlar deyil, insanın dünyanı və özünü dərk etməyə, bəlkə də ölməzlik qazanmağa yönəlmiş cəhdinin minillik  tarixində bir növ mayaklardır... Bununla birlikdə, insan ruhlarının zamanın anlaşılmaz dalğaları qoynunda hərəkətində ifadə edilən dünya mədəniyyəti - personajların və müəllifin oxucu ilə dialoqunun və hətta insanı adilikdən, rituallardan, ətalətdən qurtulmağa və öz hərəkətləri üzərində, özünün əsl “mən”i barədə fikirləşməyə sövq edən polemikanın tamhüquqlu iştirakçısıdır. Əlbəttə, bəziləri bu povesti triller elementləri olan əyləncəli macəra kimi oxuyacaq. Başqaları Quranın “Əl-Kəhf” (Mağara) adlı məşhur 18-ci surəsindəki süjeti Anarın necə interpretasiya etməsinə heyran olacaq. Bəzi oxucular isə müəllif tərəfindən verilən suallar qarşısında acizlik göstərib onları həlli olmayan məsələlər hesab edəcək və bu suallara cavab verməyi gələcək oxuculara həvalə edəcəklər. Amma ən azı, belə bir cəhd ediləcək və bu, artıq yaxşı haldır.

Anar A.Kamyunun da təkid etdiyi bir fikrin doğru olmasına şübhə etmir: “Nə qədər ki, zəka öz ümidlərinin hərəkətsiz dünyasında susur, hər şey qarşılıqlı uzlaşır və çox arzu edilən vəhdətdə qaydaya salınır. Amma zəka hərəkətə gələn kimi bütün dünya dağılır: parlayan saysız-hesabsız qəlpələr özünü idraka təklif edir”.

 

Anarın dediyi insan çoxölçülü, simfoniya kimi çoxsəsli və idraki baxımdan sərbəstdir, onun zəkası susmur. O, dağılmış dünyanın sayrışan qəlpələrini yenidən birləşdirmək arzusu ilə zamanın ölüm-dirim savaşından keçir. Və elə bu arzunun özü guya insanın bəxtinə yazılmış dairədən çıxmaq, onun özünün natamamlığından və qabaqcadan proqramlaşdırılmış taledən qaçmaq şansıdır.

 

Lyudmila LAVROVA

525-ci qəzet.- 2016.- 16 aprel.- S.14-15