Seyran Səxavətin 70 illiyi Yazıçılar Birliyində qeyd olunub
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin
(AYB) Natəvan klubunda
yazıçı-dramaturq Seyran
Səxavətin 70 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri AYB-nin sədri,
Xalq yazıçısı
Anar açaraq yazıçının yaradıcılıq
yolundan danışıb:
Bu gün yazıçı
dostumuz Seyran Səxavətin ad günüdür.
Gənc yaşlarında Seyran şair kimi çıxış edirdi.
Sonradan bir-birindən gözəl
romanlar, povestlər qələmə almağa
başladı və bu onda uğurlu
alındı.
Azərbaycan jurnalının
baş redaktoru İntiqam Qasımzadə yazıçının müdriklik
yaşına qədəm
qoyduğunu söyləyib:
Seyran Səxavət Azərbaycanda kifayət qədər tanınan yazıçıdır. Mənim əziz
dostumun yetmiş yaşıdır və artıq o, müdriklik yaşına qədəm qoyur. Bu gündən
sonra qələmi daha kəskin, daha yararlı olsun.
Xalq şairi Nəriman Həsənzadə yubilyarın
romanlarında gerçəkliyin
böyük müvəffəqiyyətlə
əks olunduğunu vurğulayıb: Onun dilinin gözəlliyi danılmazdır. Qaçhaqaç romanında öz müasirləri, qələm
yoldaşları haqda xarakterik məqamları olduqca uğurla göstərir.
Xalq şairi Sabir Rüstəmxanlı yazıçı
ilə birlikdı keçən gənclik illərindən söz açıb: Biz Seyranla tələbəlikdə tanış
olmuşuq. Tələbəlikdən sonra Ədəbiyyat
və incəsənət
qəzetində birgə
işləmişik. Zaman
yollarımızı ayırsa
da, bəzən yaxın, bəzən uzaq olsaq da,
ruhən bir-birimizdən
uzaqlaşmamışıq... Seyran əvvəllər şeirlər
yazırdı. Sonradan nəsri
və dramaturgiyanı
seçdi. Hesab edirəm,
o sonradan hiss etdi ki, daha ciddi
dildə danışmaq
lazımdır. Şeirlərinin ardınca gözəl romanlar yazdı. Bu romanlarda Qarabağ
ləhcəsinin bütün
şirinliyini özünəməxsus
bir üslubla ədəbiyyata gətirdi.
Onda çox zəngin dil ehtiyatı və təsvir bacarığı var.
Yazıçı-dramaturq Əli Əmirli əsasən yubilyarın dramaturgiyası
barədə fikirlərini
bölüşüb: Teatr
aləminə daxil olmaq çox çətindir. Ancaq Seyran Səxavət
bir ildırım sürətilə teatr aləminə daxil oldu və burada
layiqli yerini tutdu.
Tədbirdə Milli Məclisin
deputatı Fazil
Mustafa, Milli Elmlər Akademiyasının həqiqi
üzvü Hətəm
Quliyev, professor Almaz Əliqızı, Xalq artistləri Flora Kərimova,
Fuad Poladov və başqaları da yubilyarla bağlı
fikirlərini bölüşüb,
yaradıcılığından söhbət açıblar.
Sonda Seyran Səxavət çıxış
edərək, tədbirin
təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 16 aprel.- S.13