“Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları” təqdim olunub
Aprelin
15-də Milli Kitabxanada Mədəniyyət
və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə Multikulturalizm Mərkəzinin nəşr
etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının
təqdimat mərasimi
keçirilib.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə
“Multikulturalizm ili” elan etdiyini xatırladaraq
Azərbaycanın multikulturalizmin
beşiyi olduğunu qeyd edib. O, uzun
illərdən bəri
ölkəmizdə tolerant həyat
tərzinin mövcudluğundan,
hər zaman azsaylı xalqlara, onların milli mənəvi dəyərlərinə,
adətlərinə hörmətlə
yanaşıldığından danışıb.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev respublikamızın
müxtəlif azsaylı
xalqların yaşadığı
tolerant və multikultural
məkan kimi tanındığını, bu
sahədəki uğurların
dünyada yüksək
qiymətləndirildiyini, Azərbaycanın
tarixən fərqli mədəniyyətlərin qovuşduğu,
çoxsaylı xalqların
dinc yanaşı yaşadıqları ölkə
kimi multikulturalizm sahəsində böyük
təcrübə əldə
etdiyini önə çəkib. Nazir son illər ölkəmizdə
bu mövzulu qlobal miqyaslı tədbirlərin keçirilməsini
Azərbaycanın multikulturalizm
sahəsində əldə
etdiyi mühüm nailiyyətlərlə əlaqələndirdi.
Azərbaycan Respublikasının Millətlərarası,
Multikulturalizm və Dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev elmi redaktoru olduğu kitab haqqında danışarkən
bunun “Azərbaycan multikulturalizminin qaynaqları”
seriyasından ilk nəşr
olduğunu, bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi
və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin
siyasi və hüquqi qaynaqları”nın
yaxın gələcəkdə
işıq üzü
görəcəyini açıqlayıb.
K.Abdullayev oxucuya təqdim
olunan bu kitabda klassik şair və yazıçılarımızın tamam yeni bir
rakusda göründüyünü,
bu gün xalqımıza xas olan tolerantlığın,
multikultural dəyərlərin
əsrlər boyu əcdadlarımızın canında,
qanında yaşadığını
qeyd edib.
Ardahan Universitetinin rektoru Ramazan Korkmaz, nəşrin rəyçiləri
- AMEA-nın Əlyazmalar
İnstitutunun direktoru,
akademik Teymur Kərimli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri
Nəriman Qasımzadə,
tərtibçi - AMEA-nın
Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, professor Möhsün
Nağısoylu, AMEA-nın
Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov bu kitabda Azərbaycan ədəbiyyatının 1920-ci ilə kimi yazıb-yaradan
sənətkarlarının əsərlərində əksini
tapan multikultural,
tolerant dəyərlərin əks olunduğunu vurğulayıblar.
Tədbir iştirakçıları “Multikulturalizm Azərbaycanın həyat tərzidir”
adlı geniş kitab
sərgisi ilə tanış olublar.
525-ci qəzet.- 2016.- 16 aprel.- S.13