“Şah İsmayıl
- sərkərdə və hökmdar”
adlı sərgi açılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli
Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə
və hökmdar” adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
bir sıra tanınmış elm xadimləri,
mədəniyyət və
incəsənət ocaqlarının
təmsilçiləri, o cümlədən,
“Dərbənd” xeyriyyə
cəmiyyətinin üzvləri
iştirak ediblər.
Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupu üzvlərinin nağarada
ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlanıb.
Muzeyin direktoru,
akademik Nailə Vəlixanlı sərginin
əhəmiyyətini qeyd
edib. Ölkəmizin dövlətçilik ənənəsi tarixindən
danışan akademik Azərbaycan Səfəvilər
dövlətinin olduqca
zəngin irsə malik olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Səfəvilər
irsinin öyrənilməsi
və tədqiqi hər zaman elmimiz üçün prioritet olub. I Şah İsmayılın
dövlət quruculuğu
fəaliyyətindən və
sərkərdəliyindən bəhs edən natiq, onun Azərbaycan
tarixində mədəniyyət,
elm sahələrindəki xidmətləri
ilə yanaşı, siyasət sahəsində də xidmətlərinin danılmaz olduğunu vurğulayıb. Akademik bildirib
ki, təqdim olunan sərgidə I Şah İsmayılın
böyük Azərbaycan
sərkərdəsi kimi
fəaliyyətini əks
etdirən eksponatlar nümayiş olunur.
AMEA-nın prezidenti,
akademik Akif Əlizadə sərginin konsepsiyasının akademik
Ramiz Mehdiyevin
2014-cü ildə işıq
üzü görmüş
“Şah İsmayıl-sərkərdə
və hökmdarın
portreti” kitabı əsasında tərtib olunduğunu diqqətə
çatdırıb.
Akademik qeyd edib ki, respublikamızın elmi-mədəni həyatında əlamətdar hadisə olan bu sərginin hazırlıq işləri ciddi elmi axtarışlar, geniş bərpa-restavrasiya işləri, yeni tərtibat işləri tələb etməsinə baxmayaraq, Prezident İlham Əliyevin elmə və dövlətçilik tariximizə olan diqqət və qayğısı nəticəsində buna nail ola bildik.
Digər çıxış edənlər də vurğulayıblar ki, belə bir sərginin keçirilməsi ilə zəngin tariximizə bağlılığı bir az da artırmış oluruq.
Daha sonra Əməkdar artist Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının ifasında XIV əsr bəstəkarı Əbdülqadir Marağayinin “Hüseyn bəstə”, “Naxış bəstə” və “Qədim türk” əsərləri səsləndirilib.
Əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Elxan Mansurov və başqalarının ifasında bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Şah İsmayıl və Ərəbzənginin, Şah İsmayıl və Gülzarın ariyaları, o cümlədən, Aslan şahın ariyaları səsləndirilib.
Sonra sərginin açılışı olub.
Sərgidə 130-dan artıq eksponat - silahlar, pullar, kaşılar, parçalar nümayiş olunur. Eksponatların mahiyyətini tam açmaq, onların tarixi hadisələrlə bağlılığını göstərmək məqsədilə informasiya-məlumat panelindən istifadə edilib.
“Şah İsmayıl - sərkərdə
və hökmdar” sərgisi dekabrın 15-dək
davam edəcək.
525-ci qəzet.- 2016.- 16 aprel.- S.12