Rafiq Babayev konsertlə anılıb

 

 

Azərbaycan Milli Konservatoriyasında respublikanın Xalq artisti, görkəmli pianoçu Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə pianoçunun ifasını əks etdirən video-çarx nümayiş olunub.

 

Daha sonra Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək, R.Babayevlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb.

 

1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetininTeymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qayacaz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilib.

 

Musiqiçi 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür.

 

Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

 

Daha sonra Emil Əfrasiyab, Rain Sultanov, Elçin Şirinov, “Qaya” dövlət ansamblı, eləcə də “Cəngi” ansamblının ifasında caz kompozisiyalar səsləndirilib.

 

 

525-ci qəzet.- 2016.- 16 aprel.- S.13