Nadir Əbdürrəhmanovun rənglər
dünyası “Xalq Əmanəti” kimi yenidƏn canlandı
Xalq Bankın, artıq altıncı ildir ki, davamlı həyata keçirdiyi “Xalq Əmanəti” mədəni layihəsi rəssamlıq və ədəbiyyat vurğunlarından,
sənətsevərlərdən, elmin müxtəlif istiqamətlərində çalışan
alimlərdən ibarət
geniş bir auditoriyanın layiqli rəğbətini qazanıb.
Əhatə dairəsi və
yüksək peşəkarlıqla
gerçəkləşdirilməsi baxımından misilsiz olan bu layihə
çərçivəsində Azərbaycan xalqının
təsviri sənət,
poeziya və elm sahəsində yaratdığı
seçkin nümunələr
bir araya gətirilir, nəfis şəkildə hazırlanmış
rəngarəng rəsm
albomları, poetik toplular nəşr olunur və bütün bunlar xalqın sevgiylə, həssaslıqla qorunan sərvəti, zəngin irsi bir daha
ulu xalqımıza, onun gələcək nəsillərinə çatdırılır.
Ötən 6 ilə yaxın
müddətdə 12 irimiqyaslı
layihə həyata keçirilib! Üç dildə - azərbaycanca, rusca, ingiliscə nəşr edilən kitablarla, albomlarla başqa millətlərin və xalqların da nümayəndələri
tanışlıq imkanı
qazanıblar, çünki
bu nəşrlər təkcə ölkəmizdəki
ali təhsil ocaqlarına, məktəblərə,
fondlara, uşaq evlərinə, kitabxanalara,
dövlət qurumlarına
deyil, xarici ölkələrin səfirlik
və konsul nümayəndəliklərinə, həmçinin, ölkəmizin
xaricdəki diplomatik təmsilçiliklərinə də
təmənnasız olaraq
çatdırılır. “Xalq Əmanəti”nin həm mədəni, həm də sosial mahiyyəti məhz bu formada özünün
parlaq təzahürünü
tapır!
Layihənin sayca 13-cü nəşri
olan “Rəngkarlıq və qrafika” bədii albomunda görkəmli fırça
ustası, Xalq rəssamı, professor Nadir Əbdürrəhmanovun
zəngin irsi, ustad sənətkarın həyat və yaradıcılığının bütün mərhələləri
əks olunub.
Bununla əlaqədar
aprelin 8-də Xalq Bankın sərgi salonunda həm sözügedən albomun təqdimatına, həm də Nadir Əbdürrəhmanovun
əsərlərindən ibarət
ekspozisiyanın açılışına
həsr olunmuş mərasim keçirildi. Buradaca qeyd
etməyi vacib bilirik ki, Xalq
Bankın sənət
qalereyası bir neçə geniş və işıqlı otaqdan ibarətdir, müxtəlif janrda və ölçüdə
olan rəsmlər həmin otaqların divarlarındakı zərli,
oyma çərçivələrdə,
xüsusi qaydada işıqlandırılaraq nümayiş
etdirilir. Bu isə tamaşaçıya
o əsərləri fərqli
rakurs və məsafələrdən seyr
edərək yüksək
zövq almaq imkanı verir.
Mərasimi açaraq qonaqları
salamlayan aparıcı
Dilarə Səlim “Xalq Əmanəti” layihəsinin xalqımızın
müstəsna dəyərə
malik yaradıcılıq
irsinin qorunması və gələcək nəsillərə ötürülməsi,
eləcə də Azərbaycan mədəniyyətinin
xaricdə təbliğ
olunması işində
önəmli rolundan danışdı, Nadir Əbdürrəhmanovun
həyat və yaradıcılıq yolu barədə yığcam
məlumat verdi.
N.Əbdürrəhmanovun yaxın dostu və həmkarı
- Xalq rəssamı, görkəmli heykəltəraş
Ömər Eldarov onunla bağlı xatirələrini bölüşdü,
birlikdə İ.Repin adına Rəssamlıq
İnstitutunda oxuduqları,
eyni otaqda qaldıqları çağları
xatırlayaraq həyat
və sənət barədə söhbətlərini
yada saldı. Məlum oldu ki, bu iki
böyük sənətkar
sonralar da bir-birindən uzaq düşməyiblər, uzun
illər həm mənzil, həm də emalatxana qonşusu olublar: “Nadir Əbdürrəhmanov olduqca
qətiyyətli adam idi, Sovet dövründə onun rəhbərlik etdiyi Rəssamlar İttifaqı azad, demokratik şəraitin hökm sürdüyü,
demək olar ki, yeganə yaradıcılıq “adası”
kimi tanınırdı.
O, inanılmaz dərəcədə
incə ruhlu insan idi, heç
vaxt səsini yüksəltməzdi, təşviş,
narahatlıq içində
olan istənilən adamı sakitləşdirməyi
bacarırdı. Yəqin
az adama
məlumdur ki, Nadir Əbdürrəhmanov əvvəlcə
Tibb İnstitutunda təhsil almışdı,
peşəkar həkim
idi, ancaq rəssamlığa olan meyli üstün gəlmiş və o, ömrünü təsviri
sənətə həsr
etmişdi. Tanıyanlar ona “doktor” deyə müraciət edirdilər. Doğrudan da,
fitrətən loğman
idi, onunla ünsiyyət adamlara könül xoşluğu,
rahatlıq gətirirdi.
Elə yaradıcılıqda da insana, təbiətə həssas münasibəti ilə seçilirdi”.
Milli Məclisin üzvü, akademik Rafael Hüseynov duyğularını, düşüncələrini
özünəməxsus məharətlə
dilə gətirdi: “Bu
albomu vərəqlədikcə,
bu gözəl rəsmlərə tamaşa
etdikcə bir daha əmin olursan ki, 20-ci əsr Azərbaycan mədəniyyəti və
incəsənətinin taleyində
necə xoşbəxt
bir dövr olub və xalqımıza
neçə-neçə korifeylər
bəxş edib. Xalq Bank xalqımızın ən
dəyərli nümayəndələrinin
yaradıcılıq irsinə
aid nəşrlərlə bizi
sevindirməkdədir. Səttar Bəhlulzadə,
Vəcihə Səmədova,
Böyükağa Mirzəzadə,
Maral Rəhmanzadə,
Gennadi Brijatyuk, Məmməd Araz, Mikayıl Müşfiq, Xəlil Rza Ulutürk, Əli Rəcəbli və başqaları - bütün
bu imzalar milli yaddaşımıza əbədi həkk olunublar, çünki onlar Azərbaycan xalqının zəngin mədəni ənənələrini,
onun möhtəşəm
istedadını, zəkasını,
mənəvi qüdrətini
bütün dünyaya
nümayiş etdiriblər.
Ötən yüzillikdə yaradılan
dahiyanə əsərləri
qorumaq, onları 21-ci əsrə ötürmək,
yenidən xalqa bəxş etmək - bundan da yüksək,
bundan da nəcib missiya varmı?! Bu gün biz kitab bayramında toplaşmışıq.
2010-cu ildən etibarən “Xalq Əmanəti” layihəsi çərçivəsində bir çox kitablar nəfis tərtibatda çap olunaraq geniş tamaşaçı, izləyici
kütləsinə pulsuz
olaraq təqdim olunur. Mən çox xoşbəxtəm
ki, tələbəlik
illərində AzTV-də,
radioda çalışdığım
müddətdə Nadir Əbdürrəhmanov
kimi böyük sənətkar haqda dəfələrlə verilişlər
hazırlamaq mənə
nəsib olub. Sonda öz çıxışımı
bu sözlərlə,
bu fikirlərlə bitirmək istərdim.
Belə bir misal var
- əmanətə xəyanət
etmək olmaz. Mənsə deyərdim ki, əmanətə sədaqət gərək!
Xalq Bank da əmanətə sədaqətlə yanaşır.
Məhz Xalq Bank tarixləşmiş
böyük şəxsiyyətlərə
sədaqət göstərir.
Bir Azərbaycan ziyalısı
olaraq öz adımdan Xalq Banka ilham, güc və sevgi arzulayıram”
- deyərək çıxışını
bitirdi.
Rəssamlar İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov N.Əbdürrəhmanovu Azərbaycanın
ən layiqli vətəndaşlarından, parlaq
şəxsiyyətlərindən və dəyərli ictimai xadimlərindən biri kimi səciyyələndirdi. Ustad rəssamın insanlığı
və sənətkarlığı
barədə yüksək
fikirlər söyləyən
F.Xəlilov daha sonra dedi: “Milli
təsviri sənətimizə
böyük diqqət
və qayğı göstərdiklərinə, belə
bir möhtəşəm
nəşri hazırlayıb
təqdim etdiklərinə
görə Xalq Banka, layihədə əməyi
keçən yaradıcı
kollektivə Azərbaycan
rəssamları adından
təşəkkürümü bildirirəm”.
Sənətkarın ailəsi adından danışan Arif Əbdürrəhmanov atasının
irsinə verilən yüksək qiymət üçün Xalq Banka dərin minnətdarlığını
ifadə etdi.
Dahi bəstəkarımız Qara Qarayevin qızı, tədbirə qatılmaq üçün İstanbuldan təşrif buyuran professor Züleyxa Qarayeva hələ uşaqlıqdan tanıdığı və böyük hörmət bəslədiyi N.Əbdürrəhmanovun insani məziyyətləri, yaradıcılıq keyfiyyətləri haqqında fikirlərini bölüşdü, “Xalq Əmanəti” layihəsinin, açılan bu yeni ekspozisiyanın əhəmiyyətini vurğuladı.
Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Odlar Yurdu” Universitetinin dekanı, dosent Arif Məmmədov da ustad rəssamın əsərləri barədə düşüncələrini ifadə edərək bu layihənin Azərbaycan mədəniyyətinə böyük töhfələr verdiyini bildirdilər.
Bankın Reklam və ictimai əlaqələr şöbəsinin rəhbəri Elşən Eynullayev layihə çərçivəsində son zamanlar görülən işlər barədə məlumat verərkən, bir müddətdən bəri eyni vaxtda üç nəşr üzərində çalışıldığını, onlardan birinin məhz N.Əbdürrəhmanova həsr edilmiş bu albom olduğunu dedi: “Digər nəşrlərə gəlincə, hələlik yalnız bunu deyə bilərəm ki, onlar fərqli sahələrlə bağlı fundamental tədqiqatları özündə əks etdirəcək və bunun üçün layihəyə bir sıra məşhur mütəxəssislər cəlb olunub.
Qeyd edək ki, Nadir Əbdürrəhmanovun əsərlərindən ibarət sərgini həftə içi hər gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək Xalq Bankın baş ofisinin 16-cı mərtəbəsində yerləşən qalereyasında seyr etmək olar. Yaxın günlərdə Bankın “Gəncə” filialında da (Gəncə şəh., Zərrabi küç. 4) N.Əbdürrəhmanovun rəsmlərinin sərgisi təşkil olunacaq.
Sərginin vaxtı: həftə içi hər gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00. Giriş sərbəstdir.
Gülzar VAQİFQIZI
525-ci qəzet.- 2016.- 16 aprel.- S.10