Dağlıq Qarabağdakı son vəziyyət bilavasitə Azərbaycan ordusunun adı ilə bağlıdır
MÜBARİZ ƏHMƏDOĞLU: “RUSİYANIN AZƏRBAYCANIN TƏKBAŞINA QAZANDIĞI QƏLƏBƏYƏ ŞƏRİK AXTARMAĞA ÇALIŞMASI RƏSMİ MOSKVA ÜÇÜN CİDDİ GEOSİYASİ PROBLEM YARADA BİLƏR"
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyət
bilavasitə Azərbaycan
ordusunun adı ilə bağlıdır. Bu vəziyyəti Silahlı Qüvvələrimiz yaradıb.
Ordumuza Azərbaycanın siyasi rəhbərliyindən başqa
heç bir yerdən heç bir əlavə göstəriş gəlməyib”.
Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin
sədri, politoloq Mübariz Əhmədoğlu
2-5 aprel tarixlərində
təmas xətti boyu Ermənistanın yenidən atəşkəsi
pozması nəticəsində
baş verən döyüşlər barədə
danışarkən deyib.
Onun sözlərinə
görə, Azərbaycan
ordusu öz gücünə o qədər
arxayın idi ki, hətta səfərbərlik elan etmək barədə düşünməyib: “Səfərbərliyə
ehtiyac duymayan ordunun başqa dövlətin hərbçilərinə
müraciət etməsi,
onları hərbi əməliyyatlara qoşması
absurd fikirdir. Bunlar sadəcə
ermənilərin uydurmalarıdır.
Ermənilər miflərin əsarəti
altındadırlar. Onlar belə
düşünürlər ki, Azərbaycan rəhbərliyi, ordusu təkbaşına belə
uğur qazana bilməz. Ona görə də,
bu məsələdə
Türkiyənin adını
hallandırır və
Rusiya ictimaiyyətini həmin fikrə inandırmağa çalışırlar”.
Politoloq
xatırladıb ki, indi Rusiya ilə
Türkiyə arasında
münasibətlər gərgindir:
“Ermənilər bundan
istifadə edərək
süni surətdə
Rusiya-Ermənistan birliyinə
qarşı Türkiyə-Azərbaycan
birliyi ideyasını
irəli sürmək
istəyirlər”.
Mərkəz sədri qeyd edib ki, Rusiya
baş naziri Dmitriy Medvedyev, eləcə də xarici siyasət idarəsinin rəhbəri
Sergey Lavrovun Türkiyənin
adını hallandırması
kifayət qədər
ciddi araşdırılmalı
məsələdir: “Əgər
Rusiyada kiçik bir Ermənistanın müstəqil siyasət aparmağına inanıb,
bu ölkədən təxminən 4-5 dəfə
böyük və güclü olan Azərbaycanın müstəqil
siyasət aparmağına
inanmırlarsa, bu artıq Rusiyanın siyasi elitasının problemidir. Eləcə də bu gün
Moskva Azərbaycanın
müstəqil siyasət
aparmadığını, rəsmi
Bakının verdiyi qərarlar, atdığı
addımlara Türkiyənin
təsir etdiyini düşünürsə, bu
yaxın illərdə
Rusiyanın Yaxın Şərq siyasətində
ciddi problemlər yaradacaq. Çünki Rusiya-İran, Rusiya-Türkiyə
münasibətlərində mövcud olan problemlər və qeyri-müəyyənliklər fonunda
Rusiya-Azərbaycan əlaqələrinə
rəsmi Moskva tərəfindən problemlərin
yaradılması Rusiyanın
Yaxın Şərq siyasətinə təsirsiz
ötüşməyəcək. Rusiyada bəzilərinin nəzərinə
çatdıraq ki, Kosovonun müstəqilliyinin
tanınması məsələsində
Azərbaycanın Türkiyə
ilə münasibətlərində
yalnız öz maraqlarını əsas götürdüyünün sübutu
var. Türkiyə Kosovonun
müstəqilliyini tanıyıb.
Çünki Türkiyə NATO dövlətidir, Amerikanın
müttəfiqidir, müsəlman
ölkəsidir. Azərbaycan isə
ərazi bütövlüyü
prinsipini dəstəklədiyi
üçün Kosovonun
müstəqilliyini tanımayıb”.
Rusiyadakı erməni icmasının
tam gücü ilə
fəaliyyətdə olduğunu
deyən M.Əhmədoğlu
bildirib ki, onların məqsədi yalnız Rusiyaya ziyan vurmaqdır: “Ermənilər bu gün Rusiya-Azərbaycan münasibətlərini korlamaqla
müasir Rusiyaya ən böyük zərbələrdən birini
vurmuş olacaqlar”.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 16 aprel.- S.9