“Soyuqqanlı vətənpərvərliyə
ehtiyacımız var”
MİLLƏT VƏKİLİ, TANINMIŞ PUBLİSİST FAZİL MUSTAFA İLƏ SÖHBƏT
- Fazil müəllim, siyasətçi olmağa
necə qərar verdiniz?
- Siyasətçi olmaq üçün qərar vermədim, sadəcə xalq hərəkatı dalğasında bu sferada faydalı olacağımı düşünərək
hadisələrin və
proseslərin içində
yer aldım və nəticədə artıq siyasətdən kənarda qalmanın mümkünsüzlüyü ilə
razılaşdım. Əslində siyasi fəaliyyətə başlamağımın əsas
motivi Vahid Azərbaycan ideyası olub və bu
istiqamətdə təşkilat
fəaliyyətlərinə 1989-cu ildə, orta məktəbin səkkizinci
sinfində oxuyarkən
qoşulmuşam.
- Türkiyə türkləri
siyasətlə, futbolla
bizdən daha çox maraqlanırlar. Bizdə isə ölkənin taleyinə laqeyd yanaşanlar da az deyil. Bunun həllini dövlətin
cəmiyyətə göstərdiyi
qayğının artırılmasında
görürsünüz. Bəlkə,
millət olaraq siyasətə böyük
maraq göstərməməyimiz
milli xarakterimizdir?
- Bunlar milli xarakterlə
bağlı məsələlər
deyil. Məncə, həm siyasətə,
həm də futbola maraq Azərbaycanda
da böyükdür.
Burada söhbət daha dəqiq olaraq maraqlanmadan deyil, hətərəfli iştirakdan
gedə bilər.
Bizdə
siyasi institutlar daha qapalı olduğuna görə iştirakçılıq da
məhduddur. Türkiyədə parlamentli respublikanın mövcudluğu daha çox cəmiyyət aktyorlarının siyasətdə
təmsilçilik imkanlarını
tanıyır. Dövlətin vətəndaşa əlçatanlığı
da yerli özünüidarə ilə
daha səmərəlidir.
Bizdə
yerli özünüidarənin
zəif olması da vətəndaşla dövlət münasibətlərinə
mənfi təsirini göstərir. Futbol
isə peşəkarlığın
və biznesin inkişafı ilə bağlı məsələdir,
bizdə futbola pul qoyan iş
adamları çevrəsi
yoxdur. Reallıq budur ki, bizdə
hakim mövqedə olan
məmur-nomenklatura burjuaziyası
bu sahələrə sərbəst iş adamı qədər maraq göstərmir. Həm də daxili çempionatımız zəif
olduğuna görə
beynəlxalq komanda uğuru olmayınca, futbola maraq göstərənlərin
də sayı arta bilməz.
- Bu gün dünya dəyişib, prinsiplər
itib - belə düşünürsünüz. Bu, yəqin ki, sizin də şəxsi
və ictimai həyatınıza təsirsiz
qalmır...
- Bu gün dünyada ən qorxulu durum dünyanın dəyişməsi, yeni tendensiyaların ortaya çıxması deyil. Belə bir dəyişim olmadan dünyanın davamlılığı təsəvvürə gətirilməz olardı. Məhz ən dəhşətlisi ABŞ kimi superdövlətin prinsipsizliyinin yaşanmasıdır. Ona görə də dünya düzənində bir qaydasızlıq hökm sürür və bu da istər-istəməz planetin hər tərəfində yaşayan insanlarla bərabər bizim də gündəlik həyatımızda özünü büruzə verir. Dünyada savaş arealı genişləndikcə ən hüzürlü bölgələrdə yaşayan insanlar belə özlərini rahat hiss etməyəcəklər. Necə ki, artıq Parisdə və Brüsseldə insanlar terrora görə Türkiyədəkindən az stress keçirmirlər.
- Bugünlərdə sərhəd zonasında ciddi döyüşlər getdi. Cəmiyyətdə bir müharibə əhval-ruhiyyəsi yarandı. Bununla yanaşı müharibə əleyhdarları da var. Sizin münasibətiniz necədir?
- Hədsiz müharibə ritorikası qədər, radikal sülhsevərlikdə də bir anormallıq mövcuddur. Bizim kimi məğlubiyyət sindromunu uzun müddət yaşamış cəmiyyətlərdə, istəsək də, istəməsək də, hər iki ovqatın adamları, cinahları, qrupları olacaq. Bu gün Azərbaycanda ehtiyac duyulan əslində soyuqqanlı vətənpərvərlikdir. Unudulmamalıdır ki, torpaqlarımızın azad edilməsi məsələsi nə üç günə, nə də 20-25 ilə çözülən məsələ deyil. Mübarizə addım-addım uğurlar üzərində yoğunlaşmalıdır və cəmiyyət üzvləri arasında irəlidəki on ilin funksional iş bölgüsü müəyyənləşməlidir. Hər kəs öz sahəsində Vətən torpaqlarının azad olunması istiqamətində üzərinə düşəni etməlidir.
- Fikirləriniz fərqli və maraqlıdır. Misal üçün, Əli bəy Hüseynzadəni, Hüseyn Cavidi zamanının bir çox böyük ədiblərindən fərqli olaraq qlobal şəxsiyyət adlandırırsınız. Mədəniyyət tariximizin onlardan sonrakı dövründə bu cür şəxsiyyətlər yetişdimi?
- Məhəlli şəxsiyyətlər yetişdi, ancaq təəssüf ki, qlobal insan tipinin yetişməsinə imkan tanıyacaq qədər modern cəmiyyət deyilik. Bunun üçün başlıca şərt təhsilimizin müasirləşməsi idi, bunu gerçəkləşdirə bilmədik. Sovet-rus elm və düşüncə mühitindən bəlkə də ən az faydalananlar sırasında biz azərbaycanlılar olduq. İndi ümidimiz dünyadakı fərqli öncül universitetlərin qoxusunu almış həmvətənlərimizədir. Hər halda qlobal düşüncə daşıyıcısı olan və dünyaya açılımı olan şəxsiyyətlərimizin olmamasının sıxıntılarını uzun müddət yaşayacağımızı düşünürəm.
- Türk vücudu ilə düşünən fars olduğumuzu söyləyirsiniz. Sizcə, artıq müasir azərbaycanlının konkret cizgiləri bəlli deyilmi?
- Türklük bizim böyük çoxluğumuz üçün bioloji tanıtımdan başqa bir şey ifadə etmir. Bizim iman kodumuzda, inanc dəyərlərimizdə fars mədəniyyətinin təsiri hələ də güclüdür. Bu səbəbdən də biz Türk Dünyası, Bütöv Azərbaycan çığırsaq da, son beş yüz illik tariximizdə olduğu kimi şüursuz şəkildə özümüzü İran arealından qoparmağa cəsarət etmirik. Böyük şəxsiyyətimiz Rəsulzadə və onun həmfikirlərinin İran arealından qopara bildiyi Quzey Azərbaycanı yenidən o mühitə qaytarmaq istəyən ciddi bir potensial mövcuddur. Ona görə də bilməliyik ki, azərbaycanlının ən başlıca dəyəri, heç şübhəsiz ki, Azərbaycan dövlətidir. Bu dövlətin modernlik keyfiyyəti onun vətəndaşlarının da xarakterini təyin edir. Bu dövlətin demokratik keyfiyyətini yüksəltməliyik ki, hər bir azərbaycanlı üçün cəlbedici olsun.
- Bütöv Azərbaycan ideyanıza Azərbaycanın Türkiyə ilə birləşdirilməsi də daxildir. Bu, bir qədər, Türkiyə bətnində Azərbaycanın yoxa çıxması kimi görünməzmi...
- Elə bir təhlükə ilə üz-üzə qala bilərik ki, bir gün konfederativ formada Türkiyə ilə bir birlik modeli qurmaqdan başqa çıxış yolumuz qalmaz. Yaxud da Avropa Birliyi modelinə yaxın bir Türk birliyi modelinə yönəlməmiz də mümkün ola bilər. Ancaq biz potensialımız tükənməyənə qədər müstəqilliyimizin güclənməsinə çalışmalıyıq. Burada kiminsə başqasının bətninə girməsindən söhbət getmir, bütün türklərin əl-ələ, omuz-omuza duruşundan bəhs edilir.
- Bu yaxınlarda hörmətli bəstəkarımız Cavanşir Quliyevlə aranızda mübahisələr yarandı. Cavanşir Quliyevin himnimizin dəyişdirilməsinə ehtiyac olmaması ilə bağlı gətirdiyi arqumentlər, sizcə, əsaslı deyildi?
- Nəinki əsaslı deyildi, hətta qüsurlu idi. Sırf ideoloji-psixoloji ovqatla problemə baxış ortaya qoyulmuşdu.
Əgər bir musuqiçi kimi, musiqinin mükəmməlliyini sübut etməyə çalışsaydı, həqiqətən anlayışla qarşılayardım, çünki mən musiqi bilgisi olmayan bir insanam və bu sahədə qətiyyən mübahisəyə girmərəm və sadəcə öz zövqümə istinad edərək nəyinsə yaxşı və ya pis olduğunu söyləyə bilərəm. Burada himnin musiqi, mətn və məna baxımından təhlilindən söhbət gedirdi və dərhal buna siyasi çalar vermək, Elçibəyin dostu və ya düşməni motivindən dəyərləndirmək ən yumşaq şəkildə desək bir xəstəlik əlaməti sayılmalıdır. Çünki nə himni dəyişmək istəyən var, nə də bu fikrin hansısa perspektivi var. Ancaq hamının arxa planda söylədiyi fikirləri müzakirə etməyin hansısa zərəri olduğunu düşünmürəm. Əks halda bu tendensiya ona gətirib çıxaracaq ki, hərə bir atributun, bir şəxsin üzərinə əlini qoyub çığıracaq ki, bu müqəddəsdir, buna toxunmayın. Bizim isə axtardığımız müqəddəslik deyil, faydalılıqdır. Bu himn vaxtilə tarixi dəyərləri bərpa etmək kursuna uyğun olaraq tələsik qəbul olunduğuna görə musiqisinin vaxtına, mətnindəki nöqsanlara elə də əhəmiyyət verilməyib. Həm də Xalq Cümhuriyyətinin bu adda himni olmayıb, indiki himnimiz “Azərbaycan Marşı” adlanıb. Himn olaraq dahi Üzeyir bəy, Azərbaycan SSR-nin himnini yazıb və sözlərini bir kənara atarsaq, musiqi olaraq həmin himn daha lakonik və kollektiv oxuma üsuluna uyğundur. İndiki himnin musiqisiz oxunuşunda da kollektiv ahəngi qorumaqda hər zaman ciddi problemlər yaşanır və biz də yalnız müşahidə etdiyimiz bu kimi gerçəkləri dilə gətiririk.
- İslam tarixinin intriqalarının İslam inancı kimi yaşamasını Azərbaycan insanının parçalanmış vəziyyətdə olmasının mənbəyi hesab edirsiniz. Bu parçalanmanın əsas əlamətləri nələrdir?
- İslam tarixində baş verən hadisələrin yanlış yorumlarını ilahi vəhyin mesajından önə çıxarmaq ənənəsi tarix boyu Azərbaycanda inanc dualizminə rəvac verib. İnsanlarımızın çoxu tarixən İslam dini əvəzinə İslam tarixinin intriqaları ilə məşğul olub. Bu səbəbdən də İslam dini bir mərhəmət duyğusu deyil, nifrət duyğusu paylaşan duruma düşüb. Bu isə toplumda hər zaman parçalanmanın və təfriqənin əsas səbəblərindən biridir.
- Bəs inanc fərdin qurtuluşu olaraq nə deməkdir sizin üçün?
- Hər bir inanc keçmişdə və bu gün kimin nə etdiyinin müəyyənləşməsi tələbindən uzaqdır, konkret fərdə aiddir və onun fərdi qurtuluşunu ehtiva edir. İnsan Yaradan tərəfindən ya mükafatlanacaq, ya da cəzalanacaq. Bunun üzərində düşünmək əvəzinə bizim cəmiyyətdə Yaradana kimi mükafatlandırmağı və kimi cəzalandırmağı bir qrup insan öz din yaşamı ilə az qala tövsiyə etməkdədirlər. Özlərinin hara layiq olacağını bilmirlər, başqaları üçün cənnət və cəhənnəmin dəqiq ünvanını göstərirlər. Fərdin qurtuluşu dinin ana qayəsinə zidd olmamalıdır. Gözəl əxlaqı tamamlamaqdan ötrü gəlmiş bir dinin ardıcılları üçün məhz gözəl əxlaqlı insan olmaq hədəfi ilə bu dünyadakı yolçuluq tamamlanmalıdır.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 16 aprel.- S.7