Ulu Babəkin adını haqq edən igid
ŞABRANIN ZEYVƏ KƏNDİNDƏ ŞƏHİD BABƏK ABİDOVUN İZDİHAMLI DƏFN MƏRASİMİ KEÇİRİLİB
Dilimizin ilk düyünü “ana” kəlməsiylə açılıb. Ağlımız
kəsəndəsə burasını
da bilmişik ki, “ana” qədər
əziz, doğma, müqəddəs bir söz də var: Vətən!
Sonralar bu iki kəlməni
bir-birindən ayırmamışıq;
elə adlarını
da qoşa çəkmişik: Ana Vətən...
“Anadır hər kişiyə öz Vətəni” deyibən həm də ürəyimizdə bir övlad andı da içmişik ki, “kim bu
cənnət Vətənin
uğrunda olmaz ki, fəda?..”
Ananın,
Vətənin yolunda fədakarlığı özünə
şərəf bilən
igid oğullarımız
dillərində “Azərbaycan”,
damarlarında Vətən
eşqi ilə kükrəyən qan ilə “dava günü” “müxənnət
ölkəsini” “talamaq”
hayı-harayı ilə
Koroğlu nərəsinə
qoşulub düşmən
üstünə yürüməyə
həmişə hazır
olublar.
Bu gün düşmənin,
erməni qəsbkarlarının
cəbhədəki təxribatına
layiqli cavab verən Azərbaycan əsgərləri də öz rəşadətləri,
hünərləri ilə
xalqımızın ulu
və şanlı tarixinə yeni bir qəhrəmanlıq səhifəsi yazdılar.
Atəşkəsdən bəri torpaqlarımızın sülh,
danışıqlar yolu
ilə yağı düşməndən azad
edilməsinə çalışan
dövlət başçımızın
siyasətini dəstəkləyən
Azərbaycan əsgəri
həm də sübut etdi ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı
azad etməyə, bu yolda şəhid
də, qazi də olmağa hazırdır.
Şabranın ucqar dağ kəndlərindən birində
- Zeyvədə doğulub
boya-başa çatan
24 yaşlı Babək
adlı igid bir oğul da
əsgər yoldaşları
ilə döyüş
meydanında mənfur
düşmənə qan
uddurdu, öz ulu babasının - cəsur Babəkin adını haqq etdi. Ata-ana
1992-ci ilin bir yaz günündə, mayın 3-də dünyaya
gələn sonbeşik
oğullarına Babək
adını verəndə
heç ağıllarına
da gətirməzdilər
ki, müharibə belə uzun çəkəcək. Və
onların ciyərparaları,
ata-anasının sevə-sevə
oxşadıqları Babək
də adına
layiq olduğunu qanı bahasına sübut edəcək.
... Şəhid Babək Abidovun dəfninə bir el, bir oba toplaşmışdı.
Onu şəhid adına layiq
hörmətlə, ehtiramla
torpağa tapşırdılar.
Yazın bu ilk günlərində balaca bağçalarında
ağaclar çiçək
açıb. Dünyadan xəbərsiz bal arıları ağacları
çiçəkləmiş o bağçada güldən-gülə
qonsalar da, nədənsə çiçəkləri
çəhrayı bir
gilas ağacına yaxınlaşmırdılar. Bəlkə
də Babək hərbi xidmətdə bağlarındakı çiçəkləri
çəhrayı açmış
elə o gilas ağacı üçün
qəribsəyibmiş...
İgid əsgəri, Zeyvənin yeddinci şəhidini səngər yoldaşlarının yaylım atəşləri altında torpağa tapşıranda qəbiristanlıqda hüznlü, amma qürurlu bir izdiham vardı. Qədim Zeyvə kəndində bəlkə də indiyə kimi belə bir dəfn mərasimi görünməmişdi. Bu, bir evdən, bir ocaqdan yox, bir eldən-obadan, doğma Azərbaycanımızdan gedən bir oğulun itkisinin şivəni idi...
O müqəddəs məqamdakı anları yəqin ki, təkcə mən yox, o mərasimdə iştirak edən minlərlə şabranlı da unutmayacaq, hayı-harayı, ağısı-oxşaması sinə dağlayan, oğlunun tabutundan ayrıla bilməyən şəhid anasını Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, axır ki, ata kimi, qardaş kimi sakitləşdirib toxtada bildi...
Və qəbristanlıqda dua verilib ayrılma məqamında kənd ağsaqqalı şəhid atası ilə birgə rayon rəhbərinə də başsağlığı verdi. Axı, şabranlı şəhid təkcə Zeyvədəki bir ailənin, öz ata-anasının, əzizlərinin yox, Şabranın, Azərbaycanın itkisi idi.
Babəkin komandiri, polkovnik-leytenant öz igid əsgərinin döyüş qəhrəmanlığından qürurla, iftixarla danışıb:
- Əvvəllər öz yalançı məğlubedilməzliyi ilə lovğalanan düşmən ordumuzun nəyə qadir olduğunu axır ki, gördü, - dedi, - bu, düşmən üçün hələ sonun başlanğıcıdır...
İtkilərini gizlətməyə nə qədər çalışsalar da, erməni qəsbkarları yəqin ki, sonun bu başlanğıcını hələ çox xatırlayacaqlar...
Aydın
Tağıyev
525-ci qəzet.- 2016.- 16 aprel.- S.5