Laçın dağları kimi vüqarlı qəhrəman - Ülvin Məmmədov
Vətəni qibləgah edən şəhidlər -V yazı
"Qəhrəman oğulları
qəhrəman analar doğa bilər. Bir də ki, qəhrəmanlar
dünyaya qəhrəman
kimi gəlirlər"
- bu sözləri mənə Ağcabədi
rayonunun Taxtakörpü
qəsəbəsi, Laçınoba
yatağında məşkunlaşan
Laçının Qarakeçdi
kəndinin sakini, ədəbiyyat müəlliməsi
Zəhra Şirinova dedi.
Dedi ki, Ülvin Cəmaləddin oğlu Məmmədov həm qohumlarıdır, həm də onun sinfində
oxuyub. Dərsini həm də ondan alıb:
- O elə bir qoçaq idi ki, ürəyi sinəsinə sığmazdı. Ürəyində bir od-alov var idi. Belə adamlar üçün el arasında deyərlər ki, " sağ baş qəbrə aparmayacaq". Yaman at sürməyi var idi. Əsgər getməmişdən qabaq, bir də gördük ki, çaparaq atın üstündə gəlir, yaxınlaşanda yerdə çömbəlib oturan 11 yaşlı uşağı alıb tərkinə alıb, ilğım kimi getdi. Bu igidliyi hər sinəsinə vuran oğul edə bilməz. At üstündə olanda atının da ayaqları yerə dəyməzdi. Yel kimi ötərdi. Bizim obanın- elin uşaqlarını zəhmət tərbiyələndirir. Vətən torpaqlarımızı azad etmək mücadiləsində Qarakeçdi kəndinin ilk şəhididir Ülvin...
Evlərini də sorağa-soraq gəlib tapdım. Cəmaləddin Məmmədovun həyətində ağ rəngli iki böyük yas çadırı qurulmuşdu. Əvvəlcə qadınlara görüşmək üçün yeri palçıq , daş döşməli, divarları da ki qamışdan və qarğıdan olan bir otağa keçdim. Yerə sərilmiş xalçaların üstündə diz-dizə oturmuşdu Qarakeçdi kəndinin qadınları. 20 yaşlı şəhidi, igidi ağlayırdılar. Qadınlar bir-birinin dilindən söz alıb bayatı deyirdilər. Bu bayatıları ürəyin içərisindən, qəlbindən keçirməyə insanda hünər lazım idi. Oxucularımızın diqqətinə çatdırım ki, şəhid Ülvin Məmmədovun həyatından bəhs etdiyim bu yazını elə kəndin, obanın öz sakinlərinin dili ilə yazıram...
20 yaşlı nəvəsinin yolunu gözləyən, amma onun tabutunu qarşılayan, saçları Laçın dağlarının qarı kimi ağarmış, dili bayatılı-ağılı Göyüş nənə danışır:
- Dedim, ay bala, gəl bizi qoyub getmə, boynunu burub getmə... Boynu çiyni üstündə, qardaşsız ananı qoyub getmə... Dedi, o torpaqlara görə nə qədər şəhid, əsir vermişik, mən də getməliyəm... O qədər o müharibədən, o düşmənə əsir olan Vətənimizdən danışdıq ki, ona... Bizim allı-güllü dağlarımız, şirin bulaqlarımız var idi. Ona deyirdim ki, bala bizi düzlərlə bir elədilər, torpaqlarımızı aldılar. Xocalının müsibətindən danışırdıq, yağıların cavanları, qocaları, əlikörpəli gəlinləri nə günə qoyduqlarından danışırdıq... Oxuduğu, gördüyü o ağrıları, o dərdlərimizi bilirdi, getdi ki, düşməndən qisas ala. Bütün şəhid olan balalara bu yaralı canım qurban! Gərək bu qan yerdə qalmasın. Bəlkə bu torpaqlar alına, onda ürəyimiz sakitləşə... Gərək o balamı bükdüyümüz bayrağı aparıb Laçına sancalar. Ülvin də gərək Laçına qədər gedəydi, orda şəhid olaydı. O bayrağı gərək Ülvin sancaydı.
Sonra Ülvinin anası danışdı:
- Balam dedi ki, ay mama, şəhidlik nə gözəl şeydi... Dedim, ay oğul, elə demə, dedi, yox, mən əsgər gedib şəhid olacam. Təpindim ona. Dedim, qardaşın oxudu, biri də işləyir. Dedi ki, mən onların hamısından üstün olacam. Görərsən, əsgər gedib qayıdandan sonra, özümü, adımı zirvələrə yazacam. Zirvələrə qalxdı, adını dünyalara yaydı, amma öz canını torpağa əmanət etdi. O, vətəni, torpaqları atadan-anadan üstün tutdu. 96-cı ildə doğulmuşdu. İndi fikirləşirəm ki, ay bala, sən o torpağı ata-anadan irəli bildin, südüm halalın olsun, rahat yat, balam. Axırıncı dəfə 6 ayı tamam olanda yanına getdik. Görüşdük. Elə bəxtəvər idik ki... Səsini 31 martda eşitdim axırıncı dəfə. Dostlarına deyib ki, döyüşə getməyimi anam bilməsin..
Ülvinin yas məclisinə yığışan qadınların hər biri sinədəftər idi. 70-75 yaşında qadınlar qəhrəmanlıqdan, Vətəndən sevgisi, həsrəti haqqında sinədən elə bayatılar, elə şeirlər deyirdilər ki, insan bir anlığa ədəbiyyat dərsində oturduğunu zənn edirdi. Mən belə bir dərs görməmişdim. Bu kəndin qadınları bir universitet idi. 24 il bundan əvvəl Laçından didərgin düşmələri onları bir sonabülbülə döndərmişdi. Elə hey bayatı deyirdilər. Ülvinin Aygün xalasının dilindən odlu-odlu çıxan bu bayatını yazmasam, olmaz:
Mən getdim, anam qaldı,
Oduma yanan qaldı.
Nə gedib Vətənə çıxdım,
Nə bir nişanam qaldı.
Komandir,
mən Laçına,
Qarabağa qayıdana
kimi sizinləyəm
İgid bir oğlanı bayatılarla, laylalarla, ürəklərinin yanğısı,
ağrısı ilə
vəsf edən o qəhrəman analardan ayrılıb, kəndin kişiləri oturan çadıra keçdim. Atası Cəmaləddin
Qəmbər oğlu Məmmədovla və kəndin ağsaqqalları,
cavanları ilə ehtiramla görüşdüm. Cəmaləddin
kişi ilə söhbət etdim. Oğlunu soruşdum. Dedi ki, aprelin
1-də ordudan tərxis
olunubmuş. Elə həmin gün səhər çağı
komandir tərxis olunan əsgərləri sıraya düzüb və soruşub:
- Siz azadsınız. Kim müddətdən artıq hərbi xidmət keçmək istəyirsə, bir addım irəli çıxsın.
Ülvin
irəli çıxıb
və deyib:
- Komandir, mən Laçına, Qarabağa
qayıdana kimi sizinləyəm. Vətən
uğrunda şəhid
olmaq arzusundayam...
Elə həmin
gün Murov dağından enib Tərtər tərəfə,
Talışdağa yola
düşür. Aprelin 5-də Talışdağ uğrunda gedən döyüşlər zamanı
şəhid olur.
Oğlumun komandiri məzarının üstündə
ağlaya-ağlaya onun
qəhrəmanlıqla həlak
olduğunu dedi. Söylədi ki, üç yoldaş, üç dost irəliləyərək
yüksəklikdəki erməni
səngərini götürürlər.
Burada xeyli düşməni məhv edib, silah-sursat ələ keçirilər. Hətta ermənilərə
köməyə gələn
qüvvəni də darmadağın edirlər.
Ülvin
ermənilərin radiostansiya
vasitəsini götürüb
sevincək "Azərbaycan,
Azərbaycan" deyə
oxuyur. Amma çox keçmir ki, düşmən tərəfdən atılan
minomyot onu həlak edir...
Kənd
məktəbinin direktoru
İlqar Məmmədov
Ülvinin sərbəst
güləşdə uğurlarından
danışaraq qeyd etdi ki, 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib,dəfələrlə idmanın
sərbəst güləş
növü üzrə
Azərbaycan çempionu
olub, fəxri fərmanlar və medallarla təltif edilib. İdmana gec başlasa
da, özündən təcrübəli olanların
da kürəyini yerə vurub.
- Bizim obanın, kəndin adamları prezidentimizə yazmışıq, müraciət etmişik ki, torpaqlarımızın alınmasında iştirak etmək istəyirik. Amalımız odur ki, Vətən yolunda son nəfəsimizəcən vuruşaq. Ülvin bu yolda şəhid oldu. Şəhidlər ölmür. Biz Laçının mərkəzində kəndimizin qəhrəmanı Ülvin Məmmədovun abidəsini ucaltmaq istəyirik.
Söhbətimizə kəndin ağsaqqallarından biri Məhyəddin Əlvəndov da qoşuldu:
- Biz gedib o Laçındakı daşların kölgəsində də yatmağa hazırıq. Vətənin havası, dadı başqadır. Kəndimiz 1 şəhid verib, 50-sini də verərik, təki torpaqlarımız azad olunsun.
Ələstən Əlvəndov da eyni ruhda danışır:
- Biz hamımız prezidentimizin ətrafında, onun əmriylə birləşib, ya ölməli, ya torpaqları azad etməliyik. Ancaq ölmək haqqında fikirləşmirik. Mənim 65 yaşım var, amma neçə cavana dəyərəm, vuruşmağa da hazıram. Ağlıkəsən körpələrimiz də "Vətən, Vətən" deyirlər. Odur ki, ölməyə yox, qisasa hazırıq!
Bu mərd kişilər, ağsaqqallar ellərinin, obalarının üstünü alan dərdə sinə gərmişdilər. Heç birinin boynubükük deyildi. Çinar kimi şax qamətlərini dərdə əymək istəmirdilər. Hər birinin duruşunda, baxışında İşıqlı, Qızılboğaz, Mıxtökən, Qırxqız dağlarının məğrurluğu vardı. Yəqin ki, bu insanların sınmaz iradəyə, geniş qəlbə sahib olmasının da səbəbkarı o dağlar, o büllur bulaqlardır...
Sonra Ülvinin yaxın qohumu və dostu ilə qəbristana yol aldıq. Kənddən bir qədər aralıda yerləşən, bir məhəllə boyda qəbristanda uyuyanların ürəyində Vətən dərdi qubar bağlamışdı. Şəhid Ülvin Məmmədovun məzarının üstü tər çiçəklərlə dolu idi. Dostu dedi ki, onun dəfnində böyük izdiham vardı. Onu son mənzilə yola salan insanlar "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirirdilər. Qardaşları Elvin və Maqsud Ülvinin çərçivəyə salınmış şəklini ürəklərinə sıxmışdılar. Atası Cəmaləddin kişi mərasimdə deyib ki, oğlum Vətən yolunda şəhid olub, Vətən sağ olsun!
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 19 aprel.- S.8.