Dağlıq Qarabağ münaqişəsinin
həlli yubanarsa...
ELXAN ŞAHİNOĞLU: "BİR MÜDDƏT KEÇDİKDƏN SONRA ERMƏNİSTAN MÜXALİFƏTİ VƏ CƏMİYYƏTİNİN SARKİSYANA QARŞI TƏZYİQLƏRİ ARTACAQ"
Aprel
ayında Azərbaycanla Ermənistan arasında yaşanan 4
günlük döyüşlər ölkə və beynəlxalq
ictimaiyyətin diqqətini bir fikir üzərində cəmləşdirib:
Dağlıq Qarabağ münaqişəsi həll
olunmalıdır.
Artıq ölkə ictimaiyyəti kimi dünya birliyi də
münaqişənin tezliklə həll olunmasının tərəfdarı
kimi çıxış edir. Çünki regionda gərginliyin
artması ehtimalı günü-gündən böyüməkdədir.
Xarici siyasi dairələr isə bölgədəki
maraqlarını nəzərə alaraq münaqişənin
daha da alovlanmasının qarşısını almaq istəyir.
Bunun isə yeganə yolunun işğal
olunmuş torpaqların Azərbaycana qaytarılması
olduğunu dərk edirlər.
Döyüşlərdən sonra - aprelin 5-də atəşkəs
razılaşmasının Rusiyanın vasitəçiliyi ilə
tərəflər arasında Moskvada
imzalandığını xatırlasaq, bu münaqişənin
həllində vasitəçi kimi daha aktiv rolu məhz Kremlin
öz üzərinə götürdüyü qənaətinə
gəlmək olar. Elə atəşkəsin
imzalanmasından dərhal sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri
ilə yanaşı regiona ilk səfər edən dövlət
rəsmilərinin də Rusiyanı təmsil etdiklərini
xatırlatmaq yerinə düşər. Rusiyanın
xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun
Bakıda keçirdiyi görüşlərin ardınca
baş nazir Dmitri Medvedyev də ölkəmizə gələrək
Prezident İlham Əliyevlə Dağlıq Qarabağ
münaqişəsi ətrafında fikir mübadiləsi
aparıb. Lakin Rusiyanın, eləcə də digər
vasitəçi dövlətlərin bu münaqişənin həllində
nə qədər maraqlı olduğunu onların yaxın
aylarda ortaya qoyacaqları mövqeləri, atdıqları
addımları göstərəcək.
Ona görə də vasitəçilərin
münaqişə ilə bağlı təklifləri, eləcə
də onların təşəbbüsü ilə aparılan
danışıqların nə kimi nəticələr verəcəyi
maraqla izlənilməkdədir.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri,
politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın vasitəçiliyi
ilə Azərbaycanla Ermənistan arasında əldə olunan
atəşkəsin uzun müddət davam edəcəyini
söyləmək problematikdir. Onun sözlərinə görə,
çünki Rusiya işğal faktına son qoymağa
hazır deyil: "Azərbaycan və Ermənistan prezidentlərinin
nə vaxt və hansı ölkənin vasitəçiliyi ilə
görüşəcəyi isə məlum deyil. Böyük ehtimalla bu görüş yenə Rusiya ərazisində
keçiriləcək. Ancaq Moskva hələ
ki, gözləmə mövqeyindədir".
Politoloq
bildirib ki, Rusiya prezidenti Vladimir Putin aprelin 14-də canlı
yayımda ictimaiyyətin suallarını cavablandırarkən
suallardan biri Dağlıq Qarabağla bağlı idi:
"Putin mövzuyla bağlı iki maraqlı fikir bildirib. Birinci fikir ondan ibarətdir ki, Rusiya vasitəçi
olaraq Azərbaycanla Ermənistanı barışdırmağa
yaxın idi, lakin bu, baş verməyib. Böyük
ehtimalla Putin 2011-ci ildə Rusiyanın Kazan şəhərində
keçirilən prezidentlərin görüşünü nəzərdə
tutub. Həmin görüşün yekunu
olaraq "Kazan prinsipləri" hazırlanıb. Bu
prinsiplər "Madrid planı"na
yaxın idi. Yəni, ilkin mərhələdə işğal
altındakı 5 rayon boşaldılmalı, bir neçə
ilə sonra isə Kəlbəcər və Laçın
rayonları azad olunmalı, qaçqınlar geri
qaytarılmalı idi. Ancaq "Kazan prinsipləri"nin
ən təhlükəli maddəsi Dağlıq
Qarabağın statusunun müəyyənləşməsi ilə
bağlı idi".
E.Şahinoğlu
qeyd edib ki, ikinci fikir isə belə idi ki, Rusiya Dağlıq
Qarabağ münaqişəsinin həllinə kömək etmək
üçün hər şey edəcək: "Putinin bu
sözlərindən çıxan nəticə odur ki, Kreml
münaqişənin həlli məqsədilə təkbaşına
vasitəçiliyini davam etdirəcək. Ancaq
Moskvanın hələ konkret təklifləri yoxdur. Kreml üçün bu gün başlıca vəzifə
müharibənin başlamasına imkan verməməkdir.
Bütün hallarda Rusiya Azərbaycanın Ermənistan
üzərində qələbə qazanmasında və
müharibə yoluyla işğal altındakı torpaqları
azad etməsində maraqlı deyil. Rəsmi
Bakı isə Kremlin münaqişənin həlliylə
bağlı təkliflərini yerinə yetirməyəcək.
Mərkəz
sədri deyib ki, Kremlin iki təklifi var: "Birinci təklif
odur ki, 5 rayonun azad olunmasıyla paralel olaraq Dağlıq
Qarabağın statusu müəyyənləşdirilməlidir.
İkinci təklif isə odur ki, Rusiyanın
sülhməramlı qüvvələri Dağlıq
Qarabağ və ətraf rayonlarda yerləşdirilməlidir".
Bölgədə
toqquşmaların yenə davam edəcəyini deyən
politoloq bildirib ki, Rusiya hərbi toqquşmaların
qarşısını ala bilməyəcək: "Azərbaycan
ordusu Ermənistan silahlı qüvvələrinin itkisini
artırmağa çalışacaq. Rəsmi
Bakı bu yolla Ermənistan hakimiyyətinə təzyiqi
artırmağı planlaşdırır".
E.Şahinoğlu
söyləyib ki, Ermənistan hakimiyyəti də Bakıda
iyun ayında keçiriləcək "Formula-1"
yarışları ərəfəsində cəbhə
bölgəsində təxribat yaratmağa çalışa
bilər: "Yəni, iyun ayında cəbhə bölgəsində
atəşkəsin pozulması intensiv hal ala bilər. Ona görə də, rəsmi Bakı elə
diplomatik addımlar atmalıdır ki, Rusiya təkbaşına
vasitəçi olmasın. Ancaq bu
yalnız rəsmi Bakının istəyindən asılı
deyil. ATƏT-in Minsk Qrupunun digər iki həmsədri
- Fransa və ABŞ-ın münaqişənin həlli
prosesində - danışıqlarda fəallaşmasına
ehtiyac var".
Fransa
prezidenti Fransua Ollandın 2-6 aprel tarixlərində cəbhə
bölgəsindəki vəziyyətlə bağlı
açıqlama verdiyini deyən politoloq xatırladıb ki,
ABŞ prezidenti Barak Obama isə heç bir reaksiya verməyib:
"Vaşinqtonun bu passivliyi Moskvanın maraqlarına cavab
verir. Kreml Vaşinqtonun Dağlıq Qarabağ
münaqişəsinin həllindəki passivliyindən istifadə
edərək Azərbaycandakı mövqelərini gücləndirməyə
çalışır. Rusiya prezidenti
Dağlıq Qarabağ münaqişəsinin həllini
amerikalı və ya avropalı rəsmilərlə deyil,
telefonla Qazaxıstan prezidenti ilə müzakirə edib. Bu o deməkdir ki, Putin Qarabağ mövzusunu qərbli
rəsmilərlə müzakirə etməyə ehtiyac
görmür. Putinin bu siyasəti Qərbin
Cənubi Qafqazdakı maraqlarının
sıxışdırılmasına hesablanıb. Rusiya rəsmiləri deyirlər ki, müharibə
problemi həll etməyəcək, danışıqları
davam etdirmək lazımdır. Ancaq Azərbaycan
22 ildir danışıqlar aparır, nəticə isə
yoxdur. Azərbaycanı sakitliyə
çağıran Putin 1990-cı illərin sonunda ikinci
çeçen müharibəsində ordusuna hücum əmri
vermişdi. Çeçenistanda
döyüşlər zamanı kəndlər, evlər
dağıdıldı. Rusiya
Çeçenistan üzərindəki nəzarəti bərpa
etmək və ərazi bütövlüyünü təmin
etmək məqsədilə aylarla müharibə apardı.
Qərb Putinə deyirdi ki, müharibə problemi
həll etməyəcək, çeçen
separatçıları ilə danışıqları davam
etdirmək lazımdır. Putinin buna
reaksiyası sərt olur, cavabında deyirdi ki, Rusiyanın
daxili işlərinə qarışmayın. Eyni ilə Rusiya kimi Azərbaycan öz daxili problemini
həll etmək istəyir".
Politoloq
qeyd edib ki, Avropa İttifaqı və ATƏT-in hazırkı
sədri Almaniya da Dağlıq Qarabağdakı vəziyyətdən
narahatdır: "Həm Brüssel, həm də Berlin
status-kvonun dəyişdirilməsinin vacibliyini bildirirlər. Ancaq Avropa da ABŞ kimi Rusiyanın gerisində
qalıb. AŞPA və Avropa Parlamenti Azərbaycan
torpaqlarının işğalıyla bağlı müxtəlif
ədalətli qətnamələr qəbul ediblər. Bundan sonra rəsmi Bakı
çalışmalıdır ki, bu qətnamələr Ermənistan
hakimiyyətinə qarşı təzyiq vasitəsinə
çevrilsin. AŞPA və Avropa Parlamenti
də gördü ki, Azərbaycan status-kvonu qəbul etməyəcək,
vəziyyəti dəyişmək üçün Ermənistanla
müharibəyə hazırdır. Ona
görə də, əgər Avropa Parlamenti və AŞPA
hadisələrin bu istiqamətdə inkişafını istəmirlərsə,
özlərinin qəbul etdikləri sənədlərin
icrasını təmin etməlidirlər".
AŞPA-nın
işğal altındakı rayonların boşaldılması
vacibliyi və işğal altındakı Sərsəng su
anbarı ilə bağlı iki qətnaməsinin olduğunu
yada salan E. Şahinoğlu bildirib ki, birinci qətnamə
2005-ci ildə, ikinci qətnamə isə 2016-cı ildə qəbul
olunub: "AŞPA Ermənistan hakimiyyətinə müəyyən
vaxt verməlidir. Əgər həmin müddətdə
Ermənistan hakimiyyəti həmin qətnamələri yerinə
yetirməsə, Ermənistanın AŞPA-da ən azı səsvermə
hüququndan məhrum edilməsi məsələsi
qaldırılmalıdır. Digər tərəfdən
isə Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı 7 maddəlik təkliflər paketi olduğunu
açıqlayıb. Böyük ehtimalla
bu təkliflər "Madrid planı"ndan fərqlənmir.
Yəni, birinci növbədə Dağlıq
Qarabağ ətrafındakı rayonlar
boşaldılmalıdır. İndi vacib
olan Berlinin bu istiqamətdə danışıqları
intensivləşdirməsidir. Çünki Berlin gözləmə
mövqeyinə keçsə və Azərbaycanla Ermənistan
rəhbərliyi arasında təmaslara başlamasa,
Almaniyanın xarici işlər naziri Bakı və İrəvana
səfər etməsə, həmin 7 maddəlik təkliflər
paketi də unudulacaq".
Mərkəz
sədri əlavə edib ki, beynəlxalq aləm
işğalçı ilə işğala məruz qalan
dövlət arasında bərabərlik işarəsi qoymaq
siyasətini davam etdirdikcə Dağlıq Qarabağ
münaqişəsi danışıqlar yolu ilə həll
edilməyəcək: "Ermənistanı Dağlıq
Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur
etmək lazımdır. Bunun başqa alternativi
yoxdur. Ermənistan hakimiyyəti bunu
anlamayana qədər bölgədə hərbi toqquşmalar
da davam edəcək, hər iki tərəfin itkiləri də
artacaq. Azərbaycan mümkün itkilərə
psixoloji baxımdan hazırdır, Ermənistanın isə
yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir.
Bunu Ermənistan prezidenti Serj Sarkisyan da
anlayır. Təsadüfi deyil ki, o qəfildən
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla
görüşüb. Doğrudur, bu
görüşün nəticəsi olaraq Levon Ter-Petrosyan cəmiyyəti
birliyə çağırıb. Ancaq bir
müddət keçdikdən sonra Ermənistan müxalifətinin
və cəmiyyətin Sarkisyana qarşı təzyiqləri
artacaq".
Ceyhun
ABASOV
525-ci
qəzet.- 2016.- 19 aprel.- S.5