İnqilabdan sonrakı Misirdə
Üçüncü yazı
Qahirə
həm də müxtəlif dinlərin, mədəniyyətlərin
birləşdiyi bir məkandır. Paytaxtın
Mısrül-Kadimə ("əski Qahirə)
adlandırılan hissəsində iudaizm, xristianlıq və
İslamın vəhdət yaratdığı məkanı
ziyarət etdikdən sonra bu qənaətə gəlirsən.
Mısrül-Kadimə
multikulturalizmə,
dini bərabərliyə bir nümunədir. Misirin ilk kilsəsi, ilk sinaqoqu, ilk
camesi məhz
birada yerləşir. Elə buna görə də həmin
məkan ölkəyə gələn turistlərin böyük marağına səbəb
olub. Biz həmin ərazidə olan zaman
çoxsaylı turistlərə rast gəldik.
Qipti
xristianların, Misir yəhudilərinin məbədləri ilə
yanaşı, İslamı bu ölkəyə gətirən
fateh Əmir İbn As-ın Afrika qitəsində
ilk tikdirdiyi came də buradadır. Təxminən, 640-cı illərdə
çiy kərpicdən tikilən və palçıqla
suvanmış Misirin ilk məscidi
200-dən çox sütun üzərində dayanır. Amma sonradan bura ibadətə gələn fateh və əyanları,
eləcə də Misirə təşrif buyurmuş müsəlmanların
hesabına camedə yerindən başqa hər şey dəyişib
və indiki görkəmini alıb.
Ərazidə Margirgis kilsəsi və monastırı,
Sarkan kilsəsi, müqəddəs Barbara kilsəsi, qapalı
şəhərciyin sonunda isə Ben Ezra sinaqoqu və Qipti
muzeyi yerləşir. Bu dini məkanda yeddi kilsə mövcuddur
ki, onların bir hissəsi ibadətə açıq olsa da,
digər qismi ancaq turistlərin baxması
üçündür. Bundan əlavə,
burada əvvəldən ancaq xristianlar yaşadığı
halda, hazırda mənzillərin bir hissəsi müsəlmanlar
tərəfindən alınıb və hər iki dinin
nümayəndələri mehriban şəkildə
yaşayırlar. Margirgis kilsəsi
çox maraqlı görkəmi ilə diqqəti çəkir.
Girgis adı bura müqəddəs Georgesdən
gəlir. Divarda onun at belində, əjdahanı
öldürdüyü yerdə çəkilmiş tablosu sərgilənir.
Peyğəmbərin
sığındığı məkan
Yeri gəlmişkən
Misirdə 150 sinaqoq var. İlk sinaqoq sayılan Ben Ezra əvvəllər qipti kilsəsi olub, amma 882-ci ildə Qüdsdən Qahirəyə
gələn yəhudi Abraham ibn Ezra 20 min dinar ödəyərək,
tikilinin olduğu ərazini satın alır. Sinaqoq
isə indki son şəklinə 1892-ci ildə aparılan təmir-yenidənqurma
işlərindən sonra düşüb. Burda da foto və video
çəkmək qəti qadağandır və ciddi nəzarət
olunur.
Salonun yuxarı başında - sağda bir qapı var və
ordan xeyli dərinlikdə su quyusu yerləşir. Hazırda ərazidə
təmir getdiyi üçün turistləri o quyunu görməkdən
məhrumdur. Qeyd edək ki, bu quyu həm də
İsa peyğəmbər quyusu adlandırılır. Həzrəti Məryəm Qüdsdə İsanı
dünyaya gətirdikdən sonra tənələrə məruz
qalır və o, övladını xilas etmək
üçün Misirə qaçır. Bir
müddət həmin quyuda qalır.
Burada daha bir əsrarəngiz tarixi tikili Qipti muzeyidir. Hər kəsin
görməsi lazım olan yerdir. İçində
Misir xristianlarının ən füsunkar əsərləri sərgilənir.
Muzeydə ən qiymətli əsər 1 600 il
əvvəl yazılmış Davudun "Məzmurlar"
kitabıdır. Onu
da deyək ki, 19-cu əsrdə sinaqoqun ərazisində qiyməti
milyonlarla dollar olan dini və müasir ibrani yazılı əsərlər,
rəsmlər və sair tapılıb. Amma
həmin vaxt Misir ingilislərin müstəmləkəsi
olduğu üçün işğalçılar bu əsərləri
Kembric muzeyinə aparırlar.
Səlahəddin
qalası, Məhəmməd Əli məscidi
Qahirənin coğrafi mənada ən hündür məkanı
Səlahəddin qalası, Məhəmməd Əli paşa məscidinin
yerləşdiyi ərazidir. Buradan demək olar ki,
bütün Qahirə görünür və həm də
çox gözəl mənzərə insanı heyran edir.
Qədim fironlar özlərinə piramidalar tikdirərkən
istifadə etdikləri daşların gətirildiyi
karxananın qarşısındakı hündür təpədə
yerləşən Səlahəddin qalası 1183-cü ildə
Səlahəddin Əyyubinin əmri ilə müdafiə məqsədilə
tikilib və inşası yeddi ilə başa
çatdırılıb. Səlahəddin
dövlət başçısından əvvəl, çox
güclü və taktikalı hərbçi olub. O,
dümdüz ərazidə yerləşən Qahirədə
istehkamın olmasını labüd hesab edib və əlbəttə,
şəhər ərazisində yeganə olan bu təpəni
- Mukattəmi diqqəti çəkir. Təxminən,
7 əsr boyunca Misir dövləti məhz bu qaladan idarə
edilib.
Zamanının
ən iri islam qalası sayılan bu
müdafiə divarlarının içində - giriş
darvazasından içəridə, solda inzibati bina yerləşir
ki, hökmdarlar orada qalarmışlar. Üstəlik,
divar qalıqları indiyədək qalan hündür
sütunlar üzərində tikilmiş daş kəmərlə
bura Nildən su da çəkilib. Qalanın
qərbində - ən hündür yerində Məhəmməd
Əli Paşa məscidi yerləşir.
Maraqlıdır ki, yüzillər boyunca bu qaladan Səlahəddin
kimi məmlüklər və Osmanlılar da istifadə edib. Hər gələn
də qalada özünə uyğun nəsə tikdiyindən,
indiki mövcud şəklini alıb. Onu da
qeyd edək qala onu tikdirən Səlahəddin Əyyubinin
adını daşısa da, daha çox kavalalı Məhəmməd
Əli Paşanın adıyla tanınır. Bu da güman ki, əslən Albaniyadan gəlmiş
türk paşası haqqında daha çox məlumatın
olması ilə bağlıdır.
Kavalalı Məhəmməd Əli Paşa Osmanlı
sultanı tərəfindən Misirə paşa təyin
olunandan sonra, de-fakto burada özünü hökmdar kimi
aparıb. Yeri gəlmişkən,
o, hətta Anadolu ərazisində Osmanlı Ordusu ilə
döyüşərək uğur qazanıb. Məhəmməd Əli paşa 1830-1848-ci illərdə
qalada öz adını daşıyan məscid tikdirib və
iqamətgah kimi istifadə edib. Ölkənin
mədəni həyatındakı bir sıra yeniliklər
müasir Misirin qurucusu alban əsilli Məhəmməd
Əlinin adı ilə bağlıdır. Onun dövründə Qahirə xeyli inkişaf edir,
abadlaşır və dünyada şöhrət qazanır.
1798-ci ildə Napoleon Misirə yürüş edərkən,
bu ölkənin idarəçiliyi məmlüklərdə
idi və onlar fransızlara qarşı vuruşdan imtina etdilər. Məhəmməd
Əli misirliləri səfərbər etməyi bacardı və
1802-ci ildə Napoleonun əsgərlərini geri çəkilməyə
vadar etdi. Fransızlar geri döndükdən
sonra məmlüklər Misirə döndülər. Məhəmməd Əli onlara barışıq vəd
etdi. Məmlüklərin başçılarını
bu qalaya topladı. Xəncərlərini və
atlarını təhvil verən məmlüklər qalaya daxil
olub Məhəmməd Əli ilə görüşmək istəyirlər.
Qaladan bir az aralı yüksəklikdə
qoyulmuş toplardan açılan atəş məmlüklərin
məhvi ilə nəticələnir. Sonradan
başçılarını itirmiş sıravi məmlüklərin
hamısı Məhəmməd Əlinin tərəfinə
keçir. Qalanın ortasında inşa
edilmiş möhtəşəm məscid İstanbuldakı
Sultan Həmid məscidinin tam oxşarıdır. Ümumiyyətlə, Osmanlı imperiyası
dövründə Misirdə məscidlərin əksəriyyəti
türk memarlığı üslubunda - böyük,
yarımdairəvi günbəzlər, şişuclu minarələrlə
inşa edilirdi. Məscid
memarlığı və oyma bəzəklərinin zənginliyi
ilə fərqlənir.
"Ölülər
şəhəri"
Yəqin ki, dünyanın iknci bir yeri yoxdur ki, orda
"Ölülər şəhəri" olsun, ölülərlə
canlılar eyni evdə yaşasın.
Məhz Misirdə belə bir qədim şəhər
var. Bura baş çəkməyə ölkəyə gələn
hər bir turist ürək etmir. Bəziləri
üçün bura çox qorxuludur, amma maraq güc gələndə,
əlbəttə ki, görmək istəyirsən.
Əsasən ikiqatlı evlərdən ibarət ərazidə
yan-yana xeyli məzarlar var. Daha doğrusu, üstü ev, altı məzar. Məhəllədəki
tikililərin əksəriyyətinin çox qədim
olduğunu görünüşündən hiss etmək olar.
Hətta bir neçə yerdə yarıuçuq vəziyyətdə
qədim came günbəzlərini də
aydın görmək olar. Tikililərin
arasında darısqal küçələr, çox
kiçik həyətlərdə isə xurma palması, fikus
və digər ağaclar görünür. Bura nisbətən
aşağıda olduğu üçün hündür yerdən
seyr edilir və dərəaşağı düşüb
daha yaxından baxmaq, foto çəkmək olur. Əsasən, kvadratşəkilli, yastı yer evlərinin,
təxminən, yarısının eni-uzunu bir neçə
metr olan həyətləri vardı. Evlərdə
qədimdə olduğu kimi indi də yaşayış var.
Bura hətta işıq, su xətləri də çəkilib.
Bələdçinin sözlərinə görə,
burada ölüləri dəfn edilmiş əksər ailələr
özləri yaşamır. Belə ki, onlar məzarlara
baxılması üçün adamlar tuturlar. Məsələn, Dalya adlı bələdçimizin
ailəsi ailə məzarlığına baxmaq
üçün ayda təxminən 100 dollar ödəyir.
Həmin insanlar isə əsasən kənd yerlərindən
olduqları üçün ailələri ilə birlikdə
köçərək məzarlıqda yaşayırlar.
Qəbirlər adətən, evin içində
qazılır.
Ona görə də evlərə girəndə xoşagəlməz
qoxunu da hiss eləmək olur. Təxminən, 1
milyon misirlinin yaşadığı "Ölülər
şəhəri"ndə nə xəstəxana var, nə də
məktəb.
"Ölülər şəhəri" deyilən bu yer tarixi prizmadan baxanda, əslində, qədim Məmlük məzarlığıdır. Elmi baxımdan, ölülərin torpağa basdırılmamasının səbəbi yerin tamamilə qum süxurlarından ibarət olmasıdır. Qum isə bir qayda olaraq hərəkətdədir, yəni sovurulur və ya çökür. Ona görə də insanlar məcburən iki qatdan ibarət məzar evlər inşa edərək ölülərini dəfn edirlər. Bu şəhərdə ölülər üçün məzarlar, adətən, evin alt qatında - zirzəmisində tikilir, üst qat - otaqlar isə boş qalır. Çünki burada, adətən, Qahirənin kasıb sakinləri yaşamalıdır. Amma bir milyonluq "Ölülər şəhəri"nin sökülüb, yerində müasir şəhərin salınması nəzərdə tutulub. Bu gün bir çox hökumət mənsubları yeni doğulan körpələrin sənədlərinə yaşadıqları ünvan kimi, məzarlığın yazılmasını qəbulolunmaz hesab edir.
Yeri gəlmişkən, "Ölülər şəhəri"nin sökülməsi planında məzarların Qahirənin ətrafında salınacaq qəbiristanlığa köçürülməsi, yerində isə dördqatlı müasir binaların tikilməsi nəzərdə tutulub.
Nil
Nil çayı olmasaydı, indi Misirdə həyatı təsəvvür etmək də çətin olardı. Misirə il ərzində ən çoxu 7 dəfə yağış yağır, damcılar yerə düşməmiş quruyur. Əbəs yerə deyil ki, dünyanın ən uzun çayı olan Nili qədimdən Misirin həyat mənbəyi adlandırıblar. Misirin əsas su mənbəyi məhz Nil çayıdır. Nil olmasaydı, Misirdə bol məhsul yetişdirmək də mümkün olmazdı. Bu çayın hesabına kənd təsərrüfatı ilə məşğul olan əhali ildə bir neçə dəfə məhsul götürür. Qahirəyə getdinsə, Nili təkcə kənarında durub seyr etməklə kifayətlənməməli, həm də gəmi gəzintisinə çıxmalısan. Gəmi gəzintisi zamanı həm nəhəng Nili seyr etməkdən, həm də musiqilərini, rəqslərini dinləməkdən zövq alırsan.
Bununla da Qahirə ilə vidalaşırıq, növbədə isə bütün dünyada bənzərsiz turizm məkanı kimi tanınan Şarm əl Şeyx var...
Pərvanə Sultanova
Bakı-Qahirə-Bakı
525-ci qəzet.- 2016.- 19 aprel.- S.5.