Millət naminə, ana dili uğrunda və
elm yolunda yaşanmış ömür - Ata Tərzibaşı
Aprelin 1-də
Qarabağda qızışan savaş Ata Tərzibaşının
ölümünü mənə unutdurmasa da, haqqında
yazmağımı xeyli yubatdı...
Ata Tərzibaşının adını ilk dəfə
1968-ci ildə, Azərbaycan Dövlət Universitetinin birinci
kursunda oxuyanda eşitmişdim.
Bizə "Azərbaycan şifahi xalq ədəbiyyatı"
fənnindən dərs deyən Vaqif Vəliyev onun bəzi məqalə
və kitablarının adını yazdıraraq,
oxumağı məsləhət görəndə tələbə
yoldaşlarımız arasında narazılıq edənlər
oldu. Ata Tərzibaşının kitablarını
tapmağın çətin olduğunu, əski əlifba ilə
yazılanları oxuya bilməyəcəklərini söylədilər.
Vaqif müəllim də səbrlə izah etdi
ki, Ata Tərzibaşının əsərlərini məcburi
oxu kimi ədəbiyyat siyahısına salmayıb. İmtahan biletlərində də ondan sual olmayacaq,
istəyən oxusun, istəməyən oxumasın.
Vaqif müəllimin bizə sərbəst seçim
hüququ verməsi və həmin illərdə İraq
Türkmanları mövzusunun Azərbaycanda gündəmdə
olması yaşıdlarımın bu mövzuya diqqətini
artırmışdı. Rəsul Rzanın, Rüstəm Əliyevin, Qəzənfər
Paşayevin İraq Türkmanları ilə bağlı
yazılarını oxuyanda Kərkükdə, Mosulda,
Tuzxurmatıda, Ərbildə və başqa bölgələrdə
yaşayan soydaşlarımız haqqında daha geniş bilgi əldə
etmək istəyirdik.
Ata Tərzibaşının
adını ilk dəfə eşitdiyim vaxtdan 47 il
sonra o, Allahın rəhmətinə qovuşdu. Ötən
müddətdə onun yaradıcılığı ilə
yaxından tanış oldum, məqalələrimdə
əsərlərindən istifadə etdim, haqqında məqalə
də yazdım, təəssüf ki, özü ilə
görüşə bilmədim.
Sovetlər dönəmində İraqa getmək, Ata Tərzibaşını
görmək mənim kimiləri üçün
mümkünsüz idi. 1990-cı illərdən başlayaraq
İraqa gediş-gəliş asanlaşdı. Hər il yüzlərlə azərbaycanlı Kərbala
ziyarətinə, onlarla soydaşımız isə ticarət və
başqa məqsədlərlə İraqa getdilər. Onlara qoşulub
mən
də gedə bilər, həmişə hörmətlə yad
etdiyim, əsərlərindən yararlandığım Ata Tərzibaşını
görər, söhbətlərini dinləyərdim. Təəssüf ki, bunu edə bilmədim.
Milləti və vətəni üçün etdiyi xidm ətlərə
görə dərin hörmətimi qazanmış türkoloq
Ata Tərzibaşı Kərkükün tanınmış və
əsilli-nəsilli bir ailəsində dünyaya gəlib. 1924-cü il
noyabrın 14-də doğulan oğluna Hacı Ömər
Ataulla (Azərbaycanda onun adını Əta kimi də
yazırlar) adı qoysa da, o, Ata Tərzibaşı kimi
tanındı.
İlk təhsilini
Kərkük şəhərindəki Piryadı məhəllə
məktəbində alan Ataulla orada Quranı Kərimi, Sədi
Şirazinin "Gülüstan"və
"Büstan"ını, Məhəmməd Füzuli
Bağdadinin əsərlərini oxumağı, eləcə də
ibtidai hesab əməliyyatını öyrənir. Orta məktəbi və litseyi də doğulduğu
şəhərdə bitirir. Məktəb
illərində təzyiqlərlə üzləşir. Yaşadığı ölkədə ana dilində
təhsil verən məktəblərin
olmadığını görür. Hansı ki, onun
dünyaya gəlməsindən 4 il əvvələdək
bu yerlərdə Osmanlı hakim olsa da ərəb dilində məktəblərin,
qəzet və jurnalların açılmasını
qadağan etməmişdi. Əksinə ərəb
dilinin, ərəb mədəniyyətinin inkişafına
kömək etmişdi.
Osmanlı dövlətinin 400 illik hakimiyyətindən
sonra parçalanmış imperiyanın yerində imprealis
güclərin yaratdıqları İraq Krallığında
türklərin sıxışdırılmasına
başlanmışdı. Birinci Dünya
savaşından sonra imperialist güclər neftlə zəngin
Musul vilayətinin Türkiyə Cümhuriyyətinə daxil
olmasına da imkan verməmişdilər. Vilayətin
Böyük Britaniyanın qurduğu oyuncaq İraq
krallığına tabe edildiyi azmış kimi burada
yaşayan türklərin Türkiyə Cümhuriyyəti ilə
əlaqələrini də əngəllənmişdi. Təzyiq
və təqiblərdən cana doyan
türklərin bəziləri yüzillərlə
yaşadıqları, özlərinə vətən
seçdikləri torpaqları tərk etmək məcburiyyətində
qalmışdılar. Hacı Ömər isə
vətənə bağlı insanlardan idi. Təqib və təzyiqlərə, ərəb
assimilyasiyasına baxmayaraq köçməyi fikrindən belə
keçirmirdi. Övladlarını da bu
ruhda böyütmüşdü.
Beynəlxalq müqavilələrdə türklərin
azınlıq hüququ tanınsa da ona əməl edilmirdi. Təqib və
təzyiqlərə baxmayaraq türklər
soydaşlarının maariflənməsinə böyük
diqqət yetirirdilər. Ata Tərzibaşı
da millətinin haqqını qanunlarla müdafiə etmək
üçün 1946-cı ildə litseyi başa vurduqda
Bağdad Universitetinin Hüquq fakültəsində oxumağa
gedir. Yeniyetməliyindən ana dilində,
milli ruhlu şeirlər yazmağa başlayan bədii
yaradıcılığını universitet illərində də
davam etdirir. 1950-ci ildə universiteti
başa vurub Kərkükdə vəkil kimi əmək fəaliyyətinə
başlayır.
Vəkil
işləyərkən görür ki ayrı-ayrı
soydaşının haqqını müdafiə etməklə
iş bitmir. Gərək millət öz
hüququnu başa düşsün, öz haqqı uğrunda
mübarizə apara bilsin. Bunun
üçün də mətbuatın gücündən
yararlanır. İlk məqalələrini
Misirdəki "Əl-Risale" jurnalında çap etdirir.
Bu jurnal o dövrdə böyük şöhrət
qazanmış, ən çox tirajla çap olunan ərəbdilli
mətbuat idi. Sonralar Ata Tərzibaşının
imzası Beyrut, Hələb, Bağdad, Kərkük,
İstanbul kimi şəhərlərdə nəşr edilən
qəzet və jurnallarda görünür.
Ata Tərzibaşı
bir ara Kərkükdə nəşr edilən
"Afak" qəzetinin ədəbi redaktoru işləyir. 1958-ci ildə İraqda monarxiya devrilir və general
Əbdül Kərim Qasiminin rəhbərliyi altında
İraq Respublikası qurulur. Həmin ilin
iyulun 26-da demokratik azadlıqlara zəmanət verən müvəqqəti
konstitusiya qəbul edilir. Siyasi partiyalar
açıq fəaliyyətə başlayır. Bunu alqışlayanlardan biri də Ata Tərzibaşı
olur. Qəzetçilikdə qazandığı təcrübəyə
dayanaraq 1958-ci il sentyabrın 23-də
"Bəşir" adlı həftəlik ədəbiyyat və
mədəniyyət qəzetinin nəşrinə nail olur.
Lakin onun ictimai-siyasi fəaliyyətinin və nəşrinə
başladığı qəzetin ömrü o qədər də
uzun sürmür. Qasiminin rəhbərlik etdiyi hökumət
tərəqqipərvər təşkilatların fəaliyyətini
məhdudlaşdırmağa başlayır. 1959-cu ilin martında Ata Tərzibaşı da həbs
edilir və Hille bölgəsinə sürgünə göndərilir.
Əsasını qoyduğu "Bəşir"
qəzeti də martın 17-də bağlanır.
"Kərkük",
"Afak", "Bəşir" qəzetlərində
türklərin mədəniyyəti, ədəbiyyatı, dili
haqqında yazdığı məqalələri ilə
xalqın sevimlisinə çevrilən Ata Tərzibaşının
sürgün həyatı çox da uzun sürmür. Üç aydan sonra yenidən Kərkükə
dönərək vəkillik fəaliyyətini davam etdirir.
Ata Tərzibaşı vəkillik etdiyi günlərdə
şahidi olur ki, soydaşları çox vaxt
savadsızlıqlarına və ərəb dilini bilmədiklərinə
görə məhkəmələrdə uduzurlar. Ərəblərin
bir çoxu da türklərin tarixindən, mədəniyyətindən,
ədəbiyyatından xəbərsiz olduqlarına görə
onlara vəhşi, qaniçən və geridəqalmış
kimi baxırlar. Odur ki, xalqının tarixi, mədəniyyəti,
ədəbiyyatı, folkloru haqqında həm ana dilində, həm
də ərəbcə "A.T", "Ataulla Tərzibaşı",
"Məcid Türkekul", "Ömərzadə
Allahverdi" və b. imzalarla əsasən də Ata Tərzibaşı
imzası ilə elmi, publisistik məqalələr yazır. Onun istər
"El-Turasüş-Şabi" jurnalında Türkman
kültürü və folkloru haqqında ərəbcə
yazdığı məqalələr, istərsə Ziya
Gökalp, Əhməd Ağaoğlu və Fuat
Köprülü kimi sosioloqlar haqqında çap etdirdiyi əsərlər
bu gün də aktuallığını saxlayır.
İraq
türklərinin mədəniyyəti tarixində xüsusi
yeri olan "Qardaşlıq" jurnalında türk və ərəb
dillərində ədəbiyyat, folklor, dil haqqında dəyərli
məqalələr çap etdirən Ata Tərzibaşı
sıx-sıx beynəlxalq elmi konfranslarda məruzələr
edir, dünyanın ünlü türkoloqları ilə fikir
mübadiləsinə girir. Ensiklopediyalar adətən
türkmanların kültürü, ədəbiyyatı,
tarixi ilə bağlı məqalələri ona yazdırmaqda
maraqlı olublar.
Onun "Yazı dili, danışıq dili" məqaləsi
dilçilik haqqında nəzəri baxışlarını
özündə əks etdirən ən dəyərli
qaynaqdır. Bu yazıda Ata Tərzibaşı türkçənin
danışıq diliylə yazı dili arasındakı fərqin
digər dillərdəki kimi dərin olmadığını
isbatlamaq üçün ərəb dilləri ilə
müqayisələr aparıb.
Ata Tərzibaşı
məqalə və çıxışlarında dilin
inkişaf etdirilməsinə, orta əsrlərdə türk
dilinə yüklənmiş ərəb, fars
tərkiblərindən təmizlənməsinə xüsusi
diqqət yetirib. O, istər elmi əsərlərində, istər
məqalələrində və
çıxışlarında dildən çıxarılan ərəb,
fars mənşəli sözlərin yerinə
Avropa mənşəli terminlərin gətirilməsinin də
əleyhinə olmuşdur. "İrak türkləri
və dil özləştirməsi" əsərində məsələni
geniş təhlil etmiş və bu fikri irəli sürmüşdür
ki, dilin təmizlənməsi, inkişaf etdirilməsi, sərt,
inqilabi yolla deyil tədrici aparılmalıdı. Həm də bu təmizləmə və yeniləşmə
türk xalqları arasındakı bağlılığa zərər
verməməli, əksinə onu daha da
yaxınlaşdırmalıdı.
Bölgənin folklorunun toplanmasında və nəşrində
böyük xidmətləri olan Ata Tərzibaşı dilin təmizlənməsində
və yeniləşdirilməsin də xalq
danışığına önəm verilməsini dönə-dönə
vurğulamışdır. Səbəbini də
onunla izah etmişdir ki, bu gün bir türk xalqının ədəbi
dilində işlənməyən, arxaikləşmiş və
ya dialektə çevrilmiş sözlər başqa türk
xalqlarının ədəbi dilində olduqca işləkdir.
Ola bilsin ki, həmin sözlər çalar fərqlərilə
seçilsinlər və yeni eşidildiyi vaxt qulaqlara yad gəlsin,
yaxud arqo kimi səslənsin. İctimai-siyasi
xadimlər, dövlət adamları, yazıçı və
şairlər, qəzetçilər bu sözləri
sıx-sıx işlətsələr onda ədəbi dillərdə
özünə vətəndaşlıq hüququ qazanar və
türk xalqlarının bir-birinin yazısını
anlaması da asanlaşar.
Ata Tərzibaşı yazı dili ilə
danışıq dilinin yaxınlaşmasının vacibliyini dəfələrlə
vurğulamışdır. Bunun üçün
bölgədə böyük nüfuzu olan Türkiyə
türkcəsinin əksikliklərini göstərməkdən
də çəkinməmişdi. Məqalə və
çıxışlarında dəfələrlə
vurğulamışdır ki, tarix boyu türk dillərinin ən
işlək və şirin səsi olan sağır nun səsinin
əlifbada göstərilməməsi getdikcə bu səsin
işləkliyini itirməsi ilə yanaşı, əski
yazıların oxunuşunu da, türk xalqları və
toplumlarının dilləri arasındakı
yaxınlığı da çətinləşdirmişdir.
Tarix boyu
12 ayrı-ayrı əlifbadan istifadə etmiş türklərin
böyük bir hay-küylə latın əlifbasına
keçməsi də gözlənilən nəticəni verməmişdir.
Onun əvəzinə ərəb əlifbasında
islahatlar aparılaraq türk xalqlarının səs sisteminə
uyğunlaşdırılsaydı, öz keçmişlərindən
və bir-birini anlamaqdan belə sürətlə
ayrılmazdılar.
1970-ci il yanvar ayının 24-də İraq hökuməti
ölkədə yaşayan türklərə ana dillərində
təhsil almaq və b. mədəni haqlar verdiyi haqqında bir
qanun çıxardı. Lakin qanunun həyata
keçməsi müxtəlif bəhanələrlə
reallaşmadı.
1953-cü
illərdə Bağdadda "Şərqi və türkülər"
kitabını nəşr etdirən Ata Tərzibaşı
1954-cü ildə ərəbcə yeni bir kitab nəşr
etdirdikdən sonra 1955-ci ildə "Kərkük hoyratları
və maniləri", 1961-ci ildə "Kərkük
havaları", 1962-ci ildə "Kərkük əski
sözləri", 1963-cü ildə "Kərkük
şairləri", 1964-də "Arzu-Qəmbər masalı",
1976-cı ildə "İraq türkmanları arasında
yağmur duası" və b. kitablarını
oxucularının və elm adamlarının mühakiməsinə
vermişdi.
Ata Tərzibaşı
kitabları təkrar-təkrar nəşr olunan az
müəlliflərdən biridir. Belə ki, onun
"Kərkük şairləri" kitabı 1963-2012-ci illərdə
13 dəfə, "Arzu-Kambar masalı" orijinalında
olduğu kimi Kərkük, Bağdad, İstanbul və
Bakıda 5 dəfə (hətta fransızcaya çevrilərək
2000-ci ildə Cenevrədə də nəşr olunub), "Kərkük
hoyratları və maniləri" üç dəfə nəşr
edilmişdir. Onun kitablarının çap
olunma coğrafiyası da genişdir. Buraya
Kərküklə yanaşı, Bağdad, İstanbul, Ankara,
Bakı, Cenevrə və b. şəhərlər daxildir.
Ömrünü
türkman ədəbiyyatının, dilinin, folklorunun və mətbuat,
nəşriyyat tarixinin öyrənilməsinə həsr
etmiş Ata Tərzibaşı bir ara
Bağdadda gündəlik "Əl-Cihad" qəzetini də
nəşr etmişdir.
1964-cü ilin may ayında Türk Dil Qurumuna "yardımcı üyə", 1996-cı ilin iyun ayında isə "şərəf üyəsi" seçilən Ata Tərzibaşı 300-ə qədər məqalə, 30-a yaxın kitab nəşr etdirsə də, ailəsinin vəkillikdən qazandığı pulla dolandırmışdır. Yəni dolanışıq üçün vəkillik etməyib elmi axtarışlarla məşğul olsaydı, yəqin onun əsərlərinin sayı iki bu qədər olardı. Ata Tərzibaşı yaradıcı şəxsiyyətlərə onların əsərlərinin bədii, elmi dəyərlərindən çox millətinə neçə xidmət etməsinə görə qiymət verirdi. Ona görə elmi yaradıcılıqla məşğul olurdu ki, millətinə xeyir versin.
2001-ci ildə keçirdiyi bir qəza nəticəsində ayağı sınan böyük alim və ictimai xadim evindən çıxmaz hala düşür. Buna baxmayaraq ruhdan düşmür, daim bilgisayar başında olur. O vəziyyətdə üç cildlik "Türkman sözlüyü", üç cildlik "Türkman kəşkülü" əsərlərini yazaraq nəşr etdirir. Onun son nəşr edilən əsəri 1915-ci ildə işıq üzü görən "Fuzuli hakkında yazılar" olur. 2015-ci ilin sonlarından heç kimlə görüşmək istəməyən şair, alim, vəkil və böyük millətsevər insan 2016-cı il martın 31-də, saat 21:00-da haqqa qovuşur.
Ata Tərzibaşının elmi əsərləri təkcə türk xalqlarının deyil, Yaxın Şərqin ən zəngin kitabxanalarının qiymətli sərvətinə çevrilmişdir.Qarabağda baş verən savaşlar Azərbaycanda Ata Tərzibaşının ölüm xəbərinə diqqəti müvəqqəti azaltmışdır. Yəqin ki, bundan sonra Ata Tərzibaşının ölümünün qırxıncı günü qeyd ediləcək və onun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcəkdir.
15.04.2016
Əli ŞAMİL
525-ci qəzet.- 2016.- 20 aprel.- S.4.