Azərbaycanda
sahibkarlığın inkişaf etdirilməsinə xüsusi
diqqət ayrılır
Azərbaycanda
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin
artırılması və bu sahəyə investisiya
qoyuluşunun sürətləndirilməsi Prezident İlham
Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında əmtəə nişanlarının ekspertizası üzrə təcrübə mübadiləsinə həsr olunmuş görüşdə səsləndirilib.
Komitənin aparat rəhbərinin müavini Niyazi Rəhimov ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin komitə ilə əməkdaşlığını, müxtəlif mövzularda treninqlərin keçirilməsini yüksək qiymətləndirib. N.Rəhimov diqqətə çatdırıb ki, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı, digər sahələrlə yanaşı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib: “Ölkənin iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin genişləndirilməsi və s. kimi sahələrdə işlərin yerinə yetirilməsinə yardım edən patent sistemi sahəsində dövlət siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə ABŞ təcrübəsinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir”.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiyini, ikitərəfli əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
2016-cı ilin aprelin 12-də Prezident İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə iştirak etmiş ABŞ səfirinin müavini ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığından məmnunluğunu ifadə edib. Derek Hoqan xüsusilə də biznes sahəsində innovasiyaların, yeni texnologiyaların tətbiqi, azad rəqabət şəraitində əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinin aktuallığını, həmçinin keçirilən ikitərəfli tədbirlərin vacibliyini bildirib.
Təlimlər ABŞ Patent və Əmtəə Nişanları
İdarəsinin hüquq işləri
üzrə müşavirləri Nensi Omelko və Lia Lourinin “Fərqlilik üzrə ekspertiza”,
“Anlaşılmazlıq ehtimalı üzrə ekspertiza”,
“Coğrafi markaların ekspertizası”,
“Qeyri-ənənəvi markaların ekspertizası” və digər
mövzulara aid təqdimatlarla
davam edib.
Samirə
525-ci qəzet.- 2016.- 20 aprel.- S.4.