Qələbə sevinci yaşadan döyüşlərin qəhrəmanı - Dilsuz Qarayev -  

 

Vətəni qibləgah edən şəhidlər -VI yazı

 

 

 

 

Bu ilin ilk aprel gecələri neçə ailəyə kədər, qəm-qüssə qürur gətirdi. 4 gecə dünyanın gözləri Azərbaycana dikildi, 4 gecə 7-dən-77-yə kimi hər kəsin qulağı səsdə oldu, qəlbi nigaran döyündü.

 

Dünyanın hər yerində yaşayan azərbaycanlılar, azərbaycansevərlər diplomatik nümayəndəliklərimizin qarşısına gəlib, Can Azərbaycanın müqəddəs döyüşlərində iştirak etmək arzusunda olduqlarını bildirdilər.

 

O 4 gündə elə ilk həmlələrdəcə torpaqlarımızın bir qismini azad edən əsgərlərimiz bizə Qələbə sevincini yaşatdılar. Döyüşlərdə itki olur, şəhid . Bu Qalibiyyət döyüşlərində Vətənimizin itkiləri oldu...

 

Bayraqlara bükülmüş tabutları analar, bacılar harayla, gözyaşı ilə qarşılayar. Bu həmişə belə olub. Aprel şəhidlərimizdən biri 26 yaşlı Dilsuz Qarayev idi. O Ağcabədi rayonunun Hindarx qəsəbəsində ana babasının evində böyümüşdü. Anası Cəvahir xanım deyir ki, oğlunu çox əziyyətlə böyüdüb. Oğlu haqqında soruşanda, əvvəlcə özünün sınıq taleyindən danışdı:

 

 - Bütün qızlar kimi ailə həyatı quranda elə bilirdim ki, xoşbəxt olacam. Gəlin getdiyim evdə ayımı-günümü qaraya döndərdilər. Axırda rəhmətlik atam mənə sahib çıxdı. İki oğlumu ər evində qoydum, 40-ı çıxmamış körpə Dilsuz balamı əzab-əziyyətdə yanmış canımı, götürüb atam evinə gəldim. Çətin zamanlar idi. Müharibə başladı. Atamın 7 övladı var idi. Ailəmizə aid olan torpaq sahəsində əkin-biçin işlərində atama kömək etdim ki, ailəyə yük olmayım. Atamın, qardaşlarımın köməyi ilə balamı böyütdük. Oğlum həm ailəmizin, həm kəndimizin əziz-xələfi oldu. Abrı-həyası, davranışı ilə hamıya nümunə idi. Əsgərliyə gedib qayıdandan sonra, atasının evində qalan 2 qardaşı ilə mütəmadi görüşməyə başladı. Böyük oğlan idi, artıq öz yolunu müəyyən edə bilirdi. Ancaq onu böyüdənə qədər, kimsəyə boyun əymədim, kəndimizin o biri başında olsalar da, o qapıdan çıxandan sonra, bir yolumu onlar tərəfdən salmadım. Gördüklərim, çəkdiklərim mənə bəs edirdi. Yaman günlərim ötdü getdi. Oğlumla bəxtəvər idik. Balama 2013-cü ilin aprelin 17-də toy çaldırdıq. Toyunun xərc-xəracatını da özü çəkmişdi...

 

Danışdıqca yanır, odlanır Cəvahir bacı. Heç sakitləşdirmək olmur. Deyir, Allahın altında kar, kor olaydım, balamı tabutda görməyəydim, bu xəbəri eşitməyəydim. qədər toxtaqlıq versələr , aram olmur ana:

 

- Məni yaxşı başa düşün, onu zəhmətlə böyütmüşəm. O biri iki oğluma oğul deməyə qoymayıblar. Heç indən sonra da deməyəcəm. Onlar mənim qardaşlarımdırlar daha. Mənim balam Dilsuz idi. Dilimi ağzımda yandırdı...

 

Sonra birdən dönüb gəlininə deyir ki, Röya, bala mən səni indiyə qədər incitməmişəm, bundan sonra da xətrinə dəymərəm, incitmərəm...

 

İgid vətən oğlu Dilsuz Qarayev 7 il idi ki, hərbi hissədə qulluq edirdi. Kəşfiyyatçı olduğundan sirrindən-sözündən, hara gedib-gəlməsindən kimsənin xəbəri yox idi. Lakin haraya getsə, hansı təlimdə olsa, hansı tapşırığı yerinə yetirsə , evinə salamat qayıdardı. Röya deyir ki, hərdən çəkmələri, ya da ki, paltarları palçıqlı olurdu. İki il idi ki, Sumqayıtda, 47-ci məhəllədə ev almışdılar. Dilsuz anası ilə gəlinini gətirib bu təzə evdə şad -xürrəm, xoşbəxtlik arzuları ilə yaşayırdı.  Qəlbinin ilk ovu Röyanı da yamanca sevirdi . Lakin...

 

Qara örpəkli gəlin Röyadan Dilsuzla necə tanış olduqlarını soruşuram. Utana -utana bir mənə baxır, bir otaqda oturan qohumlarına. Sonra cingiltili həyalı bir səslə deyir:

 

- Əsgər getməmişdən bir gün qabaq, 2 yanvar 2009-cu ildə Sərdar baba ilə bizə gəldilər. Həmin gecə evlərinə qayıdandan sonra mənə telefonla mesaj yazdı ki, əsgərlikdən gələnə kimi onu gözləyim. Gözlədim. Gəldi... 2013-cü ilin aprel ayının 17-də toyumuz oldu. Çox xoşbəxt yaşayırdıq. Heç yerə tək getmirdim. Onun işdən gəlməyini gözləyirdim ki, bazarlığa birlikdə gedək. Hərdən narahat olurdum ki,  hələ uşağımız yoxdur. Deyirdi ki, sən mənim uşağımsan da... Heç vaxt bu haqda mənə bir kəlmə incik söz demədi. Sonuncu dəfə 27 martda zəng vurdu ki, hazırlaş, gəlib səni gəzməyə aparacam. Günorta gəldi. Günün ikinci yarısı apardı məni Bakıya, Dənizkənarı bulvarda xeyli gəzdik, dolandıq, gülüb-danışdıq. İndi fikirləşirəm ki, ayrılığı gözə aldığından, bəlkələr, gümanlar içərisində məni gəzməyə aparıb. Mənimlə gülə-gülə danışırdı, ürəyində isə, sən demə, ayrılıq xiffəti çəkirmiş. Tez-tez onunla Şəhidlər Xiyabanına baş çəkərdik. Orada uyuyan cavanların şəklini başdaşında görəndə həmişə məni ağlamaq tutardı. Dilsuz deyirdi ki, ağlama, şəhidlik böyük şərəfdir, şəhidlər üçün ağlamazlar. Elə bil ürəyinə dammışdı. Bu il Mart bayramlarının hamısında məni gəzməyə apardı. Ancaq şirin xatirələri qalıb indi. 28 martda gedəndə dedi ki, aprelin 4-ü qayıdacağam. Hələ cəbhə bölgəsində narahatlıq olanda da telefon edib deyirdi ki, narahat olmayaq. Aprelin 1-dən 3-dək onunla əlaqə saxladıq. Amma aprelin 3-ü axşam saat 6-da həlak olub. Həmişə düşmən qabağına gedib, uğurlu əməliyyatlarda olub. Onun qədər fəxri fərmanları, medalları var. Təlim keçdikləri hərbi hissəyə ali qonaqlar gələndə onları həmişə ön sıraya düzərdilər. Bütün döyüşlərdə, əməliyyatlarda fərqlənirdi. Bu yaxınlarda da Müdafiə Nazirliyindən mükafat olaraq bizə böyük televizor hədiyyə etdilər. Bir ay bundan əvvəl isə hərbi hissə daxilində bizə xidməti ev verilmişdi. Martın 28-də oraya köçəcəkdik. O isə həmin gün təlimə getmək məqsədilə bizdən ayrıldı...

 

Cəvahir ananın naləsi adamın ürəyini dağlayır, onu incitməmək üçün söhbətimi tez yekunlaşdırmaq istəyirəm. Halallaşıb həyətdəki kişilərin yanına gedirəm.

 

...Böyük oğlu Pərviz Qarayevindi anasının yanından əl çəkmir. İstəyir ki, anası başını onun çiyninə qoysun, yanan ürəyinə azacıq su çiləyə bilsin. Qardaşlar daha çox qardaş paylarını itirəndə arxasız olurlar. Pərviz deyir ki, məndən kiçik olsa da, hamımız ona güvənirdik. Bir tikəsini tək yemirdi. 5 yaşlı oğlum Nəbi onun yolunu elə həvəslə gözləyirdi ki... Bilmirəm, necə aldadım indi uşağı...

 

Anası Cəvahirin dayısı Abbas Rüstəmovun söhbətlərindən məlum oldu ki, Ağcabədinin Hindarx kəndi bundan əvvəlki döyüşlərdə 20 şəhid verib. O şəhidlərdən 13-nün tabutu bir gecədə gətirilib kəndə. Bu Vətən torpaqlarımızı işğal edərkən ermənilərə qarşı başlayan ilk müharibənin əvvəllərində olub. Onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov və cəbhədə şücaət göstərən Qaraş Əliyev də vardı. Qaraş Əliyevlə Dilsuz Qarayev xalaoğludurlar. İndi Hindarx kəndindəki 3 nömrəli orta məktəb Qaraş Əliyevin adını daşıyır. 26 yaşlı kəşfiyyatçı Dilsuz Qarayevson döyüşlərdə qəhrəmanlıq göstərib, Talış kəndində igidliklə vuruşaraq şəhid olub. Son nəfəsinə qədər silahı susmayıb, daha bir neçə düşməni cəhənnəmə vasil edə bilib. Abbas kişi onu da əlavə etdi ki, Dilsuzun ana babası Sərhəd Hacıyev çox igid və mərd adam olub. Dilsuzu da bu ruhda məhz o tərbiyə edib. Bircə təsəlli var ki, ötən il sentyabrın 27-də dünyasını dəyişən Sərhəd kişi istəkli nəvəsinin tabutunu görmədi.

 

Görənlər deyirlər ki, enli kürəkli, pəhləvan cüssəli Dilsuz adi tabuta sığmayıb, onun üçün daha böyük tabut hazırlayıblar. İgid döyüşçünün babasının həyətində keçirilən vida mərasimində minlərlə adam iştirak edib. Ağcabədi və ətraf rayonlardan dəstə-dəstə gələn insanlar üçrəngli zəfər bayrağımızı əllərində tutaraq, şəhidimizi son mənzilə ehtiramla yola salıblar.

 

 

Aida Eyvazlı

525-ci qəzet.- 2016.- 21 aprel.- S.8