Ürəyimin səsi

 

Məni məndən alıb gedən

Bu səs muğam havasıdır.

Sanıram ki, muğam elə,

Öz anamın laylasıdır...

 

Yaşandıqca bir andaca

Başqalaşır tam həyatım.

Damarımda coşub axır,

Elə bil ki, muğamatım.

 

Muğam eşqi var ruhumda,

Dinlədikcə demə, bəsdir.

Tar sədası, kaman səsi,

Ürəyimdən qopan səsdir...

 

Dalğalan, bayrağım!

 

Necə sevirəm ürəkdən səni,

Dalğalan, bayrağım, hər an dalğalan!

Dalğalan, tarixə yaz qələbəni,

Dalğalan, bayrağım, hər an dalğalan!

 

Dalğalan, qoy səndən mən ilham alım,

Səni vəsf eləyib, səninlə qalım...

Qoy,sənə baxdıqca mən ucalım,

Dalğalan, bayrağım, hər an dalğalan!

 

Dalğalan göylərlə durub tamam tən,

Başımız üstündən getsin duman, çən.

Dalğalan, səninlə fəxr edir vətən,

Dalğalan, bayrağım, hər an dalğalan!

 

Üçrəngli bayrağım, mən sənə qurban,

Sən mənə sirdaş ol, mən sənə hayan.

Hər an önümüzdə vüqarla dayan,

Dalğalan, dalğalan, hər an dalğalan!

 

Başımız ucadır, əymərik səni,

Yüksəldik gördükcə hər yüksəlməni...

Dalğalan, qəhr eylə qarı düşməni,

Dalğalan, bayrağım, hər an dalğalan!

 

 

Türkanə YAVƏRQIZI

Ağcabədi rayonu, Hacıbədəlli kəndi

525-ci qəzet.- 2016.- 21 aprel.- S.7.