Muğam sənətimizdə parlaq imza

 

 

Xalqımızın milli-mənəvi dəyərləri sırasında onun musiqi sənətinin, bu musiqi sənətində isə ayrıca olaraq muğam dünyasının xüsusi çəkisi var.

 

Təsadüfi deyil ki, milli-mədəni həyatımızın təbliğində bir sıra möhtəşəm layihələr həyata keçirmiş Heydər Əliyev Fondunun fəaliyyət proqramında muğamlarımızın dünya miqyasında təqdim edilməsinə qayğı ilkin yerlərdən birini tutur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Milli Konservatoriyamızda muğamın səviyyəli, ustadyana tədrisi, müxtəlif müsabiqələrin təşkilini vurğulamaq lazımdır. İstər muğamın tədrisi sahəsində, istərsə onun ifaçılıq yönündə ustad sənətkarlarımız var. Xanəndəlik məktəbimizin müasir davamçıları sırasında Mənsum İbrahimov mühüm yer tutur xalq arasında yüksək qiymətə, hörmətə layiq olduğunu çoxdan sübut edib.

 

Mən hələ 8-9-cu siniflərdə oxuyanda - dörd il bundan əvvəl - Mənsum İbrahimovun İctimai Televiziyadakı ustad dərslərinə məhəbbətlə baxmışam. O ustad dərslərində Mənsum müəllimin ustadlığına heyran olmuşam. Bu ustadlığına görədir ki, Mənsum müəllimin tələbələri indi xalq tərəfindən sevimli muğam ifaçıları kimi qəbul olunurlar. Bu baxımdan dəyərli xanəndəmiz Təyyar Bayramovun uğurlarını qeyd etmək də kifayətdir. Bu gün Azərbaycan muğam sənətində Mənsum İbrahimov başda olmaqla, Elçin Həşimov və Elnur Əhmədovdan ibarət trio xalqın sönməz məhəbbətini qazanıb. Bu üçlüyün timsalında cəsarətlə demək olar ki, muğam ifaçılığı sənətimiz özünün yeni  inkişaf mərhələsinə qədəm qoyub.

 

Mənsum İbrahimov bu gün Azərbaycan incəsənətinin son dərəcə parlaq simalarından biridir. O, yüksək erudisiyaya, intellektə, dərin biliyə malik bir sənətkardır. Bu yaxınlarda Azərbaycan televiziyasının "Ovqat" proqramında qonaq olan sənətkar bu proqramda da özünün zəngin daxili aləmini, yüksək peşəkarlığını nümayiş etdirdibiz onun həyatı, fəaliyyəti barədə səmimi söhbətin şahidi olduq. M.İbrahimov sənət və sənətkar haqqında səviyyəli söhbətlərdən əlavə, doğma kəndə bağlılığından da duyğulu halda söz açdı və tamaşaçının qəlbində böyük xanəndəmizə rəğbəti birə-on artırdı.

 

Mənsum İbrahimov bu gün Azərbaycanın sənət dünyasında nümunəvi bir şəxsiyyətdir. Onun adı Azərbaycanımızı, muğam sənətimizi dünyada ləyaqətlə təmsil və təbliğ edənlərin, muğam məktəbimizi yaşadanların cərgəsində qürurla səslənir.         

 

Nəzrin İSKƏNDƏRLİ

BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi

525-ci qəzet.- 2016.- 21 aprel.- S.6