Təbrizin maddi mədəniyyətinə
dair dəyərli tədqiqat əsəri
Bu gün etnoqrafiya
elminin daha da inkişaf etdirilməsi alimlər qarşısında duran ümdə vəzifədir. Elmin inkişafını
təmin edəcək
maraqlı tədqiqat əsərlərinin yaranması
bununla bağlı ümidləri daha da artırır.
Azərbaycan etnoqrafiya elmində belə sanballı əsərlərdən biri
İlhamə Gülbala
qızı Məmmədovanın
"Təbrizin maddi mədəniyyəti" monoqrafiyasıdır. Monoqrafiya
elmimizə yeni töhfədir.
Müasir dövrdə mühüm
əhəmiyyət kəsb
edən tarixi şəhərlər etnoqrafik
tədqiqata cəlb olunur. Belə şəhərlərdən biri də Təbrizdir.
Təbriz şəhəri tarixən
Rəvvadilər, Eldənizlər,
Qaraqoyunlular, Ağqoyunlular
və Səfəvilər
dövlətinin paytaxtı
olub. Siyasətin nəbzi məhz
bu şəhərdə
döyünüb və
mühüm həyati
məsələlər burada
həll olunub. Şəninə şeirlər yazılan
Təbriz bütövlükdə
ölkənin həyatında
müstəsna rol oynayıb. Bununla əlaqədar şəhərdə
abadlıq işlərinin
genişlənməsi, yeni
abidələrin tikilməsi,
bağ və parkların salınması,
sənətkarlıq məhəllələrinin
artması bütün
dövrlərdə əhəmiyyətini
qoruyub saxlayıb.
Rəngarəngliyi ilə göz
oxşayan, Şərq
üslubunda yaranan memarlıq abidələri
özünəməxsusluğu ilə diqqəti cəlb edib, daim inkişaf edərək və bərpa olunaraq bugünümüzə çatıb.
"Alınmaz şəhər-qala
olan Təbriz tarix boyunca nələr
görüb, nələrə
qarşı dayanıb
və nələri bugünədək yaşadaraq
çatdıra bilib?" - sualına cavabı İlhamə Məmmədovanın
"Təbriz şəhərinin
maddi mədəniyyəti
(tarixi-etnoqrafik tədqiqat)"
adlı monoqrafiyasında
tapmaq mümkündür.
İndiyədək Təbriz şəhəri
tarixi baxımdan tədqiqata cəlb olunsa da, Azərbaycan
etnoqrafiya elmində bu əsər ilk təşəbbüsün məhsuludur.
Hər bir etnosun özünəməxsus
xüsusiyyətləri onu
səciyyələndirən amillərlə əlaqədar
formalaşır. Nəsillərdən-nəsillərə ötürülən, xalqımızın həyat
fəaliyyətində öz
təcəssümünü tapan adət-ənənələri,
maddi və mənəvi irsimiz haqqında zəngin olan bu monoqrafiyada
məsələlər sistemli
şəkildə şərh
olunur. Milli, etnik və
mədəni kimliyilə
əsrlər boyu vahid bir mədəniyyəti
daşıyan xalqımızın
bir parçası olmaqla təbrizlilərin yaşam tərzinin araşdırılmasına həsr
olunan monoqrafiya yüksək amala xidmət edir.
Hər paraqrafda
etnoqrafik cəhətdən
əhəmiyyət kəsb
edən problemlərdən
danışılır, hər
bir ictimai təsisatın yaranması
və funksiyasının
tarixi mahiyyəti izah olunur. Bu elmi-tədqiqat işi tarixi-etnoqrafik baxımdan dəyərli bir abidə kimi əhəmiyyətlidir.
Müəllif bu tədqiqat işi ilə Qacarlar dövrünün abı-havasını canlandırır,
maddi mədəniyyətin
əksər sahələrini
işıqlandırır. Onun təşəbbüsü,
tarixi mənbələrin
verdiyi çoxsaylı
məlumatlardan bəhrələnməsi,
min bir əziyyətlə
başa gələn etnoqrafik müşahidələri
və onlardan əldə etdiyi faktları müqayisəli
təhlil zəminində
qiymətləndirməsi təqdirəlayiqdir.
Tarixi hadisələri aydınlaşdırmaq,
araşdırılan dövrdəki
mədəniyyətin daxili
münasibətlərini açıb
göstərmək üçün
kitab mühüm əhəmiyyətə malikdir.
Əsərdə verilən məlumatlardan bir daha təsdiqlənir
ki, şəhər sənətkarlıq və
ticarət əlaqələrinin
cəmləşdiyi məkan
olmaqla yanaşı,
elm və mədəniyyət
ocağı kimi əhəmiyyət daşıyırdı. Müəllif bütün çalarları
ilə milli dəyərlər ruhunda tərbiyə almış
insanların yaşam tərzini, onların maddi mədəniyyət ünsürlərini canlandırmağa
çalışır. Bu kitab vasitəsilə
bilmədiyimiz bir zamana səyahət edərək orta əsrlərlə yeni dövr arasında keçid məqamı olan zamana nəzər
salırıq.
Maddi mədəniyyəti öyrənməklə yaşayış tərzinin qanunauyğunluqlarını şərh etmək mümkündür. Bu monoqrafiya cəmiyyətin inkişaf səviyyəsini canlandırmaq, maraqlı etnoqrafik mənzərə nümayiş etdirmək və onu təqdim və təbliğ etmək arzusunun təcəssümü kimi yüksək dəyərləndirilməlidir. Monoqrafiya bizə İpək Yolu üzərində yerləşən və ümumşərq mədəniyyətinin mərkəzlərindən birinə çevrilən Təbriz mühitindən, onun elitasından söhbət açır, eyni zamanda Qacarlar dövründə rəiyyətin necə dolandığından da xəbər verir. Əsərə əsasən təbrizlilərin adət-ənənələrini, cəmiyyətdəki münasibətləri, həmçinin iqtisadi və siyasi əlaqələri də müəyyən etmək mümkündür.
İkiqat sevindirici haldır ki, müəllif bu əsəri vasitəsilə Sovet ideologiyası nəticəsində sıradan çıxan adət-ənənələrimiz, maddi mədəniyyət ünsürlərimiz haqqında Təbrizin timsalında təsəvvür yaradır, eyni zamanda doğma Azərbaycanımızda yox olub-gedən ənənələrə də aydınlıq gətirir, onları üzə çıxarır və maddi nümunələri yenidən bərpa etməyə imkan yaradır. Xatırladaq ki, bəzi etnoqrafik ənənələr Təbrizdə hələ də davam etməkdədir.
Azərbaycan oxucularına təqdim olunan bu monoqrafiyanın ərsəyə gəlməsi, təbii ki, böyük zəhmətin bəhrəsidir. Faktik material baxımdan diqqətəşayandır, əhatə etdiyi mövzular cəhətdən hədsiz marağa səbəb olacaq.
Burada Təbriz şəhərinin etnoqrafik qiyafəsi öz əksini tapdığından geniş oxucu kütləsinin diqqətini cəlb edəcəyi şübhə doğurmur. Ümidvaram ki, istər tənqidi, istərsə də bol tarixi və etnoqrafik materiallarla zəngin olan kitab oxucuları razı salacaq. Onu da qeyd edək ki, Təbriz şəhərinin müxtəlif dövrlərinin etnoqrafik araşdırılması üçün qapı açıqdır. Gələcək yaradıcılıq işlərində müəllifə uğurlar arzulayırıq.
Şirin BÜNYADOVA
tarix elmləri doktoru, professor
525-ci qəzet.- 2016.- 21 aprel.- S.6