“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları ” kitabının təqdimatı
olunub
Aprelin
21-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov
adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq
nəşr olunmuş
“Azərbaycan xalqına
qarşı 1918-ci il soyqırımları” kitabının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat
mərasimində soyqırımı
qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru, professor Kərim
Tahirov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il
26 mart tarixli Fərmanı
ilə 31 mart- Azərbaycanlıların
Soyqırımı Günü
elan edilib. Yetmiş illik sovet rejiminin
nəticəsi idi ki, ölkəmizdə kitabxanalarda ermənilər
tərəfindən törədilmiş
bu hadisələrə
aid sənəd tapılmırdı.
Bildirilib ki, xalqımızın başına gətirilən
faciələrin tarixini
araşdırmaq və
onu dünya ictimaiyyətinə çatdırmaq
yalnız dövlət
müstəqilliyimizi bərpa
etdikdən sonra mümkün olub. Alimlərimiz dünya arxivlərindən
tapdıqları materiallar
əsasında kitablar
hazırlayıb. Kərim Tahirov
Tarix İnstitutunun tarixi faktlar əsasında bu hadisələrə aid çoxlu
sayda kitablar çap etdirməsini yüksək qiymətləndirib.
Qeyd olunub ki, arxiv
sənədləri əsasında
hazırlanan bu kitabda yer alan materialların əksəriyyəti Tarix İnstitutunun əməkdaşlarının
məqalələridir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xalqımızın
XX əsr ərzində
dörd dəfə deportasiyaya məruz qaldığını vurğulayaraq
bildirib ki, vaxtilə müstəqil dövlətimiz olmadığı
üçün bu faktları beynəlxalq ictimaiyyətə çatdıra
bilməmişik. Müstəqilliyimizi bərpa etdikdən
sonra bu istiqamətdə ciddi işlər görülür.
Bu sahədə aparılan elmi tədqiqatlar ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilir.
O söyləyib ki, Tarix İnstitutunun apardığı məqsədyönlü
iş təqdirəlayiqdir.
Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü Yaqub Mahmudov zaman-zaman Azərbaycan xalqına qarşı dəhşətli
soyqırımları həyata
keçirildiyini bildirib. Qeyd olunub
ki, böyük dövlətlərin köməyi
ilə qəsbkar ermənilər Azərbaycan
və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman
əhalidən təmizləyərək
“Böyük Ermənistan”
dövləti yaratmağa
cəhd göstəriblər.
Bolşevik şineli geyinmiş
Stepan Şaumyanın başçılıq etdiyi
daşnak-bolşevik rejiminin
qabaqcadan düşünülərək
planlı surətdə
Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı
soyqırımları 1918-ci ilin mayında İrəvan və ətrafındakı Azərbaycan
torpaqlarında yaradılmış
Ararat-Ermənistan Respublikası
tərəfindən daha
amansızlıqla davam
etdirilib. Kütləvi soyqırımları 1914-1918-ci illərdə bütün
Azərbaycan torpaqlarını
və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali
xüsusi qəddarlıqla
qətlə yetirilib.
Azərbaycan xalqına qarşı
soyqırımı siyasətinin
bu gün də davam etdirildiyini
qeyd edən Y.Mahmudov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi barədə
danışıb, bədnam
qonşularımızın torpaqlarımızda, o cümlədən
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda törətdiyi qanlı faciələri xatırladıb.
Y.Mahmudov azərbaycanlılara qarşı
törədilən soyqırımları
ilə əlaqədar
ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərin
əhəmiyyətini diqqətə
çatdırıb.
Bildirilib ki, Tarix İnstitutunda
bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsi üçün
kompleks tədbirlər
reallaşdırılır. Son illərdə institutun əməkdaşları Azərbaycan
xalqına qarşı
həyata keçirilən
soyqırımları ilə
bağlı materialları
əks etdirən külli miqdarda sənədləri dünyanın
müxtəlif ölkələrindəki
arxivlərdən gətiriblər.
Azərbaycan Respublikasının hərbi
prokurorunun müavini Rasim Kazımov kitabın arxiv sənədləri üzərində
aparılmış elmi-tədqiqat
işlərinin nəticəsi
olaraq ərsəyə
gəldiyini söyləyərək
bu baxımdan nəşrin böyük əhəmiyyət daşıdığını
deyib. Bildirib ki, kitabın
yazılmasında arxiv
materialları ilə yanaşı, Hərbi Prokurorluqda yaradılmış
Memorial Soyqırımı Muzeyində
saxlanılan fotosənədlərdən
də istifadə edilib. O, törədilmiş
soyqırımı hadisələri
ilə əlaqədar
aparılan cinayət işlərindən də
danışıb.
Daha sonra çıxış
edən Milli Məclisin deputatları – Fəzail İbrahimli, Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədov
kitabın elmi məqalələrlə yanaşı,
arxiv sənədləri,
faktlarla da zəngin olduğunu söyləyiblər.
Qeyd edək ki,
Tarix İnstitutu elmi şurasının qərarı ilə nəşr
olunan kitabın layihə müəllifləri
bu elm müəssisəsinin
direktoru Y.Mahmudov və
Azərbaycan Respublikasının hərbi prokuroru,
general-leytenant Xanlar Vəliyevdir.
525-ci qəzet.- 2016.- 22 aprel.- S.2