“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Azərbaycan Məclisi-Məbusanında

 

Məclisi-Məbusanın 10 qanuni-əvvəl tarixli iclasında oxunub da bu vəqtədək qəzetəmizdə dərc edilməmiş olan bəyannamələr.

 

Almanlar nümayəndəsi Kunun bəyannaməsi

 

Vətəndaşlar!

 

Tam yüz il bundan müqəddəm taleimizin iqtizasilə hal-hazırda nümayəndəsi bulunmaq şərəfinə nail və onun namindən birinci Azərbaycan Parlamanını təbrik və təhniyəti-səadətinə müvafiq olduğum alman millətinin bir qismi Zaqafqasiya və əzcümlə Azərbaycan dairəsinə atılmış və burada alman kolonyası təşkil etmiş oldu.

 

Yüz ildən bəri nahiyə əhalisilə yan-yana salim zəhmətkeş həyatilə yaşayaraq, aramızda ən səmimi mehriban qonşuluq münasibatı heç vəqt pozulmamış və biz almanlar məhəlli əhalinin səadət və məiyyətinə şərik olaraq həmişə Qafqasiyayı özümüzə ümumi müştərək vətən hesab etməgə adət etmişiz. Şimdi isə biz almanlar Azərbaycan millətinin azad millətlər ailəsinə daxili münasibətilə böyük sürurinə səmimi qəlb ilə iştirak ediriz.

 

Sabiq vətənimizdən tamamilə ayrılmış olduğumuza, sabiq üsuli-idarənin kəraətlə mili xassəmizə israrla suyi-niyyətinə baxmayaraq biz həmişə mili xassəmizin müdafiəsinə çalışdıq. Halbuki bu himmətimiz getdikcə böyük müşkülatə məruz qalıyordu. Son illər Rusiya ilə Almaniya arasında müharibə vüquundan dolayı biz ağır imtahanlar, hətta tamamilə məhv olmaq təhlükəsinə məruz qaldıq və bizi ancaq müsavat və üxüvvəti-miləl elan və nahiyəmizi yeni müstəqil və azad siyasi həyatə təhrik etmiş olan böyük inqilab üzərimizə gələn müdhiş kabusu rəf etmişdir.

 

Şimdi Qafqasiyada həyatımızın yeni əsri və yeni dövrü müqəddiməsində dururuq. Biz Azərbaycan almanları həyatımızın bu surətlə kökündən dəgişməsini bir fali-nik kibi tələqqi edərək istiqlalımızı sükut və rahətlə bəkliyor və buna etiqad ediyoruz ki, gənc Azərbaycan Cümhüriyyətinin demokrasi qanuni sayəsində mili xassələrimizi baqi saxlayaraq sülh və müsalimətlə kəsbkarımızı dəvam etdirəcək və bundan naşı da həmişə var qüvvəmizlə ümum Azərbaycan millətlərilə sıxı əlaqə və rabitədə olaraq azad Azərbaycanın tərəqqi və mənfəətinə var qüvvəmizlə xidmət edəcəgiz.

 

Məclisi-Məbusanın “Hümmət” və sosialistlər ittifaqı fraksiyasından

 

(İdarəyə məktub)

 

Möhtərəm müdir əfəndi!

 

Aşağıdakı məktubumuza qəzetənizdə yer verməniz rica olunur.

 

Azərbaycan Cümhuriyyətinin kabinəsi istefasından sonra məhəlli mətbuat sütunlarında işbu kabinetin fəaliyyəti barəsində bir çox yerli etirazlar edilmişdir. Vicdani-ictimaiyyə bu altı ay zərfində olmuş qarışıqlığı hiss edir, təkdir ediyordu.

 

İşbu ittihamların mərkəzi sabiq kabinə sədri Fətəli xan Xoyski olması bədihidir. Məclisi-Məbusanın “Hümmət” və sosialistlər ittifaqı fraksiyaları Fətəli xan Xoyski üzərinə atılan ittihamların nə dərəcədə doğru olmasını təhqiq etməgi öhdəsinə götürməgi özünə vəzifə ədd etdi. Müzakirat və məlumatdan sonra fraksiyalar ümumiyyətlə böylə bir qətnaməyi qəbul etmişdir.

 

Fətəli xan Xoyski sədri-vükəla olduğu kibi, rəsmi surətdə ümumsiyasət cəvabdehindəsi kibi tələqqi etdiriliyorsa, mənəvi cəhətdən məsul degildir. Zira ki, müşarileyhin və bir neçə kabinə əzasının siyasətləri hökumətin əleyhinə idi. Binaənileyh sədri-müşarileyh və bir neçə kabinə əzası vətənimiz keçirdigi əhvali-fövqəladədən dolayı kabinədə qalmağa məcbur olaraq əksəriyyətin nəticəsi qorxulu siyasəti ilə razı olmağa məcbur olmuşlar. Hal-hazırda da Fətəli xan Xoyski qeyri-məsul əşxasın siyasəti qurbanı kibi görülüyor. Gələcək təhqiqat məsul zəvatın günahı dərəcəsini göstərəcəkdir. Bizim sosialist vicdanımız işbu məlumatı aşkara deməgə bizi məcbur ediyor.

 

“Hümmət” (menşevik) və müsəlman sosialistləri Məclisi-Məbusan fraksiyaları

 

”Azərbaycan”, 20 dekabr 1918, ¹69

 

Məiyyət - yoldaşlıq

Sürur - sevinc

Təkdir - məzəmmət

 

Azərbaycan Məclisi-Məbusanında Yeni kabinə təşkili

 

Qanuni-əvvəlin 18-də Azərbaycan Məclisi-Məbusanı sədri doktor Həsən bəy Ağayev həzrətləri Rəisi-Vükəla Fətəli xan Xoyski həzrətlərinə böylə bir məktub göndərmişdir:

 

Alişan Fətəli Xan Xoyski!

 

Yeni hökumət təşkili münasibətilə zati-alilərinizə yazmış olduğum 13 qanuni-əvvəl tarixli məktubuma cavabi-rədd aldım. Buna baxmayaraq ikinci dəfə cəmaət namindən sizə müraciətlə təvəqqe ediyorum vətənimizin böylə ağır günlərində hökumət təşkili kibi məsuliyyətli bir işdən boyun qaçırmayıb müştərək kabinə təşkilini öhdənizə alasınız.

 

Ümidvaram təvəqqemə əməl edərsiniz. Bilxassə ki, parlamanın ümum fraksiyaları bir səslə sizin namizədliginizdə ittifaqi-rəy hasil edərək bu mənsəbdə sizi görmək istiyorlar.

 

Fürsətdən bilaistifadə səmimi ehtiram və ixlasımı qəbul buyurmanızı rica edərəm.

 

Məclisi-Məbusan sədri əvəzinə:

Doktor Həsən bəy Ağayev

 

Mövsuq mənbədən aldığımız məlumatə görə Fətəli Xan həzrətləri kabinə təşkil etməgə razı olmuşlardır.

 

4-cü (fövqəladə) iclas Qarabağ əhvalı həqqində

 

Cümə günü qanuni-əvvəlin 20-də Azərbaycan Məclisi-Məbusanının fövqəladə iclası dəvət edilmişdi. Doktor Ağayev həzrətləri saat bir tamamda iclası şu müxtəsər nitqlə açdılar:

 

Möhtərəm parlaman əzası!

 

Bu gün parlamanın fövqəladə iclası dəvət edilməsinə iki fövqəladə hadisə səbəb olmuşdur. Bu iki əsəfnak məsələ yekdigərilə o qədər mərbut və sıxı əlaqədardır ki, bunları biri-birindən ayırmaq əsla qabil degildir. Bunlardan birisi neçə gün əvvəl vaqe olmuşdur. O biri isə bir neçə müddət bundan qabaq başlanıb bu vəqtədək də dəvam etməkdədir. Hamınıza məlumdur ki, iki həmsayəmiz olan erməni və gürcü millətləri arasında əlaqə pozulub, hətta müsadiməyə müncər olmuşdur. Rəsmi surətdə elani-hərb edilməmişsə də müharibə qeyri-rəsmi bir surətdə başlanmışdır. Yenə də qan çaylar kibi axıyor, yenə köylər yanıyor, şəhərlər dağılıyor, yenə toplar partlıyor, yüzlərcə adam top və matrlyoz qurbanı oluyorlar. Guya beş sənəlik müharibə vəhşiləri doyurmamış, guya 5 illik vuruşma bayquşları qane etməmişdir. Biz müsəlman nümayəndə və firqələri hələ Tiflisdə ikən Seymdə demişik ki, qonşularımızla sülh və müsalimətlə yaşamaq istiyoruz. Bunu yalnız quru sözlə deməyib, felən hərəkətimizlə də isbat etmişiz. Gürcü qonşularımız da həmin bu fikirdə idilər və böylə də siyasət yürütməgə çalışıyordular. Lakin üçüncü qonşumuz olan ermənilərdən bəzi məsuliyyətsiz dəstələr vəhşiliklərini yürüdərək bizim və gürcü qonşularımızın hüququmuza təcavüz ediyorlar. Məsələn, Gəncənin üç qəzasında: Şuşa, Cəbrayıl və Zəngəzur mahallarında və Tiflisin Senayin tərəfində toplar partlıyor, matrlyozlar qurşunu yağıyor. Həmin bu iki məsələdir ki, bizi bu gün yığışmaya vadar etmişdir. Bu münasibətlə əvvəl Qarabağ məbusları və daha sonra sosialistlər fraksiyası hökumətə müraciətlə böylə istizah vermişlərdir:

 

Azərbaycan Məclisi-Məbusan rəisi hüzuri-alilərinə. Parlamanda sosialistlər fraksiyonu tərəfindən hökumət naminə istizah:

 

Bu axır vəqtlərdə varid olan xəbərlərə görə Andronik təhti-komandasındakı qoşun ilə Azərbaycan Cümhuriyyətinin hüdudunu keçib Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında bir çox kəndləri xərab edib, köməksiz xəlqi bəzən qırıb, bəzən də səhralara salıyor.

 

Bu əhvalat hökumətə məlumdurmu? Əgər məlum isə nə binagüzarlıq olunubdur.

 

Bədə məsələnin təcili surətdə müzakirə edilməsi lüzumundan danışılaraq hamı məsələnin təcili surətdə müzakirəsini tələb ediyor.

 

Hökumət tərəfindən Rəisi-Vükəla Fətəli xan Xoyski həzrətləri - izahat verərək diyorlar ki: Zəngəzur əhvalatı tazə bir şey degildir. Bu çoxdan başlanmış bir işdir. Burada əgləşən məbuslara məlumdur ki, bir para ermənilər tərəfindən Qarabağ həqqində bir məsələ qaldırılmışdı. Hələ iyul ayında Andronik paşa bir dəstə çətəçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyası hüdudinə keçdi (Burasını ərz etməliyəm ki, Andronik Türkiyə təəbəsidir). O vəqt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə istizah etmişdi ki, Andronik sizin tərəfinizdənmi iş görüyor, yoxsa bu hərəkətlər onun şəxsi təşəbbüsüdür.

 

Onun qoşunu erməni hökumətinə tabedirmi, yoxsa bu hərəkətləri adi bir üsyan və xüsusi bir təşəbbüsdür? Erməni hökuməti bizə cavab verdi ki, Andronikin Ermənistan Cümhuriyyətilə heç bir əlaqəsi yoxdur. Özü də adi bir asidir. Erməni hökuməti özü də onun dəfini və üsyanın yatırılmasını istiyor, fəqət gücü yoxdur, bir iş görə bilmiyor. Sizə məlumdur ki, Andronik iyul ayında Zəngəzur mahalında böyük fənalıqlar icra edərək bir çox köyləri dağıtdı və nəhayət, Şuşa qəzasına keçərək Əskəran yolunu bağladı. O zaman Andronik çətəçiləri böyük fəlakətlər çıxarıyorlardı. Fəqət Azərbaycan hökumətinin bütün zehni və əskəri qüvvəsi tamamilə Bakı məsələsinə münhəsir idi. Ona görə də qəti bir şey görə bilməyib ancaq Gəncədən iki dəfə qarışıq erməni müsəlman deleqası göndərdi. Lakin bundan da bir şey çıxmadı. Andronik öz əməlində dəvam ediyordu. Sentyabr ayında Bakı alındıqdan sonra hökumət buraya köçdü və dərhal bu məsələyə diqqət verərək özünə borc bildi ki, Andronik məsələsinə bir xitam çəksin. Ona görə də çətəçilər müqabilinə bir dəstə əskəri qüvvə göndərdi. Qoşunumuz müharibə nəticəsində Androniki Əskərandan çıxarıb Şuşa uyezdindən tamamilə və Zəngəzur mahalının çox yerindən qovdu. Andronik Gorusa qaçdı. Burada demək istəmədiyim bəzi səbəblərə görə qoşunumuz bundan sonra iləri yürüşünü artıq dəvam etdirə bilməzdi. Bu iş oktyabr ayında idi. O zaman sakitlik hökmfərma oldu. Andronik Gorusda idisə də heç bir hərəkətdə bulunmuyordu. Hətta bir xəbər varid oldu ki, sülh və asayiş artıq pozulmuyor.

 

Noyabrın ortalarında işlər tamamilə dəgişdi və müttəfiqlərin təklifinə görə türk əsgərləri Azərbaycanın hər yerindən çıxıb getdilər. Övza dəgişib əhval qeyri-müəyyən bir şəkil aldı. Noyabrın 20-dən sonra Andronik yenə baş qaldırıb ayın 25-dən etibarən fəlakətlər çıxarmağa başladı. Böyük fənalıqlar əmələ gəldi. Bu xüsusda hökumətə bir çox teleqraflar gəlmişdir ki, vəqtilə qəzetlərdə yazılmış olduğundan dubarə oxumağa hacət yoxdur. Hamınıza məlumdur ki, Andronik çətəçilərinin əlilə Zəngəzur mahalında nə qədər müsəlman köyləri dağıdılmış, yandırılmışdır. Əhali nə qədər zərər və xəsarətə düçar olmuşdur.

 

Şübhəsizdir ki, hökumət bu işlərə laqeyd baxa bilməzdi. Binaənileyh biz öz tərəfimizdən lazım və mümkün olan qədər çalışıb tədbirlər gördük. Onların müqabilinə əskəri qüvvə göndərilməsi barəsində teleqrafa binagüzarlıq etdik. Eyni zamanda özümə borc bildim müttəfiqlər nümayəndəsi general Tomsona məlumat verəm. Çünki o bənə də deyib qəzetələrdə də yazılmışdı ki, müttəfiqlərin məqsədi Qafqasiyada sülh və müsaliməti dəvam etdirməkdir. Binaənileyh haman bənə gələn teleqrafların surətini bir məktub ilə bərabər general Tomsona göndərdim. Tomson dərhal bəzi tədbirlər görməgi lazım bildi. Bən general Tomsona məktubu ancaq xəbərdar kibi yazmışdım. Daha yazmamışdım ki, təvəqqe edirəm bizə kömək edəsən, o özü lazım bildi ki, Qarabağa bir heyət göndərsin ki, onun məktubunu Andronikə yetirsin. Heyət ingilis, türk və erməni nümayəndələrindən ibarət idi. Bundan əlavə Tomson erməni başçılarına da bir çox teleqraflar çəkdi.

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 23 aprel.- S.21