Fizika pilləsi
1989-cu
ilin soyuq fevralının son günü Bakıda “Köhnə
dəyirman” deyilən yerin yaxınlığında “qul
bazarı” adlanan ərazidə yolun qırağında
yanları deşik-deşik, əzik-üzük, qulpsuz vedrədən
qalxan alovda üzü küçəyə sarı azca əyilərək
əllərini isidib ovuşduran saçı-saqqalı
ağarmış altmış səkkiz yaşlı kişi Qərbi
Azərbaycandan qovulmuş iki yüz min türk
qaçqınından biriydi.
Qaçqınlığın üç ayı ərzində
arvadıyla birgə üç dəfə yaşayış
yerini dəyişmışdi. Sığındıqları uzaq
qohumluğu çatan evin yiyələri bu abırlı, nəzakətli,
həssas ailəni buraxmaq istəməsə də görkəmindən,
danışığından nəcabətlik yağan kişi, elə onun arvadı da özlərini
tikan üstündə oturmuş kimi hiss etdiklərindən
qaldıqları evə yük olmaq istəməmiş, ay tamam
olcaq başqa tanışın evinə
köçmüşdülər. Ermənistanda qoyub gəldikləri
ikimərtəbəli bağlı-bağatlı evini
münasib bir evlə dəyişmək üçün o mədəni
kişi iş günləri sübhün
gözü açılandan evdən çıxaraq şəhəri,
sonrasa Bakı kəndlərini ələk-vələk edərək
ayağı dəymədiyi bir küçə, bir məhəllə
qalmamışdı. Altıncı-bazar günlərisə
qaldığı evin qonşusu gənc Cəmillə
üçüncü dəfəydi qul bazarına gəldiyi.
Onların yanından yavaş-yavaş ötən mavi rəngli
“QAZ-31”in qara eynəkli sürücüsü küçə
boyu düzülmüş adamları gözdən keçirərək
əlli-altmış metr irəli sürüb
maşını saxladı. O vaxtlar şəhərdə bəlkə
“QAZ-31” maşını barmaqla sayılan qədər az
olduğundan, bəlkə də qara eynəkli kişinin zəhmindən
“qul bazarı”ndakı adamlar cürət etmədiyindən
“Jiquli”, yaxud “Moskviç” maşınları ətrafına
olduğutəki arı pöhrəsi kimi
yığışmaqdan ehtiyat elədi. “QAZ-31”
dal-dalı sürətlə qayıdaraq vedrədən qalxan
alovda qızınan o iki nəfərin tuşunda dayandı,
onlara gəlib maşında oturmalarına işarə elədi.
Hündür daş hasarlı bağın
naxışlı iri dəmir qapısına yaxınlaşanda
qapı öz-özünə açıldı. Maşın həyətə
girdi. Qara eynəkli kişinin
maşından düşcək geriyə çevrilib əlindəki
pultla alaqapını bağladığını görəndə
bağ həddindən artıq geniş olsa da yaşlı
kişinin ürəyi sıxıldı. Ona
elə gəldi, hündür hasarlı bu geniş bağdan
heç vaxt bayıra çıxa bilməyəcək. Qovulduğu kənddə onun bağını
qonşu bağlardan qurşaqdan aşağı
hündürlükdə uzanan təkcə nazik mis məftil
ayırırdı. Qonşusu çay
içməyə çağıranda o, ayağını
qaldırıb məftilin üstündən aşıb
gedirdi. Qara gözlüklü kişi
gənc oğlanın qolundan yapışdı, yaşlı
kişinin üzünə baxmadan: Gedək səni işlə
tanış edim...
Qul
bazarından gəlmiş fəhlələrə verilən
üç tapşırıqdan biri: bağın bu
başında yerləşən villanın kanalizasiya suyu
divardibi boyunca ən azı bir qarıc qazılıb plastmas
borularla bağın o biri başında qazılmış
quyuya çəkilməliydi. Torpaq qumsal olduğundan bu iş
o qədər də çətin deyildi. İkincisi, quyunun
yaxınlığında olan iyirmi beş
kisə peyin bağın bu biri başındakı
üzümlük sahəsinə daşınmalıydı.
Üçüncü tapşırıqsa: bağda dolaşan
səkkiz toyuqla bir xoruz səbzə-göyərtinin göyərməsinə
imkan vermədiyindən, həm də pintilik törətdiyindən
tutulmalıydı. Xoruzdan başqa tutulacaq
toyuqlar fəhlələrin olacaq, üstəlik ikisinə bir əllilik
də veriləcəkdi. Görüləcək işi
anladandan sonra qara eynəkli kişi: -
“Birinci, toyuqları tutmaqdan başlayın” - deyib tələsik
dönüb onlardan aralandı.
- Cəmil,
toyuq tutmaq mənlik deyil, kisələri mən
daşıyaram, - yaşlı kişi
söyləyib, divarın dibindəki paslanmış dəmirdən
olan arabacığa yaxınlaşdı. Peyin kisələrindən
ikisini arabacığa qoyub bağın ortasıyla yan-yana
düzülmüş qoşa metlaq enində uzanan
cığırla bağın ortasınacan asanlıqla
sürüb gətirdi. Arabacığın
balaca dəmir təkəri metlağı sınıb
dağılmış səhərə yaxın yağan
leysandan boşalmış ikicə addımlıq torpaqda
batıb qaldı. Güc verdikcə
arabacığın balaca dəmir təkəri daha dərinə
işlədi. O, yağışdan islanaraq
ağırlaşmış kisələri bir-bir
qucağına alıb iki addımlıq torpaq yolu asanlıqla
adlayıb qarşı tərəfə gətirdi, boş
arabacığı dartıb metlağın üzərinə
çıxartdı. Kisələri yenidən
arabacığa yükləyib deyilən yerəcən
apardı. Boş arabacıqla geri qayıdanda
ikicə addımlıq torpaq yolu bərpa etmək
üçün yan-yörəsinə boylanıb dəmir,
taxta qırığı, yastı-yapalaq daş
parçası axtarsa da gözünə bir şey dəymədi.
Növbəti kisələri gətirib palçıqlı
yola çatanda: “Hələlik hamısını gətirib
bura yığım, sonra o yana adladaram” - ağlından
keçdi.
Günün günorta çağı Cəmil tutduğu səkkiz toyuğun ayaqlarını qaytanla bağlayıb ərik ağacının altında yan-yana düzmüşdü, indisə qan-tər içində gözəl-göyçək mərcan xoruzu qovalayırdı. Ahıl kişisə səhərə yaxın leysan yağışdan islanıb ağırlaşmış sonuncu peyin kisələrini iki addımlıq torpaq yoldan adladıb qalaqlanmış kisələrin üstünə aşıraraq qəddini yenicə düzəldəndə ərik ağacının yerə yaxın budağından qalxaraq uçub, uçub onun başı üstündən ötəndə o, yaşına uymayan çevikliklə attanıb göydə xoruzu tutmaq istədi. Ancaq xoruzun al-əlvan uzun quyruğu əlinə keçdi. Kişi müvazinətini itirib yıxılanda çevrilərək kisələrin üstünə sərildi. Qanad çalıb çırpınan xoruzun uzun qırmızı, yaşıl qoşa leləyi onun əlində qaldı. Ayaqlarıyla kisəyə təkan verib yerə sıçrayan xoruz sürətlə qaçmağa başladı. Həmin an villanın ikinci qatının bəri başında bir nəfər qolunu məhəccərə dirsəkləyib kameranın ona sarı tuşlandığı ahıl kişinin gözündən yayınmadığı kimi, qara eynəkli, iri sallaq qarınlı “xozeyinin” ucadan oğluna şaqraq səslə dediyi “utanmaz əlləzinə” sözlərini aydınca eşidəndə diksindi. “Bu söz mənnən qabaq hardan gəlib çıxıb Nardaran bağlarına?..” düşündü. Bakıdan altı yüz kilometr uzaq başqa respublikanın bir kəndində təkcə orta məktəb şagirdləri, müəllimləri deyil, həmin kənddə yaşayanların bəlkə də hamısı “utanmaz əlləzinə” sözünün yaradıcısı, halalca yiyəsi Qeybullah müəllimin dilindən düşdüyünü, sonralar bu deyimin getdikcə yayılıb çoxlarının istəkli, işlək sözünə çevrildiyini hamı bilirdi. Dərsini hazırlamadığı bəs deyil, sinifdə şuluq salan sırtıq, həyasız uşaqlara danlaq, töhmət, tənbeh mənasında bu sözü işlətmək onun adətiydi. Bu ifadənin mənasını bilən olmasa da, məktəbin şagirdləri kimi, bəzən kənd camaatının çoxu da bir-birinə Qeybullah müəllimin bu halal sözünü qonşudan aldıqları dəhrə, balta, qazma kimi istifadə edirdilər. Bu söz getdikcə öz aşağılayıcı, qınayıcı mənasını itirərək Qeybullah müəllimin boy-buxununu, əsəbiliyini, ədalətli, namuslu, savadlı, bilikli müəllim obrazını öz içərisinə aldığından bir-birlərinə deyilən bu sözdən kimsə incimirdi. Qeybullah müəllim ani başını qaldırıb yuxarı baxanda qara eynəkli kişinin özü boyda, ancaq arıq, yeniyetmə oğlanın qolundan yapışıb (oğlanın qucağında sini dolusu kabablıq üçün doğranmış ət vardı) bir sayaq itələyə-itələyə: - Tərbiyəsiz, səndən adam olmuyacaq!- deyib başıyla Qeybullah müəllimə işarəylə, - atanın sözünə baxmasan, axırın o kişi kimi hambal olacaq!- söyləyərək pilləkənin başına gətirdiyini görəndə, sonra da - ehtiyatlı ol, yıxılarsan, get “u” kişini də çağır sənə kömək eləsin, - dediyini eşidəndə onu sanasan ildırım vurdu, bu şişman kişinin keçmiş şagirdi olduğuna şübhə yeri qalmadı. “Yüz faiz, həmin uşaqdı. Bədəni kimi səsi də yoğunnayıb. Qonşu kənddən gələn uşaqların hamısı “o” əvəzinə “u”, o adama, “u adam” deyirdilər. O caydaq uşaq da oğludu, “kopiya” öz cavannığıdı...”
Qırx bir il öncə bir yaz günü doqquzuncu sinifdə baş verib çoxdan unudulmuş xoşagəlməz əhvalat altmış səkkiz yaşlı Qeybullah müəllimin yaddaşında dipdiri canlandı. Ucaboylu, qara kostyumlu, zolaqlı uzun qalstuk taxmış, şax yeriyən Qeybullah fizika müəllimiydi. Fizikadan hər mövzunu həvəslə, ilhamla şirin-şirin, elə izah edirdi, elə bil “Min bir gecə nağılı”nı danışırdı. Elə bu səbəbə görəydi, beş il işlədiyi müddətdə məktəbi bitirib instituta, universitetə qəbula gedən uşaqlar fizika imtahanından beşdən, dörddən aşağı qiymət almırdılar. Ədəbiyyata, tarixə meylli şagirdlərdən bəziləri artıq Qeybullah müəllimin sehrinə, cazibəsinə düşmüşdü. Ədəbiyyat, riyaziyyat, həndəsədən dərs deyən müəllimlərdən fərqli olaraq Qeybulla müəllim yazı taxtasına yazdıqlarını, bəzən lap elə uşaqların yazdıqlarını şagirdlərə sildirmir, həmişə tələsik əsəbi-əsəbi özü silirdi.
Həmin yaz günü yenə də onun bir əlində məktəbli qızlardan hansınınsa həvəslə tikib gətirdiyi güllü, sarı yumşaq məxmərdən silgi, bir əlindəsə ağ şokolada bənzər dördkünc uzun təbaşir vardı. Bir yol, bəzənsə, uzaqbaşı iki dəfə əlini hərlətməklə çəkdiyi üç dairəni elə bil pərgarla, düz xətlərisə sanki xətkeşlə çəkmişdi. Dairələrin ən irisinin üstündə Günəş, ikincisində Yer, üçüncüsündə Yupiter yazmışdı. Pəncərədən qara yazı taxtasına doğru iri boru şəklində uzanan gün işığında milyonlarla üzən ağappaq toz, təbaşir zərrəcikləri Qeybullah müəllimin qara kostyumunun qollarını, yaxasını ağartsa da o, həmişəki kimi ilhamla, şövqlə danışır, alnına, gözünün üstünə tökülən şəvə kimi qapqara, parıldayan tellərini təbaşir tutduğu əlinin üç barmağıyla tez-tez geri eləyirdi. O, işığın sürətinə aid hansısa düsturu qara lövhəyə yazanda şagirdlərdən kiminsə həyəcanla dediyi - Qatar tərpənir, tələsin!- sözlərini Qeybullah müəllimin qulağı çalsa da, düsturu sonacan yazıb qurtarmadığından geri çevrilib baxmadı. Ancaq bircə an sonra qatar fitinə bənzər səsə geri çevriləndə adını indi xatırlaya bilmədiyi arıq, ucaboy, qaraşın şumal üzlü oğlanın arxadakı son partada ayaqüstə dayanıb sağ qolunu dairəboyu hərləyərək yenicə yerindən tərpənən paravoz təkərini yamsılayıb aramla “kuff, kuff, kuff” səs çıxartdığını gördü. Bütün məktəbdə ipə-sapa yatmayan şuluq, avara kimi tanınan, iki il sinifdə qalan (bir dəfə yeddinci, ikinci dəfə doqquzuncu sinifdə) qonşu kənddən gəlmiş o uşağı Qeybullah müəllim bəlkə də bir az danlayıb, uzaqbaşı “utammaz əlləzinə!” deməklə hirsini soyudub yerində oturdacaqdı. Ancaq onu hövsələdən çıxarıb cin atına mindirən bu oldu ki, uşaq çevrilib müəllimin gözünün içinə baxandan sonra da heç nə olmayıbmış kimi yenə də həyasızcasına dörd yol sağ qolunu hərlədərək “kuff, kuff, kuf-kuf, kuf... “ elədi. Əlindəki təbaşiri o sırtıq, həyasız, saymaz uşağa sarı tulazlamaq Qeybullah müəllimin ani ağlından keçdi. Hirsindən elə bil dili tutuldu, bir anlıq çevrilib heykələ döndü. Heç nə olmayıbmış kimi uşaq giley, umu-küsü ovqatıyla nəfəs dərmədən:- Məllim, Bəhmənyar, Tusi, Nyuton kimi əslində mənim də adım fizika kitabına salınmalıydı. Bu günah azmış kimi sən də mənə iki verirsən...- deyəndə uşaqlar yer-yerdən pıqqıldaşdılar. İri gözlərinin bəbəkləri bir az da bərəlib böyümüş Qeybullah müəllim: Sırtalıb sirimsimiş! Utammaz əlləzinə!..
- Məllim, mən kəşf eləmişəm. Mənim tapıntım heç bir kitabda yoxdu...
Qeybullah müəllim əsəbi-əsəbi iki addım uşağa sarı yeridi. Nə düşündüsə, həmin tövrlə geri dönüb yeyin-yeyin iri addımlarla irəliləyib sinfin qapısını açdı, uşağa sarı çevrilib ucadan: - Gəl çıx bayıra!- dedi. Hələ də ayaqüstə dayanıb yerindən tərpənməyən uşaq gülə-gülə, həm də kinayə ilə: - Onsuz da özüm getmək istəyirdim. Bu fizikanın kimə nə xeyri var, mənə də olsun? Sənin kimi müəllim olmaq istəmirəm,- deyib partadan aralandı, iki addım atıb dayandı, tez-tez sözünə davam elədi. - Keçən dəfə dərsi soruşanda öz kəşfim barədə fikirləşdiyimdən cavab vermədim, sən də mənə iki yazdın. Özünnən təbii işıq saçan Günəşdən, ulduzlardan, ildırımdan danışdın. Bunnar kitabda da yazılıb. Oxuyub deməyə nə var... - O, yazı taxtasının tuşuna çatanda geri dönüb birinci sırada əyləşən qızlara sarı əlini uzadaraq sözünə davam elədi: - Ağlı, qaralı bu gözəl-göyçək qızlarımız işıq saçmırmı? Lap çox da yaz aylarında! Gözə görünməsə də, onlardan sel kimi axan elektrik zərrəcikləri, dalğası adamı tok kimi vurmurmu!? Bunları demək əvəzinə bappalaca ışıldaquş böcəyinnən danışırsan...
Hələ də qapının ağzında hirsindən qaralıb az qala boğulacaq Qeybullah müəllim ayağını bərkdən yerə vurub: - Gəl rədd ol, çıx sinifdən!.. Sənin axırın hambaldı! Hambal!..
- Təkcə sinifdən yox, sənin xətrinə məktəbdən, kənddən, rayonnan yox, lap respublikadan çıxıb gedirəm, - dedi, qapıdan çıxaçıxda geri çevrilib: - Uşaqlar, qatar gedir, tələsin!- söylədi, Qeybullah müəllim hirslə qapını itələyib örtdü. Bayırdan zəif qatar fitinə bənzər səs yenə eşidildi.
Qonşu kənddən gəlmiş ipə-sapa yatmayan dəcəl şagirdin məktəbdən biryolluq çıxıb getməsi bir yannan bütün müəllimlərin, lap elə direktorun da ürəyincəydi. Bir yannan da Qeybullah müəllimin ilbəil artan şöhrətinə qazandığı hörmətə, sayqıya qısqanıb paxıllıq edən müəllimlərin, lap elə direktorun qəlbində gizlin bir sevinc vardı. Burası da vardı, direktorun əlinə fürsət düşdüyündən “məktəbin nüfuzunu sən aşağı saldın” deyib onu tez-tez danlayırdı. Həmin ilin yayında doqquzuncu sinfin riyaziyyat imtahanınacan bu danlaqları Qeybullah müəllim dönə-dönə eşitməli oldu.
İyun ayının səkkizində rayon mərkəzində erməni orta məktəbinin doqquzuncu sinfi üçün Ermənistan Təhsil Nazirliyinin bağlanıb doşab rəngli sirquş yaxılaraq möhürlənmiş zərfdə göndərdiyi cəbr misalını bütün riyaziyyat müəllimləri yığışıb iki saat qan-tər içində baş çatlatsalar da həll edə bilməmişdilər.
Bu biabırçılığın yayılıb mərkəzə çatacağından ehtiyat edən məktəb direktoru qonşu erməni rayon, yaxud, erməni kənd məktəb direktorlarındansa, sirr yayılmasın deyə, o müşkül misalı öz rayonlarında güclü riyaziyyat müəllimləri olan türk orta məktəbinin direktoruna telefonla anlatdı. Qeybullah müəllimin çalışdığı kənd orta məktəbində müəllimlər otağına yığışıb bir saat gərginlik içində baş çatlatsalar da “triqonometrik bərabərsizliyə” aid o misalı həll edə bilmədilər ki, bilmədilər. Müəllimlər otağına girib üç riyaziyyat müəlliminin qan-tərə batıb əlləşdiyini görən, o müşkül misalla tanış olandan sonra çəkilib bir qıraqda əyləşən Qeybullah müəllim on beş dəqiqə ötməmiş sakitcə “alındı”, deyəndə pərt olmuş riyaziyyat müəllimləri onun başına yığışdılar.
Boş yerə deməyiblər xəbər atlı, quş qanadlı olur. Fizika müəllimi Qeybullahın bu qabiliyyəti qabaqca öz kəndlərinə, sonra rayona, rayonun bütün kəndlərinə, lap Ermənistan Təhsil Nazirliyinəcən gedib çatdı. Növbəti ilin dərs bölgüsündə direktor fizika fənnindən başqa Qeybullah müəllimə doqquz-onuncu siniflərin hər birində bir qoşa saat riyaziyyat dərsi də verdi.
İllər boyu bildiklərini vicdanla, namusla, sevgi və şövqlə şagirdlərinə verdiyindən başqa, həm də o müşkül misalı həll etdiyinə görəydi, rayonda ilk “Əməkdar müəllim” adı Qeybullah müəlimə verilmişdi...
lll
Qeybullah müəllim xoruzun lələyini yerə atdı, aralıda armud ağacından asdığı sırıqlısına yaxınlaşdı. Qıraqdan baxan olsaydı, onun yerişinin dəyişdiyini bəlkə də sezməzdi. Ancaq armud ağacınacan yeddi-səkkiz addımı yeriyərkən Qeybullah müəllimin özü ayaqlarının bir-birinə dolaşıb yıxılacağından qorxdu. “Əylənmək, baxıb gülmək üçün lentə alırlar. Haramın belindən gəlmişlər. Yaxşı ki toyuqların dalıyca qaçmadım...” O, peyin şirəsi bulaşmış döşlüyünü çıxarıb yerə atdı. Armud ağacının budağından asdığı sırıqlısını götürüb tələsik əyninə keçirdi. Yeyin-yeyin villaya yaxınlaşıb ət çəkilmiş şişləri manqala düzən oğlana ötkəm tövrlə: - Qalx yuxarı, de qapını açsınlar!- söyləyib alaqapıya yaxınlaşdı, üzü qapıya dayanıb gözlədi. Bir su içimi qədər ötən vaxt ona uzun zaman kimi göründü. Qapının açılmadığını görəndə yumruğuyla qapını döyəcləyərək çevrilib uçadan: - Açın qapını!- qışqırdı. İkinci qatdan pillələrlə enən oğlan: - Atam deyir çörək yesinlər sonra...
Oğlanın bu sözləri Qeybullah müəllimi daha da özündən çıxartdı. Qolunu havada yelləyərək oğlana sarı beş-altı addım ataraq qeyzlə: - A bala, qayıt pultu gətir, yoxsa manqalınızı aşırıb yıxacam...- deyəndə alaqapının cırıltısına geri döndü. Qapı yarımca metr aralanmışdı. O çevrilib yeyin-yeyin addımladı, qapıya çataçatda qapı bağlandı. Bir an səssizcə qapıyla üzbəüz qaldı. Geri çevrilib villaya sarı baxdı, balkonu, pəncərələri gözdən keçirdi, kimsəni görməsə də ucadan: Açın!!!- qışqırdı. Cırıltı səsinə geri döndü. Əlini uzadıb bircə qarış açılmış qapıdan yapışmaq istəyəndə qapı yenə örtüldü. İllər öncə o dələduz, şuluq şagirdin sağ qolunu dairə boyu hərlədərək paravoz təkərini yamsılayıb “kuf, kuf, kuf-kuf, kuf” etdiyi anı xatırladı. “Yenə məni ələ salır” ağlından keçdi. Geri çevrildi, dişini dişinə sıxaraq “haram yeyib haramdan törəmişlər!..” deyib bağın o başına üz tutdu. Altımı, yeddimi addım atmışdı alaqapının cırıltısını qulağı alsa da, geri dönmədi, sürətlə addımlayıb peyin daşıdığı yerdən aralı qoz ağacına söykəli taxta nərdivanı götürdü, aparıb daş hasara söykədi.
Qıçının birini hündür hasarın bu üzü, o birisini hasarın o biri üzü aşağı sallayaraq atın belindəki kimi oturmuşdu. İki dəfə əyilsə də əli nərdivana çatmadı, Divar boyu sallanıb düşərsə ayağının, qolunun çıxmasından, sınmasından ehtiyat elədiyindən hündür hasardan enməyə gözü yemədi. Hələ də xoruzu qovan Cəmili səsləyib: - Əlim yetmir, nərdivanı qaldır bura, - dedi. - Neynirsiz müəllim?..
- Boğuldum, havam çatmır, tez ol qaldır!..
Əli, ayağı əsə-əsə hündür hasarı aşaaşda Qeybullah müəllim yenə də azacıq irəli-geri şütüyən alaqapını... bir də villanın ikinci qatındakı eyvandan qara gözlüklü, şişman, sallaq qarınlı kişinin hirslə-hikkəylə: - Xarab olub işləmir də zibil!- deyib əlindəki pultu alaqapıya sarı tulazladığını gördü.
2015
Azər
ABDULLA
525-ci qəzet.- 2016.- 23 aprel.- S.18;23