Qəhrəmanlar karvanına qoşulan cəsur kəşfiyyatçı

 

 

 

İnsan doğulmağından ölümünə kimi yol gəlir. Heç fərqinə varmısınızmı?! Ana bətnindən ayrılan uşaq, o rahatlığından ayrıldığına görə ağlayır. Ancaq...

 

Həyatın yaşam qanunu var. İnsan yaranışından bu günə kimi o qanunları poza bilmir. Kimin qədər yaşayacağını isə biz deyil, Tanrı müəyyən edir! Onun müəyyən etdiyi isə bizim alın yazımızdır. gözəl olur ki, o talelərin içərisində, alnına “Vətən üçün doğulub” yazılanlar da olur.

 

Qəbələnin Bum qəsəbəsində Şirinovlar ailəsini hamı zəhmətkeş, ədəbli, mehriban bir ailə kimi tanıyır. Onların övladlarının acısını bu gün bütün qəsəbə birlikdə çəkir, ailənin dərdinə şərik olurlar.

 

Həsrət Şirinovun ailəsində üç övlad böyüyüb - iki oğul, bir qız. Böyük oğlu Zaman Qafqaz Universitetinin Maliyyə-kredit fakultəsini bitirib. Kiçik oğlu isə leytenant Sahil Şirinov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. 1992-ci il iyunun 24-də doğulub. 3 il idi ki, Azərbaycan Ordusunda xidmət edirdi.

 

“Gedib o Tərtərdə gəzim, bilim ki...”

 

Bir qayda olaraq, qəhrəmanlarımızın evinə gedəndə əvvəlcə anaları ilə həmsöhbət oluram. Sahil Şirinovun anası mənə köhnə müharibə filmlərində istedadlı rejissorların yaratdıqları ana obrazını xatırlatdı. Boynunu qıcaqladım. Ananı bağrıma basıb, ağrısını ürəyimə çəkmək istədim. Məni Sahilin yatdığı otağa apardı. Göz yaşlarını sildi. Məğrur görkəm alıb: - “ istəyirsən soruş. Biz sadə sakit adamlarıq. Bütün suallarına cavab verəcəyəm”,-dedi.

 

- Bizim var-dövlətdə, mal-mülkdə gözümüz olmayıb. Allah verən ruzi ilə razılaşıb, yaşamışıq. Evimizə haram tikə gəlməyib. Kiçik oğlum Sahil hərbi peşəni özü seçmişdi. Sahil balam leytenant idi. Hərbçiləri kəşfiyyata hazırlayırdı. Dəstə komandiri idi... Zamanın oğlu 6 aylıq körpədir. Uşaq rayonda doğulanda rayonda xəstələndi. Təcili Bakıya, uşaq xəstəxanasına aparmalı olduq. Elə həmin axşamı, Sahil pul göndərdi ki, uşağı tez sağaltsınlar. Bəlkə bu gün nəvəmin sağ qalmasında ən çox Sahilin rolu var. Evimizin əyər-əskiyini düzəltmək üçün bankdan kredit götürdük, borcumuz var. Onu da hər ay Sahil ödəyirdi. 8-9 aylıq kredit borcumuz hələ durur.

 

Hər ana üçün balası şirindir. Mənim oğlum doğrudan vətənpərvər idi. Evə gələndə səs-küyü həyəti başına götürürdü. Səsini başına atıb “Şuşanın dağları”, “Qarabağ şikəstəsi” oxuyardı...

 

Qəhrəmanımızın bacısı Şəlalənin iki, qardaşı Zamanın bir övladı var.

 

Şəhla ananın Həsrət kişinin kiçik nəvəsi indi 6 aylıqdır. “Analara övladı ilə bağlı hər şey əyan olur”, - deyiblər. Şəhla ana söhbətinə davam edir:

 

- Həmin gün, aprelin 5-də səhər tezdən ürəyim sıxılmağa başladı. Heç vaxt durduğum yerdə ağlamaram. Bizim evdə kasıbçılıq olub, ancaq qəm-kədər olmayıb. Keçdim nəvəmi yatırmağa. Layla çalanda, birdən oxudum ki, “Ay uçan quşlar, Sahilimdən mənə bir xəbər deyin...” ağlamağa başladım. Sonra özümü danladım ki, mən niyə ağlayıram?!

 

 ...Aprelin 5- i axşam balamın bayrağa bükülmüş tabutunu gətirdilər. Neyləyə bilərdim ki... Sevdiyi Vətən yolunda canını qurban edib. Rəhmətlik atam kimi ucaboylu idi. 1 metr 95 santimetr boyu var idi. Oğlum Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəbhə dostları dedilər ki, döyüş meydanında qəhrəmanlıq göstərib. Dostunun qolları arasında canını tapşıranda şəhadət gətirib. Döyüşçü dostları dedilər ki, Sahilin qanını elə həmin dəqiqə alıblar. Deyilənə görə, komandirləri Raquf Orucovla eyni yerdə həlak olublar.

 

İndi dövlətdən başqa umacağım yoxdur. Oğlumun adını uca tutsunlar. Bir onu istəyirəm ki, alınan torpaqları geri verməsinlər. Gedib o yerlərdə gəzim, bilim ki, balamın ayağı dəyən yerlərdir. Bir ki, kəndimizə gələn yolda körpü sınıb, tökülüb. Oğlumun adını tutub, başsağlığına gələn adamlar, Duruca çayından keçəndə dizəcən suya batırlar. Balama xətir, şəhidliyinə ehtiram olaraq o çayın üstündən bir körpü salsalar, kənd adamı da rahat yol gedər.

 

Dünya malında gözümüz yoxdur. Bilirsiniz ki, cavan adamın ehsanı yeyilmir. İnanın ki, o qazanda bişirilən yeməyi qapı-qapı pay göndərirəm. Qoy balamın ruhu şad olsun.

 

... Sahilimi dəfn edən günün səhəri, obaşdan ayılıb, namazımı qıldım. Sonra bəzi ləvazimatları götürüb, balamın çadırına keçdim. Onu mart ayında nişanlamışdım. Deyirdim, yayda toyunu edərəm. Mən bu çadıra toy çadırı kimi baxıram. Özümə qəsd etmək istədim. Birdən hardansa iki quş peyda olub, başımın üstündə üç dəfə dövrə vurub, hay-küy saldılar, sonra uçub getdilər. Elə bil yuxudan ayıldım. Allahdan, bağışlanmağımı istəyib, özümü öldürmək üçün götürdüyüm əşyaları aparıb yerinə qoydum. O cür yaraşıqlı oğul itirib dözmək çox çətindir. Ancaq dözəcəm. Yaşamaq lazımdır. Oğlumun canını qurban verdiyi, Vətən torpağımızın QƏLƏBƏsini görmək üçün!

 

Sahilin yas məclisi üçün qurulmuş çadıra keçdim. Atası ilə tanış oldum. Həsrət kişi dedi ki, neyləməli, bu da bizim qismətimiz, alın yazımızdır.

 

Söhbətimizin şirin yerində Qazaxıstanın Astana şəhərindən bir telefon zəngi gəldi. Baxdım ki, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Xıdıroğludur. Vətənimiz bu müqəddəs savaşa başlayan gündən Darhan bəyin məsafəcə uzaq, qəlbcə yaxın Astanada nələr çəkdiyindən, narahatlığından xəbərdar idim. Ona bir şəhid ailəsinin dərdinə şərik olmaq üçün ziyarətə gəldiyimi dedim. Sevindi, xahiş etdi ki, şəhidimizin atası ilə danışmaq üçün ona imkan yaradım. Telefonun səsgücləndirisini açıb, Həsrət Şirinova verdim. Darhan əfəndi titrəyişli bir səslə məqamı mübarək şəhid atasına bunları dedi:

 

- Şəhidimizin əziz atası! Əvvəla Sizə, ailənizə və qohumlarınıza başsağlığı verirəm! Başınız sağ olsun! Vətən sağ olsun! Sizinlə birlikdə biz də həmin ağrıları yaşayırıq. Çünki Vətən torpağı üçün şəhid düşən balanız hamımızın qardaşıdır! Türk dünyasının qəhrəman övladıdır! Gültəkin və Atilla kimi, TeymurBabur kimi, AlparslanBaybars kimi böyük qəhrəmanlarımızın karvanına ürəkli bir əsgər kimi qatılıb. Bilirsiniz ki, Vətən üçün şəhid olanlara “öldü” deməzlər. Onlar uçaraq, cənnətə düşürlər və əbədi olaraq bizimlə yaşayacaqlar. Onların ruhu da Vətəni qoruyacaq. Onlar ata-analarına və yaxınlarına şəfa verərlər. Biz torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizlə öyünürük və Sizə belə bir ÖVLAD yetişdirdiyiniz üçün minnətdarıq!

 

Ümid edirəm ki, şəhid qanlarıyla təkrar Vətən olan Qarabağ onların xatirələriylə yaşayacaq!

 

Darhan əfəndi başsağlığını, uğurlamasını bitirəndən sonra Həsrət Şirinov ona bir neçə kəlmə ilə minnətdarlıq etdi. Ancaq bayaq gördüyüm Həsrət kişinin gözlərində indi bir işıq, sevinc var idi. Böyük türk oğlundan eşitdiyi sözlər, qəhrəman oğlu Sahilin hansı mərtəbəyə sahib olmağını ona bir daha aydınlatdı.

 

Evin kişisi Həsrət Şirinov bizi şax qaməti, dik duruşu ilə yola saldı.

 

Şəhadətin mübarək olsun, Sahil Şirinov!

 

 

 

Aida Eyvazlı

525-ci qəzet.- 2016.- 23 aprel.- S.16