Afaq Məsud dünyası
Afaq Məsud!..
Yalnız
Azərbaycan yox, ümumən dünya miqyasında
özünü təsdiq etmiş böyük bir
yazıçı!..
Bakıda, məşhur bir ziyalı ailəsində
dünyaya gəlib. Azərbaycan (indiki Bakı) Dövlət
Universitetinin Jurnalistika fakültəsini bitirib.
Yaradıcılığa çox gənc
yaşlarından başlayıb. Və demək olar ki,
hər bir yeni əsəri ədəbi- ictimai mühitin nəzər-
diqqətini cəlb edərək müxtəlif səviyyəli
müzakirələrin predmetinə çevrilib. Ən
mühümü isə odur ki, keçən əsrin
yetmişinci illərindən etibarən elə bir özünəməxsus
zəngin (və mükəmməl!) yaradıcılıq yolu
keçmişdir ki, bu gün müasir Azərbaycan ədəbiyyatının
ideya- estetik mənzərəsini onun əsərlərindən
kənarda təsəvvür eləmək, ümumiyyətlə,
mümkün deyil.
Və
Afaq Məsudun kifayət qədər görkəmli, hər
cür müzakirəyə açıq, təbii bir
ziyalı- intellektual xarakter- obrazı, “həyat tərzi” qərarlaşıb...
Müsahibələrinin
birində deyir:
“...Mən
hər gün, hər saat, hər dəqiqə özüm
özümdən, həyatdan yox, məhz özümdən o qədər
informasiya alıram ki, ötüb keçmişlərə
burda yer qalmır. Hər anım mənim
üçün həm informasiya, həm də kəşfdir.
Bu, məşğuliyyət deyil, bu, mənim həyat tərzimdir...
Bu proseslər məndə reaktiv sürətlə
gedir. Bu gün, hətta bu dəqiqə mən,
bir həftə, yaxud bir neçə dəqiqə bundan əvvəlki
deyiləm. Niyəsə, keçmiş mənim
bugünkü halım üçün heç bir əhəmiyyət
kəsb etmir. Duyğu
sıçrayışlarım məni elə ərazilərə,
elə məkanlara salır ki, bəzən onlardan geriyə
qayıda bilmirəm. Qayıdarkən isə tam ayrı adam olduğumu anlayıram”...
Yazıçı-mütəfəkkir
(və insan) ömrünün (və taleyinin)
dinamikasını reaktiv miqyaslarla ölçən (və əsas
budur ki, dəyərləndirən) bu mülahizələrdə
subyektiv iddiadan (əslində, bu da xırda fəlsəfə
deyil) daha çox, insan varlığına hörmət,
yaradılmışın vərdiş etdiyi idrak
imkanlarını təmkinlə genişləndirmək
ehtirası var:
“...Mən
qurtuluş yolunu tapmışam. Zahirən hamı kimi
yaşayıram... Amma bütün bu yeknəsəqliyin
alt qatında sonsuz arakəsmələr var ki, onların
qapıları daim aralı vəziyyətdədir”.
Yeniyetməliyində
itirdiyi atası haqqında Afaq Məsudun təəssüratları
mükəmməl olduğu qədər də analitikdir:
“Atam o
dövrün hakim ideologiyasına tam zidd təbiətli, azad təfəkkürlü
bir adam idi. Bəlkə də,
məhz bu səbəbdən, Sovet dövründə
yaşadığımıza baxmayaraq, nə mən, nə də
qardaşlarım o atmosferi evdə hiss eləməmişik.
Sovet psixologiyası, Sovet ideologiyası bizim evin kandarından
içəri daxil ola bilməyib”...
Kommunist
ideologiyasına ömrünün sonuna qədər sədaqətli
olan baba - Xalq yazıçısı, “kişi oğlu
kişi” (İsa Muğanna) Əli Vəliyev... Və həmin
ideologiyaya qarşı çıxan ata - görkəmli ədəbiyyatşünas
Məsud Əlioğlu...
Əllinci,
xüsusilə altmışıncı illər Azərbaycan
intellektual- mədəni mühiti üçün bu paradoksdan
təbii heç nə təsəvvür etmək
mümkün deyil... Bunun arxasınca isə yetmişinci, səksəninci,
doxsanıncı... illər gəlir...
“...Mən
ədəbiyyata Məsud Əlioğlunun, yaxud babam Əli Vəliyevin
əsərlərinin mütaliəsindən gəlməmişəm.
Və ümumiyytlə, ədəbi mütaliədən
gəlməmişəm. Amma... genetik kod,
tale yazısı və daha nələrsə atamın
istedadını, duyğusallığını, babamın zəhmətsevərliyini
və prinsipiallığını bu və ya digər formada
davam etdirir”.
Afaq Məsudun
yazıçı (və yaradıcı!) təfəkkürünün
ən böyük uğuru onun intellektual miqyasının
genişliyindədirsə, ikincisi həmin miqyasın (“ərazi”nin) son dərəcədə səmimiliyində
(və humanizmində!)dir...
“...Həyatımı
ailəmsiz təsəvvür eləmirəm. Lakin
mənimlə yaşamağın nə qədər çətin
olduğunu anlayıram. Düşünürəm, nə
ərimə ideal həyat yoldaşı, nə də
uşaqlarıma ideal ana ola bilməmişəm...
Və bu, bu günəcən də
alınmır. Olub ki, həftələrlə, aylarla
yazı çəkişməsinə
qapıldığımdan, boynuma düşən bu vəzifələri
şərti olaraq yerinə yetirmişəm... Amma
indi oralar nə qədər füsunkar və ecazkar olsa belə,
geriyə qaytmalı olduğumu anlayıram. Bilirəm
axı, burda məni gözləyənlər var”...
Afaq Məsudun bu günə qədər keçdiyi
yaradıcılıq yolunu bütün ideya- estetik “xəritə”silə
təsəvvürdə canlandırmağa təşəbbüs
göstərsək, ən obyektiv (və səmimi) metod onillərin
xronologiyasıdır. Hər şeydən əvvəl ona görə ki, bu
onillər həm də milli (və beynəlmiləl) ədəbi-
ictimai həyatın bizdən, kiminsə subyektiv zövqündən
asılı olmayan hərəkət (və hərəkat!)
dinamika- impulslarıdır...
Və
yazıçının yaradıcılığı 1)
yetmişinci, 2) səksəninci, 3) doxsanıncı, 4) iki
mininci və 5) iki min onuncu illəri əhatə edir...
Afaq Məsudun
ilk hekayələri tələbəlik illərində “Ulduz”
jurnalında çıxmağa başlayır...
“Üçüncü mərtəbədə” adlı ilk
kitabı (1976) da nəşr olunur ki, ona Xalq
yazıçısı Süleyman Rəhimov
“Yaradıcılıq baharı” adlı ön söz
yazır...
“Qonaqlıq”,
“Üçüncü mərtəbədə”, “Telefonda
işıq”, “Bekar”, “Həsən əmi”, “Tutuquşu”... hekayələri
70- ci illərin məhsullarıdır...
80-ci illərə artıq peşəkar
yazıçı kimi daxil olur. Və həmin illərdə
“Yataqxana”, “Şənbə gecəsi”, “Mədəd”,
“Öldürdülər”, “Uydurma”, “Tək”, “Gecə”, “Qəza”
hekayələrini, “Üzü işığa”, “Suiti”
romanlarını qələmə alaraq Azərbaycan ədəbi-
ictimai mühitində kifayət qədər böyük
nüfuz qazanır...
Anarın
“Dörd divar arasında” ön sözü ilə
yazıçının “Şənbə gecəsi” kitabı
nəşr edilir...
80- ci illərin
sonu 90- cı illərin əvvəllərində ölkədə
baş verən milli azadlıq, dövlət müstəqilliyi
hərəkatları istedadlı, geniş sosial- siyasi
dünyagörüşlü yazıçının
yaradıcılığına əhəmiyyətli təsir
göstərir. Və eyni zamanda onun 80- ci illərdən
sonsuz maraqla nüfuz etdiyi insanın daxili aləmi, mənəvi
dünyası barədəki təsəvvürlərini daha da
zənginləşdirir, ona ideoloji çalarlar gətirir.
“Sərçələr”,
“Dovşanın ölümü”, “Ov quşu”, “O”, “Dahi”,
“Prezident”, “Alman kilsəsi”, “Müvəkkil Vaysman” hekayələri,
“İzdiham”, “Azadlıq” romanları 90- cı illərin məhsuludur.
Və həmin illərin sonlarında
yazıçının “Roman. Esse.
Hekayə” kitabı nəşr olunur...
İki mininci illərdə Afaq Məsudun
yaradıcılığında janr
diferensiallığının miqyasca genişləndiyi
görülür. Xüsusilə o mənada ki, “S.V.A.C.O.”, “Can üstə”,
“Aysun” hekayələri, “II İohan” hekayə- romanı ilə
yanaşı, “Can üstə”, “Yol üstə”, “O, məni
sevir” pyeslərini də yazaraq və yalnız qüdrətli
bir nasir deyil, həm də istedadlı (və novator) bir
dramaturq olduğunu təsdiq edir.
“Yazı”
kitabı da bu illərdə çapdan çıxır...
İki
min onuncu illərdə yazıçı ədəbiyyata
“Generalın ölümü” hekayəsini, “Qatarın
altına atılan qadın”, “Kərbəla”, “Mənsur Həllac”
dramlarını verdi. Və bu (eləcə də buna qədərki
əsərlərinin çoxu) göstərdi ki, Afaq Məsudun
yaradıcılıq yolu ciddi intellektual, bədii
axtarışlarla, özünəməxsus dil- üslub
tapıntıları ilə, ideya- estetik kəşflərlə
müşayiət olunur. İki cildlik “Seçilmiş əsərləri”nin nəşri də bunun təsdiqi idi.
Demək
olar ki, əli qələm tutandan yaratmağa başladığı
“Duyğular imperiyası” yazıçının (və
ümumən Azərbaycan ədəbi- fəlsəfi fikrinin) ən
uğurlu özünüifadə (və təsdiq)
texnologiyalarından biridir ki, 70- ci illərdən
başlayıb bu günə qədər davam edir...
Afaq Məsudun yaradıcılıq yolunun “xəritə”sini
Azərbaycanda bədii tərcümə işinin gedişindən
kənarda təsəvvür eləmək, demək olar ki,
mümkün deyil. Fikrimizcə, yazıçının bu tarixi (və
müasir) xidmətini Xalq şairi Zəlimxan Yaqub neçə
illər bundan qabaq “Tərcümə Mərkəzinin direktoru
yazıçı Afaq Məsuda açıq məktub”unda
layiqincə qiymətləndirmişdi:
“...İllər
ərzində tərcümə elədiyiniz və mənim
ehtirasla mütaliə elədiyim müəllifləri göz
önünə gətirsək, yaranan mənzərə kifayət
edər ki, bu işi... böyük vətəndaşlıq
işi adlandırasan”...
Afaq Məsudun
yazıçı xarakterini səciyyələndirən ən
mühüm əlamətlərdən biri özünün
özünü şərh etməsidir... Niyə?.. Müasirləri tərəfindən
düzgün, yaxud dəqiq anlaşılacağına
şübhələrinə görəmi?..
Yoxsa müasirlərinin ümumən fövqündə
dayandığına böyük inamındanmı?..
Görünür, hər ikisinə görə... Çünki Afaq ədəbiyyata gələndə çoxları ondan babasının, atasının yaradıcılıq (və ideya- estetik dünyagörüşü - zövq) ənənəsini davam etdirəcəyini gözləyirdi. Ancaq o, yalnız babasından, atasından deyil, müasirlərindən də çox qabağa getdi. Və mövcud standartlarla kifayətlənməyib öz ədəbiyyatını yaratdı ki, fikrimizcə, dərin klassik əsaslara dayanan bu yaradıcılığın həm də güclü modernist (hətta postmodernist) enerjisi var.
Müsahibələrində birində “Dünya ədəbi prosesini izləyirsinizmi? Dünya ədəbiyyatından oxuduğunuz son əsər hansıdır?” suallarına belə cavab verir: “Təəssüf ki, heç bir prosesi izləyə bilmirəm. Buna, sadəcə, imkanım yoxdur. Adda- budda əlimə keçən ədəbiyyatlarla kifayətlənməli oluram. Son illər ümumiyyətlə bədii ədəbiyyat oxumuram. Son vaxtlar bədiilik mənə maraqsız gəlir. Olsun ki, bu həm də peşəkar oxu tərzindən - oxuduğum əsərlərin hansı saplar və üsullarla tikildiyini görməyimdən irəli gəlir. Başladığım istənilən əsərə marağım bir- iki səhifədən sonra itir”...
Afaq Məsud haqqında çox yazılıb. Və yəqin ki, bundan sonra daha çox yazılacaq... Ancaq mənə elə gəlir ki, Vaqif Bayatlı Odər qədər mükəmməl (və universal) ümumiləşdirmə verən olmayacaq...
“O, Azərbaycanda Sovet hökumətini quranlardan birinin nəvəsidir, həm də Azərbaycanda Sovet hökumətini yıxmağa, Azərbaycanın istiqlalını bərpa etməyə çalışan, DTK- nın daim diqqət mərkəzində olan və müəmmalı şəkildə öz canına qıyan, Azərbaycanın ilk dissidentlərindən, Sovet rejiminin qurbanlarından birinin övladıdır. Beləcə, onun qan yaddaşında qurmaq və qurban getmək yan- yanadır, ruhi yaddaşı isə çox- çox qədimdir, lap bəlkə də ilk insanın yarandığı gündən qabağa gedir, hətta güləndə də Onun gözlərinin dibində donub qalmış çox qədimi bir kədər hər an elə bil ilk insanın ölümündən, beləcə ölümün insançün ilk duyumundan, kəşfindən, onun hələ də buna inanmadığından, o əbədi kədəri, elə bil indicə eşitməyindən xəbər verir.
Əsərlərinin dünyanın onlarla dilinə tərcümə edilməyinə, hətta Avropada haqqında alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə olunmasına baxmayaraq (bu çağdaş ədəbiyyatımızda ilk xoş hadisədir), mən deməzdim ki, Onu hamı qəbul edir. Ancaq bir şey dəqiqdir ki, onu sevən də, ona nifrət edən də Onunla hesablaşır, bir çox ədəbi və əbədi həqiqətlər səslənəndə istər- istəməz bir neçə adın içində Onun da adını xatırlayır və ya xatırlamalı olurlar. Beləcə, özü olmadığı yerlərdə də Onun varlığı tez- tez hiss olunur, o anlarda O hardasa lap yaxınlarda olur, lap pəncərəni açanda görünəcək ilk mənzərə kimi. O, çiçək, ağac deyil. Heç dağ da, dəniz də deyil. O, çiçəyi, ağacı, daşı, dağı, dənizi, hətta səhrası, tufanı yan- yana, iç- içə dünyanın nəsə başqa qeyri- adi bir mənzərəsidir. Bu mənzərə bəlkə də az adama doğma gəlir, ancaq çoxları özündən xəbərsiz ona doğma olmayan, ancaq maraqlı gələn bu əraziyə girmək istəyir.
O yazır ki, qoy bir zamanlar bilsinlər bu dünyada necə düşünüb, necə yazıblar. Çoxları özünün, O isə dünyanın tərcümeyi- halını yazır. Bəlkə də dünyalar içindəki bu dünya da elə adamlar içində tək Bir Adam kimidir”...
Bu, Afaq Məsudun dünyasıdır...
Nizami Cəfərov
525-ci qəzet.- 2016.- 23 aprel.- S.15