“Baş” romanında süjet sistemləri:
tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər
Süjet
bədii forma kateqoriyasından biri kimi
“Baş” romanında süjet (əsər də zaman və
məkan müstəvisində gedən hadisələrin
inkişafı, məzmunu və sairə) əhəmiyyətli
mövqedə dayanır. Qeyd edək ki, ədəbiyyatşünaslıqda
“süjet” termini Bualo, Kornel və digərlərində,
başqa sözlə desək, əsasən fransız ənənəsində
daha çox işlənib. Elə bundan
sonra bu ənənəyə söykənən, onu mənimsəməyə
çalışan rus tənqidi ədəbiyyatı da
“süjet” terminini anoloji məzmunda istifadə etməyə səy
göstərib. XIX əsrin ikinci yarısından isə
böyük rus nəzəriyyəçisi A.Veselovski
süjetin rus ədəbiyyatşünaslığında nəzəri
baxımdan öyrənilməsi müstəvisində
fundamental tədqiqatlar aparmış, süjeti tərkib
elementlərinə, motivlərə bölməklə,
onları törədənləri müəyyənləşdirib,
mənşəyini izah etməyə çalışıb.
A.N.Veselovskinin süjetə verdiyi tərif bizi daha çox
maraqlandırır və belə izah süjetin mahiyyəti ilə
yaxından səsləşməklə Elçinin “Baş”
romanının bu cəhətini daha uyğun xarakterizə
edir: “Süjetlər elə mürəkkəb sxemlərdir ki,
onların obrazlılığında insan həyatının
məlum aktları və məişət gerçəkliyində
psixikanın bir-birini əvəzləyən formaları
ümumiləşdirilir. Bu ümumiləşdirmələrlə hərəkət və hadisələr,
müsbət və mənfilər birləşmişdir.” A.
Veselovski daha sonra süjetdə elə bir sxem
gördüyünü qeyd edir ki, burada müxtəlif vəziyyətlərin,
motivlərin hazırlandığı ortaya çıxır.
B. Tomaşevski isə “Ədəbiyyat nəzəriyyəsi”ndə
süjeti aşağıdakı kimi səciyyələndirir:
Onun fikrincə “Burada heç də hadisələrin məşğul
etdiyi zəncirini başlanğıc və sonla müəyyənləşdirmək
kifayət deyil. Bu hadisələri elə paylamaq,elə
bölmək, elə sıraya düzmək lazımdır ki,
onları izah etmək, fabula materialından ədəbi kombinasiya
qurmağa çalışmaq lazımdır. Bədii
baxımdan əsərdə qurulmuş hadisələrin
bölgüsü süjet adlanır.
Bütün
bunlar göstərir ki, hər hansı
yazıçının süjet arsenalı istənilən qədər
geniş ola bilər və onun sərəncamında
o qədər süjet priyomları, hadisələrin qurulma və
paylanma prinsipləri vardır ki, bu da müəllifə
yaradıcı qərarlar qəbul etmək üçün
yetərincə geniş imkanlar verir.
Elçinin
“Baş” romanında çoxsaylı süjet və kompozisiya
problemləri ilə rastlaşırıq: burada biz gedən
hadisələrin daxilinə müəllifin yeni personajları
necə daxil etməsini, onların təhkiyə səhifələrindən
necə kənarlaşdırılmasını, yenidən təhkiyəyə
cəlb edilməsini, zaman və məkan daxilində necə
qruplaşdırmasını görürük. Konstruktiv
baxımdan uğurlu təşkil olunmuş “Baş”
romanında epizodlar süjet kuliminasiyasının
hazırlığında müxtəlif cür iştirak etməklə
müxtəlif dərəcəli “aksent” və gərginliyə
malikdir:
“1800-cü
ildə Qacarlardan ehtiyat edən Şimali Azərbaycan
xanlıqları- Bakı, Dərbənd, Quba, Lənkəran
xanları həmişəki Şərq hiyləsi ilə
növbəti bir manevr edərək öz nümayəndələrini
Dağıstan hakimlərinin nümayəndələri ilə
birlikdə Peterburqa göndərib himayədarlıq istəmişdilər.
Onları bədbəxt Pavelin
tapşırığı ilə xarici işlər naziri
Rastopçin şəxsən qəbul etmişdi və
imperatorun sözlərini onlara çatdırmışdı.
“ - Siz əvvəlcə öz aranızda
ittifaq yaradın bundan sonra bizlə ittifaq yaradarsız” (s.23).
Elçinin təhlilə çəkdiyimiz bu əsərində
biz konkret-təhkiyə, cəm-təhkiyə, təsviri
epizodları özündə birləşdirərən məqamları
və psixoloji epizodları əks etdirən halları görə
bilərik.
Konkret-təhkiyə epizodlarında biz təhkiyədəki
konkret hadisələri, personajların
davranışını, onların hərəkətinin necəliyini
görürük.Bu epizodlar bəzən səhnə əsərlərində
olduğu kimi, gözümüz ( həm tədqiqatçının,
həm də oxucunun) qarşısında keçənləri
canlandırır. Təhkiyə epizodlarının cəmi kimi isə biz
hadisələrin hazırkı süjet zamanında gedənləri
keçmişə lirik ricət və ekskurslarda, müəllif
komentariyalarında, izahlarında, bəzi hallara və hadisələrə
münasibət söylədikdə, onların səciyyəvi
xüsusiyyətlərinə toxunduqda görürük. Məsələn,
“1775-ci ilin 10 yanvar günü Moskva qışının
şaxtası ülgücün ağzı qədər iti
idi, ancaq qar basmış küçə ilə edam
meydanına gedən o gənc zabitin bütün bədənini
elə bir həyəcan bürümüşdü ki,
şaxta elə bil, o həyəcan qatını yarıb onu
üşüdə bilmirdi” (s.33).
Təsviri epizodlarda isə biz müxtəlif xarakterli mənzərələrin-peyzajın,
interyerin, hərəkətin zamanını və yerini, bu və
ya digər vəziyyət və situasiyaları
görürük. “ Və 1806-cı ilin həmin fevral səhəri sübh
tezdən Hacı Muxtar bəy həyətdəki itlərin
hürüşməsinə ayılıb, dərhal da
Hürü Bəyim xanım ayılmasın deyə, səssiz
ayağa qalxdı: pis zəmanə idi- bir tərəfdən,
rus soldatları, o biri tərəfdən sərbazlar, bir tərəfdən
də öz düşmənlərinin girəvə
axtarması və zəmanənin
xofu hətta Hacı Muxtar bəy kimi bir kişinin də
içini nigarançılıqla doldurmuşdu” (s.72).
“Baş”
romanının bütün süjet xəttinə nəzər
saldıqda biz burada süjetin heç də
“süjetli-konstruksiya”, texniki üsul, hadisələrin, hərəkət
və münasibətlərin, ziddiyyət, toqquşma və
mübarizələrin sadəcə
ardıcıllığı - sistemli
düzülüşü olmadığını müəyyənləşdiririk.
Həm də burada əsərdə yer almış hisslər,
duyğular, detallar, obrazların düşdüyü şərait,
təsvirlərdə yer almış insanlar, hadisələrin
bir-biri ilə bağlılığı və s. maraqlı
şəkildə təqdim olunmalıdır. Məhz
buna görə də qeyd etdiklərimizin “Baş”
romanının məzmununda relyefli şəkildə
özünü nümayiş etdirdiyini söyləmək
mümkündür.
Əsərin süjetində digər məqamlarla
yanaşı, psixoloji epizodlar da yetərincə yer
almaqdadır.
“Knyaz Sisianov yavəri polkovnik Fon Qrenfaldın az qala yalvarışlarına
“ - Olmaz, ali-həzrət! Bu vəziyyətdə
çölə çıxmaq olmaz! Xahiş edirəm!...” - məhəl qoymadan, özü
düşərgədəki vəziyyəti yoxlamaq
üçün o sazaqlı sübh çağı
düşərgəni nəzərdən keçirməyə
çıxdı və çox böyük əhəmiyyət
verdiyi Bakı yürüşü zamanı bu xain
qızdırmanın gəlib onu tapması sübh
çağı yuxudan - əslində bu xəstə
olduğu üçün yuxu ilə gerçəklik
arasında növbəti əzablı
bir gecə idi - oyandığı dəqiqədən onun
bütün ovqatını pozmuşdu (s.95).
Elçinin
“Baş” romanında personajlar (qəhrəmanlar) süjet vasitəsilə
yerbəyer edilməklə konkret şərait müstəvisində
bir - biri ilə təmasa girirlər. Onlar
arasında bütün münasibətlər süjetin vasitəsilə
yaradılır, inkişaf edir və başa çatır.
Belə analoji halla bağlı M.Baxtin özünün
“Dostoyevski poetikasının problemləri” adlı fundamental əsərində
yazır: “Qəhrəmanlar bir qəhrəman kimi süjetin
özü tərəfindən yaradılır. Süjet
təkcə onların libası deyil, həm də onların
vücudu və ruhudur. Və əksinə
onların vücudu və ruhu yalnız süjetdə kifayət
qədər açılıb tamamlana bilər” M. Baxtinin qeyd
etdiyi bu məqamlar “Baş” romanının süjetində yetərincə
aydın görünməkdədir. Eyni
zamanda süjet üçün hər bir epizodun, onun
qurulduğu hər bir təhkiyə komponentinin elementləri zəruri
yer tutur. Bunu da nəzərə almaq
lazımdır ki, hər bir süjet epizodunun özünün
təsvir formasının kompozisiyası və kombinasiyası
mövcuddur. Onlardan da süjetin özü
qurulub ortaya çıxır və o da süjet
epizodlarının kompozisiyası kimi çıxış
edir. Bu tipli epizodların konstruktiv
variantları “Baş” romanında rəngarəng və
çoxsaylıdır. Onlar bir sıra hallarda
təkrarlansa da, əsərin maraqlı qavrayışı
üçün şərait yaratmaqla onun ifadəliliyini
artırır.
“Baş”
romanının süjeti ilə tanış
olduqda biz onun tədricən yaranaraq, inkişaf edib
formalaşdıqdan sonra bitkin hala gətirildiyinin şahidi
oluruq. Gözümüz qarşısında - onun
çoxsaylı dəyişilməsini, yenidən işlənməsini,
personajların həyatı ilə bağlı yeni faktlarla zənginləşdirilməsini
(Hüseynqulu xanın, knyaz Sisianovun, Xacə Əbdül Rəhmanın
və başqalarının), yeni süjet zəncirləri və
motivirovkalarının ortaya çıxmasını və
Elçinin bədii təxəyyülündə gələcək
variantlara çevrilməsini müşahidə edə bilirik.
“Baş” romanın süjetinin yaranmasında
yaradıcı ekspessiya və təsvirin
emosionallığı da mühüm rol oynayır. Əsərdəki
personajlar müəllifin ortaya qoyduğu hadisələrdə
özlərini necə aparmaları, onların
davranışları diqqəti cəlb edir. Hadisələr
zəminində qəhrəmanların
sıxıntıları, mühakimələri,
davranışları, özü-özünü məzəmmət
etməsi (kapitan Suxaryov, Markiza Natalya de Lafonjen və
başqalarının əsərdəki davranış və düşüncələri
bu baxımdan zəngin materiallar verir) Elçinin
yaradıcı fantaziyası ilə süjetin bu şəkildə
təqdim olunması
aparıcı ideya məzmununun ortaya qoyulmasına kömək
etməsi ilə yanaşı, həm də onun məzmunla
funksional baxımdan əlaqəli olduğunu göstərir.
Elçinin “Baş” romanında
personajlar (qəhrəmanlar) süjetin köməyi ilə
uğurlu yerbəyer edilməklə bərabər, həm də
müəyyən, eyni zamanda yazıçının
özü üçün ehtiyac olduğu qədər konkret
zaman kəsiyində və məkanda əlaqə yarada bilirlər.
Onlar arasındakı qarşılıqlı təmaslar
süjet vasitəsilə yaradılır və elə süjet
vasitəsi ilə də tamamlanır. Bu bizə belə bir
fikir vurğulamağa əsas verir ki, uğurlu nəsr əsərlərinin
müəllifləri həm də
süjet yaratma ustaları kimi oxucu və tədqiqatçıların
diqqətini daha yaxından cəlb edə bilirlər. Belə
halı biz F.M.Dostoyevski nəsrində daha çox və
aydın müşahidə etmişik. Dostoyevski əsərlərinin
poetikasının bütün tərəflərini təhlillərə
cəlb etmiş M.Baxtin bu nümunələr üzərində
düşüncələrini cəmləşdirərkən
xeyli uğurlu mülahizələr irəli sürmüşdü.
Bu məqamlar Elçinin adı çəkilən romanının
süjet xəttinə bir çox məqamlarda
uyğunlaşdırıla bilir. Və biz Elçinin “Baş”
romanında da, demək olar ki, analoji mənzərənin ortada
dayandığını görürük. Müəllif qəhrəmanına
geyindirdiyi libası istədiyi məqamda dəyişir, onu istənilən
məcraya yönəldir. Elçinin “Baş”
romanında süjet bədiiliyi, dinamikliyi, dəyişkənliyi,
çevikliyi ilə yanaşı, həm də
ekstremallığı və gözlənilməzliyi ilə
(podpolkovnik Elizbar Eristovun və Sərdar Sisianovun güllələnmə
epizodlarını və s. məqamları yada salaq) diqqəti
məşğul edib, əsərin mahiyyətini və
obrazların daxili aləmini açmaq baxımından
maraqlı hal ortaya qoyur. Burada süjet xətlərinin
gedişi, inkişafı, çevikliyi və şaxələnməsi
oxucunun gözləmədiyi və nəzərdə
tutmadığı halda birdən-birə elə şəkildə
törəyib doğulur ki, bu, bir tərəfdən, hadisələrin
gedişatını aramlı, mülayim bir məcraya yönəltmək
məqsədini güdürsə, digər
tərəfdən, rahat şəkildə gedən, axan hisslərin,
emosiyaların, psixoloji gərilmələrin təzahürünə
şərait yaradır, oxucu əsərdə gedən hadisələrin
aktiv iştirakçısına (bəlkə də
personajına) çevrilir.
Nizami TAĞISOY
Professor
525-ci qəzet.- 2016.- 23 aprel.- S.14