Qan Turalı öz
mətninin içində yoxdur...
Qan Turalının
mətni kələ-kötür
yoldan şüşə
kimi hamar yola keçdi. Artıq bu
mətnin aurasına düşdünsə, sənin
diqqətinə yad olan hər hansı
məqam səni o yoldan kənara dartmır.
Bu hal Şərifdə, Mirmehdidə, Mübarizdə,
Kəramətdə də
hiss edilir, bu yazarlar artıq söz stixiyasının içinə girib orada var-gəl edə bilirlər.
Əsas olan söz stixiyasının
içinə girməkdir.
Yəqin
ki, yazı prosesində onlar özləri bu məqamı hiss edirlər.
Etməsələr - olmaz. Bu o zaman
baş verir ki, yazı prosesi
yağ kimi
gedir. Mətni sonsuz lüğətin içindən qaşıyıb
elə çıxarmaq
olur ki, sanki yağ
içində tiyəsi
qıl qədər iti bıçaq işləyir. Bax, bu məqam
ritmin, ahəngin tapıldığı məqamdır.
Onu tapmaq asan deyil.
Amma tapdınsa, o məqamın
içinə düşdünsə,
ordan çıxmaq da asan deyil.
Qan Turalı
bu məqamı “Fələk qırmancı”
romanında tapa bilib. Bu, onun hekayə-hekayə, esse-esse,
bir sözlə, addım-addım yaxınlaşdığı
“özünüifadə rahatlığı”
kimi ayıra biləcəyimiz məqamdır.
Qan Turalı rahat ola
bilər. Bundan sonra kiminsə
xoşuna gəlib-gəlmədiyinin
bir nasir kimi onunçün əhəmiyyəti itib getdi. Bu ola
da bilər, olmaya da. Amma artıq
ortalıqda mətn olacaq. Vacib olan budur! Velosipedi sürməyi
bir dəfə öyrənirsən.
“Fələk qırmancı”
öz missiyası ilə maraqlıdır. Haqqı verilməyənlərin
haqqını vermək
cəhdi bu romanı Sizif zəhmətinin yaxşı
mənada parodiyasına
çevirir. Mən belə
adamları tanıyırdım.
“Ya ədəbiyyatın
şah damarını
tutacağam, ən ölməz nöqtəsinə
qalxıb orada əbədi bərqərar
olacağam, ya da heç nə...
özümü bu dünyadan götürüb
çıxıb gedəcəyəm...”
Təxminən belə. Zaman keçdi,
şah əsərlər
görünmədi, çıxıb
gedənlər isə
oldu. Onları birləşdirən bir məqam vardı: hamısı sözünü
tuturdu. Özlərini bizim yaddaşımıza
buraxıb bir-bir yox olurdular.
Bihudə zəhmətdir. Bizim yaddaşımızdan başqa yaddaşlara yol, cığır açmaq cəhdini deyirəm. Amma şərəfli işdir.
Mən, əlbəttə,
xatırlayıram, mən
Mehdi Bəyazidi tanıyırdım. Bu tanışlıq
məktəb illərinə
təsadüf edir.
O zaman o, Mehdi Bayramov idi. Bir sinifdə,
təxminən, 5-cidən 9-cuya qədər bir yerdə oxumuşduq.
Sinifdə bizi birləşdirən
məqamlar çox idi. Ən vacibi, ikimiz
də şeir yazırdıq. Onların evlərində
olmağım da yadıma gəlir. Anası ilə Əlyazmaları İnstitutunun həyətində
qalırdılar. Yaxınlığımız var idi.
Məncə, sinifdə
məndən başqa
heç kim
onların evində olmamışdı.
Bəlkə də yanılıram. Mənim tanıdığım
Mehdi Qan Turalının Mehdisi deyil. Romandakı Sufi Şeyxində olan kimi mənim
tanıdığım, hətta
dostluq etdiyim Mehdinin də son dərəcə gözəl
xətti var idi. Mənim o “nəstəliq” bu gün də
gözümün qabağındadır.
Hərflər eynən mirvari
kimi bir-birinin yanına düzülürdü.
Bəyazid qalasının
ölümsüz əsgərləri
kimi... Amma bəlkə də qala Bəyazid deyildi, başqa qala idi... Mənim tanıdığım
Mehdi gözəl şeirlər yazırdı.
Yaşından yaşlı idi
şeirləri. Sintaksisi sirli
və hardasa qoca idi. Özünün isə nə yaşı vardı ki...
Mehdi bizim sinifdən tez getdi. Məktəbi bir yerdə
bitirmədik. Gedən kimi
də bir parça əppək oldu, göyə çəkildi. Bir də
onun haqqında çox sonralar - ədəbiyyatda olub, ədəbiyyatı tərk
edib gedəndən sonra, dünyasını dəyişəndən sonra
eşitdim. O, Bəyazidə
dönəndən sonra.
Bunun özü əməlli-başlı
romandır. Niyə belə
oldu - sirri-Xuda. Anlaya bilmirəm. Başqa-başqa ədəbi məkanlarda
idikmi?! O, məni
asanlıqla tapa bilərdi... Bəlkə axtardı - bilmirəm.
Bildiyim odur ki, nə
qədər tanıyıb
hörmət elədiyim
ədəbiyyat adamı
onun xatirəsini bu gün də
minnətdarlıqla anır.
İndi
Qan Turalının romanını oxuyub düşünürəm: İnsan
üçün ən
vacib olan, amma ən vacib
olan elə budur: minnətdar olmağı bacarmaq. Qan Turalının romanı minnətdar olmağı unutmayanların, unuda bilməyənlərin romanıdır.
Əlbəttə, bu roman mətn içində mətn deyil. Bunu belə yazmaq
mətn arxitektonikasını
duya bilməməkdəndir.
Bu romanda isə
qarşılaşdığımız, sadəcə, mətnlərin
parça-parça edilib
bir-birinin yanında, bir-birinin içində yox, ard-arda yer
almasıdır. Mətn içində
mətn bir başqa şeydir. Klassik nümunəsi “Xortdanın cəhənnəm
məktubları”ndakı “Odabaşının
hekayəti”dir. Amma orası da var
ki, Qan Turalıda
məqsəd heç
də mətnlə oynamaq deyil. Bu,
öz-özünə gəlir.
Hisslər adamı hər
tərəfdən bürüyəndə
sən o hissləri sahmana salmağa məcbursan və bunu etməyə çalışırsan.
Qan Turalı bu romanda həyəcanlıdır, hardasa təngnəfəsdir: elə bil, onu bürüyən hisslərdən hansınısa itirəcəyindən qorxur. Amma yenə də təmkini onu tərk etmir.
Qan Turalı həssas bir dirijordur. Sufi parçaları ilə bağlı hissələrin “bəhri” ilə “Mehdi” hissələrinin “bəhri” ayrı-ayrıdır - biri sakit, aramlı rəməl bəhridir, o biri tələskən səri bəhri... Və hər ikisi bir vahid ritmin içində əridilir.
Qan Turalı maraqlı nağılçıdır. Əvvəlki hövsələsizliyi burda yox kimidir. Səbrlə mənəvi arxeologiya dediyimiz pilləkənlə dərinliklərə enə bilir.
Ən vacib olanı isə - Qan Turalı öz mətninin içində yoxdur. Təhkiyə 1-ci şəxsin adından aparılsa da, biz müəllifi görmürük. Vaxtilə Nərimanın möhtəşəm “Yolçu” romanı ilə bağlı mən bu münasibətlə yazmışdım. Bu, əlbəttə ki, ədəbi hünərdir. Belə olarkən bütün ədəbi energiya personajların üstünə düşür. Qoşqunu onlar özləri çəkməyə məhkumdurlar. Belədə potensial daha diqqətlə “şumlanır”, yeni bədii cığırlar açılır.
“Fələk qırmancı” artıq eksperiment deyil. Əxlaqa, mənəvi və fiziki yaddaşa, özünə qiymətverməyə, tərbiyəyə və sosial mühitə yönəli bir əsərdir. Fikir verdinizmi, ədəbi dəyərlərə demədim. Çünki mətn, əslində, özündə ədəbiyyatdan başqa hər şeyi daşımalıdı. Ədəbi eksperimentlər elə bu sadalananları əldə etmək üçün ortaya atılır. Deməli, məqsədə nail olunub.
Amma əsas məsələ
məqsəd də deyil. Səni
düşündürən, səninlə “danışan” mətn
varsa, qalanı təfərrüatdır.
Kamal
Abdulla
525-ci qəzet.-
2016.- 23 aprel.- S.13