Allah vermişdi
Allahverdini - Allahverdi Bağırovun 70 yaşına
Allahverdi Bağırovun 70 yaşı
tamam olur bu gün. Nədənsə mənə qəribə gəlmir onu 70 yaşında təsəvvür
eləmək. Tək mənə
yox, onu tanıyan hər kəsə qəribə gəlməz, düşünürəm.
Onu elə cavanlığından
ağsaqqal tanıdıq
hamımız, yəqin
ondandı.
Ağsaqqal saçı-saqqalı ağarana
demirlər. Ağsaqqal - hər zaman,
hər şəraitdə,
hər kəslə ədalətli davranan adama el-obanın verdiyi tituldu.
Çoxları Allahverdi Bağırovu Qarabağ savaşında ona inananları başına toplayıb özünümüdafiə dəstəsi
yaradan, mindən çox xocalını əsirlikdən xilas edən, qəhrəmanlıq
göstərib həlak
olan milli qəhrəman kimi tanıyır.
Allahverdinin çoxumuzun bilmədiyi xarakterik cəhətləri
də vardı.
Dünən burda, tale yellərinin gətirib çıxardığı
İsveçdə qonşum
İxtiyar Allahyarovla Allahverdidən danışırdıq. İxtiyar adı
hələ “Şəfəq”
olan vaxtlar Ağdam klubunda Allahverdiylə futbol oynayıb. Deyir ki, Allahverdi qədər dostluğa etibarlı adam
tapmaq çətindi.
Komandamız hansı şəhərə
gedirdisə, orda onun mütləq bir dostu bizi
qarşılayırdı, özü
də təmtəraqla.
Biz ona olan
bu ehtiramı görüb yüksək fərəh hissiylə oynayırdıq.
“Ruhlar şəhəri” kitabında “İmarət”
stadionunda keçirilən
oyunların təsvirini
verəndə Allahverdini
belə xatırlamışdım:
“Komandanın ağsaqqalı
Allahverdi Bağırov
olmasaydı, belə çətin oyunlarda stadion əhlinin qabağını kəsmək
mümkün olmazdı. Bir dəfə
hələ komandasının
adı “Damcılı”
olanda Qazaxda Ağdamın oyunçularını
döyüb, avtobusun şüşələrini sındırmışdılar.
Bütün şəhər cavab
görüşü səbirsizliklə
gözləyirdi. Allahverdinin bir
kəlmə andına
rəqib oyunçulara
bir çırtma belə dəymədi.
Oyundan sonra yedirdib-içirdib yola salmışdılar.
Bir neçə il sonra artıq adı “Göyəzən”
olan Qazax komandasına SSRİ çempionatının
ikinci divizionuna keçməsi üçün
zəruri olan 2 xal da elə
Ağdamda verildi”.
Deyirlər, bir vaxtlar dostluqları olan bir erməni komandiri Ağdamın işğalından sonra Allahverdinin qəbrini dağıtmağa qoymayıb, hər dəfə yolu düşəndə ora gül də qoyur. Düşmənin də ehtiram etdiyi oğullardan idi Allahverdi Bağırov!
Onu yaxından tanıyanlardan eşitmişəm ki, Allahverdidə qeyri-adi təəssübkeşlik vardı. Ağdamı öz namusu bilirdi. Görüb eşitdiklərimdən olan bu xatırlama da “Sağ qalan ləpirlər” essesindəndi: “Bulvarın ayağında son dəbdə tikilmiş ikimərtəbəli restoranı Allahverdi Bağırov işlədirdi. Adamlar birinci mərtəbədə Gorus pivəsi içir, Bakı sosiskası yeyirdi. İkinci mərtəbənin stol-stulu, boşqab-nəlbəkisi, pərdə-tülü buranın ciddi yer olmasından xəbər verirdi. Ağdamın işgüzar adamları başqa yerlərdən gələn hörmətli qonaqlarını bura gətirirdilər. O vaxt danışırdılar ki, Allahverdi ağdamlılar haqda nalayiq danışan milis rəisinin müavini (adaşı imiş) çağırtdırıb elə burdaca mitilini atıbmış, qələtini başa salıb buraxıbmış. Dava başlayanda rəhmətlik buranı əsgər yeməkxanasına çöndərmişdi. Bəzən avtobusla əsgərlər gəlib burda yeyir, bəzən də bişirib səngərlərə hazır yemək aparırdılar”.
Allahverdi Bağırov yaddaşımda iki halıyla qalıb - Xocalıdan əvvəlki Allahverdi, bir də Xocalı qırğınından sonrakı Allahverdi. Millətin qız-gəlinini öz namusu bilən bir adamın o faciədən sonra yaşadıqları onun üzündə, gözündə yazılmışdı...
Ermənilər bilirdilər ki, Ağdama yol dava başlayanda özünümüdafiə batalyonları yaradan komandirlərin meyiti üstündən keçir, elə də oldu, biri də sağ qalmadı. Məndə bir inam var ki, onlar sağ olsaydı, şəhər işğal oluna bilməzdi.
Səndən sonra işğal olundu şəhərimiz, Allahverdi Bağırov. Hələ də işğal altındadı...
Sənin ad gününü təbrik eləməyə xəcalət çəkir adam. Amma inamım hələ də var ki, səni təbrikə başımızı dik tutub gələn vaxtımız da olacaq!
70 yaşın mübarək, komandir!
Vahid
QAZİ
525-ci qəzet.-
2016.- 23 aprel.- S.11