Ədalətlilik şüuru dəyişən
güclü amildir
(Ədalət fəaliyyətin yeganə meyarıdır. Onun
olmadığı cəmiyyət və ümumiyyətlə
bütün bəşəriyyət məhvə məhkumdur.
Təəssüflər olsun ki, ədaləti bərpa
etmək uğrunda uzun illərdir aparılan mübarizə nəticəsində
hələ tutarlı uğur əldə olunmayıb. Qələbəyə
gedən yolun ədalətdən keçdiyi hər kəsə
bəlli olsa da, bu günə kimi kimsə hədəfə
çata bilməyib. Səbəbkar isə ədalətsizliyin
hakim olduğu və kapital əsirinə çevrilmiş
müasir dünyamızdır)
Ədalət - heç bir ifadə ilə müqayisə
olunmayacaq dərəcədə özəl məfhumdur. O, hər bir yaraya məlhəm
olmağa, hər düyünü açmağa qadirdir. Ədalət varlığın üzərində
qurulan möhtəşəm binanın bünövrəsidir. Amma nə etməli
ki, işıqlı dünyaya göz
açdığımız andan ədalətin pozulduğunun
fərqinə varmağa başlayırıq. Həmin
andan etibarən ədalətsizliyin ilk əlamətləri
özünü biruzə verir: kimi övladını hər
cür şəraiti olan, qayğı ilə əhatə
olunmuş məkanda dünyaya gətirir, kimi də ana olmaq
sevincini döyüş meydanında yaşayır. Bununla da ədalətsizliyin təməli qoyulmuş
olur. Son nəfəsimizi verənədək bu hiss bizi
müşayiət edir. Bəzən 60-100 illik
ömrümüzü bu təbii hissin axtarışına sərf
edir, sonda onun qığılcımını belə görməyə
nail olmuruq. Həyatımız boyu heç
olmazsa bircə dəfə onunla qarşılaşmağı
xəyal edərək ucsuz-bucaqsız səhrada elə hey
addımlayırıq. Sonda bu ümidlə
haqqın dərgahına qovuşuruq. Amma yenə də
axtarış başa çatmır...
Bu dəfə də “ƏDALƏT YALNIZ ULU TANRININ
DƏRGAHINDA HAKİMDİR!” deyib, onu Yaradanın hüzurunda
axtarmağa başlayırıq. Uca Yaradanın
imtahanından hansı qiyməti alacağımızı, Onun
mühakiməsinə çıxdığımız vaxt nələrlə
qarşılaşacağımızı bilmək isə bizim
gücümüz və iradəmiz xaricindədir. Bunu bildiyimiz halda Tanrının mühakiməsinə
çıxdığımız zaman da sonda ədalətli qərarın
veriləcəyinə inanırıq. Bu, min illərdir
ki, belə davam edir... Xristianların İsa Məsihin
yenidən dirilməsi, müsəlmanların (əsasən
özünü şiə məzhəbinə aid edənlərin)
12-ci imam Mehdinin yenidən zühur etməsi ilə
bağlı inamlarının əsasında da məhz bu motiv
durur. Bütün bu ümidlərə
baxmayaraq, biz son illərdə “demokratiya”
çarçılarının günahları üzündən
törədilən ən qanlı qətllərin, amansız
cinayətlərin, misli görünməmiş dəhşətlərin
şahidi oluruq. Onlar nəinki bu çirkin
əməllərindən çəkinmir, heç törətdikləri
cinayətlərdən, pisliklərdən peşman belə
olmurlar. ABŞ prezidenti Barak Obama bu
yaxınlarda etiraf etdi ki, Liviya olayları onun ən
böyük səhvi olub. “Bəs bu səhv nəticəsində
dağılan bir ölkəyə, qətlə yetirilən
minlərlə Liviya vətəndaşına görə kim cavab verməlidir?” sualı isə
cavabsız qaldı. Hazırda Liviyada gündə
yüzlərlə insanın ölümü ilə nəticələnən
amansız vətəndaş müharibəsi davam edir. Hanı ədalət məhkəməsi?
Yuqoslaviyada bundan dəfələrlə az
tökülən qan üçün Qərb bu ölkənin
rəhbərlərini mühakimə etdi. Bəs
İraq, Liviya və Suriyada baş verənlərin məhkəməsi
olacaqmı? Hamı əmindir ki, yox, olmayacaq! Çünki bu cinayətləri ədalətsizliyin
toxumunu səpənlər özləri həyata keçirirlər.
Onlar üçün “ədalət” məfhumu
mövcud deyil və heç vaxt da mövcud olmayacaqdır.
İnsanlıqla qoşa yaranan ƏDALƏT məfhumu elə
insanlığın ilk yaranışında pozulmağa
başlayıb. Adəmlə Həvvanın evliliyindən
dünyaya gələn Qabil və Habil qardaşları
arasında baş verənlərdən hər kəsin məlumatı
var. Bu faciə bəşəriyyətin ilk cinayəti olmaqla
yanaşı, həm də hər kəsə öz
haqqını əldə etmək üçün
ƏDALƏT axtarışına çıxmağa məcbur
edib. Qabilin Habili öldürməsi ədalətin
tapdanması idi. Heç kim yer üzündə
ədalətin olmadığına hələ də
inanmır və onu axtarmağa davam edir. İnsan
qarşısına qoyduğu bu hədəfə çatmaq
üçün qət etdiyi yolda cildən-cildə
düşür - bəzən qəddarlaşır, bəzən
əlini qana bulayır, bəzən özünü qurban
verir, bəzən də ən xeyirxah insana çevrilir. Cəmiyyəti bəlalardan qurtaracaq, həyatımızda
xilaskar rolunu oynayacaq “ədalət” məfhumunu bütün
dünya - Banqladeşdən, Avstraliyadan tutmuş Afrika qəbilələrinə
kimi hər kəs axtarır. Amma kimsənin
əlində dəqiq yol xəritəsi yoxdur. Elə hey
gedirik... Axtardığımız ədalətə
sonda qovuşacağımızla bağlı qəlbimizdə
o qədər böyük inam var ki, nə başımıza
vurulan dəyənəklər, nə məruz
qaldığımız təqiblər bizi bu yoldan döndərə
bilmir. Ürəyimizdəki yanğı o
qədər hərarətlidir ki, bizdən yan keçən ədalətə,
heç olmasa, gələcək nəsillər qovuşsun deyə
canımızdan keçməyə hazırıq. Elə bu ümidlə də yola davam edirik. İnsan həyatda gec-tez hər şeylə
barışır. Bəzən bizi
sıxan, həyatdan küsdürən və mənəvi əzab
verən kədər hissinə baxmayaraq, yenə də həyatdan
zövq almağa çalışırıq. Bu isə bu da yalnız həmin kədəri
doğuran səbəbi unutmaqla mümkün olur. Zaman dəyirmanı sevinc kimi kədəri də
üyüdüb, həyatın gözünə qatır.
Amma bəzən ağır itkidən doğan
elə kədər olur ki, zaman dəyirmanı onu ələkdən
keçirib, üyüdə bilmir. Şəxsi
kədəri unutmaq olur, amma xalqın yaşadığı
faciələri unutmaq mümkün deyil. İllər, on
illiklər keçir, zaman üstü qaysaqlamış yara tək
yalnız onun ağrısını azaldır, ancaq
sağaltmağı bacarmır: 24 illik Qarabağ dərdi kimi,
Xocalı qətliamı kimi, Şuşa
faciəsi kimi...
Bir neçə gündən sonra Şuşanın
növbəti işğal gününü
xatırlayacağıq. Yenə anaların ah-naləsi göylərə ucalacaq,
qəlbi Vətən həsrəti ilə yanan insanların dərdi
təzələnəcək... Düz 24 ildir ki, bu qədim və müqəddəs
torpaq erməni işğalçıları tərəfindən
zəbt edilib. Mədəniyyət və təhsil
ocaqlarımız dağıdılıb, viran edilib. Şuşa əhalisinin 15 min nəfərdən
çoxu Bakının müxtəlif sanatoriya, pansionat,
düşərgə və yataqxanalarında müvəqqəti
məskunlaşıb. Azərbaycan musiqisinin beşiyi
sayılan Şuşanın onlarla tarixi abidələri, o
cümlədən, Pənahəli xanın sarayı, Cümə
məscidi, Aşağı “Gövhər ağa məscidi”,
Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi
yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül,
Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri
belə düşmən gülləsinə tuş gəlib.
Bütün bunlar ədalətsizlik deyilsə, bəs nədir?.. Əliyalın minlərlə dinc əhalinin
qətlə yetirilməsi, abad şəhərin
xarabalığa çevrilməsi, maddi və mənəvi sərvətlərin
talanması ədalətsizlik deyilsə, bəs nədir?..
Bu gün dünyanın gündəmini zəbt edən qondarma “erməni soyqırımı” iddiaları siyasi təzyiq vasitəsinə çevrilib. Çünki dünyaya “ədalət”, “demokratiya” bəxş edən dövlətlərin əlində alətə çevrilən ermənilər vassallığı qəbul edərək, öz maraqları naminə böyük güclərdən yararlanırlar. Nədənsə ikili standartlara vərdiş edən qüdrətli böyük dövlətlər, beynəlxalq təşkilatlar isə baş verənlərin əsl mahiyyətini və tarixin müxtəlif vaxtlarında azərbaycanlılara qarşı edilmiş haqsızlıqları qəbul etmək istəmirlər. Onlar bu ədalətsizliklər qarşısında ya susur, ya da ondan yan keçib ağ yalan danışmağa üstünlük verirlər. Çünki yalanın hakim olduğu dünya onlara sərf edir.
Budurmu, Avropanın dünyaya keçdiyi demokratiya, haqq-ədalət dərsi?! İrqindən, dinindən və dilindən asılı olmayaraq, dünyanın bütün xalqlarına qarşı “balanslaşdırılmış” siyasət yürütdüklərini iddia edənlər nədənsə yalnız özlərinə sərf edənlərə dəstək olurlar. Digər xalqların isə məhv edilməsinə, nəinki göz yumur, hətta bu məkrli işdə fəal iştirak edirlər, onların təşkilatçılarına çevrilirlər.
Lakin tarix heç vaxt, heç nəyi unutmur. Qanla
yazılmış tarix bir millətin ömrü qədər
yaşayır. Keçmişimizə
baxıb, başımıza gələnlərdən dərs
çıxarıb ədalət uğrunda sonadək
mübarizə aparmaq yolunu seçmişik. Bu prinsipi qəbul
edənlər bizdən diqqət, qayğı və
sayğı, düşmənçilik xislətindən əl
çəkməyənlər isə GÜCÜMÜZÜ
görəcəklər! Necə ki bir neçə gün
bundan əvvəl GÖRDÜLƏR!!!
İndi hədəfə olduqca yaxınıq! Böyükdən kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, yüzlərlə şəhid vermiş xalqımız Qarabağı azad edəcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqlar. Erməni millətçi-faşistləri başqalarının əli ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Şuşamızı, Laçınımızı, Ağdamımızı... tərk etməlidirlər. Əks təqdirdə, Azərbaycan xalqı və onun rəşadətli ordusu bir neçə gün əvvəl etdiyi kimi, düşməni məhv edərək öz torpaqlarını azad edəcəkdir... Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə səslənəcək “Xanın səsi”, “Qarabağın şikəstəsi... Bizi bu mübarizədə nikbinləşdirən, ruhlandıran ədalətə inamdır. Vətənpərvərlər bu məfhumu müqəddəs sayırlar, dözürlər, min bir əzaba qatlaşırlar. Amma xalqın səbr kasası çoxdan dolub. Artıq bıçaq sümüyə dirənib. Ya bıçaq qırılmalıdır, ya da sümük əzilməlidir. Hər ikisi xalqımızın, dövlətimizin xeyrinə işləyəcək amildir. Qəlbi vətən sevgisi ilə döyünən hər bir vətəndaş bu bıçağı çıxarıb düşmənin ürəyinə sancmaq arzusu ilə yaşayır. Əslində çətin olsa da, mümkündür.
İndi bizdən çox şey asılıdır. Artıq hər kəs dərk edib ki, insan Yer üzündəki fitnə-fəsada ara verməsə, ədalətsizliklə mübarizə aparmasa, ilahi qüvvə bizim üçün ədaləti bərqərar edə bilməz. Bu, sanki heç nə etmədən oturub göylərdən möcüzə gözləməyə bənzəyir. “Səndən hərəkət, məndən bərəkət” ifadəsi ilə ulu Rəbbim, sən bir hərəkət et ki, mən də öz lütf və rəhmətimi sənə şamil edim demək istəyib. Deməli axtarışa davam etməliyik... Tanrı hamımıza ədalətə qovuşmağı nəsib etsin! Tanrı qorxu hissini bizə yol yoldaşı etməsin! Belə hisslə qələbə qazanmaq mümkün deyil. Xalqı qorxu altında saxlamağa çalışanlar qoy bilsinlər ki, biz bu hissdən çoxdan azad olmuşuq. Belə olmasaydı, bir neçə gün əvvəl torpaqlarımızın azadlığı uğrunda verdiyimiz şəhidlərə görə Ermənistanda olduğu kimi bizdə də nümayişlər, etiraz aksiyalar keçirilər, hakimiyyətə qarşı nifrət dolu şüarlar səslənərdi. Şəhidlik zirvəsinə ucalmış mərd oğullarımızın nümayiş etdirdikləri xüsusi şücaət və qəhrəmanlıq ən yüksək dəyərə layiqdir.
“Özünü demokratiya carçısı kimi qələmə verən zalımlardan ədalət gözləməyə dəyərmi?” sualına gəlincə, bu, sonsuzluğa qədər uzada biləcəyimiz, sualdan sual doğuran çox incə məqamdır. Onun məzmunu getdikcə dərinləşməkdə və genişlənməkdədir... Ədaləti qiymətləndirmək cəsarət tələb edir. O, həm hakimiyyətin, həm də cəmiyyətin özəl sütunudur. Onu müdafiə edib saxlamaq, məzmun və hədəfini dəyişmək ağır itkilərə, ciddi fəsadlara gətirib çıxara bilər. Ədalətsizlik insan şüurunu dəyişən ən güclü amildir. Allah hamımızı - dövlətimizi, xalqımızı, cəmiyyətimizi ədalətsizliklərdən qorusun!
Rafiq
Əliyev
525-ci qəzet.-
2016.- 23 aprel.- S.10