2016-nın apreli...
2016-nın apreli son günlərini
yaşayır. Az
sonra o da tarixə dönəcək.
Amma bu apreli
heç zaman heç bir azərbaycanlı unutmayacaq...
Ruhun qələbəsi...
Aprelin
ilk dörd günü
Azərbaycan-Ermənistan qoşunlarının
təmas xəttində
baş verən hadisələr, Milli Ordumuzun işğalçı
Ermənistanı vahiməyə
salan aprel zəfər döyüşü
hər birimizi kövrəltdi, ağlatdı,
qürurlandırdı! Yumruğumuzu
düyünlədi! Hər
birimizə bir Qələbə sevinci yaşatdı! Hər birimizin ruhunu dəyişdi!..
...20 ildən çoxdur, Azərbaycan torpaqları Ermənistan tərəfindən
işğal olunub, Azərbaycan insanı öz dədə-baba torpağında, öz yurdunda didərginə, məcburi köçkünə
dönüb, öz halal ev-eşiyinə gedə bilmir! 20 ildən çoxdur, bu dövlət, bu xalq, bu
Azərbaycan insanı
öz sülhsevərliyini
nümayiş etdirərək,
nahaq qan axıdılmasına “Yox!”
deyir, atəşkəsə
əməl edir, münaqişənin sülh
yolu ilə, beynəlxalq hüquq normaları, Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış sərhədləri
daxilində, ərazi bütövlüyü və
suverenliyi təmin olunmaqla həllini istəyir. Bu haqlı
mövqeyini bütün
dünyaya diqtə edərək, BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinə əməl
olunmasını tələb
edir. Və... dözür. Ədalət olmayan yerdə səbr ən etibarlı silahdır!..
Dövlətimizin başçısı hər zaman: “Biz müharibə istəmirik.
İstəmirik ki, qan tökülsün, gənc
insanlar həlak olsun, anaların göz yaşı tökülsün!” deyir.
“Biz öz haqqımızı
tələb edirik.
Ermənistan işğal olunmuş
torpaqlardan çıxmalıdır,
bunun başqa yolu yoxdur.” Əks təqdirdə “Bizim güclü Ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı
işğalçılardan azad edə bilər...”
Düşmən isə sülhə gəlmir, sülh istəmir. Onun növbəti təxribatı
isə səbr kasasını daşdırdı!
Dözümün də
bir həddi var! Artıq işğalçıya layiq
olduğu cəzanı
vermək vaxtıdır!..
Aprelin
2-si, məhz həmin vaxt idi!..
Azərbaycan Ordusu silaha əl atdı! Onun Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu
törətdiyi təxribatlara
zərbəsi sarsıdıcı
oldu, bu güc qarşısında
çaş-baş qalan
düşmən vahiməyə
düşdü, qorxu,
təlaş içində
qorxaqcasına qaçdı.
İşğal olunmuş
torpaqlarımızın bir
hissəsi, strateji əhəmiyyət kəsb
edən vacib yüksəkliklər geri alındı! Lələ təpədə... Azərbaycan
bayrağını gördük!..
Bu, qələbə idi! Təkcə gücün yox, həm də
ruhun qələbəsi
idi!..
İbrət dərsi...
2016-nın
apreli... Dünyaya çox həqiqəti
nümayiş etdirdi.
Azərbaycan prezidentinin
qətiyyət və sülhsevərliyini, xalqımızın
bir yumruq kimi birləşmək, çəkici bir zindana vurmaq böyüklüyünü, həmrəyliyini,
Ordumuzun gücünü,
qüdrətini, əsgərlərimizin
rəşadətini...
“Azərbaycan-Ermənistan analarının göz yaşı tökülməsin!” - dünya, həm də Prezident İlham Əliyevin bu bəyanatını eşitdi! Dövlətimizin
başçısı aprelin
3-də Təhlükəsizlik Şurasının toplantısında
belə dedi. Bu, Azərbaycan rəhbərinin
misilsiz humanistliyi, dünyaya ibrət dərsi idi! Həm də işğalçı Ermənistana
utanc, xəcalət verəcək bir ibrət dərsi idi!..
Təsəlli...
2016-nın
apreli... Təəssüf ki, bizim üçün də itkisiz olmadı. Xalqımız ŞƏHİDLƏR verdi!
Onlar öz torpağımızda
öz torpağımız
uğrunda vuruşdular,
yurdumuza soxulan, kimin və nəyin
uğrunda vuruşduqlarını
belə anlamayan ermənilərə qarşı
vuruşdular...
Onlar Şuşaya,
Laçına qələbə
bayrağı sancmaq arzusu ilə yaşayırdılar, Şuşaya,
Laçına aparan yolda şəhid oldular.
İşğalçıların üstünə
marş oxuya-oxuya gedən cəsurlar bir qarış torpağımız üçün
şirin canlarından
keçdilər. Aprelədək
onları heç də hamımız tanımırdıq, aprel tanıtdı onları və hər birimizin doğmasına çevirdi! Onların ağrı və kədərini hər birimiz ürəyimizdə
daşıdıq! Onların
nakamlığına göz
yaşı tökdük!
Onların igidliyi ilə fəxr elədik!..
“Geri döndüklərində” onları təkcə doğmaları yox, xalq qarşıladı, xalq əzizlədi! Bayrağa bükülmüş tabutları son mənzilə xalq çiynində daşıdı. Şəhid bir ailənin deyildi, bütün Azərbaycanın idi, bütün ailələrin idi! Dəfn mərasimlərindəki insan seli, “Şəhidlər ölməz, Vətən bölünməz” hayqıran möhtəşəm mitinqlər, toplantı və yürüşlərdə bir-birinə boy verən bayraqlar, eyni duanı pıçıldayan insanlar, şəhid ailələrinin təmkinli və məğrur davranışı göz yaşardırdı...
Biri Lələ təpəyə Azərbaycan bayrağını sancmışdı, biri gərgin döyüşlərdə yoldaşlarını xilas etmək üçün özünü mərminin üstünə atmışdı, biri...
...Şəhidlər hər
birimizin canından qopan parçadır. Amma bu “parçalar” bizə addım-addım
BÜTÖV AZƏRBAYCANI qaytarır!..
Budur, ən böyük təsəlli!..
“Siz elə övladlar
böyütmüsünüz ki...”
Şəhid ailələrinin aprel günlərində göstərdikləri
dəyanətin, təmkin
və səbrin özü də bir qəhrəmanlığa
bərabərdir, məncə. Övladını,
gələcəyini, ümidini
itirən valideynlər,
doğmalar... Onların
“qəhrəmanlığı” sözə gəlməz!..
Hər yas mağarından bir igidin şəkli asılıb. Dərdi, kədəri isə hər birimizin ürəyindən, gözündən
asılıb...
Çox cavan idilər! Sabaha boylanan arzuları vardı! Yolunu gözləyənlər vardı! Sevdikləri vardı, sevənləri vardı! Hələ hər şey qabaqda idi! Ömürlərinin bəhrəsini görməli idilər!..
Biz onların yasına gəldik. “Toyuna gəlməliydim! Bağışla məni, yasına gəldim! Yarama dəymə bu gün! Şəhidim var, qoy ağlayım!..”
Ağlayırdı Analar. Amma dərdinə şərik olanlara, tanıyıb-tanımadığı ziyarətçilərinə “Siz ağlamayın! Balam Qəhrəmandır!” deyirdilər...
Biz aprel günlərində:
...şəhid oğlunun tabutunu daşıyan Ana gördük!
...rusiyalı jurnalistə: “Oğlum döyüşüb və həlak olub. Kişi kimi, əlində silahı ilə. O, azadlığımız və Azərbaycan torpağı uğrunda şəhid olub!” deyən Atanı tanıdıq!
... “Qızları onun yolunu gözləsələr də, başa düşürlər ki, ataları qəhrəmandır!” söyləyən gənc həyat yoldaşı ilə tanış olduq!
...sevgili ərinə xitabən: “Siz ölümünüzlə Azərbaycan xalqını səfərbər etdiniz!” deyən qadını eşitdik!
... “Şəhid analarına demək istəyirəm ki, mənim iki oğlum var. Amma indi bütün şəhidlər mənim oğlumdur. O gün mən çoxuşaqlı ana oldum! Mən onların anasıyam, bacısıyam!” deyən şəhid Anasının mətanəti qarşısında susduq...
***
Və Azərbaycanın bir Anasının - Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyüklüyünə bir daha şahidlik etdik. Aprelin 7-də Birinci xanımın adından Heydər məscidində şəhidlərin ruhuna verilən ehsan mərasimində o, göz yaşlarını boğaraq belə dedi: “Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz...”
Elə isə...
Ey oğul itkisinin batman-batman yükündən beli bükülmüş atalar, sinəsi çalın-çarpaz dağlanmış analar, başınızı dik tutun! “Qardaş” deməkdən dili qabar olmuş bacılar, sevgili ər yolu gözləməkdən yolları ağartmış gəlinlər, siz də başınızı dik tutun! “Ata” üzünə, “ata” kəlməsinə həsrət balalar, boynunuzu bükməyin, siz də qürurla dayanın!..
Sən də başını uca tut, AZƏRBAYCAN! Bu dərd təkcə kədər, ağı deyil! Əgər sizin əzizləriniz dünyaya qəhrəmanlıq, rəşadət, qeyrət dərsi keçiblərsə, bununla ancaq öyünün! Təsəlliniz isə şəhidlərimizin ruhunu yad edən axın-axın insanlar, məzarları üstündəki gül talaları olsun! Bir də müstəqil Azərbaycanın dünyanın hər yerindən eşidilən səsi!..
İnşaallah, Azərbaycanın “Zəfər marşı” çalacağı gün də uzaqda deyil...
Apreldə yazılan məktublar...
2016-nın
apreli... Çoxlarına məktub yazdırdı.
Fərqli adamlar, fərqli məktublar...
... “Ola bilsin ki,
mən həlak oldum. Amma qəm yemə! Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində: “Mən
də səni sevirəm!” deyərsən!
Mən səni eşidəcəm!”
- Evin yeganə övladı şəhid Sərxanın cibindən çıxan məktubdan.
... “Səni heç
vaxt unutmayacağam!
Sənsizlik ağır idi,
amma bilirdim ki, yaşayırsan. İndi daha ağır gəlir sənsizlik, indi daha ağırdı... Məkanın cənnət olsun,
Müşü. Qəlbimdə əbədi yaşayacaqsan.
Tanımadığın tanışın” - Ailənin tək övladı, şəhid
Müşfiq Orucovun məzarı üstündən
tapılan məktubdan.
... “Siz xalqımıza susadığımız qələbə sevincini yaşatdınız. Düşmənin yalançı, məğlubedilməz obrazını bir gecədə məhv etdiniz. ...Səni və silahdaşlarını tarix və Azərbaycan xalqı heç vaxt unutmayacaq! Siz artıq bu xalqın əsl qəhrəmanlarısınız. Ruhunuz şad olsun! Biz səninlə fəxr edirik! Biz sənin kimi namuslu, vicdanlı, igid bir zabitin ailəsi olmaqdan ancaq qürur hissi keçiririk!” - Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın məktubundan.
... “Xəyalımızda qurduğumuz gələcək ər SİZSİNİZ!” - tələbə qızların Azərbaycan əsgərlərinə məktubundan.
... “Əziz əsgər! ...Siz bilirsiniz ki, indi bütün Azərbaycan xalqı, onların duaları, sevgisi, məhəbbəti əsgərə yönəlib, əsgərin üzərindədir. Bir insanın ömrü boyu arzuladığı bir şey təkcə yaxınlarının, doğmalarının, qohumlarının deyil, tanımadığı insanların da sevgisini, coşqusunu, enerjisini hiss etməkdir. Və bu sevgini, Azərbaycan xalqının arzusunu reallaşdırmaq yolunda sizə uğurlar arzulayırıq!” - Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcidin “ASAN könüllüləri”nin “Əsgərə məktub” layihəsi çərçivəsində məktubundan.
***
Həyəcanlı, ağrılı, qürurlu aprel məktubları... Onların bir ünvanı var: qalib Azərbaycan əsgəri, müqəddəs torpaq üçün həyatını qurban verən Azərbaycan ŞƏHİDləri...
Bu apreli sizə borcluyuq...
2016-nın
apreli... Cəmiyyətdəki ab-havanı da
dəyişdi bu aprel. Hər kəs səfərbər
olub indi. Hər kəs Qarabağa can atır indi. Hər kəsin əli tətikdə, qulağı
səsdədir indi!..
Hətta uşaqların da arzusunun yönünü dəyişdi bu aprel. Artıq onlar “Kim olmaq
istəyirsən?” sualına
cavablarında hansısa
müğənninin adını
söyləmirlər. “Mən Qəhrəman olmaq istəyirəm!”deyirlər...
Buna görə də sizə borcluyuq, Azərbaycan əsgəri,
bu apreli sizə borcluyuq!..
Gül bayramına
da gül saxlamadıq bu apreldə. Qucaq-qucaq gülləri, çiçəkləri
xalı kimi
ŞƏHİD övladlarının ayaqları altına sərdi bu xalq,
bu millət, bu dövlət!..
2016-nın
aprelini Azərbaycanı
Azərbaycana qaytarmaq üçün ŞƏHİD olan oğullara borcluyuq! Məkanları cənnət olsun! Ruhları sevinsin!..
2016-nın aprelində bir Gün doğdu məmləkətimizin üstünə. Bu Gün nə şimaldan, nə şərqdən... doğdu. Bu Gün 25 yaşlı müstəqil Azərbaycanın öz bağrından doğdu...
2016-nın
apreli... Bu, 1920-ci ilin apreli deyildi...
Sitarə CABBARLI
25-ci qəzet.- 2016.- 23 aprel.- S.9