Azərbaycan sivilizasiyaları birgəyaşayışa
dəvət edir
BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU VASİTƏSİLƏ BÜTÜN DÜNYA MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ İLƏ TANIŞ OLACAQ
Məlum
olduğu kimi, aprelin 25-27-də Bakıda “İnkluziv cəmiyyətlərdə
birgəyaşayış: çağırış və məqsəd”
şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının
Vll Qlobal Forumu keçiriləcək.
Bu Forum
sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi,
xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq
və davamlı inkişafın təşviqi, milli, dini və
irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi
təhdid edən neqativ halların aradan qaldırılması,
habelə ümumbəşəri əhəmiyyət kəsb
edən aktual məsələlərin müzakirə
olunduğu, mühüm problemlərin həllinə dəstək
məqsədi daşıyan qlobal platformadır. Azərbaycan
da bu imkandan istifadə edərək Forum vasitəsilə
bütün bəşəriyyəti multikulturalizmin Azərbaycan
modeli ilə tanış edəcək,
dünyanı öz ağuşuna alan münaqişələrə,
terror hədələrinə bir daha dur deyəcək,
sivilizasiyaları birgəyaşayışa dəvət edəcək.
Forumun Azərbaycanda
keçirilməsilə bağlı qərar 2014-cü il sentyabrın 26-da Nyu-Yorkda Birləşmiş
Millətlər Təşkilatı Baş Assambleyasının
69-cu sessiyası çərçivəsində BMT-nin
Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər
Toplantısında qəbul edib. Bu qərarın qəbul edilməsi
dünyanın ən nüfuzlu ali qurumunun,
dünya ölkələrinin Azərbaycana olan hörmətinin,
etimadının, ölkəmizin dünya siyasətində,
beynəlxalq münasibətlər sistemində yerinə və
roluna, habelə multikultural dəyərlərin təşviqi və
sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun
inkişafına töhfələrinə verilən qiymətin
real ifadəsidir.
Prezident
İlham Əliyev IV Qlobal Bakı Forumunun
açılışında çıxışı
zamanı ölkəmizdə keçirilən növbəti
mötəbər tədbirlə bağlı məlumat verərək
qeyd edib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir:
“Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət
siyasəti və cəmiyyətin yanaşması bu sahədə
fərqlənmir”.
Ölkə
rəhbəri diqqəti dünyada baş verən mənfi
proseslərə çəkərək bildirib ki, media təmsilçiləri
də məsuliyyətli olmalı, bu məsələlərə
xüsusi həssaslıqla yanaşmalıdırlar: “Ancaq
şahidi oluruq ki, xəbərlərdə əsasən
toqquşma, qaçqınlar böhranı barədə
reportajlar verilir. Bu, bizi təcrid olunmağa
aparır. Biz hamımız bir-birimizə
bağlıyıq. Avropa və Orta Şərq
arasında məsafə çox olsa da, insanların ailəsi
üçün sığınacaq tapmaq cəhdlərini
dayandıra bilməzsiniz. Heç bir
ölkə təcrid olunmuş halda yaşaya bilməz,
hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik”.
Gəncədə
İmamzadə Kompleksinin açılışının həyata
keçirildiyini xatırladan dövlət
başçısı qeyd edib ki, açılışda
müxtəlif dini icmaların nümayəndələri
çıxış ediblər: “Bu, ölkəmizdə
işlərin necə aparıldığını göstərir.
Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində
ilk dəfə şiə və sünnilər birgə ibadət
etdilər. Bütün bunlar bizim ən
böyük zənginliyimizdir. Bu konsensus
olmasa, daha böyük uğurlar əldə edə bilməyəcəyik.
Multikulturalizmi təşviq edərək daha
böyük uğurlar qazanacağıq”.
Forumun ölkəmizdə keçirilməsi ilə
bağlı Təşkilat Komitəsinin yaradılması barədə
Prezident İlham Əliyev 2015-ci ilin 24 iyul tarixində sərəncam
imzalayıb və Təşkilat Komitəsinin sədri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev təyin edilib.
Nazir mətbuata açıqlamasında mötəbər
tədbirin əhəmiyyətindən danışaraq bildirib
ki, forumda yüksək səviyyəli dövlət nümayəndələrinin
iştirakı nəzərdə tutulur.
Ə.Qarayev deyib ki, Forum çərçivəsində
beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab
hazırlanacaq və nəşrdə Forum haqqında
dünyanın tanınmış xadimlərinin fikir və rəyləri
yer alacaq.
Bu məqsədlə
2015-ci il avqustun 27-də keçirilən Təşkilat
Komitəsinin birinci iclasında tədbirə hazırlıqla
bağlı dövlət qurumlarının vəzifələri
müzakirə edilib.
Forumda ekstremizm və terrora qarşı mübarizə,
qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin
yayılmaması, təhsil, din, idman və gənclərin
rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması,
multikulturalizm və digər məsələlərin
müzakirəsi nəzərdə tutulub.
2015-ci il sentyabrın 8 - 12-si tarixlərində BMT-nin
Sivilizasiyalar Alyansının nümayəndə heyəti
ölkəmizdə səfərdə olub. Nümayəndə
heyəti ilə keçirilən görüşdə Foruma
hazırlıqla bağlı təşkilati məsələlər,
o cümlədən, Forumun sessiyaları, iştirakçıların
tərkibi, dövlət və hökumət
başçıları, nazirlərin dəvət olunması,
gənclər təşkilatlarının Foruma
qatılması, tədbirin TV və internet vasitəsilə
yayımlanması, Azərbaycanla BMT Sivilizasiyalar Alyansı
arasında əməkdaşlıq məsələləri
müzakirə olunub. Səfər çərçivəsində
nümayəndə heyəti Prezident Administrasiyası, Xarici
İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər
Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində
görüşlər keçirib.
2015-ci il
oktyabrın 1-də isə BMT Baş Assambleyası çərçivəsində
keçirilmiş BMT Sivilizasiyalar Alyansının Nazirlər
Şurasının iclasında BMT-nin baş katibi Pan Gi Mun və
digər yüksək səviyyəli rəsmilərin
iştirakı ilə forumun və ölkəmizin təqdimatı
keçirilib.
İclasda
həm BMT rəhbərliyi, həm də üzv ölkələrin
rəsmiləri tərəfindən tədbirə ev sahibliyi edəcəyinə görə, Azərbaycan
hökumətinə təşəkkür edilib.
2015-ci il oktyabrın 24-də Böyük
Britaniyanın London şəhərində BMT Sivilizasiyalar
Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz
əl-Nasser ilə görüş keçirilib. Görüş çərçivəsində “Azərbaycan
Respublikası Hökuməti ilə Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı arasında
7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində
keçirilməsinə dair Saziş” imzalanıb.
Sözügedən saziş Prezident İlham Əliyevin 2015-ci il dekabrın 24-də imzaladığı sərəncamı
ilə təsdiq edilib.
2016-cı
il yanvarın 15-də BMT-nin Baş Qərargahında
BMT Sivilizasiyalar Alyansı üzrə milli əlaqələndiricilərin
“İnamın yaradılması: zorakı ekstremizmin
qarşısının alınması istiqamətində əlaqələr”
mövzusunda keçirilən toplantıda forumun rəsmi
internet səhifəsinin, təşkilati məsələlərin
vəziyyəti təqdim edilib və Azərbaycan haqqında
film nümayiş etdirilib.
Forumun tədbirlər planının müzakirə edilməsi
məqsədilə yanvarın 27-də Təşkilat Komitəsinin
ikinci iclası keçirilib. İclasın yekunu
olaraq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun
keçirilməsinə dair Tədbirlər Planı
hazırlanıb. Tədbirlər Planı 2016-cı il fevralın 18-də Prezident
Administrasiyasının rəhbəri tərəfindən təsdiq
edilərək aidiyyəti dövlət qurumlarına göndərilib.
BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə
heyəti fevralın 21-27-də Bakıya səfərə gəlib. BMT Sivilizasiyalar Alyansı
üzrə ali nümayəndəsinin
kabinet rəhbəri və ali nümayəndənin
sözçüsü Nihal Saadın rəhbərliyi ilə
13 nəfərlik nümayəndə heyəti bir həftə
müddətində paytaxtımızda olub. Səfər
çərçivəsində BMT nümayəndə heyəti
forumun keçiriləcəyi məkanlar olan Bakı Konqres Mərkəzi
və Heydər Əliyev Mərkəzinə baxış
keçirib, forumun Təşkilat Komitəsinin iclasında
iştirak edib.
Ölkəmizdə
keçirilən mötəbər tədbirlərlə
bağlı fikirlərini bildirən Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədr müavini, Təşkilat
Komitəsinin üzvü Gündüz İsmayılov qeyd edib
ki, Azərbaycan dinlərarası dialoqun, tolerant və
multikultural dəyərlərin beynəlxalq aləmdə təbliği
və təşviqi istiqamətində ötən əsrin
90-cı illərindən etibarən ardıcıl uğurlu
siyasət aparır: “Bu siyasəti zaman etibarı ilə iki
dövrə bölmək olar: ötən əsrin 90-cı illərindən
2000-ci ilin əvvəllərinə qədər olan dövr və
ondan sonrakı dövr. Azərbaycan birinci
dövrdə beynəlxalq aləmdə dinlərarası
dialoqun, tolerant və multikultural dəyərlərin təbliği
və təşviqi istiqamətində gedən proseslərin
aktiv iştirakçısı idi. İkinci
mərhələdə isə bu prosesin aktiv
iştirakçısından aktiv təşkilatçısına,
hətta deyərdim ki, lokomotivinə çevrildi. Çünki birinci dövrdə bizim iqtisadi çətinliklərimiz
var idi və beynəlxalq nüfuzumuz o qədər
güclü deyildi. Amma sonrakı dövrdə iqtisadi
potensialımız və beynəlxalq nüfuzumuz imkan verdi ki, biz bu prosesdə aktiv
iştirakçıdan aktiv təşkilatçıya
çevrilək”.
Təşkilat
Komitəsinin üzvü bildirib ki, Qlobal Forumun Azərbaycanda
keçirilməsi bu həqiqəti bir daha təsdiqləyir:
“Forumun Bakıda keçirilməsi həm də onu göstərir
ki, Azərbaycan bu sahədə əhəmiyyətli və
nümunəvi ölkədir. Beynəlxalq
ictimaiyyət də bu həqiqəti qəbul edir. Bu, həm
də
Azərbaycan təcrübəsinin beynəlxalq aləmdə
yayılması və beynəlxalq nüfuzumuzun güclənməsi
baxımından önəmlidir. Təşkilat Komitəsinin
üzvü kimi əminliklə deyə bilərəm ki, Forum
yüksək səviyyədə təşkil olunacaq”.
Mədəniyyət
və Turizm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq
Şöbəsinin müdiri, Təşkilat Komitəsinin
katibi Vasif Eyvazzadə isə qeyd edib ki, cari ilin “Multikulturalizm
İli” elan olunmasının əsas səbəbi bu il ölkəmizdə
Qlobal Forumun keçirilməsidir: “Yəni, Forumun
“Multikulturalizm İli”nin ən böyük tədbiri
olacağı aydındır. Multikulturalizm deyəndə
çoxmədəniyyətlilik başa düşülür.
Mədəniyyətlərarası əlaqələr
isə interkulturalizmdir ki, bu da Qlobal Forumun əsas hədəflərindəndir”.
V.Eyvazzadə qeyd edib ki, forumun proqramında əksini tapan mövzular bilavasitə bu ilin prioritetləri ilə üst-üstə düşür: “Burada həm müxtəlif mədəniyyətlər, dinlər arasında dialoq məsələləri, eksterizmə, terrorizmə qarşı mübarizə, gənclərin, qadınların dialoqda rolu, multikulturalizm mədəniyyəti və multikulturalizmin Azərbaycan modeli, prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü, həm də miqrasiyanın müasir multikultural proseslərdə rolu və digər istiqamətlərdə müzakirələr təşkil olunacaq. “İnklüziv cəmiyyətlərdə birgə yaşam: çağırış və məqsəd” devizi altında baş tutacaq Forumda 190 ölkədən, 40-dan artıq beynəlxalq qurumdan 2000-dən artıq nüfuzlu qonağın iştirak edəcəyi tədbirdə siyasətçilər, dövlət və hökumət başçıları, diplomatlar, nüfuzlu şəxslər, elm adamları iştirak edəcək. Hazırda dövlət başçılarından kimlərin tədbirdə iştirak edəcəyini açıqlaya bilmirik, amma ictimaiyyətə artıq məlum olan bir neçə fakt var. Türkiyə və Makedoniya prezidentləri, müxtəlif ölkələrin xarici işlər və ya baş nazirləri, baş nazirlərin müavinləri iştirak edəcəklərini artıq təsdiqləyiblər.
Nazirlik rəsmisi Forumun Azərbaycanda keçirilməsinin səbəblərinə də diqqət etməyin vacibliyini nəzərə çatdırıb: “Bakı Prosesi” təşəbbüsü 2008-ci ildə irəli sürülüb. Sözügedən proses çərçivəsində ilk dəfə Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin toplantısı baş tutub. Daha sonra İslam Konfransına Avropa ölkələri dəvət olunub, I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu forum 2010-cu ildə BMT Baş Assambleyasında İlham Əliyev tərəfindən elan edilib. 2013 və 2015-ci illərdə isə növbəti forumlar gerçəkləşib. Yəni, bu beynəlxalq tədbir artıq 3 dəfə Bakıda keçirilib və tərəfdaşlardan biri BMT Sivilizasiyalar Alyansı olub. Bu da ölkəmizlə BMT arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Hazırlıq prosesi artıq 6 aydır başlayıb. Aprelin 25-i Forumun ilk günüdür, 26-sı rəsmi açılışdır, 27-si və 28-i isə tədbir günləridir. Hazırlıq Forum bitənədək davam edəcək. Sonra isə o nəticələrdən yola çıxaraq işimizi quracağıq”.
Vilayət Eyvazzadə Forumun ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzi kimi müxtəlif beynəlxalq qurumlarda və ölkələrdə daha çox tanınmasına böyük töhfə verəcəyini də bildirib.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 23 aprel.- S.6