Arzuladığı ucalığa
qovuşan əsgər - Ömər Cəbrayılov
Vətəni qibləgah edən şəhidlər
-VIII yazı
Bilirəm...
Bilirəm ki, üzərimə
götürdüyüm yük ağırdır,
ağrılıdır.
Hər
döydüyüm qapının arxasında bir övlad
acısı, bir sönmüş tale, bir
qırılmış ömrün laylaları, xatirələri
və ən əsası da bu dərdi çəkməyi
bacaran və çəkə bilməyən valideynlər,
bacılar, qardaşlar, gəlinlər və uşaqlar var. Və
hərdən özümü inandırmaq istəyirəm ki,
onlar yenidən qayıdıb gələcəklər:
Mənə
elə gəlir, qanlı döyüşdən,
Geri
qayıtmayan bütün əsgərlər,
Bəlkə
bu torpaqlarda can verməyiblər,
Ağ durnaya dönüb uçub gediblər.
(Rəsul
Həmzətov)
O bahar
günlərində durna səflərinin uzaq ellərdən
isti Vətənimizə döndüyü vaxt, bizim Vətənin
azadlığı uğrunda canından keçən əsgərlərimiz
durnaya dönüb, uçub getdilər. 23 illik
sükutdan sonra, bizim üçün bir OYANIŞ
mahnısı da oxudular. O mahnının yadda qalan
sözlərindən biri də "Şəhidlər ölməz,
Vətən bölünməz" sətri oldu.
"Ana,
şəhid olmaq bilirsən nə gözəldir..."
Ağdaşın Şəkili kəndində Ömər
Cəbrayılovgilin evini axtarıram. Tozlu-torpaqlı,
yollardan keçib, kənd adamlarının göstərdiyi
ünvanı tapıram. Qapılarını
ehtiyatla döyürəm. Açıq
olduğundan göy darvazanı açıb həyətə
keçirəm. Birmərtəbəli,
yarımtikili evin həyətində bir neçə qadın
oturub, biş-düşlə məşğuldurlar. Sabah cümə axşamı olduğundan, bu günlərdə
93 evdə şəhidlərə cümə axşamları mərasimi
keçirilir. Evin sahibəsi Nüşabə
İsmayılova da 19 yaşlı oğlunu yad etməyə gələn
qonaqları layiqli qarşılamaq üçün tədarükdədir.
Bizdə belə bir misal var: "Kasıb mərd olar". Nüşabə İsmayılova qapıya
çıxıb, bizi qarşılayır. Oğlunun həyat
hekayətini yazmaq istədiyimi deyəndə, qəmli-qəmli
gülümsəyib: "Oğlum açılmamış
çiçək idi, nə yaşadı ki, həyat hekayəti
də olsun..."- deyə cavab verir. Heç ikinci
sualımı gözləmədən davam edir:
-Neyləyə
bilərik. Yerdə qalan övladlarımız
üçün yaşamalıyıq. Barı
onları qoruya bilək. Gördüyünüz
kimi bu balaca həyətdə
çalışmışıq ki, güzəranımızı
quraq. Vəziyyətimiz həmişə
ağır olub. 1996-cı ildə ailə
həyatı qurmuşuq. Toyumuzdan bir az
sonra getdik Rusiyaya. Oradan
qazandığımız pulla bu birmərtəbəli evi
başa gətirdik. Onu da 1999-cu ildən bəri
tikib qurtara bilmirik. Hələ döşəməsini
vurmamışıq. Üç oğlum
var. Ömər ilkimiz idi. O biri iki oğlum hələ
balacadırlar. Yanvar ayının 4-ü oğlumu
əsgər yola saldıq. İnanın
Allaha ki, elə qürurlanırdım. Bulaq başına
su gətirməyə gedəndə, qonşu qız-gəlinlər:
"Oğlun necədir, özün necəsən?"- soruşanda, cavabında deyirdim ki:
"Əladır! Əsgər anası necə olar ki?". Fikirləşirdim ki, əgər
əsgər gedibsə, daha böyüyüb oğlum, daha
köməyimizə çatacaq, zəhmətkeş atasına
dayaq olacaq. Füzuli bölgəsində
xidmət edirdi. Bu il martın 20-si
görüşünə getdik. Dedi ki, ay ana, bizə elə
yaxşı baxırlar ki... Bu necə əsgərlikdir,
qabağa aparmırlar ki, gedib orda erməni öldürüm.
Əsgər yoldaşı Sübhan da yanında
idi. O dedi ki, qardaş, biz burda şəhid olarıq. Mən bu sözü eşidib, üstünə
acıqlandım. Qayıdıb gülə-gülə
mənə nə desə yaxşıdır?!
- Ana,
şəhid olmaq bilirsən nə gözəldir, sən qəhrəman
şəhid anası olacaqsan. Ana, sən şəhidin nə
olduğunu bilmirsən...
Birtəhər həmin söhbətin mövzusunu dəyişdik. Bilsəm,
balamı çox oxşayar, çox öpərdim.
Arzularını soruşardım...
Yuxusu
çin olan analar...
Aprel ayının əvvəlindən başlanan Vətən
torpaqlarının azadlığı savaşının nəticələrini,
səs-sorağını gecə-gündüz gözləyənlərdən
biri də Cəbrayılovlar ailəsi idi. Düz iki gecə
ana Nüşabənin, ata Məzahirin gözlərinə yuxu
getmədi.
2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən
gecə Ömər Cəbrayılovun qoşunların təmas
xəttində düşmən təxribatlarının
qarşısını alarkən şücaət göstərərək
şəhid olmasından hələ xəbərləri yox
idi.
Aprelin 3-dən 4-nə keçən gecədə, nə
Nüşabənin, nə də Məzahirin gözünə
yuxu getmədi.
Gecə Məzahir kənd yolundakı səs-küyə
çıxır. Baxır ki, gecəylə
projektor işığını qoşub kəndin yoluna
qum-daş döşəyirlər. Fəhlələrdən
nə baş verdiyini soruşur. Fəhlələr
də onun fikrini yayındırmaq üçün deyirlər
ki, qonşu kənddən kiminsə evinə şəhid gətirəcəklər.
Gəlib başqa bir dostuna zəng edib,
oğlundan bir xəbər bilmədiyi üçün narahat
olduğunu deyir, dostu birtəhər ona ürək-dirək
verir. Səhər obaşdan Nüşabə
də su gətirmək üçün bulağa gedir. Bulaq başında qonşu Gülnar ondan soruşur
ki, oğlundan nə xəbər var? Nüşabə
cavab verir ki, vallah iki gündür heç bir xəbər
öyrənə bilmirik, ancaq kürəyim yanır, bilmirəm
canımı haraya qoyum. Ürəyim
köksümə sığmır. Səhərə
yaxın da ki, bir-iki dəqiqəlik huşum getdi, yuxuda
gördüm ki, Qoşa qovaq kəndinə şəhid tabutu gətiriblər,
özü də bayrağa büküblər. Qonşuya deyirəm ki, gəl gedək şəhidə
baxaq. Birdən tabutu açırlar, baxıram ki,
içərisinə uzatdıqları bir qara bığlı
oğlandır... Yuxunun təsirindən,
qışqırıb oyandım. Heç
yatmamışam ki, gecə... Bir anlığa
mürgülədim, onda da belə qarışıq yuxu
gördüm. Yuxumu suya danışıb,
gəldim evə. Cəbhə bölgəsində
atılan topların səsi də həyətimizdə
eşidilir. Elə bil ki, dünya
dağılır. Ancaq baxıram ki, yaman
var-gəl edir küçədə adamlar, bizim
alaqapının qabağına da daş-kəsək
töküb hamarlayırlar. Evdə otura
bilmədim. Küçənin aşağı
başına gedəndə, gördüm ki, kəndin
adamları qapımıza yığışır... Nə baş verdiyini söruşdum. Dedilər,
Ömər yaralanıb... Bir də onu gördüm ki,
balamın tabutunu həyətə gətirdilər...
Açdılar... Oğlumun üzündən-gözündən
öpdüm. Buz kimi idi... Üzündə bir yaradan ləkə
qalmışdı... O xalın üstündən
öpdüm. Ömər deyərdi ki, mən itəndə bu
xalımla taparsınız...
Oğlumun tabutunu gətirən əsgərin biri də
diqqətimi çəkdi. Bu, yuxuda tabutda gördüyüm həmin
bığlı oğlan idi... Allah ona dəyməsin,
ömrü uzun olsun! Mənim 19 yaşlı
balamın həyat hekayəti bundan ibarətdir. Bir də
onu dedilər ki, Lələ Təpə döyüşlərində
qəhrəmanlıqla həlak olub... Aprelin 4-ü oğlumu dəfn
etmişik... Hadisələrin o gərgin
vaxtında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
şəhid ailələrinin qadınları ilə
görüşdü. O görüşdə mən də
var idim. Əlimdən tutdu, mənə ürək-dirək, təsəlli
verdi... O qədər qadının dərdinə
şərik olmaq istəyirdi, təsəlli vermək istəyirdi...
O da anadır, o da qadındır. Bizim nə
çəkdiyimizi yaxşı anlayır.
Oğlu Vətən
torpağı uğrunda şəhid olan ailənin torpaq
problemi
Mehriban xanımla görüşə gedərkən,
özümlə ona yazdığım məktuba, şəhərimizin
icra hakimiyyətindən aldığım cavabı da
aparmışdım. Bizim ailədə heç kim işləmir.
Üç il bundan əvvəl sosial
yardım almaq üçün bələdiyyəyə, rayon
icra hakimiyyətinə müraciət etdik. Bizi
get-gələ saldılar. Mən də həmin
görüşdə, rayondan mənə verilən cavab məktubunu
Mehriban xanımın köməkçisinə verdim, məktubumu
nəzarətə götürdülər.
Cəbrayılovlar
ailəsinin torpaq probleminin haradan başlaması məsələsinə,
evin kişisi Məzahir aydınlıq gətirdi:
- 200 ildir
ki, əslim-nəslim bu həyətdə yaşayır. Bu həyətin ümumi sahəsi 39 sotdur. Bir güc-bəla ilə ata-baba yurdum olan bu
torpağın 15 sotunu öz təsərrüfatımıza
yazdıra bilmişik. 10 il olar ki,
rayona yenidən qeydiyyata düşmüşəm. Çünki ömrüm boyu çörək,
qazanc dalınca Rusiyanın şəhərlərində
işləmişəm. Rusiyadan mənim kimi gedib gələnlər
çoxdur bu kənddə, hətta qeydiyyatı olmayanlar belə
pay torpağı alıb, mənim artıq qazancım, kimlərisə
razı salmağa imkanım pay torpağına sahib ola bilməmişəm. Bu balaca həyətdə
əkdiyimiz göy-göyərtini aparıb Yevlax bazarında
satıram, kafelərdə, çayxanalarda günü 6-7
manata iş olanda işləyib, ailəmi dolandırmağa
çalışıram. Ancaq indi inanıram ki, Mehriban
xanım Əliyevanın sayəsində problemimiz həll ediləcək...
Şəhid ailəsinin dərdinə şərik olduq,
bu ailənin başçılarının necə
böyük səbirli və təmkinli olmalarına heyran
qaldım. Dərdə sinə gərməyi, əsl qəhrəman
anası və atası kimi dayanmağı bacarmışdılar.
Tanrının yazdığı bu qismətlə
də artıq barışmışdılar. Ağdaşın Şəkili kəndində
darvazasından üçrəngli Azərbaycan bayrağı
asılmış evdən ayrılanda, günəş
qüruba enirdi.
Şəkili kəndinin şəhidləri...
Kəndin çıxacağında bizim maşına iki nəfər kənd adamı da əyləşib, magistral yolda düşəcəklərini dedilər. 10 dəqiqəlik yol boyu Cəbrayılovlar ailəsindən, kəndin ab-havasından danışdıq. Kənd sakini Tarverdi Yolçu oğlu Nəsirov dedi ki, bu kəndin indi dörd şəhidi var. 1992-94-cü ildə onun doğma qardaşı Sahib Nəsirov və əmisi oğlu Şükür Nəsirov, kəndçiləri Kamil Məmmədov Qarabağ torpaqlarını işğaldan azad etmək uğrunda döyüşlərdə şəhid olublar. Özü isə müharibədə iştirak edib. Bu günə qədər şəhid ailəsi kimi onlarla bir maraqlanan olmayıb, döyüşçü və şəhid ailələrinə çatacaq sığorta pulunu, şəhid ailələrinə aid olan təqaüdü ala bilməyiblər. Şəhid qardaşının qəbrinin üstü götürülməyib. Nəsirovlar kasıb ailə olduqlarından, məzarı abadlaşdırmağa maddi imkanları çatmır.
...Ağdaşın Şəkili kəndinin qədim
məzarlığında üzünü görmədiyi
şəhid qohum-əqrabasına qoşuldu aslan ürəkli,
qəhrəman Ömərimiz. O müharibə
dövrünün övladı idi. Dünyada çox az məkan
var ki, müharibə 23-24 il davam etsin. Bizim Azərbaycan
haqqı tapdalanan, haqq səsi qulaqardına vurulan kiçik,
lakin gözəlliyi ilə göz yandıran ölkələrdən
oldu. Vətənin Ömər kimi,
Şükür kimi, Kamil kimi, Sahib kimi şir ürəkli
oğlanlarına qalsaydı, bu müharibəni elə
başladığı vaxt Vətənimizin xeyrinə bitirmək
olardı. O vaxt durnalar bizim tərəfdə mahnı
oxumurdular. İndi isə, elə deyil, Ömər Cəbrayılovun,
onunla birlikdə şəhidlik məqamında ucalan
oğullarımızın qəhrəmanlığı
artıq dünyaya çağırış oldu. İndi
hamımız inanırıq ki, 24 il ərzində
tökülən qanlarımız yerdə qalmayacaq, tez bir zamanda
o torpaqlar geri alınacaq.
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 26 aprel.- S.8.