Tarixi janrın həqiqətləri
2015-Cİ İLİN TARİXİ ROMANLARI HAQQINDA
Ötən
ədəbi il tarixi roman janrında vur-tut
iki əsərin yaranması ilə əlamətdar olmuşdur.
Elçinin "Baş" romanı və Sabir
Rüstəmxanlının "Şair və şər"
romanı.
Bu,
heç də son on ildə tarixi janra müraciətdə
müşahidə olunan "bum"un səngiməsinə
dəlalət eləmir. Sadəcə xronoloji
ilin obyektivinə düşən faktlar bundan ibarətdir.
Bütövlükdə
çağımızda tarixi mövzuya maraq yenə də
şiddətlə davam etməkdədir; təkcə roman
janrında yox, hekayəçilikdə də, epik poeziyada da,
teatr və dramaturgiyada da. Mövzu planında: mifik əşirətdən
yaxın Sovet dönəminəcən tariximizin az
qala bütün mərhələ və çeşidləri,
üslub etibarilə: ciddi konseptual yanaşmalardan ən sərbəst
"tarix əyləncələri"nə qədər hər
növ təzahürlər bugün tarixi janrın malı olur
və əksərən də keçmişin
boşluqlarını doldurmağa xidmət edir. Bəlkə də burda bir qəbahət yoxdur; maariflənmək
heç zaman gec deyil. Amma onu da düşünsək qəbahət
olmaz ki: növbənöv kəmiyyətin meydan sulaması
hardasa həm də janrın böhranından xəbər
verir. Ənənəvi ölçülərdə
"tarix" yaratmaq, tarixin daha da obyektiv mənzərəsini
cızmaq cəhdləri indi yalnız "təkrar" və
yaxud da "potensial təkrarlar" təsiri
bağışlayır; bizim milli
romançılığın son on ildəki mifik və dini
keçmişlərə, yaxud
şahlar, xanlar tarixlərinə israrlı səyahətləri
də bunu görükdürdü (geniş bax: T.Əlişanoğlu, Müasir nəsr
Azərbaycançılıq ideyaları
işığında // "Ədəbiyyat qəzeti", 13
iyun 2015).
Belə görünür ki, tarixin bugünləşdiyi,
bugünlə tarix arasındakı sərhədin getdikcə
daha çox qeybə çəkildiyi post-tarix
dövrünün tarixə yanaşması bir başqadır
və roman janrı da bu başqalaşmadan yan ötə bilməz. Adını çəkdiyim
hər iki roman - Elçinin "Baş" və S.Rüstəmxanlının
"Şair və şər" romanları da
bütövlükdə janrın ölçülərini
saxlamaqla, zamanın tələblərinə də biganə
olmayıb, tarixə müasir oxucunun qəlbinə yaxın
nöqtələrdən girməyə
çalışır.
Hər iki roman gərəyincə reaksiya doğurub,
rezonanslardan da bilirik ki, yazıçılar Vətən
tarixinin bugün də aktual səhifələrinə üz
tutublar. Elçin oxucunu Bakı xanlığının rus
imperiyası tərəfindən işğalı fonunda XIX əsrin
əvvəllərinə aparır, S.Rüstəmxanlı isə
romantik şair M.Hadinin bioqrafisi fonunda XIX əsrin sonu, XX əsrin
əvvəlləri Azərbaycan həyatına. Janrın
ölçüləri tam qorunmuşdur: hər iki mətndə
tarix üzərinə hadisələr, düşüncələr,
ideya və mətləblər həm də müasirliyin
adekvatı olur, Azərbaycan varlığı, Azərbaycan
toplumu, Azərbaycan insanı və s. mənalara, bu ətrafda
daha da nələrəsə oxucu diqqətini cəlb edə,
yönəldə bilir. "Daha da nələrsə"
bu məqamda vacibdir, romanın konkret özəlliyini təmin
edir, onu "tarix"dən və digər romanlardan fərqləndirməklə,
nədənliyinə, yaranma səbəbiyyətinə də
ayna tutur.
Məsələn,
"Baş" romanına yazdığı ön sözdə
Elçin özü bunu belə izah edir: "Tarixçilər
bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla,
ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı
arxivlərdə axtarışlar aparmasınlar, çünki
heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə
üst-üstə düşməyən detal və ştrixlərə
də fikir verməsinlər və bu baxımdan müəllifin
təskinliyi ondadır ki, burada tarixlə üst-üstə
düşən və müəllifin fikrincə, tarixilik
baxımından əhəmiyyətli olan məqamlar da,
güman ki, az deyil". S.Rüstəmxanlı
isə "Şair və şər"in janrını
"düşüncələr romanı" göstərməklə
tarixi əsərlərdən fərqli özəlliyinə
diqqət çəkir.
Ümumən,
S.Rüstəmxanlı son on ildə bir-birinin ardınca qələmə
aldığı "Göy tanrı", "Ölüm
zirvəsi", "Difai fədailəri" kimi
romanlarında millət tarixinin əşirətdən
bugünə ən taleyönümlü, dönüş
nöqtələrinə işıq salmaqla böyük
maarifçilik işi görür. Bu baxımdan
"Şair və şər" romanı da istisna deyil.
Bioqrafik roman strukturunda qurulmaqla, mətn ilk
növbədə M.Hadinin həyatını canlı dinamikada,
uşaqlığından vəfatınacan hadisələr, dəyişmələr,
insanlar, tarixi personajlar, Şamaxı-Kürdəmir-Hacıtərxan-Bakı-İstanbul-Karpat,
yenə Bakı və Gəncə trayektoriyası fonunda təqdim
edir. Təbiətin möcüzəsi
Şamaxı zəlzələsindən qoparaq sanki şairin
taleyində daim bir zəlzələ yaşanır, onu diyarbədiyar
qovur, amalına-istəyinə doğru çəkib-aparır.
Tale həm amansızdır, şairi hər yerdə
faciələrlə, məhrumiyyətlərlə üzləşdirir,
həm də doğmadır, istiqbal vəd edir, onu
yaşadır. Şairin həyatı millətinin
taleyinə bənzəyir, ictimai-siyasi zamanın təlatümlərini
varlığında təcəssüm etdirir. Romanda
maarifçilik hərəkatının canlı lövhələri
var: Şamaxıda təhsil aldığı mollaxana
mühitində, Kürdəmirdə Ağa Əfəndi ilə
birgə açdığı məktəbdə, Həştərxanda
Mustafa Lütfinin açdığı məktəb və qəzetdə,
Bakıda qəzetçilər və şairlər mühitində
cəhalətlə açıq mübarizə səhnələrində.
Romantizm hərəkatının parlaq səhifələri
"Füyuzat" redaksiyasında, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, Ə.Kamal və b. ilə münasibət
və dialoqlarda əksini tapır. Milli
müstəqilliyin qazanılması, Cümhuriyyət
epizodları şairin həyatının son yarpaqlarında əks-səda
verir və s.
Bütün bu tarixi mündəricata görə milli
oxucu, millət oxucusu, şəksiz ki, romançıya minnətdar
olmalıdır. Və hətta, onu da deyim, biz müəllimlər ədəbiyyat
tarixinin tədrisində "Difai fədailəri" ilə
yanaşı, indi bu romandan da əyani vəsait olaraq bəhrələnir,
tələbələrə oxumağı tövsiyə edirik.
Amma qayıdaq o məqama ki, "Şair və
şər" romanının xidməti yalnız müasir
oxucunu klassik şairlərimizdən bəlkə də ən qəlizi
bildiyi M.Hadinin həyat və yaradıcılığına
yaxınlaşdırmaqla bitmir.
Romanın əsas önəmi sadəcə tarixi deyil,
üstəlik Tarix üzərinə düşüncə
romanı olmasındadır. Həm də
"düşüncə romanı" dedikdə birbaşa
müəllif düşüncələrindən söhbət
getmir; publisist S.Rüstəmxanlının yeri başqadır
(məsələn, "Ömür kitabı"nda, "Xətai
yurdu"nda olduğu kimi). "Şair və şər"də
yazıçı roman xronotopunu uğurla tapıb;
bütünlükdə hadisələr, zaman, tarixi-mədəni
durum, ictimai-siyasi proseslər, mənəviyyat-əxlaq, eyni
zamanda həm varlıq (olum-itim), həm məişət
problemləri və s. qəhrəmanın -M.Hadinin iç
dünyasında(n) nəzərdən keçirilir; şairin qəlbində
qərar tutub, burda cücərir, böyüyür,
düşüncəyə çevrilir, sığmayıb
misralara köçür, şeirə dönür, ətrafını
nurlandırır, fəth edir, cahana səs salır və s.
Romançı çox böyük uğurla Hadi şeirinin
içinə girir, altşüur seli şəklində onu həm
çözür, həm də ətrafda nə baş verirsə
həmin şeir vasitəsilə çözülür; ta ki,
xronotopun mərkəzində şairin aləminin özü
durur... S.Rüstəmxanlı eyni uğurla
romantik şairin dünyasında dolaşır, xəyallarını-ideallarını
bölüşür, dönməz, əyilməz vücuduna,
şəxsiyyətinə nüfuz edir, qəhrəmanı ilə
eyniləşməyə çalışır. Millət
sevdası, Vətən eşqi, vətəndaş hünəri,
azadlıq ehtirası, istiqlal savaşı... - bu yerdə
zaman-məkan düşüncələrinə (xronotopa) XX
yüzilin 70-ci illərinin şairi, S.Rüstəmxanlının
öz dünyası da qovuşur, əsrin əvvəllərinin
millət istəyi-sevgisi-fədailiyi əsrin sonunun əks-sədası
ilə tamamlanır. Müstəqillik epoxasını
yaşayan, milli ruhda, milli ideyalarla tərbiyələnən
oxucu ilə düşüncə romanı məhz bu əsasda
kontakt yaradır, oxucu qəlbinə girə bilir...
Bu
nöqtə - milli insan idealı, başqa sözlə: idealda
milli insan modelidir: türk qanlı, müsəlman əqidəli,
müasir təfəkkürlü. Bu - Oğuz xandır, bu -
Cavad xandır, bu - Əhməd Ağaoğludur, ən nəhayət,
bu - Məhəmməd Hadidir. S.Rüstəmxanlı
romanlarında oxucusu ilə tarixi diskursda danışır.
İdealda milli insan modeli "Baş"romanından da
keçir.
Bakı xanı Hüseynqulu xanın bacısı oğlu
Mahmud bəyi yada salaq: "Mahmud bəy "millət"
dedikdə yalnız Abşeron camaatını yox, hətta
yalnız bütün xanlıqlar da daxil olmaqla Azərbaycan əhalisini
yox, dünyada yaşayan bütün türkləri nəzərdə
tuturdu və bu adlı-sanlı cavan bəyin od kimi
püskürən əqidəsi -
türkçülüyü də hamıya və təbii
ki, Bakı xanının məşvərət otağında
əyləşmiş bu adamlara da yaxşı məlum
idi". Bu şəkildə aktuallanmış
milli insan obrazı real planda XIX əsrin əvvəlləri
üçün təbii ki, tezdir. Yazıçı
bunu romana problematik olaraq, sonrakı dövrdən, deyək, XX əsrin
əvvəllərinin romantizm hərəkatından alıb
daxil etmişdir. Çün Başın
bildiyini milli Ruh daha əvvəldən bilir. Romanda ideal
planda aktuallanmış digər milli insan obrazları da var:
gürcü millətçiləri Babua Arçil kimi,
çariça Mariya kimi, Vaxtanq Potsaxişvili kimi, rus millətçisi
kapitan Fyodr Mitrofanoviç Suxaryov kimi... Hətta əslindən-kökündən
qopub, qatı velikorus şovinisti kimi yetişmiş
çarın Qafqazda sərdarı Pavel Sisianovu da bu sıraya
aid etmək olar: "Tale məni hara atıbsa, mən hansı
xalqı, hansı milləti tanımışamsa - hər dəfə
rus ruhunun böyüklüyünə və
unikallığına əmin olmuşam. Rusiyanın
ərazisi nə qədər böyükdürsə, ürəyi
də o qədər genişdir. Ancaq şübhəsiz ki, sən məni
düzgün başa düşəcəksən, - bu vəhşi
Qafqazda rus ruhunun mərhəməti ilə rus ruhunun humanizmi,
mehribanlığı ilə heç nəyə nail olmaq
mümkün deyil... Biz müəyyən müddət manevrlər
etməliyik, gözləməliyik, ancaq prinsip etibarilə
qafqazlılarla yalnız zor, zor və yenə də zorla
danışmaq lazımdır..."
Yazıçı həmin sıra obrazları ümumən
romantik-emosional tonallıqda, daxilən gərgin, ətraf
gerçəklərlə kontrastda, amma eyni zamanda hər
birisini tam fərqli hadisə-süjet, situasiya və detallar
vasitəsilə seçkin xarakterlər kimi təqdim edir.
Bu planda romanda ideal türkçü obrazına da hacət
var və heç təsadüfi deyil ki, milləti
alçaltmağa çalışan rus şovinisti Pavel
Sisianovun qabağına Mahmud bəy kimi hünər sahibi
çıxır, generalın başını bədənindən
ayırır.
Bu faktı təsadüfi cəsarətə yozmaq daha da
çox qeyri-tarixi olardı...
Bununla belə, romanda azərbaycanlı-türk
idealını daha çox və daha real planda Ağabəyim
Ağa obrazı təcəssümləndirir. Ağlı-zəkası, ali mənəvi keyfiyyətləri və mədəni
səviyyəsi ilə İran taxt-tacını da, Avropa elit
dairələrini də fəth etməyə nail olan Ağabəyim
Ağa romanda XIX əsr Azərbaycan mentallığının
real göstəricisi kimi çıxış edir. Və o da
təsadüfi deyil ki, Mahmud bəyin vuran əli ilə bədəndən
ayrılmış Başın rəmzi aqibətinə də
məhz o hökm verir: "-Ya Allah, - deyərək
barmağını Başa tuşladı. - Bu, heç!.. Bu, buyruq quluydu!..
Şuşa müsibətinin cəzasını bunların
hökmdarına ver! Eşidirsən məni?!
Mən ömrümün axırına kimi gecə-gündüz
Sənə yalvaracağam ki, Rusiya hökmdarı da öz
övladları ilə, xanımı ilə birlikdə,
bir-birinin gözü qabağında gülləbaran edilsin!,, - Və Ağabəyim ağa səsini
qaldırdı - bu səsdə xahişdən,
yalvarışdan qat-qat artıq dərəcədə bir
hökm var idi..." Və o da artıq tarixdən bəllidir
ki, üstündən bir əsr keçsə də həmin
qarğışın sədəməsi ən nəhayət
Romanovlar nəslinin aqibətində eynən
görünür...
Romanda rəmzi-romantik xətlə yanaşı, realist tədqiq
planı, yazıçının öz sözləri ilə
desək, "tarixi kolorit" də yerindədir. Belə ki, XIX əsrin əvvəllərindən
Qafqaza, Azərbaycana Başını soxmuş, habelə
Başını saxlamağa çalışan az qala bütün tarixi qüvvələrə,
sosial zümrələrə mətndə yer
ayrılmışdır. Sadalayaq: hökmdarlar, hökm sahibləri:
əlahəzrət imperator I Aleksandr, İran şahları
Ağaməhəmməd Qacar, Fətəli şah, vəliəhd
şahzadə Abbas Mirzə, Qafqaz sərdarı Pavel Sisianov,
knyaz II İrakli, Kaxetiya çarı XII Georgi və əshabəsi,
çar zabitləri, generallar, polkovniklər: Zavalişin,
Zubov, Lazarev, Erizbar Eristov və s.; xanlar: Hüseynqulu xan, Cavad
xan, İbrahimxəlil xan, Dərbənd xanı Şeyx Əli
xan, İrəvan xanı Məhəmməd xan,
Xançobanlı Mustafa xan və s.; saray əhli: Xacə
Əbdül Rəhman, Qurd Kərim, Molla Müzəffər
Ağa və s., qadınlar: Çariça Mariya, Markiza
Natalya de Lafonjen, Ağabəyim Ağa, Sarı Çoban
Qızı və s.; xalça taciri Hacı Muxtar bəy, cadugər
Mirzə Məhəmməd Əkbari-Azərbaycani, cəllad
Lal Qafaroğlu, qəssab Balarza, Sarı Çoban, at oğrusu
Cəfər, Don kazakı Yemelka Puqaçov və s. və. i, Hər birinin öz süjeti, əhvalatları
olan külli miqdar tarixi, yaxud təxəyyül məhsulu olan
personajlar az qala romana
dağınıqlıq gətirməli ikən,
romançı cəmisini bir motivin - Başın (oxu: həm
də hər birisini öz başının) aqibəti ətrafında
məharətlə toplaya və sərgiləyə bilir.
Belə
ki, romanda(n) istər Tarix, istərsə də Tarixdən
alınası Milli Dərs axtaranlar XIX əsrə dair
suallarını verib, tam cavab ala bilirlər. Amma
açığı, bir oxucu(su) olaraq, mətnə
girdikcə Elçinin romanı məni darıxdırır;
yaxşı bildiyim Tarixmi darıxdırır, ya dəfələrlə
dərsimi alıb çəkdiyim acılarmı?.. Tarixi tarix kitablarında(n) oxumaq daha düzgün deyilmi?;
həm də daha səhih, fakt məntiqi ilə... Romanın
funksiyası başqadır; və həssas olduqda
görürük ki: "Baş" romanında
darıxqanlıq mətnin öz aurasında ehtiva olunan, ideya-bədii
məqsədlər daşıyan keyfiyyətdir. Elçinin
romanında oxucunu son dərəcə ağır havası ilə
Tarixin özü darıxdırır, bütöv bir əsri
çalxayan, xalqları-millətləri-toplumları bir-birinə
vuran dünyanın çək-çeviri
darıxdırır, Tarixin sərhədlərinə heç
cür sığmayan İnsan həyatının keşməkeşləri
darıxdırır... Bu ki, başlıca hədəfdə
İnsandır...
Elçin
yaradıcılığının ən dürüst tədqiqatçısı
Nərgiz xanım Paşayevanın vurğuladığı
kimi: İnsan - bədii tədqiq obyekti kimi. Romanda XIX əsr həyatı
yalnız keşməkeşli milli tarix, yaxud hər hansı
mücərrəd milli ideal nəzər nöqtəsindən
deyil, başlıcası - İnsan həqiqəti, İnsan
mahiyyəti, bilavasitə İnsanın özü! - müstəvisində sərgilənir, təhlilə
gəlir, şərh olunur. Modern romanın
xüsusiyyəti budur və Elçinin romanı da bu
poetikanı qapsayır.
Yadımıza
salaq roman xronotopunun hərəkətə gəldiyi ruhun bədəndən
qopduğu dəmi; daha sonra da romanda bütün hadisələrin
vücudu, onun fövqündən, (kursivlə, sanki haşiyələrdə
cızılan) ruhun uzaqlığından nəzərdən keçir(ilir). Bu ruhi
baxış nöqtəsi yalnız əsərin əsas qəhrəmanı
Pavel Sisianovun başının bədənindən
ayrıldığı dəmdən bütün imperiya tarixi
boyu formalaşmış vücudunu yenidən-dərkə (bədii
ehyaya) meydan verməklə qalmır. Eyni zamanda həmin
ekstremal ekzistensiya radəsi (başla bədənin
ayrılıq dəmi) imperiya vücudunun şaxələndiyi,
metastaz verdiyi ərazilərdəki bütün insanların həyatından
keçir və hər yerdə də bədəndə
darıxan ruhun ekzistensial halını izhar edir...
Romanda darıxmayan, nəyinsə xiffətini çəkməyən
bircə obraza da rast gəlmirik. Bu darıxqanlıq hər
cür sosial-zümrəvi və milli-etnoqrafik örtülərin
altından, bilavasitə İnsan müstəvisində, fərdin
həqiqətində üzə çıxır.
Çıxılmazlıq durumunda Molla Pənah Vaqif şeirinə
tapınmış Hüseynqulu xanı yada salaq, ya
anlanmazlıqdan çıldırmış Mahmud bəyi, Vətən
yarasından ovuna bilməyən Ağabəyim Ağanı, qətl
və şəriət barışmazlığında
çapalayan Molla Müzəffər Ağanı, "Leyli-Məcnun"la
xacəlik girdabı arasında qovrulan Xacə Əbdül Rəhmanı,
sehrlə sehrbazlıq arasında tərəddüddə qalan
Fətəli şahı, oğruluqla mərdliyin,
doğruluğun uçurumunu yaşayan oğru Cəfəri,
gədalıqdan ağalığın dadını dadmağa
qədərki aralıqda Sarı Çobanı, yaxud həyatı
başdan-başa sevgi məktubları burulğanında
(imperiyaya və qadına) keçən Pavel Sisianovu,
qılınc və şəhvət yollarında at yoran Abbas
Mirzəni, sürükləndiyi şah yatağının
cazibəsindən ömürlük qurtula bilməyən
Sarı Çoban Qızını və s. Sosial mənalar
dünyasında İnsan - ruhunun əsiridir və daim əzaba
məhkumdur...
Odur ki, "Baş" romanını həm də metafizik roman müstəvisində təhlilə çəkənlərlə razılaşmaq lazımdır. Amma o fikirlə razı deyiləm ki, guya bu, "Başlanğıc"dır. Metafizika - Elçin yaradıcılığının daimi ərazilərindəndir; nəsrimizdə dekadans ovqatının ilkin ifadəçilərindən olan yazıçının özü də elə "darıxan ərazilər"dəndir ("Mahmud və Məryəm"i, 1980-ci illər hekayələrini yada salaq). Elçinin əsərlərində təkcə sosial mövqelər, vəzifələr, kreslolar deyil, hətta lümpenlər də darıxır...
"Baş" romanını "ədəbi
hadisə" hesab edənlərlə də razılaşmaq gərəkdir.
Roman haqqında ədəbi tənqiddə 10-dan artıq məqalə
yazılıb, yenə yazılmaqdadır. Mətn
hər növ yanaşmaları asanlıqla yeyir. Çün
göstərməyə
çalışdığımız kimi: roman təkcə
müraciət etdiyi Tarixi, tarixi mövzunu deyil, tarixən
yanaşma qatlarını da mətnində uğurla
qapsamışdır. 1)
rəmzi-romantik qat; 2) realist-tədqiqi qat; 3) modern qat -fərdi İnsan həqiqəti.
Buradan:
romanın "Baş" adlanması da, görünür ki,
təsadüfi sayılmamalıdır. "Baş"
- metaforadır; və mətndə daha bir ultra-müasir qata -
metaforanı dekonstruktə cəhdinə açılır.
Və geniş tarixi yozumlardan: "Başını qoyub getmək",
"başını əzmək", "başsız
qalmaq" və s.-dən Azərbaycan dilinin izahlı
lüğətində sözə verilən bütün mənalara
qədər hər növ təfsirlərə mətn
açıqdır. Hətta feysbuk səhifələrində
eyhamlanan qaba ironik vurğulara qədər. Bu - mətnin
gücü və gizli ironiyasıdır.
Bir daha romanın əvvəlini yada salsaq, mətn
İlahi dərgahı ilə yer səltənəti (vücud)
arasında qalmış Ruhun söylədikləri ilə
açılır və O-nun uçub-getməsi ilə
tamamlanır.
Ora qədər gəlir ki, orda artıq İnsan
yanaşması qurtarır, Ruhun mənziləsi
başlayır. O yerlər ki, Sirri-xudadır... İnsan
istəsə də, girə bilmir; olsa-olsa, zəif cəhdlər
edir...
Bircə onu demək qalır ki: Müəllif
bu romanı İlyas Əfəndiyevin xatirəsinə həsr
etmişdir. Ölməz xatirədir.
Tehran
Əlişanoğlu
525-ci qəzet.- 2016.- 26 aprel.- S.7-8