Moskvadakı Azərbaycan İcması Evində
ədəbi tədbir
Rusiya paytaxtındakı Azərbaycan
İcması Evində
Ümumrusiya Azərbaycanlıları
Konqresinin dəstəyi
ilə ədəbi-bədii gecə keçirilib.
Tədbirə Moskvada yaşayıb-yaradan
azərbaycanlı şairlər,
ziyalılar, diaspor nümayəndələri qatılıblar. AYB Moskva
bölməsinin katibi,
Ümumrusiya Azərbaycanlıları
Konqresinin müşaviri
Nəsib Nəbioğlu Azərbaycanın
milli söz sərvətindən, poeziyamızın
özünəməxsusluğundan danışıb:
"Dünya yaranandan
bəri insanlığın
həmişə yaxşı
sözə, bədii sənətə, şeirə
ehtiyacı olub. Azərbaycan
şairləri əsrlərdən
bəri bədii sözə, poeziyaya məsuliyyətlə
yanaşıb, şairlərimiz
üzərlərinə düşən
missiyanı həmişə
ləyaqətlə yerinə
yetiriblər. Poeziyamız bütün
dövrlərdə insanlarımızın
maariflənməsinə, mədəniyyətimizin
inkişafına, milli
mənəvi dəyərlərimizin
qorunub saxlanmasına xidmət edib".
Konqresin
əməkdaşı, tarix
elmləri doktoru Əşrəf Hüseynli
qeyd edib ki, sənət adamlarının, xüsusilə
şairlərin, ədiblərin
bir araya toplanması, ədəbi məclislər təşkil
etməsi bu günümüz üçün
çox vacib məsələlərdən biridir:
"Görüb-götürmək, bir-birindən öyrənmək,
fikir birliyinə nail olmaq baxımından bu məclislərin çox böyük əhəmiyyəti var. Ədəbi
məclisə o adamlar
maraq göstərir ki,
onların dünyagörüşü,
yaradıcılıq istiqaməti,
bədii zövqü bir-birinə yaxın olur".
Tədbirdə Moskvada yaşayan
şairlər - Əliş
Əvəz,Yavər Həsən,
Sultan Mərzili, Mirabbas
Ağdabanlı, Səidə
Rəhimli, Yaşar Süleymanlı müxtəlif
mövzularda, ən başlıcası isə
vətənpərvərliklə bağlı şeirlərini
səsləndiriblər. Rus şairi,
tərcüməçi Sergey Karatov müasir Azərbaycan poeziyasından
etdiyi tərcümələrdən
nümunələr oxuyub.
Tanınmış ictimai
xadim Ramiz Abutalıbov, tarixçi Eldar Abbasov, hüquqşünas Alışan
Zakirov, ziyalılardan Rafiq Qafarov, Əli Rzayev, rəssam Qüdrət Qurbanov, "Şəhriyar"
ədəbi-mədəni cəmiyyətinin
sədri Vasif Məmmədov da ədəbiyyat və ədəbi mühit barədə fikirlərini
bildiriblər.
Tədbirin sonunda unudulmaz sənətkarımız Mikayıl
Mirzənin ifasında
mərhum şair Miryusif Mirnəsiroğlunun
"Vətən balladası"nın vaxtilə lentə alınmış
videoyazısı dinlənilib
və hərarətlə
qarşılanıb.
M.ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 26 aprel.- S.7