"Kişilər var idi, kişilər"
YARADICI ÖMRÜN PİLLƏLƏRİ
Qələm
dostum Hüseynağa Qəniyevin 75 yaşı münasibətilə
"Hər kəs öz taleyinin dəmirçisidir".
Qədim latın kəlamı
"Qəribə illər idi o illər. Onda uşaq doğulmurdu, kişi doğulurdu. Aclığa
dözən, dərd çəkən, qayğı çəkən,
anasının göz yaşını silən, çörək
qazanan kişilər.
Başqa illər idi o illər. Uşaq yox idi. Kişilər var idi, kişilər. Üç
yaşında, dörd yaşında, beş
yaşında kişilər.
Yaman illər idi o illər. Uşaq doğulmurdu o
illərdə. Kişi doğulurdu, əsl kişi.
Dostunu, düşmənini tanıyan kişi.
Ağlamayan uşaq.
Mən ağlamadım, gülmədim. Atamı soruşdum... Kədər daşıdım, sevincimiz yox idi.
Şərəfimi daşıdım, üç
yaşımda, dörd yaşımda, beş
yaşımda.
Mən şaxta ilə, soyuq ilə dostlaşdım,
paltarım yox idi. Mən torpaqla dostlaşdım,
çörəyimiz yox idi. Oxudum, qələmim,
kitabım yox idi.
Qəribə illər idi o illər. Bu illərə
bənzəmirdi o illər. Kişilər var idi, kişilər..."
Təxəyyülünün məhsulu, bədii
mübaliğəsi deyildi qələmə aldığı mənsur
şeir. Əslində gerçək tərcümeyi-halı,
dünyaya göz açandan ilkin zamanların gündəmi,
gördüklərinin, duyduqlarının, çəkdiklərinin
əks-sədası idi yazdıqları.
O illər
dünyanı başqa rəngdə görmüşdü. Sonralar isə hər şey dəyişmişdi rəngini.
Sayagəlməz əlvan rənglər çələngi
varmış bu dünyanın. Və onun zərrəciyi
olan bağ-bağatlı həyətin qənşərində
gilas ağacı səhər günəşinin şəfəqlərində
sanki çimir, rəngdən-rəngə
düşürdü...
O illər
anası hər gün bu ağacın başına dolanar,
nazını çəkər, meyvələrinə əl
vurmazdı. Oğlunun sual dolu gözlərinə baxıb
pıçıldayardı:
- Atan gəlib
özü dərər, inşallah.
O
görürdü ki, atasının əkdiyi gilas ağacı
hər il bar gətirəndə anası
ümidlə yollara baxır, ərinin cəbhədən sağ-salamat
qayıtmasını gözləyir...
Müharibə qurtaran ilin bir yaz səhəri
anasını gilas ağacının yanında oturub
ağlayan gördü. Cəld qaçaraq özünü
yetirdi. Gilas ağacının yarpaqları
saralıb solmuş, budaqları qurumuşdu. Anasını güclə ovunduranda onun saçlarına
dən düşdüyünü gördü.
-
Hayıf oldu. Yaxşı əlamət deyil
heç bu.
Ananın dərddən səsi titrəyib
qırıldı.
Oğul təsəlli
verdi:
-
Payızda təzəsini əkərəm bunun yerində.
Əlüstü
etiraz etdi ana:
- Yox,
lazım deyil, - dərindən ah çəkdi, - düşər-düşməzi
olar, Allah eləməmiş.
Ancaq
payızda o, qurumuş ağacın yerində balaca gilas
şitili əkəndə anası əllərini başı
üstə qaldırıb xeyir-dua elədi:
- Xeyirli
olsun, bala, Allah muradına çatdırsın.
Münəvvər ananın xeyir-duası müstəcəb
oldu.
Kiçik gilas ağacı böyüdü, qol-budaq atdı,
yaşıl don geydi, çiçəkləyib bar verən ili artıq boy-buxunlu sütül cavan oğlu
muradına çatdı: orta məktəbi bitirib universitetə
qəbul oldu.
Ana sevinirdi ki, il-ildən uğurlu gəlir. Ali təhsilini
başa vuran jurnalist oğlu evlərindən bir qədər
aralı rayon mərkəzinə sübhün gözü
açılanda gedib qaş qaralanda qayıdır. Sənətinə, iş-gücünə ürəkdən
bağlanıb. Rayonun ucu dağlara söykənən,
uzaq kəndlərini belə yoruldum demədən ayaqdan
salır, qələmi əlindən düşmür.
Axşam evə gəlib şamını eləyən kimi
kitablarla dolu otağına çəkilib hey yazır...
Münəvvər ana sevinirdi ki, onun Hüseynağa
oğlu öz biliyi, zəhməti ilə getdikcə
tanınır, sayılıb seçilir, rayonda hörmət-izzət
sahibi olur.
"Savadı, vəzifəsi öz yerində, həm də
halal adamdır. Haqqı-nahaqqa vermir, ədalətlidir".
Oğlu
barədə eşitdikləri ana ürəyini dağa
döndərir, dünyaya göz açan nəvələrinin
başına dolanır, gəlini Cülüşü
doğma qızından ayırmırdı...
lll
Tale elə
gətirmişdi ki, mən də "Beş yaşında
kişilər" mənsur şeirində təsvir olunan həmin
o "qəribə illərdə", "yaman illərdə",
müəllifin təbirincə "uşaq doğulmayan,
kişi doğulan" illərdə dünyaya göz
açmışdım. O illərdə ki, dünya, insanlar, təbiət,
hətta həyətimizdəki ağaclar da başqa rəngdə
idi elə bil.
"Hər kəs öz taleyinin dəmirçisidir". Bizim taleyimizə
uşaq, yeniyetmə çağımızda zindanda
döyülərək közə dönən dəmir kimi
haldan-hala düşmək nəsib olmuşdu. Necə
dözmüşdük, kitabsız, qələmsiz məktəbə
gedib ac-yalavac necə nəğmələr oxumuşduq... Yerdə anamız, müəllimimiz, göydə
Allah bilirdi bunu.
Ancaq... oxuduq, bütün məhrumiyyətlərin,
aclığın, atalarımızı oda salan düşmənin
acığına oxuduq. Orta məktəbi bitirib universitetə qəbul
olunanda analarımız necə də sevindilər, kövrəlib
ağladılar. Sütül cavanlar idik, hələ
dərindən anlaya bilmirdik bunun səbəbini. Çünki sevincimizdən göyün yeddinci
qatına qanadlanmışdıq. Bizim
üçün dünyanın rəngi dəyişmişdi,
artıq arxada qalan ağır illərin, ehtiyacın "rəngi"
üzümüzdən hələ tamam silinməsə də.
İllər keçəcək Hüseynağa Qəniyev
"Anamın göz yaşları", "Çərxi-fələk",
"Ölməzlik" hekayələrini yazacaqdı. Sonra bir-birinin ardınca
kitabları nəşr olunacaqdı: "Ətirli
çay", "Ömrün mənası",
"Yarışan tərəvəzçilər",
"Zolaqlı yollar", "Sosioloqiçeskaya slujba v Azerbaydjane".
O, Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini
əla qiymətlərlə bitirəndən sonra doğma Lənkərana
qayıtdı. Bir müddət rayonlararası qəzetin
xüsusi müxbiri, şöbə müdiri vəzifələrində
işlədi. Çalışqanlığı,
bacarığı, dərin biliyi, ictimai işlərdə fəallığı
ilə, aktual mövzularda yazan istedadlı qələm sahibi
kimi diqqət çəkdi, sayılıb-seçildi, məsul
vəzifəyə layiq görüldü.
Mən qonşu Cəlilabadda raykom katibi işləyəndə
o da Lənkəranda həmin vəzifədə
çalışırdı. İdeoloji sahəyə
rəhbərlik edir, məsul olduğu işin öhdəsindən
bacarıqla gəlirdi.
Səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirli
idi. Doğulduğu bölgəni, adamları yetərincə
tanıyır, hər kəslə "öz dilində", səviyyəsində
danışırdı. İstər ucqar kənddə
sadə zəhmət adamı, yaxud dağda çoban, istərsə
də rayon mərkəzində, şəhərdə müəllim,
müəyyən qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu,
hamısı ilə ünsiyyət, işgüzar münasibət
yarada bilirdi. Tələbkar olduğu qədər
də qayğıkeş, diqqətcil idi. Yüksək
mədəniyyəti, mərifəti, insani keyfiyyətləri
adamlarda xoş ovqat yaradırdı. Həmişə
kabinetinin qapısı onların üzünə açıq
olurdu. Özü də tez-tez yerlərə
gedir, camaatın dərd-sərinə qalır,
irili-xırdalı problemlərinin həllinə
çalışır, köməyini əsirgəmirdi.
Eyni zamanda onun fəaliyyətində ən mühüm cəhət maarifçilik missiyası idi. Maarifçiliyinin məqsədi isə xalqa təmənnasız xidmət etməkdi. Elə bir maarifçilik ki, insanları elmi dünyagörüşlə, dərin biliklə, həqiqətlə silahlandırsın.
Zaman gələcək fəlsəfə doktoru Elçin Mirzəbəyli Hüseynağa Qəniyevin "Müstəbid" kitabına "Ön söz"ündə yazacaqdı: "Mən heç yerdə o zaman Lənkəranda olan maarifçilik mühitinə rast gəlməmişəm".
Maarifçiliyin təməli, dayağı isə kitab, kitabın təbliğidir. Bu məqsədlə o vaxt, Sovet dönəmində dünya ədəbiyyatı klassiklərinin, mütəfəkkirlərinin külliyyatları, müxtəlif ensiklopediyalar, lüğətlər, nadir nəşrlər abunə yolu ilə yayılırdı. Bu, bütün şəhər və rayonlarda mərkəzləşmiş qaydada, müəyyən olunmuş limitdə təşkil edilirdi. Vəzifəmizlə əlaqədar bu işə Cəlilabadda mən, Lənkəranda isə Hüseynağa Qəniyev baxırdıq. O, Moskvaya, Dövlət Nəşriyyat Komitəsinə rəsmi məktub yazmış, "Kitab bayramı" ilə əlaqədar kömək məqsədilə əlavə kitablar göndərilməsini xahiş etmişdi. Odur ki, hər il Lənkərana yenicə çapdan çıxmış dəyərli kitablar göndərilirdi. Bakıdan, respublikanın şəhər və rayonlarından dəvət olunan qonaqlarla birlikdə mən də hər il Lənkəranda keçirilən "Kitab bayramı"nda iştirak edirdim. Şəhər başdan-başa kitab sərgisini xatırladırdı və kitab ən gözəl hədiyyə sayılırdı. Şəxsi, məktəb, həmkarlar, dövlət kitabxanalarına baxış-müsabiqələr keçirilirdi. Kitab yarmarkaları təşkil edilir, qaliblər mükafatlandırılırdı. Həmçinin kəndlərdə yenicə tikilib istifadəyə verilən kitabxanaların və kitab mağazalarının təntənəli açılışı olurdu.
Sonradan biz də bu təşəbbüsə qoşulduq, "Kitab bayramı" respublikada geniş hərəkata çevrildi.
lll
Uzun illər Lənkəran və Masallı rayonlarında, respublikanın ali rəhbər orqanı AKP MK-da məsul vəzifələrdə çalışan Hüseynağa Qəniyevin tərcümeyi-halında yeni, özünün fəxr etdiyi bənzərsiz səhifələr Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə açıldı.
Respublikanın ilk Milli Məclisinin üzvü kimi ona Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Bəyannaməyə, Konstitusiya Aktına və Dövlət atributlarına səs vermək səadəti nəsib oldu. O, Müstəqil Azərbaycan parlamentinin ilk nümayəndə heyətinin başçısı, AR Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının üzvü kimi təqdirəlayiq fəaliyyət göstərdi.
lll
Təxminən yarım əsr mətbuatda, ictimai-siyasi həyatda fəaliyyət göstərən, diqqətçəkən səlahiyyətli məsul vəzifələrdə çalışan Hüseynağa Qəniyev öz xidməti işinə məsuliyyətlə yanaşmaqla bərabər, yazıçı-jurnalist kimi heç vaxt qələminə dinclik verməmiş, yazı masası ilə ömürlük ülfət bağlamışdır. 1964-cü ildən Jurnalistlər İttifaqının, 1980-ci ildən Yazıçılar Birliyinin üzvü olan tanınmış qələm sahibinin hələ Sovet dönəmində "Azərnəşr", "Gənclik", "Yazıçı" nəşriyyatlarında çoxtirajlı kitabları çap edilmişdir. Bir çox elmi, publisistik və bədii əsərləri xarici ölkələrdə, o cümlədən, ABŞ-da nəşr olunmuşdur.
Pensiyaya çıxandan bəri onun iş yeri dünya ədəbiyyatı, elm və mədəniyyəti klassiklərinin əsərləri, nadir nəşrlərlə zəngin şəxsi kitabxanasıdır. Yenə qələminə dinclik vermir, yazıları qəzet və jurnallarda çap edilir. Xüsusən tarixi və fəlsəfi esseləri oxucular tərəfindən maraqla qarşılanır. Hələ 2001-ci ildə "Müstəbid" kitabında yer alan fəlsəfi esseləri Xalq şairi Bəxtiyar Vahabzadənin diqqətini cəlb etmiş, o, öz keçmiş tələbəsinə ən səmimi ürək sözlərini demiş, yeni yaradıcılıq uğurları diləmişdi.
Unudulmaz müəlliminin, müqtədir sənətkar alimin xeyir-dualı ibrətamiz sözlərindən ilhamlanan Hüseynağa Qəniyev yeni, silsilə tarixi-fəlsəfi esselərini yazıb mətbuatda çap etdirdi.
Esse azad ruh, müstəqil mühakimə qabiliyyəti tələb edən bir janrdır. O, bu və ya digər dəyərlərə müəllifin münasibətini ortaya qoyur. Hüseynağa Qəniyev yetkin qələm sahibi kimi janrın tələblərinə cavab verən, özünəməxsus üslubu, dəst-xətti ilə diqqət çəkən, oxucunu dərindən-dərinə düşündürən, maarifləndirib mənən zənginləşdirən esselərində görkəmli tarixi şəxsiyyətlərin (Homer, Sokrat, Mikelancelo, Kuruş, Perikl, Yuli Sezar, Çingiz xan, Corc Vaşinqton, Atatürk) portretlər qalereyasını yaratmışdır. Və ümumbəşəri dünya tarixi fonunda Azərbaycan xalqının yetirdiyi cahanşümul simaları (Babək, Şah İsmayıl Xətai, Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə) milli qürur hissi ilə oxucuya təqdim etmişdir.
"Babək və babəkidlər haqqında düşüncələr" essesini həyəcansız oxumaq mümkün deyil. Müəllif ömrünün tən yarısını - 21 ilini (816-837) Vətəninin işğaldan təmizlənməsi, xalqının azadlığı, insanların bərabərliyi uğrunda mübarizəyə həsr edən ulu Babəkin möhtəşəm obrazını yaratmışdır.
"Bir gün azad yaşamaq qırx il kölə olmaqdan yaxşıdır", - deyə hayqıran yenilməz sərkərdə Bağdaddan Azərbaycana gələn bütün yolları bağlamış, xilafət ordusu üzərində dəfələrlə zəfər çalmış, Azərbaycanda müstəqil kəndli dövləti yaradaraq, 20 ilə yaxın hökmranlıq etmişdir.
Müəllif Babəki Azərbaycan xalqının yenilməzlik, qürur, məğrurluq rəmzi kimi tərənnüm edərək oxucunu son dərəcə təsirləndirən, düşündürən, qəlbini qürur hissi ilə dolduran essesini nikbin nidalı sözlərlə bitirir: "Babək Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil, bütöv Azərbaycan dövlətinin ilk lideri və şəhididir. Onun şəxsiyyəti Savalan qədər əzəmətli və uca, qəlbi ana Kür kimi mehriban və çılğın, arzuları bütöv və müstəqil Azərbaycan boyda geniş və müqəddəs idi".
lll
"Elə adamlar axtarın ki, onlarla söhbət etmək dəyərli, maraqlı kitab oxumağa bərabər olsun. Elə kitablar axtarın ki, onların mütaliəsi filosoflarla söhbət qədər dəyərli olsun".
Ulu Mövlanənin bu hikmətli sözlərini oxuyanda uzun illər yaxından tanıyıb özümə dost, qardaş bildiyim Hüseynağanı düşünürəm. Həqiqətən də onunla ürək söhbəti etmək mənim üçün dəyərli kitab oxumaq kimidir. Müəllifi olduğu kitablarının mütaliəsi isə müdrik insanlarla söhbət qədər maraqlıdır. Xüsusən hələlik axırıncı, sayca yeddinci kitabı: "Zəka və xarakter". Kitabın redaktoru, fəlsəfə doktoru Elçin Mirzəbəyli elə ilk səhifədə oxucuya müraciət edir: "Buyurun, İnsanlıq fəlsəfəsinə - gələcəyə, işığa, müdrikliyə açılan Yeddinci qapı Sizi gözləyir".
Oxucu maraq dolu həvəslə o rəmzi "qapını açır", kitabı vərəqlədikcə yeni eradan əvvəlki antik dövrdən bu günümüzə qədər məşhur filosoflarla, mütəfəkkirlərlə sanki üz-üzə qalır. Elmin işığında, alim zəkasının, filosof təfəkkürünün ziyasında xeyirlə şərin, xeyirxahlıqla bədxahlığın, həqiqətlə yalanın, nəfslə gözütoxluğun, ədalətlə ədalətsizliyin, haqla nahaqqın, təbiiliklə süniliyin, əxlaqla mənəviyyatsızlığın, nəhayət demokratiya ilə diktaturanın zaman-zaman mücadiləsini görür.
Müəllif "Zəka və xarakter" kitabının ən təsirli, ibrətamiz fəslinin sonunda yazır: "Mən bunları dilə gətirməzdim, əgər hakimiyyətə gəlmək arzusu ürəyində qalıb, tarixə düşə bilməyən müstəbid təbiətli insanların bu gün də ətrafımızda dolaşdığını hiss etməsəydim".
Artıq 75-i haqlayan istedadlı qələm sahibi tarixi-fəlsəfi esselərində dünənimizdən bu günümüzə "körpü" salır, cahanşümul dühaların zəkasının işığında Sözünü deyir, keçmiş olaylardan ibrət götürməklə oxucuya həyatın dolaylarında inam, iradə, dəyanət təlqin edir.
Əlövsət BƏŞİRLİ
525-ci qəzet.- 2016.- 26 aprel.- S.4