Azərbaycan üzərinə daha böyük missiya götürüb
BAKI FORUMU AZƏRBAYCANIN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN DÜNYADA TƏBLİĞ OLUNMASI İSTİQAMƏTİNDƏ HƏYATA KEÇİRDİYİ FƏALİYYƏTİN YALNIZ TƏRKİB HİSSƏSİDİR
Bakıda
BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumu davam edir.
Dünən tədbirin rəsmi
açılış günündə
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi Nasir
Əbdüləziz Əl-Nasir,
eləcə də bir çox ölkələrin yüksək
səviyyəli dövlət
və hökumət başçıları iştirak
edib. Foruma ümumilikdə 146 ölkədən 2 min nəfərə
yaxın iştirakçı
qatılıb. Onların sırasına
beynəlxalq və
regional təşkilatlar, özəl
sektor, vətəndaş
cəmiyyəti, elmi dairələr, gənclər,
incəsənət aləmi
və kütləvi informasiya vasitələrinin,
habelə donor agentlikləri
və fondların nümayəndələri daxildir.
Üç gün davam edəcək Forum çərçivəsində "Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı
tədbirlərlə bağlı
çətinliklər", "Vətəndaş cəmiyyəti
və biznes: sülh, təhlükəsizlik
və davamlı inkişaf naminə birgə fəaliyyət",
"Nifrət çıxışlarının
qarşısının alınması
və bu cür hallarla mübarizə sahəsində
qabaqcıl metodların
mübadiləsi", "Multikultural
cəmiyyətin formalaşdırılmasında
Azərbaycanın rolu",
"Birgəyaşayışın öyrənilməsi: təhlükə
və münaqişə
problemi", "Bakı
prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların
cavablandırılması" və digər mövzularda seminarlar keçiriləcək.
Forumun açılışında nitq
söyləyən Prezident
İlham Əliyev belə
bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin böyük
şərəf olduğunu,
ölkəmizin multikulturalizm
dəyərlərini uğurla
yaydığını deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən
danışan Prezident
İlham Əliyev Ermənistanın ölkəmizin
BMT tərəfindən tanınan
ərazi bütövlüyünü
pozduğunu, Dağlıq
Qarabağı və ətraf rayonları işğal etdiyini dedi, xalqımızın etnik təmizləməyə
məruz qaldığını,
Xocalı soyqırımının
törədildiyini, bir
milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini,
işğal olunan ərazilərdə hər
şeyin dağıdıldığını
bildirib: "Ermənistan
BMT Təhlükəsizlik Şurasının
erməni silahlı qüvvələrinin işğal
olunmuş ərazilərdən
qeyd-şərtsiz çıxarılması
ilə bağlı qətnamələrinə məhəl
qoymur. Məsələnin həlli ilə
əlaqədar Ermənistana
beynəlxalq təzyiq
göstərilməli, münaqişə
beynəlxalq hüququn
normaları çərçivəsində
nizama salınmalıdır".
BMT-nin Sivilizasiyalar Alyansının ali
nümayəndəsi Nasir
Əbdüləziz Əl-Nasir
isə çıxışında
bildirib ki, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi dünya xalqları arasında münasibətlərin
möhkəmləndirilməsi yolunda mühüm addımdır: "Ona görə də Bakı bu tədbirin
keçirilməsi üçün
ən münasib yerdir".
Sivilizasiyalar Alyansının builki
mövzusunun "İnklüziv
cəmiyyətlərdə birgəyaşama:
çağırış və məqsəd"ə
həsr olunduğunu deyən Əl-Nasir bunun BMT-nin 2030-cu ilədək olan davamlı inkişaf məqsədlərinə uyğun
gəldiyini bildirib. O qeyd edib ki,
hazırda zorakı ekstremizmin aradan qaldırılması, dünyada
zorakılıq hallarının
azaldılması qarşıda
duran vacib məsələlərdən biridir
və bu missiyanın həyata keçirilməsində gənclərin
dəstəyindən, onların
fəaliyyətindən istifadə
olunmalıdır".
Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan isə Forumun 2016-cı ilin "Multikulturalizm ili" elan edilən Azərbaycanda keçirilməsinin əhəmiyyətinə
toxunub. Hazırda Sivilizasiyalar Alyansının
BMT-nin ən önəmli qurumlarından
birinə çevrildiyini
deyən Türkiyə
Prezidenti Alyansın məqsədlərinə nail olunması
istiqamətində görülən
işlərin hələ
də yetərli olmadığını bildirib.
O qeyd edib ki, dünyanın müxtəlif yerlərində
baş verən qanlı toqquşmalar və terror aktları hələ də bizə çox işləməyin vacibliyini
xatırladır.
Ümumilikdə həm yerli, həm də xarici ekspertlər tərəfindən Bakıda
keçirilən Forumun
işi yüksək qiymətləndirilir. Çünki bu, Forum beynəlxalq
ictimaiyyəti bir çox mühüm məsələlərdə birləşdirir,
ən əsası da ekstremizm, terorizm, qanlı toqquşmalara qarşı
mübarizə sahəsində
səylərin birləşdirilməsi
istiqamətində birgə
fəaliyyətə çağırır,
bir növ həyəcan siqnalı verir.
Bu mənada, qeyd etmək lazımdır ki, Azərbaycan təkcə Qlobal Forumu təşkil etməklə kifayətlənmək
fikrində deyil, əksinə üzərinə
daha böyük missiya götürüb, daha ali
məqsədlərə çatmağa
qarşısına hədəf
qoyub. Ona görə də,
Bakıda keçirilən
Qlobal Forum Azərbaycanın
multikulturalizm və tolerantlıq ənənələrinin
dünyada təbliğ
olunması istiqamətində
həyata keçirdiyi
məqsədyönlü fəaliyyətin
yalnız tərkib hissəsi, bir parçasıdır. Azərbaycanın həyata keçirdiyi bu missiya sivilizasiyalar
birləşənə, dünyada
sülh və əmin-amanlıq bərpa
olunana qədər davam edəcək.
Milli Məclisin İnsan hüquqları komitəsinin
sədr müavini Yevda Abramov ölkəmizdə
təşkil olunan mötəbər tədbirlə
bağlı fikirlərini
bildirərkən qeyd edib ki, bu,
Forum multikulturalizmin Azərbaycan
təcrübəsini başqa
dövlətlərlə bölüşmək
imkanı kimi qiymətləndirilməlidir: "Ölkəmiz bütün
dünyada multikultural ölkə kimi tanınır. Yeganə dövlətdir ki,
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
Xidməti var. Forumda qlobal, humanitar məsələlər müzakirə
ediləcək. Bu, həm Azərbaycan, həm də bütövlükdə bəşəriyyət
naminə atılan mühüm addımdır.
Eyni zamanda, Forum Azərbaycan multikulturalizmini dünyaya daha yaxından tanıtmaq, multikulturalizmdə
Azərbaycan təcrübəsini
başqa dövlətlərlə
bölüşmək imkanı
verir".
Sözügedən komitənin üzvü,
millət vəkili Fazil Mustafa isə VII Qlobal Forumun Azərbaycanın dünyaya
inteqrasiyası, tanınması
üçün vacib
amil olduğunu qeyd edib: "Yeni bir obrazın
dünyada tanınması
üçün Forum əvəzsiz
rola malikdir. Çünki Azərbaycanda
dinlər, millətlər
arasında bağ kifayət qədər möhkəmdir və bu, dünyaya nümunə ola
biləcək uzlaşmadır".
Millət
vəkili belə beynəlxalq tədbirlərin
ölkənin problemlərini
diqqətə çatıdırmaq
baxımından da səmərəli olduğunu
vurğulayıb: "Ümid
edirəm ki, Forumun Azərbaycanın
BMT-də mövqeyinin
güclənməsi, öz
sözünü diqtə
etməsi baxımından
faydalı olacaq".
"İrəli" İctimai
Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki,
tolerantlığın məkanı,
multikultural ənənələrə
sadiq müstəqil Azərbaycan mədəniyyətlərin
dialoqunun inkişafına,
mədəni müxtəlifliyin
qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı
münasibətlərin tənzimlənməsinə
yönəlmiş mühüm
layihələrin, mötəbər
forumların gerçəkləşdirilməsi
sahəsində zəngin
təcrübəyə malikdir:
"Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar
Alyansının 7-ci Qlobal
Forumunun Bakı şəhərində yüksək
səviyyədə təşkili
Azərbaycan dövlətinin
beynəlxalq nüfuzunun
daha da artması,
Azərbaycan xalqının
tarixi-mədəni irsinin
geniş miqyasda tanıdılmasında əhəmiyyətli
rol oynayır. Forumun Bakıda keçirilməsinin
əhəmiyyəti 2016-cı ilin ölkəmizdə
"Multikulturalizm ili"
elan edilməsi ilə əlaqədardır".
M.Seyidov
bildirib ki, bu,
Forumdan bir gün qabaq gənclərlə bağlı
tədbirin keçirilməsi
toplantının işinə
xüsusi bir rəng qatıb: "Bu, tədbirin məqsədi dünyanın müxtəlif
ölkələrindən çoxlu
sayda gənci bir araya toplayaraq
qarşıda duran məqsədlərə nail olmaq
üçün onların
fikir və düşüncələrini öyrənməkdir.
Üç gün davam
edəcək Forumun işində mədəniyyətlərarası
dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin
dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər
öz əksini tapacaq".
Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da tolerantlıq siyasəti ilə üzvi şəkildə bağlı olduğunu deyən təşkilat sədri qeyd edib ki, dünənə qədər Azərbaycan və azərbaycanlıları dünyaya qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb: "Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz".
M.Seyidov vurğulayıb ki, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə vətəndaş cəmiyyətinin birgə fəaliyyəti öz müsbət nəticələrini verməkdədir: "Hesab etmək olar ki, bu hücum diplomatiyasının ən uğurlu nəticələrindən biridir. Tək elə Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir".
Rəsmi Bakının Dağlıq Qarabağ probleminin həlli istiqamətində kifayət qədər ciddi addımlar atdığını bildirən təşkilat sədri qeyd edib ki, son on ildə dünyada gənclər təşkilatlarının da fəallığı xeyli güclənib: "Hazırda dünyada zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə gənclərin fəallığı daha da artıb. Bu mənada, qeyd etmək olar ki, Azərbaycan dövləti də gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir. Ona görə də, əminlikdə deyə bilərik ki, Bakıda keçirilən Qlobal Forum bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı göstərilən birgə səylərə öz töhfəsini verəcək".
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 27 aprel.- S.3