Dövlətçilik tariximizdə ulu
öndər Heydər Əliyev irsinin müstəsna yeri və
rolu
"İndi
Azərbaycan Respublikası müstəqil dövlət kimi
öz dövlətçiliyinin bütün sahələrində
çox iş görməlidir.
Dünya miqyasında bir müstəqil dövlət kimi
yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq
üçün Azərbaycan xalqı həm bugünkü
potensialından səmərəli istifadə etməli, həm
də öz gələcəyi haqqında düşünməlidir".
Heydər
Əliyev
(Əvvəli
ötən sayımızda)
Heydər
Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı
şəraitində keçirilən seçkilərdə səslərin
76,1 faizini toplayaraq, yenidən Azərbaycan
Respublikasının Prezidenti seçildi. Prezident
olduğu müddət ərzində dövlət
başçımızın verdiyi taleyüklü fərman və
sərəncamlar böyük tarixi əhəmiyyət
daşıyır. Belə ki, 1918-ci ilin
mart hadisələrinə ilk dəfə olaraq 1998-ci ildə
ümummilli lider Heydər Əliyev tərəfindən siyasi
qiymət verilib. Soyqırım fərmanında Prezident
Azərbaycanın XIX-XX əsrlərdə baş verən
bütün faciələrinin torpaqların zəbti ilə
müşayiət olunduğunu, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil etdiyini
və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi Azərbaycan
Respublikası bu gün onun axıra qədər həyata
keçirə bilmədiyi qərarların məntiqi davamı
olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul etdiyini bəyan
etmişdir. Azərbaycanlıların soyqırımı
haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı ilk rəsmi sənəd
kimi böyük əhəmiyyətə malikdir. Tarixi həqiqətlərin üzə
çıxmasına və öz yerini tutmasına təkan verən
mühüm siyasi-hüquqi sənəddə həmin tarixi
faciə dövlət səviyyəsində soyqırım kimi
qiymətləndirilib. 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR-dəki tarixi-etnik torpaqlardan kütləvi surətdə
deportasiyaları haqqında Azərbaycan Respublikasının
Prezidentinin 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə
deportasiya faktının araşdırılmadığı,
bu hadisələrə hüquqi-siyasi qiymət verilmədiyi nəzərə
alınaraq, deportasiyaların hərtərəfli tədqiq
edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində
keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət
verilməsi və onun beynəlxalq ictimaiyyətə
çatdırılması məqsədilə dövlət
komissiyası yaradılmışdır. Ümummilli
lider Heydər Əliyevin tarix elmi qarşısında müəyyən
etdiyi konkret tələblər, qaldırdığı problemlər
elmi ictimaiyyət, xüsusilə, tarixçilər tərəfindən
daim diqqət mərkəzində saxlanılmışdır.
Bütün bunların əsasında, Azərbaycanın
XIX-XX əsr tarixinin yenidən tədqiqinin proqram kimi əsas
götürülməsi nəticəsində hazırda konkret
problemlər üzrə elmi yeniliklər əldə
edilmişdir.
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın
tarixində fövqəladə əhəmiyyətli daha bir
hadisə baş vermişdir. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev,
Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna
Prezidenti Leonid Kuçmanın iştirakı ilə
Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz
sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.
"Çıraq" yatağından hasil olunan neftin Supsa
limanından dünya bazarlarına
ixracına başlanmış və ilk dəfə olaraq
Azərbaycan nefti şimala yox, qərbə istiqamət
götürmüşdür.Real həyat növbəti dəfə
ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, onun
siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq
hesablanmış balansı və Azərbaycanın uzunmüddətli
strateji maraqları üzərində qurduğu
çoxvariantlı ixrac strategiyasının əsaslı
olduğunu göstərdi.Heydər Əliyevin neft
strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan
neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın
mənafelərinin uzunmüddətli şəkildə
qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın
inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar
neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədilə
strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəməri layihəsinin gerçəkləşməsi
üçün gərgin işlər həyata
keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
Ölkə
rəhbərinin təşəbbüsü və fəal
iştirakı ilə 1995-ci il oktyabrın
31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi
ilə bağlı keçirilən gərgin və tam
demokratik müzakirələr nəticəsində Azərbaycan
dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin
il noyabrın 12-də qəbul olunan
Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının
Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.
Azərbaycan
Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" 18 iyun
2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan
Respublikası Dövlət Dil Komissiyasının tərkibinin
təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, 76
nömrəli sərəncam, "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam
və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə
minmiş "Azərbaycan Respublikasının dövlət
dili haqqında" qanun ölkəmizdə dil siyasəti və
dil quruculuğunun mükəmməl konsepsiyasını, onun
uzunmüddətli strategiyasını və aydın
proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında
böyük tarixi şəxsiyyət Heydər Əliyevin
yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi,
yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana
dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Prezident kimi fəaliyyət göstərdiyi
1993-2003-cü illər ərzində Heydər Əliyev
müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz
şəraitdə yaşaması naminə, ilk növbədə,
respublikada qanunçuluğun və hüquq qaydalarının
bərpasına nail olmuşdur. Ulu öndərin
düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir
ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə
qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini
günbəgün möhkəmləndirməkdədir.
Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik
xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla
yanaşı, Azərbaycan xalqının milli intibah və
inkişafının təməl sütunu olan ideyanın -azərbaycançılıq
məfkurəsinin banisi olmuşdur. Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki
çıxışında demişdir: "Azərbaycan ərazisində
olan hər bir vətəndaş milliyyətindən, dinindən,
siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni
hüquqa malik olmalıdır. Əgər biz
bunu əməli surətdə həyata keçirə bilsək,
Azərbaycan Respublikasında olan bütün xalqların,
bütün millətlərin tam birləşməsini təmin
edə bilərik". Azərbaycanda
multikulturalizmin və tolerantlığın möhkəmlənməsində
və inkişaf etdirilməsində də ulu öndər əhəmiyyətli
rol oynamışdır. Təsadüfi
deyil ki, o, respublikamızda multikulturalizmin də hüquqi və
siyasi banisi sayılır. 1993-cü ildə
ümummilli lider ikinci dəfə ölkə rəhbərliyinə
qayıtdıqdan sonra milli azlıqların ədəbiyyat, mədəniyyət,
dil, tarix və adət-ənənələrinin qorunub
saxlanmasına, həmçinin inkişaf etdirilməsi
üçün hüquqi bazanın formalaşdırılmasına
başlandı. Ölkəmizdə
multikultural ənənələrin dövlət tərəfindən
qorunması işində ən vacib məqam ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin
hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan
Respublikasının Konstitusiyasında əks olunmasıdır.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mənşəyindən,
irqindən, dinindən və dilindən asılı olmayaraq hər
kəsin hüquq və azadlıqlarına hörmət təmin
olundu.Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti
nəticəsində mədəniyyətlər və dinlərarası
dialoq siyasəti davam etdirilmiş, müxtəlif etnik və
dini qrupların Azərbaycanda bir arada, qardaş kimi
yaşamalarının təməli qoyulmuşdur.
Siyasi fəaliyyətinin
bütün mərhələlərində Vətənə,
xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub-yaratmaq
amalı ilə yaşamış ümummilli lider Azərbaycanın
gələcəkdə daha qüdrətli dövlət
olması üçün ölkəyə rəhbərliyə
layiq ola biləcək namizədini də
tövsiyə etmişdir. Vətənini canından artıq
sevən ulu öndər 2003-cü il prezident seçkilərindən
öncə xalqa müraciətində bildirmişdir:
"İlham Əliyev yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən Ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Multikulturalizm Azərbaycanda həyatımızın önəmli hissələrindən birini təşkil edir. 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin müsbət ənənələrindən bəhs edərkən bildirmişdir ki, Azərbaycanda yaşayan xalqlar uzun əsrlər ərzində multikulturalizm şəraitində yaşamışlar: "Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur".
Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev hazırda uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə bu günlərdə cəbhə xəttində rəşadətli Azərbaycan ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki - həm canlı qüvvə və həm də texnika sarıdan - verərək geri çəkilmişlər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirmiş və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırmışlar. Bütün bunlar digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığını sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və formalaşdırdığı Azərbaycan Milli Ordusu hazırda dünyanın güclü ordularından biri hesab edilir. Bu ordu işğal altında olan torpaqlarımızın tamamilə azad edilməsi üçün bütün zəruri vasitələrlə təmin edilmişdir, Vətənin ərazi bütövlüyünün bərpa edilməsi naminə döyüşə atılmaq üçün böyük ruh yüksəkliyinə malikdir və bunu son döyüşlər də sübut etdi. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasətinə sadiq qalaraq, torpaqlarımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xalqımızın heç vaxt yol verməyəcəyini qətiyyətlə bəyan edir.
Ulu öndərlə bağlı bu qeydlərimizi möhtərəm prezidentimizin məhz xalqın ürəyindən xəbər verən fikirləri ilə bitirmək istərdik: "Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir".
525-ci qəzet.- 2016.- 28 aprel.- S.4