Müəllim
Bakı Avrasiya Universitetində ad çəkilmədən
"müəllim" deyiləndə yalnız rektor Nazim
Hüseynli düşünülür. Məsələn,
birisi "müəllim gəlib" deyərsə, kimsə
ondan "hansı müəllim?" soruşmaz. Mənim yazım da bu MÜƏLLİM
haqqındadır.
Bəri
başdan bildirirəm: bu, bir yubiley yazısıdır - 30
apreldə professor Nazim Ziyad oğlu Hüseynlinin 60 yaşı
tamam olur. Əlbəttə, yubilyarın
ünvanına xoş sözlər söyləyərlər,
ona görə mən də dostum haqqında yalnız xoş
sözlər deyəcək və onun haqqında indiyədək
ürəyimdə saxladığım düşüncələrimi
oxucularla bölüşəcəyəm.
Müəllimi 1992-ci ildən tanıyıram. Onunla əməkdaşlığım
isə 1993-cü ilin noyabrından başlayır; onun
yaratdığı Ali Diplomatiya Kollecində - indiki Bakı
Avrasiya Universitetində (BAAU-da) o çağdan bugünədək
öncə baş müəllim, sonra dosent, daha sonra professor
kimi çalışmaqdayam. Başqa
sözlə, BAAU-da rektordan sonra ən "qədim" və
onu zamanca hamıdan çox tanıyan müəllim mənəm.
Özümüz də səmimi dostuq. Bu üzdən onun həm İNSAN, həm ALİM, həm
də REKTOR kimi şəxsi keyfiyyətlərinə, özəlliklərinə
yetərincə bələdəm. Tərcümeyi-halına
toxunmadan (bu haqda başqa qaynaqlardan bilgi almaq çətin
deyil) yalnız elə bu keyfiyyətlərindən danışacağam.
İNSAN
NAZİM HÜSEYNLİ
MÜƏLLİM bugünədək hansı əzablı,
çətin yollardan keçdiyini mənə dəfələrlə
danışıb, hətta başqalarına açmaq istəmədiyi
bəzi özəl sirlərini də mənimlə
paylaşıb. Həmin söhbətlərimiz və 23
boyunca apardığım müşahidələr Nazim Hüseynli
şəxsiyyəti haqqında məndə geniş və dəyişməz
təsəvvür yaradıb.
Hər şeydən öncə bunu deməliyəm ki,
Müəllim doğulduğu qədim Oğuz yurdu Gədəbəydə
el-obanın böyük sayğı bəslədiyi əsl-nəcabətli
bir nəslin övladıdır və belə nəslə mənsubluğun
məsuliyyətini dərk edərək soyadının
nüfuzunu daim yüksəltməyə
çalışıb. Müdrik el ağsaqqalı olan mərhum
atası Ziyad kişidən iftixar və sevgi ilə
ağızdolusu danışdığını,
atasının ona necə inandığını və
düzgün saydığı yolla getməsini
alqışladığını bu minnətdar oğuldan dəfələrlə
eşitmişəm. Əcdadlarına,
ata-anasına bəslədiyi sonsuz ehtiram onu mənim
gözümdə ucaldıb.
Müəllim iradəlidir. Həyatı əsla
yağ-bal içində keçməyib. Daim
çətinliklərlə, əngəllərlə üzləşib.
Bəzən uzaqlarından, bəzən ən
yaxınlarından gözlənilməz zərbələr alıb,
ancaq dözüb, yıxılmayıb, möhkəm iradəsi
sayəsində ayaq üstə dik dayanıb. Qabağına hündür-hündür
kötüklər, nəhəng daş-kəsəklər
yuvarladılıb, ancaq üstlərindən aşmağı
bacarıb. Yolunu dəyişərsə imtiyazlar təklif
edilib, ancaq sonralar əzab çəksə də doğru
bildiyi yoldan heç zaman vaz keçməyib, həyatda daim
öz yolu, öz seçimi olub!
İnadcıl və mübarizdir. Universitetin
Riyaziyyat fakültəsini bitirib. Neçə
illər bu ixtisas üzrə çalışıb, ancaq
dissertasiya mövzusunu tamam başqa bir sahədən - fəlsəfədən
götürüb. Götürüb və başına
iş açıb. Ona dodaq büzənlər,
filosofluğundan bir şey alınmayacağını söyləyənlər
az olmayıb. Xoşbəxtlikdən,
Tanrı onun yolu üzərinə elmi rəhbəri, ciddi və
tələbkar professor Cəmil Əhmədlinin simasında
qayğıkeş bir hami çıxarıb. Uzun müddət onu ən çətin mövzularla
sınağa çəkən Cəmil müəllim, nəhayət,
öz yetirməsinin gücünə tam inanaraq ondan maddi və
mənəvi yardımını əsirgəməyib. Nəticədə Azərbaycan elmi fəlsəfənin
ən qəliz mövzularından sayılan təfəkkür
problemi üzrə ciddi araşdırmalara imza atan nüfuzlu
bir alim qazanıb.
Əməksevərdir. Həyatdakı
bütün uğurlarını yalnız beyninin gücü,
alnının təri ilə qazanıb. Bu gün də
iş yerində səhər saat 10-dan axşam 6-yadək
bilgisayar arxasında çalışmaqdadır. Dünyada ən dəyərli saydığı
şey kitab, ən sevimli məşğələsi oxumaq,
yazmaq və araşdırmaqdır. Özəl
kitabxanasındakı minlərcə nadir kitabın əksərinin
məzmunu onun beyin süzgəcindən keçib.
Doğruculdur. Yalan danışmağı əsla sevməz.
23 il müddətində ağzından nə
çıxdısa gerçək olduğunu gördüm. Ancaq yalançıları və onu yalançı
durumuna salanları qətiyyən sevmir, onları
bağışlamır.
Birüzlüdür. Həyatda zərbələrin
çoxunu da elə buna görə alıb. Adamı sevdiyini də, adama nifrət bəslədiyini
də birbaşa onun üzünə deməkdən çəkinməz.
Onun yanında sənin arxanca danışılmayacağına
arxayın ola bilərsən, çünki
qeybəti və qeybətçini əsla gözü görəsi
gəlmir. Kimsə onun yanında birisinin
dalınca danışarsa tez haqqında
danışılanı da tapıb gətirdir, onu qeybətçi
ilə üzləşdirir, həqiqəti ortaya
çıxarır.
Təvazökardır. Heç vaxt
özünü gözə soxmaz, şan-şöhrət,
ad-san dalınca qaçmaz. Həyatı
boyunca kimsəyə yaltaqlanmayıb, kiminsə
qarşısında əyilməyib, sınmayıb. Bu
üzdən çoxlu iş yeri, çoxlu rəis dəyişməli
olub. Özü yaltaqlığı sevmədiyi
kimi, özünə yaltaqlananlara da nifrət bəsləyir.
Ona şit tərif söyləməyə çalışan
bir çoxlarını nəinki sərt, hətta təhqiramiz
şəkildə dayandırdığının dəfələrlə
şahidi olmuşam.
Sözübütövdür, mərddir. Beləsinə el içində
"kişi adam" deyirlər. Hətta uzun müddət onunla kəskin rəqabət
aparan bir sıra düşmənləri də sonralar mərdliyini
görərək onun yaxın dostlarına çevriliblər
(onların adları mənə bəllidir). Bununla bağlı bir çox faktlar söyləmək
olar.
Vəfalıdır. Vaxtilə ona edilən
yaxşılıqların, göstərilən yardım və
himayənin heç birini unutmayıb, hər birinin əvəzini
qat-qat artıqlaması ilə çıxmağa
çalışıb. Bir zaman onun əlindən
tutmuş hər kəsə bu gün əl uzatmağı
özünə borc sayır.
Ürəyiyumşaq və həssasdır. Bir dəfə
kabinetinə girəndə sarsıldım - gözlərindən
yaş süzülürdü. Təlaşla
nə olduğunu soruşdum. "Nəvələrim..."
dedi, dalını gətirə bilmədi. Ürəyim
qopdu. Fəlakət baş verdiyini düşündüm.
Bir az toxtaqlıq tapdı, nə baş
verdiyini soruşdum. Nəvələrinin Bakıdan başqa yerə
getdiyini, onların ayrılığına dözmədiyini
deyincə az qala gülməyim tutdu.
Axı mən də nəvələrimi çox, lap çox
istəyirəm, ancaq bu qədər də yox! Həmin gün
Nazim müəllim gözlərimdə bir az
da ucaldı.
Ancaq ailəsində çox tələbkardır. Övladlarının
tərbiyəsinə ciddi fikir verir, onlara öz zəhməti
ilə yaşamağı təlqin edir. Universitetdə
iki qızına dərs demişəm. Onların
rektorun övladları olduğunu yalnız dərs ilinin sonunda
başqalarından öyrənmişəm.
Yumoru sevəndir. Bəzən ciddi bir fikrini
qarşıdakına incə yumorla çatdırır. Məzəli lətifələr
danışmağı və dinləməyi, söhbət əsnasında
məzmuna uyğun məsəl çəkməyi
xoşlayır.
Sadaladığım bu formalaşmış müsbət
keyfiyyətləri, sözsüz ki, onun ciddi alim və rəhbər
işçi kimi fəaliyyətində də özünü
göstərir.
ALİM
NAZİM HÜSEYNLİ
Yuxarıda da dediyim kimi, Müəllim elmə kiminsə
tövsiyəsi ilə, kiminsə qanadı altında deyil,
öz ürəyinin hökmü ilə gəlib və
yalnız ürəyinin bəyəndiyi ixtisasları
seçib. Riyaziyyatı və fəlsəfəni (o sıradan məntiqi)
əla mənimsəməsi nəinki başqa elm sahələri
üzrə araşdırmalar apararkən, hətta universitetə
rəhbərlik işində də onun qolundan tutub. Belə ki, iti riyazi təfəkkürü, hər
bir hadisə və faktı məntiq süzgəcindən
keçirərək onların fəlsəfəsini müəyyənləşdirə
bilməsi elmi araşdırmalarda və inzibati rəhbərlikdə
onun imkanlarını hədsiz genişləndirib. Üzərində çalışdığı
mövzular nəyə aid olur-olsun, ilk növbədə
onların MAHİYYƏTini müəyyənləşdirir və
məntiqlə nəticə çıxararaq öz
hökmünü verir. İstər
oxuduğu elmi əsərlərdə (ən nüfuzlu alimin qələmindən
çıxsalar belə), istərsə də
qatıldığı elmi müzakirələrdə onun ən
etibarlı silahı həmişə MƏNTİQ olur. Buna görədir ki, qarşısındakı şəxsin
haradansa əzbərlədiyi və mahiyyətinə vara bilmədiyi
basmaqəlib düşüncələrini o, asanlıqla
"tərk-silah" edir və özünün məntiqlə
silahlanmış antitezisini irəli sürərək qəbul
etdirə bilir.
Nazim Hüseynli fəlsəfə üzrə bir sıra
ciddi monoqrafiyaların müəllifidir. Onların içərisində
2003-cü ildə nəşr edilmiş 490 səhifəlik
"Təfəkkürün anlayış-kateqorial aparatı:
qnoseoloji və metodoloji təhlil"ini ayrıca qeyd etmək
istəyirəm. 5 fəsildən ibarət bu əsərin
sırf fəlsəfədən danışan, riyazi
düsturlar və sxemlərlə dolu 3 fəsli mənə
Çin dili qədər qəliz göründüyünə
görə onlardan yan keçirəm. Ancaq özəlliklə
"Dil problemi: tarixi-qnoseoloji yanaşma" adlı 2-ci,
"Adların təbiəti, statusu və funksiyaları"
adlı 4-cü fəsillərdə dilin fəlsəfəsini
elə yüksək peşəkarlıqla incələyib ki,
açığı, Azərbaycan dilçiliyində bu səviyyədə
yazılmış ikinci bir araşdırma xatırlamıram.
Filosof müəllif dilə tarixi baxışları, dilin
işarələr sistemi olduğunu dünya filosof və
dilçilərinin görüşlərinə tənqidi
yanaşmaqla təhlil edib, dil abstraksiyalarının özəlliklərini
açıqlayıb, sözün təbiəti, sözün
qiyməti, təfəkkür, dil və nitqin
qarşılıqlı əlaqəsi və bu əlaqənin
adların formalaşmasının zəruri şərti
olması, adların quruluşu, çoxluqlar nəzəriyyəsi
və adlar üzərində əməliyyatlar, adların
düşüncənin başqa biçimləri ilə
qarşılıqlı əlaqə və təsiri...
haqqında elmi ədəbiyyatımızda ən yeni fikirlər
söyləyib. (Burasını da unutmayaq ki, bu əsərində
alim bir çox yeni terminləri dilimizdə ilk dəfə
yaradaraq işlədib). Onun dillə
bağlı ən çətin nəzəri problemləri belə
asanlıqla təhlil edə bilməsinin qaynağını mən
dərindən bələd olduğu fəlsəfə və
riyaziyyat üzrə biliklərini dilə uğurla tətbiq edə
bilməsində görürəm.
Bu
yaxınlarda ikimiz ali məktəblər
üçün "İxtisas dili" fənni üzrə
ortaqlı proqram tərtib etdik. Əslində
dörd fənni özündə birləşdirən həddən
artıq ağır proqramdı. 4-5 ay
çəkən müzakirələrimiz, yeniləşdirmələrimiz
nəticəsində ortaya yeni və çox maraqlı bir elmi-metodik
əsər qoyuldu. Mən bu zaman Müəllimin
dilin fəlsəfəsini, dilçiliyin mahiyyətini nə qədər
gözəl bildiyinin bir daha şahidi oldum.
Müəllim filosof və riyaziyyatçı olsa da
tarixşünaslıq və dilçilik sahəsində də
öz sözünü deyib. Ancaq vacib bir məsələyə
toxunmadan bu mövzuya keçmək olmaz - Nazim Hüseynli
Türk olması ilə fəxr edən, Türklüyü bəşər
tarixinin ən şanlı səhifələrindən biri sayan
və bunu öz çalışmalarıyla sübuta yetirməyə
çalışan Türk oğlu Türkdür! Onun bütün filoloji araşdırmaları bu ruhla
yoğrulub.
Ömrünün
son illərini, demək olar ki, başdan-başa Şumer
probleminə həsr etmiş Müəllim bütün
dünyada Şumerlə, Şumer dili ilə bağlı nəşr
edilmiş ən başlıca əsərləri toplayaraq
onları diqqətlə öyrənib, bilmədiyi dillərdə
yazılmış əsərlərlə isə tərcümədə
tanış olub. Onun Şumer mövzusunda
dəyərli kitabları çıxıb. Jalə Məmmədova
ilə müəllifdaş olduğu 356 səhifəlik
"Türk dillərinin genealogiyası: Şumer
və Türk leksik paralelləri" (Bakı:
"Nağıl evi", 2012) əsərini isə ümumən
şumerşünaslığın nailiyyətlərindən
saymaq olar. Hər dəfə
görüşdüyümüzdə tezliklə inzibati
işləri yekunlaşdırıb bütün qalan
vaxtını Şumerə həsr etmək arzusunda olduğunu
dilə gətirir.
Azərbaycan
gerçəkliyi bizi bir eybəcərliklə
qarşılaşdırıb - bəzi rektorlar əllərindəki
maddi və inzibati imkanlardan yararlanaraq az müddətdə
"dahiyə" çevrilir, onlarla monoqrafiya, yüzlərlə məqalə
"yazırlar". Mən vaxtilə akademiklər
içərisində yalnız rəhmətlik Ziya Bünyadovu
başqasının yazdıqlarına öz adını
sırımayan gördüm, indisə Müəllimi buna
örnək göstərə bilərəm. Cəsarətlə deyirəm ki, o, bugünədək
öz qələmindən çıxmayan heç bir
yazının üstündə öz adının
yazılmasına icazə verməyib.
REKTOR
NAZİM HÜSEYNLİ
Mən rektorumu da pis tanımıram. Doğrudur, o,
1993-cü ildən üzübəri dəfələrlə
prorektor, dekan, kafedra müdiri olmağı mənə təklif
etsə də qətiyyətlə boyun
qaçırmışam, çünki yaradıcı insan
üçün müəllimlikdən
yaxşısının olmadığını
düşünürmüşəm. Ancaq
2015-ci ildə "saqqızımı oğurlaya" bildi, məni
yüksək maaşla 1-ci prorektor təyin etdi. Səhər
saat 9-dan axşam saat 6-yadək kabinetdə oturmağa vərdiş
etməməyim bir yana, işlədiyim
müddətdə özüm üçün bir sətir belə
yazmağa vaxt tapmamağım bir müddətdən sonra
istefa verməyimlə nəticələndi. Əlbəttə,
bu istefa daim səmimi olmuş şəxsi münasibətlərimizdə
azacıq da təsir göstərmədi.
Prorektor
kimi çalışdığım müddətdə Müəllimin
şəxsi özəllikləri ilə yanaşı,
iş üslubu ilə də daha yaxından tanış oldum.
Doğrudur, bəyənmədiyim,
razılaşmadığım hallar da ortaya çıxdı
və bunları özünə dedim, mənimlə də
razılaşdı, ancaq onlar bütövlükdə müsbət
işlərin heç yüzdə biri də deyildi.
Mən
Aydın Məmmədov, Fatma Abdullazadə, Cahangir Qəhrəmanov,
Nəcəf Nəcəfov, Əbülfəz Elçibəy,
Firidun Cəlilov... kimi tanınmış şəxslərin rəhbərliyi
altında çalışmış, onların hər birinin
insani keyfiyyətlərindən və idarəçilik təcrübələrindən
az-çox yararlanmışam. Nazim müəllimlə
birgə işdən də mənəvi qazanclarım olub.
Rektor Nazim Hüseynlidə hansı müsbət özəllikləri
görmüşəm?
O,
qurucudur. 1992-ci ildə özülünü qoyduğu Ali
Diplomatiya Kollecini bu gün Azərbaycanın özəl ali məktəbləri
arasında özünə şərəfli yer
qazanmış nüfuzlu Bakı Avrasiya Universitetinə
çevirib, Universitet üçün möhtəşəm
müasir tədris korpusu tikdirib, məktəbin güclü
maddi-texniki bazasını yaradıb, burada ölkənin
tanınmış alimlərindən ibarət pedaqoji kollektiv
formalaşdırıb və bu işə ömrünün
üçdə birindən artığını - 24 ilini sərf
edib! Universiteti yaşatmaq üçün nə qədər
mənəvi-psixoloji əzablara qatlaşmalı olub! Hətta
bir-iki dəfə rektorluqdan da çəkilib ki, təki
Universitet yaşasın, axı bu ali məktəb
ona doğma övladı qədər əzizdir.
Özünə və başqalarına qarşı hədsiz
tələbkardır, güzəştsizdir. Özünün verdiyi
söz də, ona verilmiş söz və tapşırıq da
hökmən yerinə yetirilməlidir! Boş vədlər,
süründürməçilik, yalançı hesabat onu əsəbiləşdirir,
bəzən elə dözümsüz edir ki, hər
sözünü bir batman balla yemək olmur. (Əlbəttə, bunun şəxsən mənə
dəxli olmayıb). Xüsusən özünün deyil,
başqasının ağlı ilə iş görən, qərar
qəbul edən və yanlış nəticə
çıxaran adamı, yumşaq desək, sevmir.
Yenilikçidir. Bakı Avrasiya Universiteti Azərbaycanda Avropa
Kredit-Transfer Sisteminə (Bolonya prosesinə) qoşulan ilk ali məktəblərdəndir. Hamıya
bəllidir ki, bütün universitetlərimiz rəsmən həmin
sistemə qoşulsa da onların əksərində tədris
prosesi hələ də əsasən köhnə metodlarla,
köhnə proqramlar üzrə aparılmaqdadır. BAAU
rektorunun kabinetinə yolu düşən hər kəs Allah
şahididir ki, Müəllim səhərdən axşamadək
laborantlarla, mütəxəssislərlə birgə bilgisayar
qarşısında oturaraq şəxsən özü yeni
sistemin tələblərinə uyğun tədris-metodik-elmi-inzibati
sənədlər bazası yaradır, yaxud bu işə rəhbərlik
və nəzarət edir, Universitetdə həmin bazanın tətbiqi
üçün yeni qurumlar təşkil edir. Onun şəxsən
özünün yaratdığı kodlaşdırma sistemi və
bir çox başqa ilkləri bütün ali
məktəblərimizə örnək ola bilər.
Təşəbbüsü dəstəkləyəndir. İstər müəllimlər,
istər inzibati işçilər Universitet üçün
faydalı ola biləcək hər hansı
faydalı təşəbbüslə ona müraciət etdikdə
dərhal dəstəkləyir və həmin təşəbbüsün
gerçəkləşdirilməsinə imkan yaradır. Bunu Universitetdə çalışan
işdaşlarımın əksəri təsdiq edə bilər.
Qayğıkeşdir. Ən böyük istəyi tələbələrin yaxşı savad almasıdır. Yaxşı oxuyan tələbəni isə sevir və onun nazı ilə oynayır. Yaxşı oxuyan, ancaq müxtəlif subyektiv səbəblər üzündən problemlərlə üzləşmiş tələbələrimlə bağlı bir neçə dəfə ona müraciət etmişəm və hər dəfəsində ondan canıyananlıq görmüşəm.
Gənc kadrların yetişdirilməsinə xüsusi diqqət yetirir. Belə ki, Universitetin öz məzunlarının öncə magistraturanı, sonra da doktoranturanı bitirərək dissertasiya müdafiə etməsi və yetişmiş alim kimi öz doğma ocağında müəllimliyə başlaması üçün istənilən şərait yaratmağa, hər cür güzəştə getməyə hazır olduğunu daim bəyan edir.
Yaxşı müəllimə qiymət verəndir. Özəlliklə bu ildən Universitetdə müəllim əməyinin yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanılıb. Bütün fəaliyyəti və müsbət keyfiyyətləri nəzərə alınmaqla yaxşı və "adi" müəllimlər bir-birindən fərqləndirilir və bu fərq onların maaşında öz əksini tapır.
Rektorun ən mühüm xidmətlərindən biri Universitetdə rüşvətin kökünün kəsilməsidir. Doğrudur, ilk onillikdə belə hallara az da olsa rast gəlinirdi və rüşvətxorlar Universitet rəhbərinin inanaraq mühüm vəzifə tapşırdığı insanlardı. Kənardan siqnallar gəldikcə rektor bunun üstündə hətta ən yaxın adamlarına belə güzəştə getmədi və onları Universitetdən təmizlədi. Bu gün əlimi ürəyimin üstünə qoyub əminliklə deyə bilərəm ki, heç bir BAAU tələbəsi Universitetdə rüşvətin nə olduğunu bilmir. Belə təmiz bir mənəvi mühitdə çalışmaq isə ilk növbədə pedaqoji kollektivə ilham verir.
Əlbəttə, mən bu qısa yazıda dəyərli dostum, dərin ehtiram bəslədiyim gözəl insan Nazim Hüseynli haqqında ürək sözlərimin hamısını deyə bilmədim. 60 illik yubileyi münasibətilə onu ürəkdən təbrik edir, ona bundan sonra ürəyi istədiyi qədər uzun, ancaq sağlam ömür sürməsini, sevimli nəvələrinin toyunu görməsini diləyir, ürəyində cücərən bütün arzularının qol-budaq ataraq bar verməsini arzulayıram!
Allah onu dostlarının və düşmənlərinin qarşısında daim indi olduğu kimi başıuca, alnıaçıq etsin, inşallah!
Ədalət
TAHİRZADƏ
Bakı
Avrasiya Universitetinin professoru
11.04.2016
525-ci qəzet.- 2016.- 29 aprel.- S.7