Çinarlı bölgənin rəşadətli
övladı - Teymur Qasımov
Vətəni qibləgah edən şəhidlər
-IX yazı
Çinarları başbaşa verən,
torpaqdan göylərə
salam aparan
Göyçay torpağı!
O torpaqda nə yetişsə, saf yetişir. Hələ dünyada brend
edə bilmədiyimiz narından danışmıram.
İndi düşünürəm ki,
o narın, torpaqda lalələnən çiçəklərin
rəngindədir şəhid
qanları. Boy-boya
vermiş çinarlar
mənə həmişə
mərd, gənc oğlanları xatırladıb.
Bəzən keşik çəkən
əsgərlərə, bəzən
də nişanlısını
gözləyən qızlara
bənzətmişəm. Çinarlı yollardan keçib,
Qasımovların evini
bələdçimiz İbrahim
Məmmədovun vasitəsi
ilə tapdıq.
Qasımovlar ailəsinin qapısını
döydük. Şanlı Azərbaycan
bayrağı bu qapının da üstündə dalğalanırdı.
Ev sahibləri bizi çox mehriban qarşıladılar. Haradan gəldiyimizi
soruşmadan başa keçirdilər. Məramımı-məqsədimi
deyəndən sonra, bizim dünənə qədər tanımadığımız,
bu gün isə bütün Türk dünyasının
tanıyıb fəxr
duyduğu Vətən
qəhrəmanı, 20 yaşı
hələ tamam olmamış şəhid
Teymur Qasımov barədə danışdılar.
Atası Mikayıl dedi ki, bir
çox azərbaycanlılar
kimi illərdir ki, ailəsini dolandırmaq üçün
Rusiyada işləyir.
Oğlunun Vətən torpağı
uğrunda şəhid
olması xəbərini
eşidib, yola çıxsa da, gec gəlib çatıb, onu torpağa əmanət edəndə, elin-obanın
içərisində olmayıb.
Dəfndə böyük qardaşı
Məhəmməd Qasımov
iştirak edib. Onu da dedi
ki, Teymur 1941- 1945-ci ildə Böyük Vətən müharibəsində
həlak olmuş əmiləri Teymurun adını daşıyırdı.
Cəbhədə qalibiyyət bayrağını
asanda alman gülləsindən həlak
olub. Onun haqqında Rusiyada,
Ukraynada kitablar yazılıb. O vaxt Kremlin
rəhbərlərindən olan Ustinovdan şanlı məktub da almışdıq. Hətta Lvova ailəmizin üzvlərini
bir neçə dəfə anım tədbirlərinə dəvət
ediblər, maddi imkanımız olmadığından
əmimizin adına
olan mərasimlərdə
iştirak edə bilməmişik. Teymur əmidən heç
bir nişanə qalmayıb. O da dünyadan cavan köçüb. Oğluma əmimizin
adını vermişdik
ki, onun şərəfini yaşatsın,
gənc ruhu sevinsin. Sən demə Teymurun
ömrü elə babasının ömrü
qədər imiş.
Ancaq neyləyə bilərik, hər kəsin bir alın yazısı var. İndi bir oğlum
qalıb,- deyir və gözlərinin
yaşını sel kimi axıdır Mikayıl...
Valideyn üçün övlad itkisi ağırdır. Atalar səssiz ağlayar, atalar çox vaxt göz yaşlarını ürəklərinə axıdarlar.
Söhbətimizə Teymurun əmisi Məhəmməd Qasımov qoşulur.
- Qardaşım Mikayıl Rusiyada işlədiyindən gözüm həmişə bu ailənin üstündə olub. Neçə dəfə xidmət etdiyi hərbi hissəyə getmişdik, xidmətindən çox razı idi. Bir il 6 ay idi ki, hərbi xidmətdə idi,Teymur. Aprelin 2-də Vətən qarşısında borcunu yerinə yetirərək evə qayıdacaqdı. Özünü gözləyirdik. Düşmən təxribatı başlamazdan 2 gün əvvəl, martın 31-i kiçik qardaşı Turala zəng vurub deyib ki, anadan muğayat ol, atamı sənə tapşırıram. Özü də bərk-bərk tapşırıb ki, evdə kimsəyə bu barədə söz deməsin. Oğlumuz snayperçi idi. Qorxmaz bir oğul idi. Hərbi hissədə komandirləri ondan həmişə razılıq edirdi. Nə qədər təşəkkür məktubları gəldi evimizə. Fəxr edirdik onunla ki, gedib nəslin-kökün adını şərəflə doğruldur. Sən demə, hələ bir belə şərəfə də yüksəldəcəkdi bizi. Onun tabutunu həyətimizə gətirəndə qarşısına mən çıxdım, ürəyim param-parça oldu. Ancaq tabutun üstündəki bayrağı, darvazamızın üstündə dalğalanan, məhəlləmizi bəzəyən bayraqları görəndə içimdə bir titrəyiş keçdi. Ağladım ki, bizi bu MƏQAMA çatdırdın! O hissin adını deyə bilmirəm. Onu yaşamaq şərəf olsa da, istəyirəm ki, Vətən torpaqlarımız qurbansız, şücaətlə alınsın. Sən getmə, mən getməyim, sən ölmə, mən ölməyim... Bəs kim xilas edəcək, kim qoruyacaq bu torpaqları... Düşmənimizin axırına kimsə çıxmalıdır. Bu gün biz müharibə istəyirik. İcazə versinlər, yığsınlar bizi, gedək torpaqlarımızı azad edək. Onda bilərəm ki, balamızın qanını almışam. İstəmirəm bu qan yerdə qalsın...
Oğlunu yuxuda görüb toxtayan ana
Bu evdə bir sakitlik, bir şəffaf düzən var. Teymur Qasımovun anası Gülnarın başına yığılan qadınların əksəriyyəti yaxın qohumlarıdırlar. Abırlı-ismətli, gözəl-göyçək ağbirçəklərdir hamısı. Deyirlər ki, Gülnar çox cavandır . Heç 45 yaşı olmayıb. Bu ağır dərdi daşıya bilmir. Neyləsələr də ananı ovuda bilmirlər. Ancaq bu günlərdə oğlu Teymur anasının yuxusuna gəlib. Gülnar yuxusunda görüb ki, göydən xoş bir avazla gözəl kəlmələr gəlir. Həmin sözləri Gülnarın böyük bacısı təkrar edir. Sözlər yerə endikcə, ananın qarşısındakı stəkana su damcıları dolur. Su stəkanın yarısına çatanda Teymur, stəkanı götürüb anasına verir və deyir ki: "Ana, iç, ağlama, bu, səbr suyudur! Ana məni az ağla. Ağlama..." Boynu bükük, gözləri qəmdən solmuş Gülnar, yalnız bu yuxunu görəndən sonra bir az toxtayıb...
Qasımovlar ailəsindən ayrılanda anaya toxtaqlıq verə bilmədim. Balasından ömürlük ayrılan ananın ağrı-acısını hansı sözlə yüngülləşdirmək olar ki?! Bu ayrılığın qarşısında söz acizdir.
Bizi yola salmaq üçün ailə üzvlərinin hamısı ayağa durdu. Darvazaya qədər ötürdülər. Gecənin qaranlığında bir həsrətin də acısına belə şərik oldum. Onu da öyrəndim ki, Teymur Qasımov, Göyçayın Çarıxlı kəndinin 10-cu şəhididir. Teymur o şəhidlərin hüzuruna üzüağ getmişdi. Çünki həmin gün alınan bir ovuc torpağımızda onun da qanı, haqqı var. Şəhidlik Məqamın mübarək olsun, Teymur Qasımov!
Göyçaylılar savaş əmrini gözləyirlər!..
Teymur Qasımovun ömründən , ailəsindən bəhs etdiyim yazını burda da bitirə bilərdim, lakin bizə bələdçilik edən İbrahimin dediklərini əlavə etməklə, göyçaylıların Vətən sevgilərini anlatmaq istədim. İbrahim dedi ki, 2006-cı ildə Murov dağının zirvəsində, ən soyuq yerdə əsgəri xidmətdə olub. Hərbi hissədə şəraitsizlik, əsgərlərə soyuq və ögey münasibət hökm sürürmüş. Amma o vaxtdan indiyə çox şey dəyişib, hərbi xidmət keçən qohum-əqrabanın, dost-tanışın uşaqları şəraitdən, münasibətdən razıdırlar. Analar əsgəri Vətənə, Vətəni əsgərə əmanət edirlər. Aprel ayının əvvəllərində 4 gün davam edən müharibənin uğurları da elə bugünkü qayğının, əsgərə olan yüksək münasibətin nəticəsidir.
Oğullarımız yenə də "uf" demədən, özlərini Vətən yolunda qurban etdilər, canlarından keçdilər. Həmin günlər Göyçayın cavanlı- qocalı insanları göz yummadılar. Cəbhə bölgəsindən alınan xəbərlər insanlarda böyük ruh yüksəkliyi yaratmışdı. Kasıb-kusub, əlacsız, küsgün insanlarımız hətta məmurların onlara qarşı etdiyi haqsızlıqları da unudub, Vətən uğrunda döyüşə hazır dayanmışdılar. Müharibə dayandıqdan sonra, hamı məyus oldu, bu gün də göyçaylıların qulağı səsdədir, hər kəs Vətəni azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir.
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 29 aprel.- S6