Əsir düşmüş Dədəlinin
şəhid oğlu
Bəlkə elə bu da bir tale yazısı idi,
işğalına dözə bilmədiyimə görə 20
ildən artıq bir müddətdə ayaq
basmadığım Füzuliyə getməli oldum.
Qarabağ
uğrundakı döyüşlərdə misli görünməmiş
igidlik göstərib qəhrəmancasına həlak olmuş,
Azərbaycanın cəsur oğlu mayor Elnur Əliyevlə ilk
dəfə, həm də elə axırıncı dəfə
onda, keçən ilin bu vaxtı görüşüb tanış olduq. Elnurla yaxın
münasibətimiz olmasa da bu nəsli yaxşı
tanıyıram. Bu şəcərənin
qəribə bir alın yazısı var. Hələ keçən
əsrin əvvəllərində ulu babasını ermənilər
qətlə yetirmiş. Oğlunun
babası Əli 1960-cı ildə Kalininqradda hərbi xidmətdə
olarkən suda boğulan iki azyaşlını xilas edib
üçüncünün ardınca üzəndə
özü də həlak olmuşdu.
...Əhmədbəylidəki dördyolu keçəndə
Horadizə gedən yolun sol tərəfindəki lövhədəki
mənzərə gözlərimi qamaşdırdı. Uzaqda, dağın ətəyində
sapsarı taxıl zəmisi, bir az bəridə
asfalt yolun qırağında göz yaşı kimi dupduru kəhriz
axır, ondan da o yanda təndirin üstündə iri hərflərlə
"Dədəli çörəyi"
yazılmışdı. Bu mənim, həm də
bu gün adı hər yerdə hörmətlə çəkilən,
aprelin əvvəllərində erməni təxribatına
qarşı vuruşlarda şəhid olmuş mayor Elnur
Əliyevin doğulduğu kəndin adı idi. Maşını necə saxlayıb aşağı
düşdüyümü indi də xatırlamıram. Lövhənin yaxınlığındakı təndirin
başında dövrə vuran qadınlarla salamlaşdım.
Bu saf qəlbli insanlar tanımaza-bilməzə məni
doğmaları kimi qarşıladılar. Heç
birini tanımasam da fəhmlə çoxlarını kimlərəsə
oxşatdım. Babalarının, nənələrinin
adını çəkib: - Sən Astan əminin, sən Matan
xalanın nəvəsisən? - deyə
soruşdum. Onların gözlərində sevinc
qığılcımları parladı. Sualıma sualla
cavab verdilər: - Siz Astan babanı (o vaxt kənddə
hamının dəyirmançı kimi tanıdığı
Aslan kişiyə Astan deyə müraciət edirdi)
tanıyırdınız, Museyib babanı
görmüşdünüz?
Söhbətimizə
o an yanımızda dayanan hərbi nömrə nişanlı
maşının əyləc səsi üzündən ara verməli olduq. Sükan
arxasından yerə atılan gənc zabit şax addımlarla
mənə yaxınlaşdı, çoxdan
tanıdığı əzizi kimi qucaqladı.
"Hamımız Dədəlidənik"-dedi. Bax, bu sizin dostunuz Əli babanın həyat yoldaşı
Ətlasdır. Sonra da çörək bişirənlərə
tərəf dönüb: - "Tanımadınız? Əli babanın dostudur",-Tahir əminin
qardaşı, Suquş nənənin Bakıdakı oğludur
(anamın adı Şükufə olsa da kənddə hamı
onu Suquş nənə deyə çağırırdı).
...Aramızdakı yaş fərqinə baxmayaraq söhbətimiz
alındı, fikirlərimiz də, arzularımız da
üst-üstə düşürdü. Elnur Dədəlidə
keçirdiyi günləri xatırladı: kənd
adamlarının necə sadə, qayğıkeş,
yanımcıl olduğunu yada saldı. Kənddə
bizə qarışqanı tapdamağın da günah
olduğunu aşılamışdılar. Fikrini təsdiqləmək
üçün qəribə bir misal da çəkdi:
Üçüncüdə oxuyurdum. Quşatanla
bir bildirçin vurub sevinə-sevinə evə gətirdim.
Elə bilirdim ki, quş vurduğuma görə nənəm məni
qucaqlayıb öpəcək, amma arvad elə
qışqırdı ki, o səs indi də qulaqlarımda
cingildəyir:- ermənisən, ilin bu
vaxtında bala üstündə yatan quşu vurarlar, bəs
onun balalarını... Daha sözünün
dalını gözləmədim, qonşu uşaqları da
götürüb zəmiyə qaçdım. Anasız qalmış balaların harayı lap uzaqdan
eşidilirdi. "Yetimləri" yuva ilə
birlikdə evə gətirdim, pərvazladıb uçurdana
kimi Fizzə nənə ilə birlikdə onlara analıq etdik.
O gündən sonra daha heç ağcaqanadı da
öldürməyə əlim gəlmirdi. Amma ermənilər
Xocalıda körpələri süngüdən keçirib,
qız-gəlinləri qanına qəltan eləyəndən,
kəndimizə bir-birinin ardınca şəhidlər gətiriləndən
sonra dəyişdim, daha doğrusu həyat məni dəyişdi,
indi mən həmin Elnur deyiləm...
- Deyirlər
siz həm də yaxşı snayperçisiniz?..
- Snayper
deyəndə ki, atmağı bacarıram. Amma
az-az atıram. Onlar bizə üç dəfə
atəş açanda bir dəfə də mən tətiyi
çəkirəm.
Elnurun fikrini zabit yoldaşı tamamladı. "Elnur
quşu gözündən, ermənini biləyindən
vurur". İkisi də gülür.
Elnur bir qədər sakit halda: - Mən istəyirəm ki, onlar
torpaqlarımızdan qan tökülmədən
çıxıb getsinlər, -dedi. - Amma getmirlər. İstəsəm hər gün neçəsini
başından vuraram, amma biləyindən vururam ki,
bütün ermənilərə görk olsun, görənlər
desinlər ki, o qolu kəsik oğlan Qarabağdakı ədalətsiz
müharibədə şikəst olub. İndiyə
kimi cəmi on yeddi dəfə erməniyə güllə
atmışam, on yeddi ermənini tək qol etmişəm.
..."Dədəli
çörəyi" yazılmış lövhəyə kədərli
baxdığımı görən Elnur söhbəti dəyişmək
üçün: - Bu təndiri tikdirmişik ki, gəlib gedənlərə
əsirlikdə qalan Dədəli adını, kəndimizi
xatırladaq. Axşamlar
bu ərtafdakı dədəlilərin hamısı bura yığışır.
...Bu kənddəki dədəlilərin hamısı
çörəklərini bu təndirdə bişirirlər...
Özümüzə rahat ev-eşik düzəltsək
də ürəyimiz o əsirlikdə qalan kəndimizdədir.
Qoca da, cavanda arzu, istəklə yaşayır, tezliklə kəndə
qayıdacaqlarından, ermənilərin
dağıtdıqları evin yerində ikimərtəbəli
imarət ucaldacaqlarından, uşaqlarının toyuna
Bakıdan hansı xanəndələri
çağıracağından danışırlar...
İlk baxışda qaradinməz təsiri
bağışlayan Elnur elə hey kənddən, kənddəki
kəhrizdən, İkinci Dünya müharibəsində həlak
olanların xatirəsinə əkilmiş çinardan
danışırdı. İndi fikirləşirəm ki, bəlkə Elnur bunların
hamısını bilərəkdən,
düşünülmüş halda mənə
çatdırmaq istəyirmiş. Bəlkə də bu onun
yazılmamış arzuları, kimsəyə deyə bilmədiyi
vəsiyyəti idi: "...Adımı kəhrizin
başındakı çinara yazın...".
Elnurla söhbətimiz xeyli çəkdi. Öyrəndim ki, əzəldən
taleyi uğursuzluğa düçar olan Elnur Əliyev hələ
ata-anasını neçə il əvvəl
qaçqınlıq illərində itirib... 1991-ci ildə kənddəki
orta məktəbin 9-cu sinfini bitirdikdən sonra
C.Naxçıvanski adına hərbi məktəbdə təhsil
alıb, 1994-1998-ci illərdə H.Əliyev adına Bakı
Ali Birləşmiş komandanlıq məktəbində oxuyub.
1998-2013-cü illərdə Azərbaycanın qərb
bölgəsində Tovuz rayonunda tağım komandiri və
bölük komandiri, 2013-2014-cü illərdə Bərdədə
taborun qərargah rəisi vəzifələrində işləmişdir. Son iki ildə isə
öz xahişi ilə Füzuli bölgəsinə
bölük bölmə rəisi vəzifəsinə göndərilmişdir.
Püxtələşmiş zabit kimi Füzuliyə
qayıdıb, neçə dəfə dövlət
mükafatları ilə təltif olunub. Orduda qüsursuz
xidmətlərinə və digər müsbət keyfiyyətlərinə
görə ötən müddətdə beş
dəfə müxtəlif dövlət mükafatları və
medallarla təltif olunmuşdur.
Füzuli
bölgəsinə gəlməsindən danışan Elnur dedi: - Tovuzda
bölük komandiri idim, işlərim də yaxşı
gedirdi. Amma Füzuli məni çox çəkirdi.
Axı bu tərəfləri yaxşı
tanıyırdım. Həm də istəyirdim
ki, torpaqlarımızı düşməndən azad edəndə
Füzuliyə birinci özüm girim, əsirlikdə qalan kəndimizə
bayrağı özüm sancım. Nazirliyə
ərizə ilə müraciət etdim. Razılaşdılar.
Elnur
öz peşəsini dərindən sevirdi: - Nə qədər
ki, torpaqlarımız azad olmayıb biz hamımız ilk
növbədə əsgər olmalıyıq, silaha
sarınmalıyıq - deyirdi. Hazırda Respublika Müdafiə
Nazirliyində xidmət edən kiçik qardaşı, mayor
rütbəli Amid, daha bir neçə
yaxın qohumu hərbçi peşəsini Elnurun tövsiyəsi
ilə seçmişlər.
Deyilənə görə, bir növ romantik xarakterli olan
Elnur cəbhədə görüb eşitdikləri barədə
gündəlik yazırmış, amma bu gündəlikdən əlimizə
heç nə keçmədi.
Füzuliyə aparıb Məngələnata (Füzuli
şəhərinin yaxınlığında ən uca təpədir)
təpəsinə sancmaq üçün illərdən bəri
özü ilə gəzdirdiyi, sonuncu döyüşdə
deşik-deşik olmuş bayraq, birdə cəbhə
yoldaşlarının ölümündən sonra onun cibindən
tapdıqları qana boyanmış bir parça
kağızdakı üç-dörd kəlmə hər
şeyi deyirdi: "...Kəndimizə qayıdanda məni
unutmayın, adımı kəhrizin başındakı
çinara yazarsınız..."
Kəhrizin başındakı çinar. Dədəlidə
iki kəhriz var. Biri kəndin ortasında, o birisi də
yalın o üzündə, "Daş yolun"
qırağındakı kəhriz. Bu kəhrizlərin
hər ikisini keçən əsrin əvvəllərində
kəndin imkanlı kişiləri qazdırmışlar, birini
kənddən xeyli aralıda, Füzuli-Cəbrayıl yolunun
qırağında üzə çıxarıblar ki, yol
adamları istifadə etsinlər, birini də düz kəndin
ortasına çəkdirmişlər. İkinci
Dünya Müharibəsi başlayanda kənddən müharibəyə
göndərilən cavanları adamlar elə o kəhrizin
başından yola salarmışlar. Kəhrizin
üstündəki o çinarı da o vaxt əsgərliyə
gedənlərin şərəfinə əkmişlər,
sonralar müharibədən qayıtmayanların anma mərasimləri
o çinarın kölgəsində keçirilərdi, ruhlarına
dualar oxunub ehsan verilərdi. Kənddəki
kəhriz kəndlilər üçün görüş yeri
kimi əbədiləşmişdi. Küsülülər
də o kəhrizin başında barışardılar, cavanlar
da öz həyat yoldaşlarını o kəhrizin
üstündə seçərdilər... Bəlkə Elnur da
elə buna görə...
Ayrılanda mobil telefonunun nömrəsini yazıb
vermişdi. Bakıya qayıdandan sonra da arabir telefon əlaqəsi
saxlayırdıq. Bayramlarda mən zəng edirdim, adi
günlərdə o. Hər dəfədə də Füzulidən,
doğma Dədəlidən danışar,
torpaqlarımızı düşməndən təmizləmək
üçün hər cür imkan olduğunu, orduda
böyük ruh yüksəkliyi yarandığını, bircə
komandanın əmrinə ehtiyac qaldığını deyərdi.
Ötən
müddətdə Elnurla olan telefon
danışıqlarımın, göndərdiyi SMS-lərin bəzilərini
indi də xatırlayıram: "...Bu gün Füzulinin
işğalı günüdür. Gecə səhərə
kimi üstümüzə güllə yağdırıblar.
Cavab verməyə gec başlasaq da əclafları
susdurduq, itkimiz olmadı... 23 avqust 2015"; "Dünən əsgər
yoldaşlarımızdan biri yaralandı. Mən də
iki erməninin sağ biləyini qırdım... 20 oktyabr
2015"; "... Dünən gecə
gözümüzü də yummamışıq. Dığalar səhərə kimi hara gəldi
atıblar. Hava işıqlaşanda iki dəfə tətiyi
çəkdim hərəsində də bir erməninin biləyini
qırdım, polkovnik-leytenant uşaqların yanında icazəsiz
atəş açdığıma görə
narazılığını bildirsə də, axırda
"çox sağ ol!" dedi!";
"...Son günlər yaman qudurublar, heç bayramı necə
keçirdiyimizi bilmədik. 24 mart
2016".
Aprelin 1-də
gecəyarı bir mesaj göndərmişdi: "Bizə
qarşı böyük təxribat başlayıb. Amma deyəsən,
xilaskarımız, vətənin xilasına icazə verib... Məni ön cəbhəyə göndərmək
istəmirlər. Komandirin yanına girib çox xahiş
etdim, birtəhər razı salmışam..." Bu bizim son əlaqəmiz oldu. Sonrakı
telefon zənglərinin heç birinə cavab gəlmədi.
Az sonra qara xəbər yayıldı.
Mayor Elnur Adil oğlu Əliyev şəhid oldu.
Yoldaşlarının
dedikləri:
... Neçə saat güllə
yağışının altında qalsaq da azğın erməniləri
xeyli geri çəkilməyə məcbur etmişdik. Lələtəpədə
cəbhə xəttindən xeyli aralıdan gələn
güllə səsindən və ermənilərin dirənişindən
hiss edirdik ki, geri çəkilənləri özləri
güllələyirlər. Biz düşməni
məhv etdikcə ardınca yeni-yeni qüvvə gəlirdi,
amma addım-addım da olsa irəliləyirdik. Təpəyə
çatmağa az qalmışdıq. Elnur
bir neçə addım sağa sürünüb
uşaqların qabağına keçdi və bizə əlbəyaxa
döyüşə hazır olmaq əmri verdi,
elə bu zaman erməninin atdığı qumbara aramıza
düşdü. Elnur bir quş cəldliyi ilə
özünü qumbaranın üstünə atıb: -
Aralanın, özünüzü qoruyun! - deyə
əmr etdi. Sonra da: "Heyif, axırını görə
bilmədim, Füzuliyə girəndə məni də
xatırlayın - dedi".
Elnurun cəsarətli
ölümü barədə "Azərbaycan" qəzetinin
5 aprel 2016-cı il tarixli sayında dərc
olunmuş rəsmi xəbərdə bildirilir:
"Aprelin 2-nə keçən gecə cəbhədə
erməni təxribatının qarşısını alarkən
qəhrəmancasına həlak olanlardan biri Elnur Adil oğlu
Əliyevdir. Mayor Elnur Əliyev Cəbrayıl rayonunun
işğal altındakı Lələtəpə yüksəkliyi
istiqamətində gedən döyüşlərdə
yoldaşlarını xilas etmək üçün
özünü ermənilərin tulladığı
qumbaranın üstünə ataraq qəhrəmancasına
şəhid olub. Elnur Əliyev Füzuli
rayonunun Dədəli kəndindəndir".
lll
Aprelin 3-də
torpaqlarımızın azadlığı uğrunda
döyüşlərdə qəhrəmancasına həlak
olmuş mayor Elnur Əliyevi son mənzilə yola salmağa
minlərlə həmyerlisi, döyüş yoldaşları,
rayonun rəhbərləri, Milli Məclisin deputatları,
Müdafiə Nazirliyinin məsul işçiləri gəlmişdilər.
Matəm mitinqində çıxış edənlər də,
üçrəngli bayrağa bükülmüş cənazənin
ətrafında göz yaşları axıdan
silahdaşları da, hamısı Elnur Əliyevin
torpağı, vətəni sevən, andına sədaqətli,
cəsarətli bir zabit, layiqli həyat yoldaşı,
yaxşı ata olduğundan danışırdı.
Göz
yaşlarını saxlaya bilməyən uca boylu gizir: - Elnur
bizə qardaşlıq edirdi -dedi. - Olduqca qayğıkeş,
mehriban və həm də tələbkar komandir idi. Hərbi sirləri yaxşı bilirdi və
hamımıza da öyrədirdi.
Lələtəpə
uğrunda gedən döyüşlərdə Elnurla birlikdə
vuruşan gənc əsgər:
- Özü öldü, bizi isə ölümdən
xilas etdi, - dedi...
Əsgəri xidməti başa çatdıqdan sonra da
qalıb orduda xidmət edən gizir isə Elnur haqqında daha
həyəcanla danışırdı. Elnur bütün söhbətlərinə
vətəni sevməyin vacibliyindən başlayırdı: -
Biz anamızı sevdiyimiz kimi, vətəni də sevməliyik.
Çünki anamızın anası vətəndir,
- deyirdi. O bütün hərəkətləri ilə
nümunə göstərməyə
çalışırdı, ölümü ilə də
hamımıza örnək oldu.
Matəm mitinqinin sonunda tabutunun büküldüyü
bayraq onun böyük oğlu Elvinə verildi. 9 yaşlı Elvin
bayrağı öpüb bağrına basdı, sonra da
atasının illərdən bəri Füzuliyə sancmaq
üçün özü ilə gəzdirdiyi, son
döyüşdə şan-şan olmuş bayrağı
başının üstünə qaldırıb
anasını, birdə kiçik qardaşı Elxanı
qucaqladı: - Atamın qisasını alacam, onun arzularına əməl
edəcəm. Bu bayrağı Füzulidə, Şuşada
dalğalandıracam, - dedi.
Əzizim Elnur, sən, öz torpaqlarımızı özümüzə qaytarmaq uğrunda gedən müharibəki ağlasığmaz ölümünlə ölməzliyə qovuşdun, misli-bərabəri olmayan igidliyinlə öz adını da əbədiləşdirdin, kəndini də. İyirmi ildən çoxdur ki, Dədəlisiz qalan dədəlilərə başucalığı gətirdin. İndi sənin adın təkcə Dədəlidə, Füzulidə deyil, bütün Azərbaycanda dillər əzbəri olub, son 20 gündə Azərbaycanda doğulan oğlan uşaqlarının əksəriyyətinin adını Elnur qoyublar. Sənin Aprel döyüşündəki, qəhrəmanlığından sonra bütün uşaqlar böyüyəndə məndə Elnur kimi qəhrəman olacam deyir. Sən dünənə kimi bir ailənin oğlu idin, indi bütün Azərbaycan ailələrinin oğlu oldun. İndi hər yerdə hamı sənin igidliyindən danışır.
Milli Məclisin sədr müavini Bahar Muradova da Elnurun şəhidliyinin əsl qəhrəmanlıq olduğunu dedi: "Mayor Elnur Əliyev şəhidlik yolunu böyük qardaş kimi qayğılarını çəkdiyi tabeliyində olan əsgərləri ölümdən xilas etmək üçün özünü düşmən qumbarasının üzərinə atmaqla seçdi. O, cəbhə yoldaşlarının həyatını 2 azyaşlı övladının atasızlığından üstün tutdu və bununla həm də yüksək mənəviyyat nümunəsi göstərdi".
Elnurun şəhidliyini ürək ağrısı ilə qəbul edən millət vəkili Qənirə Paşayeva deyir: "Elnuru hələ Tovuzda xidmət etdiyi illərdən tanıyırdım. O, ön cəbhədə xidmət edirdi, hər dəfə Tovuza yolum düşəndə onun xidmət etdiyi hərbi hissəyə baş çəkərdim. Elnur vətənini, torpağını dəlicəsinə sevən bir hərbçi idi. Füzuliyə Elnurun hüzur məclisinə gedəndə əvvəlcə onun şəhid olduğu Lələtəpə döyüşlərində iştirak etmiş hərbçilərimizlə görüşdüm. Hamısı mayor Elnur Əliyevi mərd, qəhrəman bir hərbçi - vətənini dəlicəsinə sevən bir əsgər olduğunu vurğuladı. O qəhrəmanlığı ilə hamıya örnək olan bir Vətən övladıdır".
Əzizim Elnur, bu təkcə mənim fikrim deyil, bütün Azərbaycan xalqının səsidir, arzusu, istəyidir. İndi Azərbaycanda hər evdə, hamının qəlbində bir şüar yaşayır - "Şəhidlər ölmür, vətən bölünmür". Sən ölməmisən. Bəlkə də elə baharın bu güllü-çiçəkli vaxtında Dədəlidən olan bütün şəhidləri... arzuladığın o xan çinarın kölgəsinə yığmısan... Gün gələcək bütün azərbaycanlıların arzusu çin olacaq, doğma torpaqlarımıza qayıdacağıq. Sənin arzuladığın o kəhrizin başına, adının yazılmasını istədiyin çinarın kölgəsinə yığışacağıq. Hələlik sənin adını ürəyimizə yazmışıq, onda sənin adını elə o məğrur çinara da yazacağıq. Dədəlisiz günlərimizi xatırlayanda səni də sənin kimi şəhid olmuş bütün azərbaycanlıları yada salacağıq. Sən həmişə bizimlə olacaqsan!
Asif QULİYEV
525-ci qəzet.- 2016.- 29 aprel.- S.6.