Azərbaycan Qlobal Foruma uğurla ev sahibliyi etdi

 

XARİCİ QONAQLAR BAKIDA KEÇİRİLƏN BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMUNU YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR

 

 

Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatsa da, terror, ekstremizm, dini və irqi ayrı seçkiliyin aradan qaldırılması, sivilizasiyalar arasındakı münasibətlərin normallaşdırılması, əlaqələrin tolerantlıq, multikulturalizm ənənələri əsasında formalaşdırılması istiqamətində aparılan müzakirələr, edilən təkliflər və verilən mesajlar öz aktuallığını qorumaqdadır.

 

Multikulturalizm ənənələri, tolerant mühitin bərqərar olduğu, müxtəlif dinlərə məxsus insanların ən yüksək səviyyədə birgəyaşayışının təmin olunduğu Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə, həm də əyani şəkildə ölkəmizə səfər edən 2 minə yaxın qonağı bu istiqamətdə sahib olduğumuz təcrübə ilə tanış edib, islamafobiyanın yayğın olduğu bir dövrdə müsəlman ölkəsində başqa dinlərin daşıyıcıları ilə əlaqələrin ən yüksək səviyyədə qurulduğunu nümayiş etdirib və terrorizm, ekstremizm kimi bəd ünsürlərin heç bir halda İslam dini ilə bağlı olmadığını dünya ictimaiyyətinə sübut edib. Bunun nəticəsidir ki, "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" şüarı altında keçirilən Qlobal Forumda iştirak etmək üçün 147 ölkədən Azərbaycana səfər edən dövlət rəsmiləri, ictimai-siyasi xadimlər ölkəmizi ən xoş təəssüratlarla tərk ediblər.

 

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut  "AZƏRTAC"a bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox mühüm beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır: "Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər. Bu gün dünyada praktiki olaraq elə bir intellektual məkan yoxdur ki, orada dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal təhsil, vətəndaş cəmiyyəti və biznes, təhlükəsizlik və inkişaf, qlobal miqrasiyada şəhərlərin rolu, sülh üçün şəraitin yaradılması və terrorun qarşısının alınması, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya məkanında qloballaşma şəraitində aktual media məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü dünyanın 140 ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri görüşsünlər".

 

İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, bənzərsiz, konkret və yaddaqalan olub. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub: "Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir".

 

İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə, sülhə, əmin-amanlığa böyük töhfə verəcək: "Forum yüksək səviyyədə təşkil edilib. Dünyanın 140-dan artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin bu mötəbər tədbirdə müasir dünyamız üçün aktuallıq kəsb edən məsələləri müzakirə etmələri olduqca vacib amildir.

 

Dorina Biyanki Forumun nəticələrinin uğurlu olacağına əminliyini bildirib.

 

O ölkələrimiz arasında əlaqələrə toxunan mədəniyyət nazirinin müavini İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb: "Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin genişlənməsinə təkan verdiyini deyib.

 

Zimbabve Milli Gənclər Assosiasiyasının əməkdaşı Misheck Gondo isə bildirib ki, Azərbaycanda belə bir beynəlxalq səviyyəli forumun keçirilməsini Zimbabve ölkəsinin təmsilçisi olaraq yüksək qiymətləndirir: "Bu forum dünya ölkələri nümayəndələrinin bir araya gəlməsi və gündəmdə olan qlobal məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir".

 

"Mən Gənclər Forumunda şəxsən iştirak elədim. Burda müzakirələr zamanı bir çox məsələlər, o cümlədən, gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, cəmiyyətin bütün üzvləri uşaqlar və gələcək naminə çalışmalı, onlar üçün sülhün bərqərar olduğu sağlam gələcək qurmalıdırlar", -deyə qonaq bildirib.

 

Hindistan təmsilçisi Menakşi Ray söyləyib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu mədəniyyət sahəsinin müxtəlif aspektlərini daha dərindən dərk etməkdə iştirakçılara kömək olub: "Bakıya gəldiyim ilk andan buradakı yüksək multikulturalizm mühiti məni cəlb etdi və özümü beynəlxalq bir məkanda hiss etdim. Qloballaşan dünyanın ən önəmli məsələlərini müzakirə etmək üçün Bakı Konqres Mərkəzinə 1000-dən çox insanın toplaşdığını gördükdə isə bu hisslərim reallığa çevrildi. Məndə ən çox təəssürat yaradan isə tədbirin çıxışçıları arasında çox önəmli şəxslərin olması idi".

 

Menakşi Rayın sözlərinə görə, jurnalistlər, vətəndaş cəmiyyətinin və müxtəlif dinlərin nümayəndələri, ümumilikdə hər kəs növbəti onilliklərdə mədəniyyət sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsinə töhfə vermək üçün Bakıya toplaşıb.

 

Hindistan təmsilçisi əlavə edib ki, son illər Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya bir sıra töhfələr verməkdədir. "Bu ölkə Şərq və Qərb, Cənub və Şimal arasında körpü rolunu oynayır. Ölkəniz xristian və müsəlman dünyasının kəsişməsində yerləşir, həm Avropa, həm də İslam dünyası təşkilatlarının üzvüdür. Azərbaycan müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə birləşdirən məkana çevrilib",- deyə qonaq vurğulayıb.

 

Efiopiya təmsilçisi Ayalev Vorkneh bildirib ki, Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir: "Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir. Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Bakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün ideal məkanlardandır".

 

Beynəlxalq Miqrasiya Təşkilatının BMT-dəki nümayəndəliyinin eksperti Əşrəf Əl-Naur BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirir: "Forumda müxtəlif millətləri təmsil edən insanların iştirakı və qarşılıqlı fikir mübadiləsinin aparılması təqdirəlayiqdir. Hesab edirəm ki, burada müzakirə olunan bütün məsələlər qlobal əhəmiyyətə malikdir.

 

"Biz Bakı bəyannaməsi ilə yaxından tanış olduq, orada maraqlı və olduqca əhəmiyyətli məsələlər öz əksini tapıb. Xüsusilə qeyd etməliyəm ki, bəyannamənin doqquzuncu maddəsində miqrasiya ilə bağlı məsələlər yer alıb. Hesab edirəm ki, bu maddənin bəyannamədə olması bugünkü dövr üçün çox böyük önəm daşıyır", - deyə qonaq bildirib.

 

Əşrəf Əl-Naur Azərbaycanın dünyada tolerantlıq və multikultural ənənələri ilə tanındığını, Qlobal Forumun bunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

 

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə keçmiş dövlət naziri Egemen Bağış isə deyib ki, Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır. Müsəlman ölkəsi olmasına baxmayaraq, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub: "Artıq iyirmi ildir ki, dünya ictimaiyyəti İslam və terrorizmi eyniləşdirir. Ermənistan tərəfindən terrora məruz qalmış Azərbaycan bu gün dünyada sülhün bərqərar olması, terrorun aradan qaldırılması və sivilizasiyalar arasında dialoq və əməkdaşlığın qurulması naminə uğurlu addımlar atıb".

 

"BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanın paytaxtı Bakıda keçirilməsi dünya ictimaiyyətinə bir daha sübut etdi ki, terrorizmin dinə, etnik mənsubiyyətə heç bir aidiyyəti yoxdur. Terrorizm beynəlxalq problemdir və dünya ictimaiyyəti onun həllində səylərini birləşdirməlidir", - deyə keçmiş dövlət naziri bildirib.

 

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib ki, Sivilizasiyalar Alyansının Bakı Forumu islam və xristian aləmini sülhə səsləyir: "Yazıçı vurğulayıb ki, latın dilində yazılan bütün fəlsəfi kitabların məhv edilməsinə baxmayaraq, ərəblər Platon və Aristotelin fəlsəfi əsərlərini qoruyub saxlaya biliblər. Avropada vaxtilə bu əsərlərə qarşı mübarizə aparılıb".

 

Oljas Süleymenov bildirib ki, müasir Avropa mədəniyyəti Platon və Aristotelin fəlsəfi nəzəriyyələri əsasında formalaşıb: "Bu, müasir Avropa sivilizasiyasının özəyini təşkil edir".

 

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda aktual məsələlər müzakirə edilir: "Forum yüksək səviyyədə təşkil olunub. Hələ bura gəlməzdən əvvəl Forum haqqında məlumat əldə etdim və onun böyük əhəmiyyət daşıdığı qənaətinə gəldim".

 

Aktual məsələlərin müzakirəsi baxımından Bakı Forumunu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Azərbaycan xalqına böyük hörmətini ifadə edən Sergey Markov Bakıda olmağından məmnunluğunu dilə gətirdi. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların Bakıya gəlməsi bir daha bu Forumun vacibliyini göstərir. Bakı Forumunda müzakirəsinə ehtiyac duyulan məsələlər ətrafında fikir mübadiləsi aparılır, qərarlar qəbul olunur.

 

S.Markov Azərbaycan rəhbərliyinin bütün istiqamətlərdə fəaliyyətinin yüksək səviyyədə olduğunu bildirdi.

 

"Bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə bir-birilərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda, bu, asan görünür. Lakin inamı reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacibdir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız", - deyə Rusiyalı politoloq vurğulayıb.

 

Göründüyü kimi Qlobal Bakı Forumu dünya ictimaiyyəti üçün mühüm mesajdır: Qlobal təhlükələrə qarşı birgə mübarizə, səylərin birləşdirilməsi problemdən yeganə çıxış yoludur. Ona görə də Forumun əhəmiyyəti birmənalı olaraq yüksək qiymətləndirilir və şübhə doğurmur ki, tədbir çərçivəsində müzakirə olunan məsələlər davamlı mübarizə yollarının tapılması və həyata keçirilməsinə şərait yaradacaq. Bütün bunlar onu deməyə əsas verir ki, irəlidəki illərdə sivilizasiyalar arasındakı münasibətlərin tənzimlənməsi, beynəlxalq terror, ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və əldə olunan müsbət nəticələrə diqqət yetirildikdə Azərbaycan və onun multikulturalizm, tolerantlıq ənənələrinin dünyada təbliğ olunması, yayılması istiqamətində atdığı addımlar bütün bu, aparılan birgə fəaliyyətin mərkəzində təkanverici qüvvələrindən biri kimi xatırlanacaq, Bakının bu prosesə dəstəyi bir daha yüksək qiymətə layiq görüləcək.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 29 aprel.- S.5