Vətənə və dövlətə sədaqətlə
xidmət yolu
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra
ölkənin ayrı-ayrı
dövlət və hökumət strukturlarında
aparılan köklü
islahatlar hüquq-mühafizə
sistemindən də yan keçmədi.
Azərbaycanda siyasi və kriminogen durumun ağır olduğu bir vaxtda Daxili
İşlər Orqanlarında
kadr dəyişikliyinin
aparılması zərurətə
çevrilmişdi.
Təbii ki, Heydər Əliyev böyük siyasi təcrübəyə
malik lider kimi bunları gözəl bilirdi. H.Əliyev Azərbaycan
Respublikasının prezidenti
vəzifəsinə seçildikdən
bir müddət sonra Daxili İşlər
Orqanlarında aparılan
islahatlar daha da sürətlənməyə
başladı. Dövlət başçısı özünün
etibar edib güvəndiyi, ən əsası isə peşəkarlığına inandığı
təcrübəli zabitləri
Daxili İşlər
Nazirliyinin rəhbərliyinə
gətirdi.
Ümummilli liderin özünün də bir zamanlar
qeyd etdiyi kimi, "Müstəqilliyi
təmin etmək üçün bir neçə dövlət
atributu mövcuddur. Əgər onların
biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır".
1990-cı illərdə ölkədə siyasi sabitliyin tam bərpa olunması, kriminogen durumun səviyyəsinin minimuma endirilməsi üçün Azərbaycan
polisinin üzərinə
böyük məsuliyyət
düşürdü. Hüquq-mühafizə orqanlarının daxilində baş alıb gedən pərakəndəlik və
hərc-mərclik şəraitində
belə bir işin öndəsindən
gəlmək asan deyildi. Bunun üçün sıravi polis işçisindən
tutmuş, DİN-in rəhbərinə
qədər hər kəsdən təkcə gərgin zəhmət, sayıqlıq, işə
məsuliyyətli və
peşəkar münasibət
yox, həm də böyük həyati risk tələb olunurdu. Belə bir ağır
vaxtda ölkədə
siyasi sabitliyin bərpa olunması, cinayətkarlığın səviyyəsinin
azaldılması, vətəndaşların
təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində Azərbaycan
polisi tərəfindən
ciddi və qəti addımlar atıldı, mühüm
tədbirlər həyata
keçirildi. Dövlət başçısının Daxili
İşlər Orqanları
qarşısında qoyduğu
konkret vəzifələri
yerinə yetirmək,
polis sistemində ciddi
nizam-intizam yaratmaq, ən başlıcası ölkə daxilində kriminogen durumu tam şəkildə nəzarətə
götürüb dayanıqlı
sabitliyə nail olmaq xeyli vaxt apardı.
Bu illər ərzində
Azərbaycan polisi bir çox ağır sınaqlardan çıxdı, Daxili İşlər Orqanlarının
onlarla qəhrəman əməkdaşı öz
canından keçməli
oldu, lakin sonda, qarşıya qoyulan bu şərəfli
və məsuliyyətli
vəzifənin öhdəsindən
layiqincə gəlməyi
bacardı.
Təsadüfi deyil ki, Daxili
İşlər Orqanlarının
bu məqsədyönlü
fəaliyyəti ümummilli
lider Heydər Əliyev tərəfindən
yüksək qiymətləndirilirdi. 2002-ci ildə
Azərbaycan polisinin Peşə bayramı günü münasibəti
ilə keçirilən
tədbirdə iştirak
edən ümummilli lider deyirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində
durub, bundan sonra da duracaq.
Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi, sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram". Ümummilli
liderin həmin fikirləri deməsindən
14 il keçir.
Azərbaycan polisi bu illər ərzindəki peşəkar fəaliyyəti
ilə ümummilli liderin öz fikirlərində necə haqlı və uzaqgörən olduğunu
dəfələrlə təsdiqləyib,
Heydər Əliyevin siyasi kursuna, Azərbaycan dövlətçiliyinə
sədaqətini əməli
işi ilə sübuta yetirib (Təəssüf ki, bu illər heç
də bütün güc strukturlarının
rəhbərləri dövlətçiliyimizə
eyni sədaqəti nümayiş etdirə bilmədilər, ya da etdirmədilər.
Bu haqda bir
qədər sonra).
Heydər Əliyev siyasi kursunun davamçısı
olan Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrdə Azərbaycan polisi öz ənənəsinə
sadiq qalaraq müstəqilliyimizin möhkəmlənməsi,
ölkədə təhlükəsizliyin
təmin olunması, cinayətkarlığa qarşı
mübarizə sahəsində
fəaliyyətini daha
da gücləndirib. Prezident İlham
Əliyev bir qayda olaraq polisin
fəaliyyətini yüksək
qiymətləndirib, öz
çıxışlarında Daxili İşlər Orqanlarının ölkəmizdə
təhlükəsizliyin təmin
olunması sahəsində
göstərdiyi xidmətləri
təqdir edib. Bu
ilin mart ayında, Novruz bayramı münasibətilə keçirilən
ümumxalq şənliyində
iştirak edən dövlət başçısı
çıxışında bu məsələyə xüsusi olaraq toxundu: "Azərbaycanda təhlükəsizlik yüksək
səviyyədə təmin
edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə
vəziyyət gərginləşir,
yeni münaqişə,
müharibə ocaqları
yaranır... Azərbaycan
isə sabitlik, təhlükəsizlik məkanıdır...
Azərbaycan bu sahədə
nümunəvi ölkədir.
Azərbaycan xalqı rahat, təhlükəsizlik,
əmin-amanlıq şəraitində
yaşayır... Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə
biz dünya miqyasında
liderlər sırasındayıq.
Bir sözlə, hər bir ölkənin inkişafı üçün
ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas
şərtlərdir. Biz
qürur hissi ilə deyə bilərik ki, müstəqillik illərində,
xüsusilə son illər
ərzində Azərbaycanda
təhlükəsizlik tədbirləri
ən yüksək səviyyədə təmin
edilir".
Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır
ki, ölkəmizdə
təhlükəsizliyin yüksək
səviyyədə təmin
edildiyi təkcə dövlətimizin başçısı,
ölkənin siyasi rəhbərliyi, Azərbaycan
xalqı tərəfindən
deyil, ölkəmizə
gələn xarici dövlət və hökumət rəsmiləri,
siyasi xadimlər, eləcə də müxtəlif sosial statuslu qonaqlar tərəfindən də
etiraf və təqdir olunur.
Təəssüflə qeyd etməliyik ki, dövlətin təhlükəsizliyinin təmin
olunması istiqamətində
polis bir çox hallarda təkbaşına,
fəaliyyət təmayülü
bilavasitə bu sahə ilə bağlı olan digər dövlət qurumlarından müvafiq dəstək almadan mübarizə aparmaq məcburiyyətində qalıb. Xüsusilə
son 12 ildə Azərbaycan
polisi ölkədə
sabitliyin qorunub saxlanması istiqamətində
mühüm işlər
gördüyü halda,
dövlətin təhlükəsizliyinin
qorunmasına DİN-dən
daha çox cavabdehlik daşıyan ovaxtkı Milli Təhlükəsizlik Nazirliyi
qurumun rəhbərliyinin
yarıtmaz idarəçiliyi
ucbatından öz fəaliyyətində xeyli
sapmalara yol verib. Bu barədə
son aylar çox yazılıb. Korrupsiya hallarının,
şəxsi maraqların
vəzifə borcunu üstələdiyi inanılmaz
faktlarla açıqlanıb.
Bu yerdə qeyd etmək yerinə düşər ki, hələ
2009-cu ilin yanvar ayında qəzetimizdə
"MTN-in işi yalnız
narkotik tutmaqdırmı?"
başlıqlı yazıda
bu gün MTN sistemində aşkara çıxan bir çox qüsurlara eyham vurulmuşdu.
Onu da qeyd edək ki, son 20 ildə bəzi dövlət qurumları ilə bağlı ictimai rəydə korrupsiya, qeyri-peşəkarlıq, özbaşınalıq
kimi iradlar səslənsə də,
DİN bu cür ittihamlardan həmişə
uzaq olub. Ölkəmizdə təhlükəsizliyin təmin
edilməsi, cinayətkarlığın
səviyyəsinin azaldılması
istiqamətində neçə-neçə
polis əməkdaşı qəhrəmancasına həlak
olub, onlarla əməkdaş yaralanıb.
O dövrlərdə MTN-ə rəhbərlik edən şəxslər isə öz "paqon yoldaşlarının" göstərdiyi
fədakarlıqlardan nəticə
çıxarmaq, nümunə
götürməkdənsə, onlara qara yaxmağa
çalışıb, bəzi
hallarda hətta
DİN-dəki həmkarlarını
ləkələməkdən belə çəkinməyiblər.
Ən pisi isə o idi ki, MTN-in bəzi yüksək çinli əməkdaşları
- generallar dövlət
əleyhinə yönəlmiş
ciddi təhdidlərin
qarşısını almaq
əvəzinə, vəzifə
səlahiyyətlərinin verdiyi
bütün imkan və resursları səfərbər edib sahibkarlara divan tutmağa yönəltmişdilər. Bu ərəfədə isə Azərbaycanın baş şəhərində
dövlətimiz və
müstəqilliyimiz üçün
böyük bir təhlükə ocağı
gündən-günə böyüməkdə
idi. Bakının Nardaran qəsəbəsində
radikal-dini qruplaşmaların
alovlandırdığı bu ocağı söndürmək birbaşa
MTN-in vəzifəsi olsa
da, bu quruma
rəhbərlik edənlərin
başı korrupsiyaya
qarışmışdı.
MTN-in rəhbərlərinin bu çirkin əməlləri üzə çıxandan dərhal sonra dövlət rəhbərliyinin iradə və qətiyyəti sayəsində ciddi tədbirlər görüldü, nazirlik həmin adamlardan təmizlənməyə başladı, bir qrup yüksək rütbəli zabit haqq etdiyi cəzanı alaraq həbs olundu. Amma ölkə üçün ciddi təhlükə mənbəyi olan Nardarandakı o ocaq hələ də alovlanırdı. Həmişəki kimi, bu dəfə də gərgin məqamda Azərbaycan polisi daha da alovlanmaqda olan bu ocağın söndürülməsi üçün var qüvvəsi ilə səfərbər olundu. Azərbaycan Prezidentinin şəxsi nəzarəti altında, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçirilən əməliyyatda polis, Daxili Qoşunlar Nardarandakı radikal-dini qruplaşmanı zərərsizləşdirməyə müvəffəq oldu. Polisin fədakarlığı sayəsində Azərbaycan dövləti Nardaranda asayişi bərpa etdi. Uzun illərdən sonra qəsəbədə radikal-dini qruplaşmalara məxsus olan bayraqlar yığışdırıldı, yerində Azərbaycanın Dövlət Bayrağı asıldı, respublikanın bütün bölgələrində olduğu kimi, Nardaranda da normal həyat qurulmağa başladı. Və bu uğur heç də asan, rahat başa gəlmədi: əməliyyat zamanı radikal-dini qruplaşma üzvlərinin açdıqları atəş nəticəsində Azərbaycan polisinin dörd nəfər əməkdaşı həlak oldu. Lakin bütün bunlar daxili işlər orqanlarının əməkdaşlarının qətiyyətini, əzmkarlığını heç bir halda sarsıda bilmədi. Azərbaycan polisi rəhbərliyin qoyduğu tapşırığı layiqincə yerinə yetirdi, ölkədə sabitliyi, təhlükəsizliyi pozmaq istəyən radikal qrupun qarşısını qətiyyətlə aldı.
Azərbaycanın Daxili İşlər Orqanları sıralarında bu gün də dövlət və vətən yolunda canından keçməyə hazır olan neçə-neçə belə qəhrəman gənc polis əməkdaşı var. Onlardan bir çoxu polis orqanlarında işə yeni qəbul olunublar - özü də birbaşa nazir Ramil Usubovun şəxsən iştirakı ilə baxışdan keçərək. Nazir polis sistemində işləmək istəyən hər bir gəncin fiziki hazırlığı ilə maraqlanır, onlarla söhbət aparır, yalnız bundan sonra norma və tələblərə cavab verən gənclər işə götürülürlər. Bu, bir yandan, işə qəbul zamanı tam şəffaflığın təmin olunmasına, məhz ən layiqlilərin seçilməsinə şərait yaradırsa, o biri yandan da, polis orqanlarına yeni gələn gənclərdə özünə güvən, işinə sevgi aşılayır. Ən əsası da bu yolla Azərbaycanın Daxili İşlər Orqanları üçün gələcəyin peşəkar, Vətənə və dövlətə sədaqətlə xidmət göstərəcək səviyyəli və hazırlıqlı polis əməkdaşları seçilir. Ona görə də Daxili İşlər Orqanları sıralarına qoşulan gənc polislərimiz, öz sələfləri kimi, üzərlərinə düşən məsuliyyəti dərk edir, ölkədə siyasi sabitliyin qorunması, xalqın təhlükəsizliyinin təmin olunması istiqamətində ayıq-sayıq xidmət göstərir, canla-başla Vətənin keşiyində durur, şərəfli peşələrini layiqli şəkildə yerinə yetirirlər.
Aydın BAĞIROV
525-ci qəzet.- 2016.- 29 aprel.- S.4