Xoşməramlı mesaj, Pendikdən
Əskişəhərə, ilk görüş - I yazı
"Türkiyə Yüksek Öğretim Kurulu (YÖK)
təşəbbüsü ilə yaradılan və Türkiyə
Respublikası tərəfindən maliyyələşdirilən
Mövlanə Mübadilə Proqramına qatılmaq istəyən
professor-müəllim və doktorantlar! Sənədlərin
qəbul müddəti başa çatır. Lütfən tələsin!"
Sosial şəbəkələrdə
aktivliyi ilə seçilən təkcə Bakı Dövlət
Universitetinin Mətbuat və informasiya şöbəsi,
"Bakı Universiteti" qəzeti deyil, aktiv olan həm də
universitetin 17 fakültəsinin hər biri, mərkəzlər,
qurumlar, o cümlədən, gənc, işgüzar, perspektivli
kadrlardan ibarət Beynəlxalq Proqramlar Departamenti və onun əməkdaşlarıdır.
Bu və bunun kimi onlarla tələsdirici elan da
onlara məxsusdur. Departament sadəcə
elan etmir, onun xəbərini, yenilənməsini, vaxt
azlığını, yer məhdudiyyətini də gündəlik
olaraq səhifələrində, otaqları önündəki
lövhələrdə dəyişirlər. Dəyişmək
istədikləri həm də universitet kollektivini xarici ölkə
universitetləri və dünyanın aparıcı elm-təhsil
qurumları ilə ikitərəfli əməkdaşlığa
cəlb edərək beynəlxalq təhsil proqramlarında
iştiraklarını təmin etmək, bununla da Azərbaycan
haqqında, onun təhsil və elmi barədə xarici təhsil
müəssisələrini məlumatlandırmaq, dili və ədəbiyyatı, mədəniyyəti,
tarixi barədə rəy yaratmaqdır. Hazırda
dünyanın 100-ə yaxın aparıcı universiteti ilə
ikitərəfli münasibətlər quran Bakı Dövlət
Universiteti nüfuzunun Avro - Atlantik elm və təhsil məkanında
artırılmasında, Avropa Birliyinin və dünyanın
aparıcı dövlətlərinin elm və təhsil sahəsində
ayrılmış qrantlarının əldə edilməsində,
imzaladığı anlaşma və əməkdaşlıq
müqavilələrindən irəli gələn şərtlər
və iştirakçısı olduğu proqramlar vasitəsilə hər bir əməkdaşının
beynəlxalq aləmə çıxışında,
onları təcrübə mübadiləsinə cəlb etməkdə
maraqlıdır. Təbii ki, Bakı Dövlət
Universitetində onlarla belə beynəlxalq proqram var və
yazının girişində qeyd etdiyim Mövlanə
Mübadilə Proqramı onlardan biridir.
Mövlanə Mübadilə Proqramı nədir və
ona kimlər müraciət edə bilər?
Türkiyə
ali təhsil müəssisələrinin
müəllim və tələbə heyətinin
dünyanın müxtəlif qitələrində yerləşən
universitetlərində, eyni zamanda, həmin universitetlərdə
fəaliyyət göstərən akademik heyətin, bakalavriat,
magistratura və doktorantura tələbələrinin Türkiyənin
müxtəlif universitetlərində təcrübə
keçməsi və təhsilini davam etdirməsi
proqramıdır. Proqramın əsas məqsədi Türkiyə
universitetləri ilə dünya ali təhsil
ocaqları arasında müəllim-tələbə
mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası
dialoqun güclənməsinə dəstək göstərməkdir.
Proqrama hər il onlarla BDU əməkdaşı müraciət
edir ki, onlar arasından
seçildiyimə, Türkiyənin Əskişəhərində
yerləşən ən köklü Anadolu Universitetinin
İletişim bilimləri (Jurnalistika) fakültəsində
iki həftəlik təcrübə, mühazirə oxumaq
imkanı qazandığıma görə özümü
şanslı hesab edirdim. Bəs nəticə necə
olacaqdı? İki həftə müddətində
gözləntilər özünü doğruldacaqdımı?
İlk
ismarıc
Beynəlxalq
Proqramlar Departamentinin müdiri Elmira İsmayılova və əməkdaşı
Leyla Nağıyevadan gəldi: "Təbriklər, YÖK təsdiqləyib".
Təxminən on dəqiqədən sonra ona bənzər
başqa bir mesaj Anadolu Universitetinin Beynəlxalq Əlaqələr
şöbəsindən göndərildi: "Sizin iki həftəlik
Mövlanə Mübadilə Proqramında
iştirakınız təsdiq edilib. Şöbəmizdə
bu proqrama məsuliyyəti Lili Feng Bəxtiyar
daşıyır. O, tez bir zamanda sizinlə əlaqə
saxlayacaq". İstər səfər öncəsi yazışmalarımızda,
istərsə də Anadolu Universitetində olduğum müddətdə
və geri dönüşümdən sonrakı mesajlarda bu ali təhsil ocağının ünsiyyətdə
olduğum bütün əməkdaşlarında işlərinə
sonsuz sevgi, məsuliyyət, dəqiqlik və tələbkarlıq
hiss etdim. Dəqiqlik və məsuliyyət o həddə
idi ki, yola çıxmamışdan öncə iki həftəlik
müddət üçün ən xırda nüansın belə
dəqiqləşdirilməsi cavabsız suallar
buraxmamışdı.
Bülənt Ərtəkin nə yazmışdı?
Yazmışdı ki, "Mən İletişim Bilimləri
fakültəsinin dekan müaviniyəm. Beynəlxalq
Əlaqələr şöbəsindən sizin
haqqınızda məlumat verilib. Vaxt
razılaşdırılıb, dəvət məktubunuz
hazırlanıb. Dərslərdən əlavə
təqdimat, seminar istəyiniz olarsa, mövzuları ilə
birlikdə göndərməyinizi xahiş edirəm".
Qaydasına düşməyən iş qalmayıb. Anadolu Universiteti onunla bağlı bütün
işləri tamamlayıb. Dərs günləri
və saatları bəlli, proqram tam hazırdır. Vaxt da yetişib. "Xarici təcrübənin
öyrənilməsi, mübadilə prosesi, birgə tədqiqat
işlərinin aparılması vacib məsələlərdir.
Bakı Dövlət Universiteti xarici ali təhsil
ocaqları ilə ikitərəfli əməkdaşlıq və
memorandumlar imzalayanda, məhz, bu məqamlara üstünlük
verir. Ümid edirəm ki, iki həftəlik bu
zaman kəsiyi zəngin məlumatların əldə edilməsində
və sonradan dərs prosesində tətbiqində köməyiniz
olacaq". Bakı Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmov xaricə səfər edən
bütün əməkdaşlara öz tövsiyələrini
verir, uğurlar arzulayır. Bundan öncəki səfərlərdə,
elə indi də, rektorun bu tapşırıqları, dosenti
olduğum Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor
Həmid Vəliyev və müəllim həmkarlarımın
istək, arzu və təlimatları 14 gün müddətində
köməyimə çatmadı desəm, səhv etmiş
olaram.
Sabiha
Gökçən-Pendik-Əskişəhər
İstanbuldan Asiyaya keçməyin ən optimal
variantı seçilmişdi. Atatürk Hava
limanı qədər böyük və təmtəraqlı
olmasa da, narahat da deyildi. Ən rahatı isə
Hava Limanı önündən Pendikə aparan yol idi.
Pendik Asiya tərəfdən Ankaraya işləyən sürət
qatarı stansiyasının
başlanğıcıdır. Gündə beş
dəfə İstanbul-Ankara xətti üzrə hərəkət
dən qatarın qiyməti 40 lirədir. Rahatlığına,
təmizliyinə, əsasən də xidmətə söz
yoxdur. Yaşlı insanlara, yükü
ağır sərnişinlərə, səhhətində
problem olanlara xüsusi diqqətlə yanaşırlar.
İstanbuldan Əskişəhərə olan beş
saatlıq avtobus yolunu iki saata qət edən qatardan bu müddət
boyunca yaşıllığa bürünən regionların,
şəhər və kəndlərin, dağ və düzənliklərin
gözəlliklərini seyr etməyin ayrıca və unudulmaz
zövqü vardı...
Növbəti
dayanacaq Əskişəhər!
Hazırlıqlar başlayır. Elə qatardaca öyrənirik
ki, Anadolu Universiteti stansiyaya çox da uzaqda deyil. Taksi ilə
beş dəqiqəlik yolumuz var. Bəli beş dəqiqə.
Bütün səfər boyunca, elə bu sətirləri
yazdıqca belə unutmadığım beş
dəqiqə. Azərbaycanı doğulub boya-başa
çatdığı Əskişəhər qədər
tanıyan taksi sürücüsündən eşitdiyimiz ilk
söz bu oldu: "Danışıqlarınızdan azərbaycanlı
olduğunuzu hiss etdim. Burada sizin ölkənizi
çox sevərlər. Uğurlarınıza
sevinərlər. Avropa Oyunlarının
Bakıda keçirilməsi bizi nə qədər mutlu etsə
də, Dağlıq Qarabağ probleminin həll edilməməsindən,
şəhid xəbərlərinizdən
üzülürük". Universitetə
yaxınlaşanda isə dedi ki, onun ərazisi çox
böyük olduğundan taksilərlə yanaşı, sərnişin
avtobuslarının hərəkəti üçün hər
hansı məhdudiyyət yoxdur. Hətta
Əskişəhər Hava Limanı da Anadolu Universitetinin ərazisində
yerləşir. Bu ali təhsil
ocağının təməli
58 il öncə
Əskişəhər İqtisadiyyat və Ticarət
Elmlər Akademiyası ilə qoyulsa da, 1982-ci ildə universitetə
çevrilib.
Qısa zamanda yalnız Türkiyənin deyil, dünyanın ən
böyük universitetləri arasında müasir, dinamik və
yenilikçi bir ali təhsil ocağı
olaraq qərarlaşıb. 2 kampusu, 17 fakültəsi, bir
Dövlət Konservatoriyası olmaqla üç ali, dörd
peşə, doqquz institut və 30 araşdırma mərkəzinə
ev sahibliyi edir. Anadolu Universiteti bir çox ilklərə
imza atıb. Bu ilklərin başında,
distant təhsil sisteminin tətbiqi və iki milyondan çox tələbəsi
olan uğurlu nəticələri dayanır ki, onun tətbiqi fərqli
ölkələrdə bir çox təşkilata nümunə
olmaqdadır. Universitetin hər fakültəsi
ayrı-ayrı binalarda yerləşir və hər bir tələbəsi
üçün maksimum şərait yaradılıb. 290 mindən çox çap mənbə ilə
yanaşı, bir çox elektron qaynağa da çatmanın
mümkün olduğu mərkəzi kitabxana tətil günləri
daxil olmaqla 24 saat tələbələrin xidmətindədir.
Xüsusilə qeyd etmək istərdim ki,
kitabxana gecə 12:00-01:00 radələrində tələbələrə
pulsuz olaraq isti şorba, çay, qəhvə təqdim edir.
Tələbələr universitet şəhərciyinin
kino, teatr, konsert və sərgi salonlarında mədəni və
bədii fəaliyyətləri izləmək, tamaşa etmək,
beynəlxalq standartlara cavab verən idman salonlarında, tennis
kortlarında, futbol meydançalarında asudə
vaxtlarını səmərəli keçirmək
şansına sahibdirlər.
İlk görüş, ilk təəssürat
Beynəlxalq əlaqələr şöbəsinə getməliyəm. Amma necə? Düşünməyə macal tapmamış: "Mənim adım Həsəndir. Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşıyam. Fakültəyə getməmişdən öncə bəzi sənədləri qaydasına qoymaq üçün şöbəyə getməliyik". Şükranlarımı bildirir, ayrıca yağışlı havada çətir gətirməsinə görə də minnətdarlıq edirəm. Şöbə müdiri Kağan Özdəmirlə görüşdə isə öyrənirəm ki, şöbədə Mövlanə Mübadilə proqramına cavabdeh olan Lili xanım universitetin rektoru, professor Naci Gündoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Çində səfərdədir. O gələnə kimi mənimlə şöbənin digər əməkdaşı Nurşən Okur maraqlanacaq. Şöbə əməkdaşlarının son dərəcə diqqətcil və mehriban davranışlarının təsirindən çıxmamış eyni vəziyyətlə Jurnalistika fakültəsində qarşılaşıram. Dekan müavini, dosent Bülənt Ərtəkinlə görüşdə öyrənirəm ki, Anadolu Universitetində jurnalistika ilə bağlılığın tarixi 1982-ci ildən başlayır. Zaman-zaman fakültənin və bölümlərin adında dəyişiklik və yenilənmə işləri həyata keçirilsə də, bu gün real olaraq mənzərə belədir: Fakültə Kino və Televiziya, Mətbuat və yayım, İctimaiyyətlə Əlaqələr və Reklam, Kommunikasiya dizaynı və idarəetməsi bölmələri ilə fəaliyyətdədir. Təxminən 1500-ə yaxın tələbənin təhsil aldığı fakültə klassik dərsləri saxlamaqla, müasir dövrün tələb etdiyi ixtisaslara da geniş yer verir. Tədris əsasən türk dilində olsa da, bəzi dərslər, o cümlədən, müzakirələr və diskussiyaların ingilis dilində aparılma qadağası yoxdur. Fakültədə tələbələrin təcrübəsi üçün bütün şərait yaradılıb. TV və radio studiyalar, çoxsaylı laboratoriyalar, dizayn və reklam, foto və sinema ilə bağlı texniki avadanlıqlarla təmin edilmiş zəngin auditoriyalar tələbələrin ixtiyarına verilib. Müəllimlər və doktorantların vəziyyəti daha diqqətçəkəndir. Hər biri üçün ayrı otaq və işləmək üçün bütün şərait yaradılıb. Və bu şəraiti Jurnalistika fakültəsi də daxil olmaqla universitetin hər bir fakültəsinin ayrı-ayrı binalarında yerləşməsi səbəbindən yaratmaq mümkün olub. Jurnalistika fakültəsində fərq həm də ondadır ki, tədris korpusları rəhbərlik və dörd bölümün yerləşdiyi binadan ayrıdır. Bir sözlə, nə müəllimlər tələbələrin dərs prosesinə mane olur, nə də tələbələrin səs-küyü müəllimləri narahat edir. Amma bu o demək deyil ki, onlar səs-küylü layihələrə rəhbərlik etmir, tələbələrinin qalib hisslərini bölüşmürlər.
Niyə də olmasın?!
Fakültənin dekanı, professor Halil İbrahim Gürcanın ikitərəfli əməkdaşlıq, birgə layihə və proqramlar üzərində işləmək təklifi təbii ki, diqqətçəkəndir. Diqqətçəkən həm də odur ki, fakültənin ünsiyyətdə olduğum bölüm başqanları və müəllimlərinin hər biri müxtəlif layihələr üzərində işləyir və Azərbaycana olan maraqları ortaq projelərin reallaşdırılması idyeasını ortaya qoyur. Əlbəttə ki, Bakı Dövlət Universiteti olaraq belə layihələrə göstərdiyimiz maraq və səfər öncəsi rektorumuzun bu istiqamətdəki tövsiyələri belə təkliflərin gerçəkləşdirilməsinə şübhə yeri qoymur. Mətbuat və yayım bölümünün başqanı, professor Erkan Yüksel, professorlar - Uyğur Dəmiray və Zaur Mükərrəf, dosent Alaaddin Paksoy ilə görüşlərimiz isə daha səmərəli olur. Həm bölümün dərs və iş prosesi, həm tələbələrin hazırladıqları qəzet, jurnal və broşuralarla tanış olur, eyni zamanda görüşə yaxın gələcəkdə reallaşdıracağımız bir layihə ilə yekun vururuq.
"Maraqlı fotolarınız varmı?..."
Pərvanə
İbrahimova
Bakı-İstanbul-Pendik-Əskişəhər
525-ci qəzet.- 2016.- 29 aprel.- S.4