İmperiyalar və onların süquta sürüklənməsi

 

 

 

Proloq 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

7. Yeni torpaqlardan gələn mənfəət. İspaniyanın tənəzzülü

 

Bir çox avropalılar üçün xarici ölkələrə ekspansiya torpaq, var-dövlət əldə etmək və irəliləmək imkanı gətirdi. Bir ispan 1570-ci ildə yazırdı ki, “gənc adamların çoxu İspaniyanı tərk edərək Meksikaya getmişdi, burada onlar torpaq malikanələrinə yiyələnməyə və “centlmen” adlanmağa ümid edirdilər”. Baxmayaraq ki, bəzi arvadlar xaricə gedən ərlərinə qoşulurdular, Avropanın çox sayda adi qadınları Yeni Dünyada ərə getmək üçün yeni imkan tapırdılar, çünki onlar buna möhtac idilər. Həqiqətən də “fahişə əgər gözəldirsə, hansısa varlı plantatorun arvadına çevrilə bilərdi”. Bəzi qadınlar isə gözləmədikləri halda ərləri öldürüldükdə, xeyli var-dövlətə sahib olurdular. 1700-cü ilədək Mərkəzi Amerika zonasında qadınlar torpaq malikanələrinin 25 faizinə malik idilər.

 

Avropalıların ekspansiyası işğalçılara digər səmərə də verirdi. Avropalılar Yeni Dünyaya yollananda qızıl və gümüş mənbələri axtarırdılar. Bir atstekin dediyi kimi, “ispan işğalçıları qızılı çox istəyir, ona xüsusi ehtiras bəsləyirdilər. Onların bədənləri tamahkarlıqdan şişirdi. Onların aclığı acgözlük idi, qızıl üçün donuzlar kimi aclıq çəkirdilər”. Amerikalardan daşınan qiymətli mineral İspaniyanı qızıl “sərxoşu” etmişdi. Zəngin gümüş yataqları Meksikada və Cənubi Peruda tapılıb, istismar edilirdi. Qızıl və gümüş yalnız o məhsullar idi ki, Yeni Dünya ilə Köhnə Dünya arasındakı mübadilənin bir hissəsinə çevrilmişdi. Tarixçilər isə Avropa ilə Amerikalar arasında bitkilərin və mal-qaranın qarşılıqlı idxal və işğalını Kolumb mübadiləsi adlandırmağa üstünlük verirdilər. Avropalılar atları, mal-qaranı və buğdanı Yeni Dünyaya gətirəndə, oradan onlar kartof, şokolad, qarğıdalı, pomidor və tütün kimi kənd təsərrüfatı məhsullarını geri, Avropaya aparırdılar. Kartof əsas pəhriz qidası kimi, Avropanın bir sıra zonalarında xüsusilə populyar oldu. Kartof qışda anbarda saxlanıb, kiçik torpaq sahələrində becərilirdi. Bəzi məhsullar isə, məsələn, Meksikada kəşf edilən qırmızı rəng bitkisi Avropa rəssamlarına və sənətkarlarına onların rəsmləri və parça üçün “əsl qırmızı” rəng idi.

 

Avropalıların həyat tərzi başlıca olaraq xaricdən gətirilmiş yeni məhsulların təsirinə məruz qalırdı. Yeni qidalara əlavə olaraq Avropada yeni içkilər də meydana gəldi. Atstek Meksikasından İspaniyaya gətirilən şokolad, 1700-cü ildən başlayaraq ümumi içkiyə çevrildi. İlk kofe və çay evləri 1650-ci illərdə Londonda açılmışdı və sürətlə Avropanın digər hissələrinə yayıldı. XVII əsrdə Çin mebeli və farforu üçün maniya yuxarı siniflər arasında yayıldı.

 

Avropalılar lap başlanğıcda Amerikalarda yeni xalqları kəşf etməyə başladılar. Onlar bəzilərini insan olmayan kimi hesab edirdilər və bu, onlara guya istismar etmək hüququ verirdi. Hindular çox hallarda ən azı dinc yolla xristianlığa keçirilirdilər. XVIII əsrdəki Maarifçilik və XIX əsr imperializmi dünyanın qalan hissəsində Qərb sivilizasiyasının əlaqələrinin inkişafı üçün olan yola daş döşədi.

 

XVII əsrin başlanğıcında İspaniya dünyada ən çox əhalisi olan ölkə idi, demək olar ki, bütün Cənubi Amerikaya, Asiya və Afrikanın bir sıra məkanlarına nəzarət edirdi. Avropalıların əksəriyyəti üçün İspaniya hələ də dövrün ən böyük dövləti olaraq qalırdı, lakin reallıq isə əslində kifayət dərəcədə çətin idi, xəzinə boş idi. II Filipp 1596-cı ildə müharibədəki izafi xərclərə görə bankrot olmaqla, iki il sonra həyatdan getmişdi. III Filipp də 1607-ci ildə eyni bədbəxtlikdən qaça bilməmişdi. Hökumət səmərəsiz fəaliyyət göstərirdi. Kommersiya sinfi zəif idi. İspaniya böyük dövlət rolunu oynamaqda davam edirdi. Lakin bu görünüş aldadıcı idi. III Filippin hökmranlığı dövründə İspaniyanın zəifliklərinin çoxu aydın olmuşdu. İspaniya otuz illik müharibəyə cəlb edildikdə, bir sıra çox xərcə səbəb olan hərbi kampaniyalar keçirdiyinə görə daxili qiyamlarla və illərlə davam edən vətəndaş müharibəsi ilə üzləşmişdi. İspaniyanın bədbəxtliyindən kampaniyalar həmçinin qələbə çalınmadan uduzulmuşdu. Baş nazir, qraf Olivares kral IV Filippə yazmışdı ki, “Allah istəyir ki, biz sülh bağlayaq. Onun bizi açıqca və hər şeydən mütləq məhrum etməsi müharibəyə görədir”. 1643-cü ildəki Rokrua döyüşündə isə ispan ordusunun çox hissəsi məhv edildi.

 

8. Osmanlı imperiyası

 

1453-cü ildə Konstantinopolu işğal edəndən sonra Osmanlı türkləri Balkanlarda öz işğallarını tamamlamağa cəhd etdilər, orada isə onlar hələ XIV əsrlərdən yerləşmişdilər. Baxmayaraq ki, 1476-cı ildə Rumıniya ərazisi olan Balaxiyanı götürməkdə onlar uğurlu olmuşdular, macarların müqaviməti onların Dunay vadisində irəliləməsini dayandırmışdı. 1480-ci illə 1520-ci il arasında daxili problemlər və şərqdəki sərhədləri konsolidasiya etmək ehtiyacı türkləri Avropada aparacaqları sonrakı hücumlardan saxlamışdı.

 

Sultan Süleyman Kanuninin hökmranlığı (1520-1566-cı illər) ancaq türkləri geri, Avropaya diqqət yetirməyə qaytardı. Dunay üzərində irəliləyib, türklər 1521-ci ildə Belqradı və 1526-cı ildə Macarıstanı tutdular. Lakin 1529-cu ildə onların Vyananı işğal etmək cəhdi dəf edildi. Elə bu vaxt türklər öz hakimiyyətlərini qərbə, Aralıq dənizinə genişləndirib, onu iri Türkiyə gölünə çevirməklə hədələdi.

 

Lakin türk donanması 1571-ci ildə Lepantoda (indiki Yunanıstandadır) ispanlar tərəfindən darmadağın edildi. Məğlubiyyətlərinə baxmayaraq, türklər Aralıq dənizinin şərq sahillərində nominal nəzarəti saxlamaqda davam edirdilər.

 

Baxmayaraq ki, avropalılar dəfələrlə “dinsiz” türklərə qarşı yeni Xristian səlib yürüşləri başlayacaqlarını demişdilər, XVIII əsrin əvvəllərində onda müttəfiq və ticarət partnyoru axtarmaqla, Avropa hökmdarları Osmanlı imperiyasına başqa bir əsl Avropa dövləti kimi münasibət bəsləyirdilər.

 

Osmanlı imperiyası yüksək səmərəsi olan hökumət sisteminə malik idi, ona güclü sultanlar və ya qüdrətli böyük vəzifələr (baş nazirlər) rəhbərlik edəndə, bu xüsusən nəzərə çarpırdı. Gözəl İstanbul hansısa bir Avropa şəhərindən daha çox əhaliyə malik idi. Buna baxmayaraq, Osmanlı siyasətçiləri bəzi vaxtlarda qanlı intriqalarla pozulurdu, fraksiyalar təsir və taxt-tac üstündə bir-birilə vuruşurdular. Bir dəhşətli təcrübə ondan ibarət idi ki, sultan öz hakimiyyətinə qorxu yaranmaması üçün öz qardaşlarını öldürməli olurdu.

 

Yaxşı təşkil olunmuş hərbi sistem həmçinin Osmanlı imperiyasının möhkəmliyi üzərinə əlavə olunurdu. Xüsusən öz valideynlərindən götürülüb, müsəlman dininə keçirilən və sərt hərbi intizama tabe olan məşhur yeniçərlər sultanın böyük qoşunun elit özəyini təşkil edirdilər.

 

XVII əsrin birinci yarısında Osmanlı imperiyası “yatmış nəhəng” idi. Daxilindəki qan axıdılması ilə və Persiyadan gələn çağırışdan sərt qaydada təhlükə hiss edən osmanlılar Şərqi Avropadakı status-kvo ilə barışmalı oldular. Lakin XVII əsrin ikinci yarısındakı yeni baş vəzirlər xəttinin rəhbərliyi altında Osmanlı imperiyası yenidən təcavüzkar müharibələrə başladı. 1683-cü ildə osmanlılar Macarıstan düzənliyi ilə yürüş edib, Vyananı mühasirəyə aldılar. Lakin avstriyalılar, polyaklar, bavariyalılar və saksonlar tərəfindən dəf edilən türklər geri çəkildilər və yeni Avropa koalisiyası tərəfindən Macarıstandan kənara atıldılar. Öz imperiyalarının özəyini saxlamalarına baxmayaraq, Osmanlı türkləri bir daha heç vaxt Avropaya təhlükə törədə bilmədilər.

 

9. Habsburqların Avstriya imperiyasının sonrakı dövrləri

 

Avstriya imperiyası XVIII əsrin başlanğıcından böyük Avropa dövlətlərindən birinə çevrildi. Habsburq monarxiyasının mərkəzi Vyana şəhəri barokko üslubunda tikilmiş gözəl saraylarla və kilsələrlə dolu idi, həm də Avropanın musiqi paytaxtına çevrilmişdi. Avstriya geniş imperiya kimi çox sayda müxtəlif millətlərdən, dillərdən, dinlərdən və mədəniyyətlərdən təşkil olunmuşdu, onu ümumi qanunlarla təmin etməkdə və bu xalqları mərkəzləşmiş inzibatçılığa tabe etməkdə xeyli çətinlik çəkirdi.

 

İmperatriça Mariya Terezanın hökmranlığında (1740-1780-ci illər) Avstriya Sileziyanı Avstriya irsi uğrunda gedən müharibədə Prussiyaya uduzmuşdu. O, rəqib Prussiya ilə zəruri kimi görünən sonrakı münaqişə üçün hazırlaşmaqdan ötəri imperiyasında islahat aparmağı qərara aldı. Avstriya imperiyasının bir hissəsini daha mərkəzləşmiş və daha bürokratik etdi. Onun varisi İosif taxt-tacda olanda (1780-1790-cı illər) dəyişikliklər etmək qərarına gəldi, o, monarxiyalar içərisində və Avropada güclü Habsburq dövləti etmək barədə anasının başlıca məqsədini həyata keçirmək istəyirdi. O deyirdi ki, “Mən imperiyanın qanun düzəltmək fəlsəfəsinə malikəm; onun məntiqi məqsədi Avstriyanı dəyişdirməyə getməkdir”. O, təhkimçiliyi ləğv etdi və kəndlilərə öz mülkiyyətini saxlamağa irsi hüquqlar verməyə cəhd etdi. II İosif Avstriyanı transformasiyaya uğratmaq üçün 6 min dekret və 11 min qanun dərc etdi.

 

10. Rusiya Böyük Yekaterina dövründə

 

Böyük Pyotrun altı varisinin hamısı saray qvardiyasının hakimiyyəti altına düşmüşdü. Onlardan axırıncısı III Pyotr idi, onun alman arvadı Yekaterina Rusiyanı öyrənmiş və qvardiyanın rəğbətini qazanmışdı. III Pyotr kübar fraksiyası tərəfindən öldürüldükdə II Yekaterina bütün Rusiyanın avtokratı (1762-1796-cı illər) kimi meydana çıxdı.

 

Yekaterina bacarıqlı qadın idi, filosofların əsərləri ilə tanış idi, fransız maarifçiləri ilə məktublaşırdı. O, iddia edirdi ki, Rusiyada maarifçilik ideyaları xətti ilə islahat keçirmək istəyir. Lakin o, başa düşürdü ki, onların uğuru saray qvardiyasının dəstəyindən asılıdır. O, Rusiya kübarlığından uzaqlaşa bilməzdi. O, təhkimçiliyi, işgəncələri və ölüm cəzasını ləğv etmək istəsə də, heç birini həyata keçirmədi.

 

Üç qüdrətli qonşu - Avstriya, Rusiya və Prussiya Polşanın öz aralarında bölüşdürdü, hər üçü Polşa hesabına təqribən bərabər ərazilər aldı. 1772-ci ildə Polşa torpaqlarının 30 faizini, əhalisinin isə 50 faizini itirdi. Qalan Polşa dövləti zahiri qaydada müstəqil idi, 1794-1795-ci illərdə isə general Tadeuş Kostyuşkonun (o, ABŞ-da İstiqlaliyyət müharibəsində iştirak etmişdi) rəhbərliyi altında ümidsiz üsyandan sonra Polşa dövlətinin Avstriya, Prussiya və Rusiya tərəfindən sonuncu məhv olunması baş verdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 30 aprel.- S.20