“Qadın olmağ”ın sirrləri
Pərvinin “Qadın olmaq” kitabı ilk növbədə
üz qapağı ilə diqqəti cəlb edir.
Burada müəllifin şəklindən əlavə,
qadınsal, simvolik bir bilərzik təsvir olunub. Eyni zamanda, sevginin rəmzi
sayılan ürək və zamanı göstərən saat...
Və bir cümlə: “Pərvinin “Qadın olmaq” kitabı
insan münasibətlərinin bir çox gizlin, alt
qatlarını təhlil edir...”
Kitabların cildləri onların simalarıdır. Üz
qabığı kitab haqda informasiya verməlidir, həm də
əsərin məzmunuyla bir növ vəhdət, harmoniya təşkil
etməlidir. Pərvinin “Qadın olmaq”
kitabının da ilk uğuru diqqət cəlb edən
dizayndır. Həmçinin “müəllifdən”
adlandırılmış giriş də oxucunu
düşündürür, sonrakı səhifələri
maraqla oxumağa sövq edir.
“Qadın olmaq” kitabı tarixdə iz qoymuş 10 məşhur
qadının həyatından bəhs edir. Pərvin
kiçik esseləriylə böyük həyat hekayələrini,
sevgi romanlarını oxucularına təqdim edir. Müəllifin əsas uğuru bu qadınlara neytral
mövqedən yanaşması, mühakimə, tənqid,
müdafiə etməməsidir. O bu işi oxucunun öhdəsinə
buraxır.
Kitab amerikalı rəqqasə Aysedora Dunkanla rus şairi
Sergey Yeseninin eşq macəralarını
işıqlandıran esse ilə başlayır. Oxuduqca qəribə
görünür: ilk görüşdə alovlanan sevgi tezliklə
evliliklə nəticələnir. Lakin A.
Dunkanın xoşbəxtliyi uzunömürlü olmur. Yeseninin içki düşkünlüyü, həyat
yoldaşını yersiz qısqanması, maddi
sıxıntılar... ailənin təməlini
sarsıdır. Yesenin Dunkanın həyat
yoldaşı kimi tanınmasını qüruruna
sığışdırmır. Məncə, A.
Dunkanın sevdiyi adam tərəfindən dəfələrlə
qovulması qadın üçün faciədir. Lakin Dunkan şairi sevirdi, ayrılıb gedə
bilmirdi.
Zaman öz işini görür, vaxt keçdikcə
şairin rəqqasəyə olan hissləri soyuyur. Nəhayət
birtərəfli sevgi Aysedoranı da yorur. O
Yesenindən ayrılsa da, yenə dözmür, ona məktub
göndərir. Məktubun cavabı “Dahi
ayaqyalın”ın ikinci böyük faciəsi olur. Günahkarı isə oxucu özü
tapmalıdır.
Şan-şöhrəti,
zənginliyi, məşhurluğu deyil, “həqiqi sevgi”ni axtaran bir qadının həyatı necə
maraqsız ola bilərdi ki?”Arzum sevgidən ölməkdir”deyən
Qadının həyatı məhz belə olmalı idi! Beləsi
“Arxadakı qadın”olmalı, yalnız “sevgi”adlı xoşbəxtliklə
kifayətlənməli... Culyetta Mazina olmalı!
Culyetta gözəl deyildi. Lakin müəllif onun
“qadınlıq” tərifini qısaca belə ifadə edir:
“Culyetta ehtirasla zərifliyin, həssaslıqla sadəlövhlüyün
ideal harmoniyasını özündə birləşdirirdi”. Dahi İtalyan rejissoru Federiko Fellininin bəxti gətirmişdi.
Culyetta üçün ondan savayı heç nə
- karyera, həyat, uğur, dostluq, düşmənçilik, hətta
övlad... heç nə yox idi. Pərvin
Culyettanın bu fədakarlıqlarını çox
maraqlı şəkildə qələmə alıb qeyd edir
ki, C. Mazina Federikodan 5 “Oskar” mükafatlı rejissor yaradıb.
Daha məşhur, unudulmaz aktrisa ola biləcəyi
halda, sevgisi uğrunda bundan imtina edib. Lakin C.
Mazina elə buna görə də heç bir zaman unudulmayacaq
qadına- Federiko Fellininin yaradıcısına çevrilib.
Hər kəsin
fikrində formalaşmış bir qadın obrazı var: zərif,
incə, gözəl, sadə... Bəs “kişi təbiətli”
qadınlar ideal qadın ola bilməzlər?
Yazıçı “Kişi kimi” essesində sanki, bu sualı
oxucuya yönləndirir, onu “kişi kimi” qadın-Marina Vladi ilə
tanış edir, onun haqqında
düşündürür. Məlum olur ki, bu sevgini, bu ailəni
13 il yaşadan, ayaqda tutan da sırf Vladinin
“kişi xarakteri”dir.
M. Vladi
uyuşdurucu həblər və alkoqol düşkünü
olan əri ilə, onun xəyanətləri ilə, öz
ruhunu yeyib bitirən qısqanclıq hissi ilə “kişi kimi”
mübarizə aparır. Onun mübarizəsi hətta
sevdiyi adamın ölümündən sonra da davam edir. Müəllifin sözlərilə desək - “o,
sevdiyi, əvvəllər həyatının,
karyerasının, şairliyinin, səsinin üzərində əsdiyi
kişini hələ də qoruyur. Amma indi
sadəcə xatirəsini!”
Həyatda
insanları bir çox şeylər birləşdirir: arzular,
istəklər, məqsədlər, hədəflər,
duyğular... Bəzi insanları isə
dünyaya eyni baxış bucağı birləşdirir.
Dünyaya eyni pəncərədən baxmaq isti
bir münasibətin yaranmasına və hətta sevgiyə
çevrilməsinə səbəb olur. Bəlkə elə
buna görədir ki, öz dövrünün filosofu Paul Re,
filosof və filoloqu Fridrix Nitşe, gənc şair Rayner Mariya
Rilke, psixoanalizin banisi Ziqmund Freyd kimi məhşurlar eyni bir
qadına, müəllifin dili ilə desək, “Pis qız Lu”ya
aşiq olur, onu sevirlər. Yazıçı və
filosof olan Lu kilsəyə getməkdən boyun
qaçırmış, əvəzində tarix, ədəbiyyat
və fəlsəfə ilə məşğul olmuşdu.
Yazıçı qeyd edir ki, “istər geyimində,
istərsə də davranışında son dərəcə
qapalı olan, “yaxasını sona qədər düymələmiş”
bu qadın psixoloji nöqteyi-nəzərdən kifayət qədər
açıq-saçıqdır”. İlk baxışda
adamda ikrah, qəzəb hissi oyadan “Pis qız” nə qədər
qəribə səslənsə də, Paul Re və Fridrix
Nitşe kimi filosoflarla bir evdə dost kimi yaşamağı
bacarmışdı. Ona görə Lu
haqqında “pis qız” ifadəsi yerinə düşsə də,
onun sevimli qadın olması düşündürücüdür.
Müəllif bu məqamı belə şərh edir: “Sevgi Pis
qızları sevir!”
“Bəzən bircə kişinin ağlına təsir edə
bilməyən kişilər qadınların ağlını
əlindən alıb, ona sonsuz dərəcədə təsir
göstərə bilirlər” - fikrinin müəllifi “kişi
üzlü qadın” Jorj Sand olub. Və bu
fikirlərin müəllifi olan Sandın A. Müsse, F. Şopen, P.
Merime kimi məşhurları özünə aşiq etməsi,
onları öz təsiri altına alması böyük təzaddır.
Ehtimal ki, onu qarşı cinsin nümayəndələrinə
sevdirən də, elə onun qadın xarakterindəki təzad
olub.
İlk
baxışda dünya şöhrətli bəstəkarı
özündən “iyrəndirən” kişi
qiyafəli qadın xüsusiyyətli Sand bəstəkarı
özünə aşiq edir. Şəxsi həyatı
hər zaman təlatümlü olan Sandın normal ailə həyatı
olmayıb. Sona qədər sadiq qala bilmədiyi
sevgilisi Şopeni Sandsız təsəvvür etmək
qeyri-mümkündür. Və bəlkə
də, sevgilisinə sadiq qala bilməyən, müxtəlif macəralar
yaşayan bu qadın məhz belə yaşamasaydı, 35-ə
qədər roman yaranmazdı.
“Bildiyim tək
şey budur ki, rəsm çəkirəm, çünki buna
ehtiyacım var”... Bəli. Fridanı
həyata bağlayan da məhz bu ehtiyac idi. Bəlkə də, bu kitabın içərisində,
bu 10 qadının arasında ən bədbəxti, ən
ağır, ən kədərli həyat hekayəsinin sahibi
idi Frida Kalo. Bəlkə də,
böyük Yaradan onu bu əzabları çəkmək
üçün yaratmışdı. Lakin
heç şübhəsiz, bu əzablar idi onu ölməz əsərlər
yaratmağa sövq edən. Bir
qadının başına gələ biləcək
bütün faciələri yaşadı Frida, həyatı
boyu həyatda qalmaq üçün mübarizə apardı.
İnsan üçün ən dəyərli məfhumu-sağlamlığını
dəfələrlə başına gələn qəzalarda
itirdi Frida. Lakin ürək ağrısı can
ağrısını üstələdi. Sevgi bütün qəzalardan
daha çox ağrı, əzab verdi ona. Etibarsız, sədaqətsiz bir insanı həyatı
boyu sevdi. Həyatı boyu həyat
mübarizəsinə bir mübarizə daha əlavə olundu.
Özü ilə, qısqanclıq hissi ilə
mübarizə etdi Frida. Xəyanətlərlə
təkbətək döyüşdü yaralı qadın.
Dəfələrlə doğulmamış
övladlarını itirdi, ana olmaq hissindən əbədi məhrum
oldu Frida. Bütün faciələrini,
ağrılarını, kədərini, ümidini, həyat
eşqini...yaşadığı hər şeyi rəsmlərinə
həkk etdi rəssam qadın. Yazıçı
olsaydı, bütün həyatını sözbəsöz
yazsaydı, bəlkə daha az təsirli
olardı. Ölümündən sonra
yandırılmağı vəsiyyət etdi rəssam
qadın...Yandırıldı. Külü
isə indi muzey olan evində saxlanılır. Və bəlkə
də, nə vaxtsa öz külündən yenidən
doğulacaq başqa bədəndə, başqa görkəmdə-mübariz
qadın Frida...
“Qadınlar nə istər?” sualına “kitablara
sığmaz” deyənlər səhv edirlər. Qadın
yalnız sevilmək istər. Şahzadə
Diana da yalnız sevilmək istədi. Onu
sevməyən Şahzadə ərindən xilas olub, onu sevən,
həqiqətən sevən qəlbdə yaşamaq istədi.
Bu onun ruhunun-qadın ruhunun təbii ehtiyacı
idi. Və hətta, bu ehtiyac onu
addım-addım ölümə apardı. Sevgini yenicə tapmışdı ki, sevdiyi adamla birgə
qəzada dünyadan əsl bir Şahzadə kimi
köçüb getdi.
Onun ölümü siyasi cəhətdən hələ
də müəmmalı qalır. Çünki Diana adi
bir qadın deyildi. İngilis kral ailəsinin
gəlini, taxt varislərinin anası idi. Xeyriyyəçi
idi, xalq onu sevir, ona inanırdı. Eks Şahzadə
monarxiyaya qarşı idi, kral ailəsinin əsl iç
üzünü bilirdi. Və ən əsası
Diana Dodi-Əl-Fayetə aşiq idi. Bu adam
isə həm müsəlman idi, həm də dünyanın
öndə gələn silah tacirləri ailəsindən idi. Diananın ölümü dünyanı yasa
boğdu. Həyatı keşməkeşli
qadının ölümü də böyük qalmaqallara səbəb
oldu və ardınca cavabsız suallar qoyub getdi.
Yazımın əvvəlində qeyd etdiyim kimi, bu kitab
tarixdə öz izlərini qoyub getmiş 10 məşhur
qadının həyatından bəhs edir. Və kitabı oxuduqdan sonra
düşünürsən: “Niyə məhz bu qadınlar?” Müəllifin sırf bu qadınları seçməsi,
onların həyatları fonunda qadın xarakterlərini, bəzi
sirləri açması təsadüfi deyil. Çünki bu qadınların heç biri adi,
sıradan qadın deyil. Onların əksəriyyəti
elmə, sənətə, ədəbiyyata, fəlsəfəyə
meylli rəqqasə, aktrisa, yazıçı, rəssam və
s idi. Bəziləri isə sadəcə
ilham pərisi. Müəllif tez-tez
vurğulayır ki, bu insanları birləşdirən həm
də elmə, sənətə sevgi idi. İdeal
olmayan insanlar arasında ideal sevginin yaranması
üçün eyni ideallar, ruhların uyğunlaşması,
eyni baxış bucaqları böyük rol oynasa da, bu
qadınların “Qadın” xarakterləri əsas diqqət mərkəzinə
çəkilir.
Yazıçı göstərir ki, nəhəng sənət
əsərləri məhz məhəbbətin əzab-əziyyətləri
nəticəsində meydana gəlir. Bu mənada sənət
sevgidən qidalanır. Sevgi isə
QADINdır. Məhz bu qadınların
sevgiləriylə böyük, şah əsərlər
yaranır.
Bu 10 adamı birləşdirən cəhətlər
olduğu kimi, hər birinin özünəməxsus “Qadın”
xüsusiyyətləri vardır.
Kimi gözəl,
kimi çirkin, kimi fədakar, kimi eqoist, kimi şeytan, kimi mələk,
kimi bədbəxt, kimi xoşbəxt...
Bir oxucu kimi “Arxadakı qadın”ı özümə
daha yaxın hiss etdim, bəlkə də onun yerində olmaq istədim. Bu 10 qadın
içərisində bəlkə də, ən xoşbəxti
məhz o idi. Sevmişdi, sevilmişdi,
onunla yaşamışdı, ondan böyük əsər
yaratmışdı, övladı olmamışdı ancaq
sevdiyi adamı övladı kimi sevməyi də
bacarmışdı. Mənə görə
ən faciəvi taleyin sahibi isə Frida Kalo idi. Tanrı sanki onu dünyaya yalnız əzab çəkmək,
bu əzablarını rəsmlərinə həkk etmək
üçün gətirmişdi.
Yazıçı bu qadınların taleyini, həyatını
qələmə almaqla biz oxucuların təxəyyülündə
ideal qadın obrazı yaradır həm də. Kitabı bitirdikdən sonra
düşünürəm: “İdeal qadın necə
olmalıdır?” Cavab bu on nəfərin taleyində, xasiyyətindədir...
Qadın incə, zərif olmalıdır, hər bir hərəkətində antik bir gözəllik duyulmalıdır, “Dahi ayaqyalın” Aysedora Dunkan kimi, Şahzadə Qreys Kelli kimi...
Ehtirasla zərifliyin, həssaslıqla sadəlövhlüyün harmoniyası olmalıdır qadın, eyni zamanda fədakar, sadiq, sədaqətli - “Arxadakı qadın” Culyetta Mazina kimi...
Yeri gəldikdə, “kişi kimi” və bəlkə də daha artıq cəsarətli olmalıdır Qadın, eyni zamanda qayğıkeş olmalıdır -Marina Vladi kimi...
Təzadlı, enişli-yoxuşlu, dəcəl, şıltaq olmalıdır qadın -Jorj Sand kimi...
Dünyagörüşü geniş, savadlı, əlçatmaz olmalıdır Qadın, öz söhbəti, sözü, nitqi ilə ovsunlamalıdır -Lu Salome kimi...
Şən olmalıdır Qadın, getdiyi hər yerə bayram ab-havası aparmalıdır- Qala kimi...
Yoxdan var etmək yalnız Tanrıya məxsusdur. Var olanı yenidən yaratmaq, böyütmək, inkişaf etdirmək isə qadına verilmiş xüsusi istedaddır, bəlkə də belə deyil... Heç Pərvin də “Qadın olmaq” kitabında bu haqda nə isə demir. Sadəcə, Qadınlığın gətirdiyi səadətdən danışır.
Əsmər
İSLAMZADƏ
525-ci qəzet.- 2016.- 30 aprel.- S19.