Piyada fədası  

 

 

 

İstanbula gəldiyimdən bəri şahmat həyatımın ayrılmaz bir parçasına çevrilib.

 

Gecə yarısına qədər, saatlarla gözlərimi şahmat taxtasına zilləyərək bir tərəfdən rəqibimin hücumlarının qarşısını alır, bir tərəfdən isə onu məğlub etməyin yollarını axtarıram... Qaldığım yataqxanada Afrikanın, Asiyanın bir sıra ölkələrindən olan, müxtəlif mədəniyyətlərə, mühitlərə mənsub tələbələrlə oynamaq daha fərqli strategiya, düşüncə ilə qarşılaşmaq deməkdir.

 

Şahmatda həm rəqibini mat etmək üçün planlar qurursan, həm də rəqibin sənə qarşı qurduğu planı dəf etməklə məşğulsan. Milyonlarla gediş, variantlar var və sən qarşındakı hansısa bir daşı oynayanda nə üçün belə etdi, bir sonrakı gediş nədir, onun gördüyü mənim görmədiyim nədir deyə düşünürsən... Əsas ehtimalları nəzərə alırsan və ona uyğun davranırsan. Sən bu hücumu dəf etməli, eyni zamanda öz hücumunu qurmalısan. Rəqibinin gözlədiyindən fərqli bir daş oynaması planlarını dəyişir. Hər şey yenidən başlayır. Qısa bir zaman kəsiyində başqa bir yol tapmalısan. Qurduğun plan ancaq rəqibin bunu anlamayanda istədiyin gerçəkləşir. Çünki milyonlarla gediş var. Rəqib bunların bir qismini təsəvvür edir, amma onun ehtimalları içində sənin planın daxil olmaya da bilər və ikinci, bəzən də üçüncü gedişdə rəqib səhvini anlayır. Həyatda da belədir. Bir plan qurursan və anidən hesaba almadığın bir şey hər şeyi alt-üst edir. Ancaq şahmatın əksinə olaraq insanların bununla bütün dünyaları yıxılır, məyusluq başlayır. Şahmat mənə öyrətdi ki, hər an hər şeyə hazır ol və sənin planın, arzuna daxil olmayan bir şeylə qarşılaşanda rəqibin əlini sıxıb masadan qalxma, fikirləş, başqa bir yol tap. Həyatla şahmat arasında apardığım paralellər mənə bu oyunu daha çox sevdirdi. Çünki şahmat bir növ həyatın taxta lövhə üzərində edilən bir məşqidir...

 

Şahmatda min illərin təcrübəsindən doğan (klassik) və daha sonralar ayrı-ayrı böyük ustaların kəşf etdikləri (müasir) fəndlər, hücum-müdafiə planları var. Bir çox idman sahələrinin peşəkarları onun bütün fəndlərini, taktikalarını bilirlər, amma şahmatda bu bir az qəlizdir. Çünki söhbət yüzdən, mindən, milyondan yox, milyardlardan gedir. Riyazi hesablamalara görə, şahmatda ikinci gedişdən sonra 72 min, üçüncüdən sonra 9 milyon, dördüncüdən sonra isə 318 milyard ehtimal var. Sonrakı gedişlərdə konkret rəqəm göstərmək yerinə kainatdakı ulduzların sayı qədər ehtimal olduğunu deməklə kifayətlənirəm.

 

Kasparovun beyin işgəncəsi, Paskalın insan zehninin gimnastika zalı, Botvinnikin analiz sənəti, Pyer Makın bütün dənizlərdən daha çox macərası olduğunu dediyi bu oyuna olan marağım hər gün bir az daha artır. Bəlkə də, bunun səbəbi şahmat oynadıqdan sonra həyatda baş verənləri daha sürətli analiz etdiyimi, yaddaşımın qəribə şəkildə məndən asılı olmadan hər şeyi yadda saxladığını fərqinə varmağımdır. Bu sahədə özümü inkişaf etdirsəm də, bunun dənizdən bir damla belə olmadığını bilirəm. Və heç olmasa o bir damlanı formalaşdırmaq üçün şahmat barədə yazılmış bir sıra kitablar oxuyur, tez-tez internetdə şahmat tarixinin ən maraqlı qarşılaşmalarını, dünya çempionatlarını izləyir, müəyyən kambinasiyaları öyrənir və həmin axşam tələbə dostlarla oynayıb nəzəri bilgilərimi təcrübəyə çevirirəm.

 

Şahmatdakı sonsuzluq, hüdudsuzluqla bağlı ən yaxşı rəvayətlərdən biri hesab etdiyimi şahdan şahmat taxtasının birinci xanası üçün bir, ikinci xanası üçün iki, üçüncü xanası üçün dörd və növbəti xanalar üçün əvvəlkindən iki dəfə çox buğda istəyən məşhur əhvalatdır. Belə ki, şahın tapşırığıyla hesablamağa başlayanda birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda... Amma qırx doqquzuncu xanaya çatanda şahın verməli olduğu buğdanın miqdarı iyirmi dörd milyon, əlli dördüncü xanada yeddi yüz yetmiş bir milyon ton buğda lazım idi. Hesablamaların sonunda veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum oldu və bu qədər buğdanı yetişdirmək üçün dünyadan altmış dörd dəfə böyük bir əraziyə ehtiyac var.

 

Şahmatdakı bu sonsuz gedişlər, ehtimallar, strategiyalar, hesablamaların minimum səviyyədə ən çox rast gəlinənlərini əzbərləmək lazımdır. Bu oyunda düşünməkdən, səbrdən, uzaqgörənlikdən, məntiqdən də öncə yaddaş faktoru əsasdır. Ortabab bir oyunçu olmaq üçün heç olmasa ingilis, italyan, ispan açılışı, Siciliya müdafiəsi, iki at müdafiəsi, vəzir, şah, şimal qambiti kimi ən çox istifadə olunan fəndləri əzbərləmək, ilk dünya çempionu Vilhelm Steyinitzdən (1886-1894) sonuncu çempion Magnus Karsenə (2013) qədər dünyanın ən yaxşı oyunçuları adını qazanmış ustaların oyunlarına, taktikalarına nəzər salmaq vacibdir. V.Steyinitz və M. Karsen arasında olan bir çox dünya çempionlarının adını ixtisarla çəkmək istəyirəm:Emanuel Lasker, (1894-1921),  Kapablanka (1921-1927), Aleksander Alyoxin (1927-1935, 1937-1946), Maks Eyve (1935-1937), Mixail Botvinnik (1948-1960),  Boris Spasski (1969-1972), Anatoli Karpov (1975-1985), Kasparov (1985-2000), Kramnik (2000) və Anand (2007) bunlara əlavə olaraq da bu gün dünyanın ən güclü qrossmeysterləri hesab olunan Veselin Topalov, Sergey Karyakin, Fabiano Karuana, Xikaru Nakamura.... Bütün bu adları saymaqda məqsədim var. Dünyanın ən yaxşı ustaları arasında birisi var ki, bu zamana qədər haqqında ən çox danışılan, yazılan da məhz odur. O, şahmatın əfsanəsi hesab olunur. Adı: Robert Ceyms Fişer (Bobbi Fişer).

 

Onun həyatı eyniylə yazıçı Selinceri xatırladır. O da karyerasının zirvəsindəykən şahmatdan uzaqlaşmışdı. Əslində, Fişerin bioqrafiyasına bələd biri kimi “şahmatdan uzaqlaşmaq” ifadəsinin doğru olmadığını düşünürəm. Onun iyirmi il ailəsindən, dostlarından, vətənindən uzaqlaşması, səssizcə yoxa çıxması bu peşədən də uzaq durması mənasına gəlmir.

 

Fişer 1972-ci ildə Reykyavik şəhərində Boris Spasskiyə qalib gələrək dünya çempionu adını qazanmış, üç il sonrakı dünya çempionatına getməmiş və beləliklə final oyunu olmadan titulu Karpova verilmişdi. Spasski ilə olan final oyunlarının da bəzisinə gəlməmiş, tamaşaçıların, kameraların olmadığı bir yerdə oyunun keçirilməsi, veriləcək pul mükafatının artırılması kimi şərtlər irəli sürmüş və onlar yerinə yetirilməyənə qədər oynamayacağını bildirmişdi. Lakin Karpov ilə oyuna gəlməməsini çoxları onun uduzmaq qorxusundan irəli gəldiyi qənaətində idi. Karpov da müsahibəsində Fişerin öz titulunu itirməyi gözə almadığından oyunda iştirak etmədiyini vurğulamış və nəticədə iştirak etməyənlər uduzmuş hesab etmək olmaz cümləsini də əlavə etmişdi.

 

O illərdə şahmat həddindən artıq siyasətə bulaşmış bir oyun idi. Ruslar şahmatdan təbliğat kimi, güc nümayişi kimi istifadə edir, bütün dünyaya şahmat üzərindən vətəndaşlarının intellektual olması mesajını verirdi. Buna görə ölkənin hər yerində şahmat məktəbləri yaratmış, bu sahəni xüsusi diqqətdə saxlayırdılar. Dünya şahmat çempionlarının siyahısına baxdıqda onların çoxunun milliyyət olaraq rus olmasalar da, əksəriyyəti Rusiyanı təmsil edirdi. Amerikada isə şahmat ənənəsi yox idi. Fişerdən əvvəl bircə Pol Morfi adlı böyük ustaları vardı. Bobbi Fişer və Boris Spasski oyunu iki idmançının qarşılaşması yox, rus-amerikan müharibəsi kimi dəyərləndirilirdi. Hər iki dövlət rəhbərləri, xalq böyük maraqla oyunun  nəticəsini gözləyirdi. Fişerin oyuna qatılması şübhə altında idi. Amerikanın birinci dərəcəli məmurları ona zəng edib oyunda iştirak etməli olduğunu və onun arzu etdiyi kimi gizli şəkildə hava limanında heç bir jurnalistlə qarşılaşmayacağına əmin edərək razı salmışdılar. Bu oyunda Fişerin udması o qədər real görülmürdü. Çünki Fişerin rəqibi Spasski dünya çempionu, planetin birinci ən yaxşı şahmatçısı idi. Ancaq Fişer rəqibinə qalib gəldi. Onlar arasında olan altıncı matç isə bu gün şahmat tarixində əsrin oyunu kimi dəyərləndirilir. Bunun səbəbi siyasi amillərlə yox, bu qarşılaşmanın çox yaradıcı olması, strategiyanın zənginliyi, bu oyunun  çoxlarına ilham verməsidir.

 

Fişer Amerikada bir qəhrəman kimi qarşılandı. Hər bir Amerika vətəndaşı bu qələbənin onların ruslardan nə qədər müdrik, güclü olduğunu göstərdiyinə səmimi qəlblə inanırdılar. Fişer və Spasski qarşılaşmasını çoxları kapitalizm və kommunizmin üz-üzə gəlməsi  kimi dəyərləndirirdi. Fişerin qələbəsini amerikalı və avropalılar kommunizm sonunun çatması kimi qiymətləndirirdilər. Amma bütün bunlar Fişerin vecinə deyildi. Ağ Evə nahara dəvət olunan Fişer prezidentlə görüşə getməmişdi. Fişerin qələbəsi Sovetlərin heç xoşuna gəlməmiş və şahmata olan diqqət daha da artırılmışdı. Belə ki, reytinqə görə Fişerdən sonra dünyanın ən yaxşı ikinci oyunçusu yenə bir rus Anatoli Karpov idi. Birinciliyi qazandıqdan sonra A. Karpov bu titulu on ilə yaxın qorudu. Onun tacını isə 1985-ci ildə bakılı Harri Kasparov əlindən aldı...

 

Bobi Fişer barədə hazırlanan sənədli filmə baxandan sonra belə qənaətə gəldim ki, onun ən çox sevilən oyunçu olmasının səbəbi yaradıcı oyunlarıyla yanaşı fərqli bir həyat tərzi, şıltaqlığı, qeyri-adi hərəkətləri, oyunların keçirilməsi şərtləri və qonorar istəkləri  olmasıdır. Çünki Fişerin məğlub etdiyi Boris Spasski də, onun tacını əlindən alan Anatoli Karpov da diqqətə layiq, şahmat tarixinin ən yaxşı ustalarındadır. Buna baxmayaraq geniş kütlə içində də ən çox tanınan, az qala adı “şahmat” sözünün sinonimi kimi qəbul edilən Fişerdi...

 

Bu yaxınlarda isə rejissor Edvard Zvikin Bobbi Fişerlə bağlı film çəkdiyini eşidən kimi vaxt itirmədən filmi izlədim. Onun həyatının necə bədiiləşdirildiyi, ekran taleyinin necə olduğu hədsiz maraqlı gəlirdi. Filmin adı “Pawn Sacrifice” türkcəyə “Şah Mat” adıyla çevrilsə də dəqiq tərcümə etsək adın mənası “Piyada fədası”dır. Görünür, bu ad bazara hesablanıb. Çünki “Şah Mat” adı geniş kütlə üçün aydın olsa da “Piyada fədası”nda piyadanın şahmatda bir fiqur olmasından azsaylı bir qrup xəbərdardır. Ancaq “Piyada fədası” bir film üçün daha yaxşı ad olduğunu düşünürəm. Bu ad bir neçə aspektdən maraqlıdır. Fədalar şahmatın qaçınılmaz bir hissəsidir. Oyun da bəzən nəinki piyada, vəziri də fəda etmək lazım gəlir. Digər məsələ isə bu ad Fişerin həyatını açıqlayan bir addır...

 

Deyim ki, filmdə Bobbi Fişerin həyatı bir az daha dramatikləşdirilib, qroteskə yol veriblər. Hətta bu pafos XIX əsrin ən yaxşı şahmatçılarından hesab olunan Pol Morfidən də kənar keçməyib.Məsələn, amerikalı Morfinin dəli olaraq hamamda intihar etdiyini deyirlər, ancaq həqiqətdə o, 47 yaşında ürək tutmasından ölmüşdü. Rusların oyunlara limuzinlərdə gəlməsi, ölkənin ən lüks otellərində qalması Fişerin isə taksiylə gəlməsi, ən şəraitsiz qonaq evlərində gecələməsi tipik motivasiya dolu amerikan filmlərini xatırladır. Əslində isə həm Rusiya, həm də Amerika təmsilçiləri üçün hər cür dəstəyi vermişdi. Prezident səviyyəsində Fişerə dəstək, onun istəklərinin yerinə yetiriləcəyinə dair təminat vardı.

 

Filmin ssenaristlərdən biri olan Stivin Rivele öncələrdə Məhəmməd Əli, Bethovenin həyatından bəhs edən bioqrafik filmlərin mətnini yazıb. Bioqrafik film ssenarisi yazmaqda peşəkardı və bəzi şişirtmələri, pafosları çıxsaq Bobbi Fişerin həyatı bütün incəliklərinə qədər əks olunması, süjetin axıcılığı, maraqlı dialoqlar mətnin uğurlu olmasına işarədir. Bundan başqa Tobey Maguire, Liv Şreiber, Peter Sarsgaard kimi aktyorların performansları da mənə uğurlu gəldi. Filmin süjeti, Bobbi Fişerin həyat hekayəsini uzun-uzun yazmaq istəmirəm. Ümid edirəm bu yazıyla Fişer barədə az da olsa maraq yarada bildim. Şahmat barədə demirəm, çünki “Piyada fədası” və ya Fişer haqqında sənədli filmlərə baxdıqdan sonra sizdə bu oyuna qarşı maraq yaranacaq. Unutmadan qeyd edim ki, Fişerin adının tez-tez hallandığı, onun müəllimi tərəfindən yetişdirilən bir başqa amerikalı şahmatçı barəsində çəkilən “Məsum gedişlər” filmini böyük rejissor işi, usta ssenari gözləntisi olmadan izləyərək zövq ala bilərsiniz.

 

 

 

Ramil Əhməd

525-ci qəzet.- 2016.- 30 aprel.- S.18