Aysel Kərimin uğur
formulu: hisslərinlə istəklərin
üst-üstə düşürsə...
GƏNC SƏNƏTÇİ DEYİR Kİ, ALDIĞIM MÜSBƏT RƏYLƏR MƏNİ HEÇ DƏ ARXAYINLAŞDIRMIR, ƏKSİNƏ, MƏSULİYYƏTİMİ DAHA DA ARTIRIR
Müsahibimiz - gənc musiqişünas, bəstəkar və yazar Aysel Kərim
Bakı Musiqi Akademiyasının 3-cü kurs
tələbəsidir. “Bir ovuc yağış”
adlı şeir kitabının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Gənc Ədiblər Məktəbinin
məzunudur.
2014-cü
ildə Gənclər
və İdman Nazirliyi tərəfindən
“Gənclər mükafatı”na layiq görülüb.
- İlk musiqi təhsilimi lap kiçik yaşlarımda Gəncə
şəhərindəki Fikrət
Əmirov adına
musiqi məktəbində,
sonra Bakı şəhərindəki Səid
Rüstəmov adına
musiqi məktəbində
aldım. Artıq ixtisas seçimimə
gələndə qərara
aldım ki, təhsilimi elə musiqi üzrə davam etdirim. Bu, tək mənim
istəyim yox, həm də müəllimlərimin mənə
təklifi idi. Beləliklə, Asəf Zeynallı adına
musiqi kollecinin
fortepiano şöbəsinə daxil oldum. Peşəkar insanlardan aldığım
rəylər mənə
stimul verirdi. Düşündüm ki, mütləq
bu sənəti davam etdirməliyəm.
2013-cü ildə Bakı
Musiqi
Akademiyasının Musiqişünaslıq fakültəsinə
qəbul oldum. Seçmə ixtisasım bəstəkarlıqdır.
Təhsilimi uğurla davam
etdirməkdəyəm. Musiqişünaslıq üzrə müəlliməm
professor Cəmilə Həsənovadır.
İlk bəstəm “Ümid” olub. Hazırda bir neçə
əsərin müəllifiyəm.
Musiqi haqqında çox sayda məqaləm var.
- Poeziya və musiqi. Hansını daha önə
çəkməyi düşünürdünüz?
- Mənə tez-tez deyirdilər, həm şeir yazırsan, həm də musiqi sənəti ilə məşğul olursan, bunların ikisini bir yerdə
- mahnı kimi təqdim etsən olmazmı? Əlbəttə, bilirdim ki, hər şeyin bir zamanı var. Zamanı gəldikdə mahnı da olacaq.
Həmin
zamanı səbrlə
gözləyirdim. Zamanı gəldi
və öz sözlərimə mahnı
bəstələdim. Dəyərli insanlardan müsbət rəylər aldım.
Qeyd etmək istəyirəm ki, ilk işıq üzü görmüş
mahnım Ələsgər
Əliyevin ifasında
“Səni sevərəm”
oldu.
-Valideynlər seçiminizə
necə yanaşdılar?
- Dəstək oldular. Anam məni həkim görmək istəyirdi.
Düşünürdü ki, yaxşı həkim ola
bilərəm. Amma ixtisas
seçimimə qarşı
çıxmadı.
- Musiqiçi olmasaydınız
ixtisas olaraq ədəbiyyatşünaslığı seçərdinizmi?
- Ümumiyyətlə, ixtisas
kimi yiyələnə
bilərdim. Amma nəsə yazıb-yaratmaq
konkret olaraq təb məsələsidir.
Yəni uğurlu, insanların ürəyini fəth edə bilən əsərlər hisslərin
məhsuludur. Lakin hər
bir əsər yarandıqda onun janrını, bölgüsünü
dəqiq ayırd edə bilməlisən.
Mahnıda tətbiq etdiyin
qayda-qanunları klassik
əsərlərdə, digər
musiqi əsərlərində
tətbiq edə bilməzsən. Və bir
çox dərin səbəblər var ki, onu mükəmməl
dərk etməlisən.
Tətbiq olunmuş qaydalardan
kənara çıxmaq
olmaz. Bunun üçün də mütləq ali
musiqi savadı və bəstəkarlıq
təhsili lazımdır.
Ümumiyyətlə, hisslərinlə istəklərin üst-üstə
düşürsə, demək,
uğura bircə addım qalıb. Mənim hər bir melodiyam
hisslərimin tərənnümüdür.
Dünyanı fərqli görmək,
duymaq və bunu hər iki
sənətimdə tətbiq
etmək mənim üçün çox sevindirici haldır.
- Demək olarmı ki, bəstəkarlıq yaradıcılığınız elə əvvəldən uğurlu alınıb?
- “Ümid”, “Həsrət”,
“Sevgi nağılı”
və “Gülümsə”
adlı müasir əsərlərim dinləyicilərə
təqdim olundu və rəğbətlə
qarşılandı. Bir müddət
sonra klassik üslubda əsərlər
yaratdım. “Qış gecəsi” və “Uzun səfər”
adlı romanslar, “Payızın rəngi” adlı prelüdlər müəllifiyəm. Daha sonra
özümü mahnı
janrında sınadım.
Xalq artisti Fidan Hacıyeva
və gənc müğənni Ələsgər
Əliyevin ifasında
“Bayram yallısı” adlı duet dinləyicilərə
təqdim olunub. Daha sonra isə Rəşad Məcidin şeirinə bəstələdiyim
“Fərqi yoxdur” adlı mahnı Əməkdar artist Gülüstan
Əliyevanın ifasında
səsləndi. Uğurlu bir
mahnı alındığını
söyləyirlər. Amma bu, hələ son deyil, qarşıda Rəşad Məcidin sözlərinə bəstələdiyim
yeni bir mahnı var və o da dəyərli
bir sənətkarın
ifasında səslənəcək.
Bir məqamı da açıqlamaq istərdim
ki, çox dəyərli ziyalımız,
musiqini dərindən
duyan Eldar Həsənov mənim şeirlərimə mahnı
bəstələyib. O mahnılar Xalq artisti Fidan Hacıyevanın
ifasında dinləyicilərə
təqdim ediləcək.
-Müğənnilərlə iş
əsnasında çətinliklər
olurmu?
- İnanın ki,
bugünədək rastlaşdığım
bütün müğənnilər
sadə və təvazökar insanlar olub və heç
bir çətinliklə
rastlaşmamışam. Onlardan həmişə
doğma münasibət
görmüşəm.
- Uğurlarınıza paxıllıq
edən həmyaşıdlarınız
olur?
- Savadlı, insanı duyan həmyaşıdlarım
paxıllıq etmirlər.
Bu söz insanda
məyusluq yaradır.
Cəlaləddin Ruminin gözəl
bir fikri var ki, insanların
eyiblərini örtməkdə
gecə kimi ol. Mənə elə gəlir
ki paxıllıq insanın ən böyük eyibidir. Ona görə də qarşıdakı insanlarda belə hal hiss edəndə özümü bunu heç anlamamış kimi göstərirəm. Mən insanları ruhlandırmağı , stimul verməyi
həyat tərzi kimi qəbul edirəm. Dəyər verdiyim kəsləri
saatlarla yorulmadan dinləyə bilərəm.
Həsəd hissi mənim
dünyama yaddır.
“Pislik gördüyüm
kəslərə cavab
olaraq mən də pislik edim” prinsipi ilə yaşamıram.
Bu, heç yaradıcı
insana yaraşan cəhət də deyil. Sadəcə, həmin adamla
bütün əlaqələrimi
kəsirəm. Güvənmədiyim bir kimsəni ətrafıma yaxın buraxmıram. Paxıl insanların
itirdikləri illərə
heyfim gəlir. Onlar zamanını buna həsr etməklə həyatın gözəl
gedişatını itirirlər.
Bu isə insan
üçün çox
acı və kədərli məqamdır.
- Sizi şanslı insan saymaq olarmı?
- İnsan dərindən
düşünməyə başlayanda şükür
ediləcək səbəblərin
nə qədər çox olduğunu görə bilir. Şanslı
insanam, çünki gözəl valideynlərim
var. Ətrafımda dəyər
verdiyim önəmli insanlar
var. Gözəl təfəkkürə sahib dostlar mənim üçün böyük bir şansdır. Ümumiyyətlə, qismətə inandığıma görə, təsadüflərə heç inanmıram. Hətta seçdiyim peşəmi belə, alın yazısı kimi qəbul edirəm. Demək, bu, olmalı imiş və oldu da. Təbii ki, insan zamanın nəbzini öz ağlı və bacarığı ilə ələ ala bilər. Sadəcə, böyük mükafatlar Allahın bəxşişidir deyə düşünürəm.
-Digər bəstəkarların əsərini bir dinləyici kimi, yoxsa bir bəstəkar kimi dinləyirsiz?
- Hər möhtəşəm əsər insanın hislərinə, beyninə yeni bir pəncərə açır. Gözəl bir əsər dinləyəndə çox xoş hisslərə qərq oluram.Və bu hisslərin tükənməyini istəmirəm. Təbii ki, professional musiqiçi kimi dinləyib qiymətləndirirəm.
Bu yaxınlarda Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasının təşkil etdiyi bir konsert keçirildi. Proqramda mənim də öz şeirlərimə bəstələdiyim romanslar yer aldı. Konsert bitdikdən sonra böyük bəstəkarımız Arif Məlikov romanslarım barədə dəyərli fikirlərini bildirdi. Romansları çox bəyəndiyini, irəlidə bəstəkarlıqla bağlı parlaq müvəffəqiyyətlər qazana biləcəyimi söylədi. Bu mənim üçün, bir gənc kimi, çox yüksək qiymətdir. Bəstəkarlıq fəaliyyətimdə hər zaman faydalı tövsiyələrlə mənə yol göstərən müəlliməm Pikə Axundovaya dərin təşəkkürümü bildirirəm. Deyim ki, aldığım müsbət rəylər məni heç də arxayınlaşdırmır, əksinə, məsuliyyətimi daha da artırır.
Əntiqə SƏMƏNDƏR
525-ci qəzet.- 2016.- 30 aprel.- S.16