“Baş” romanı
haqqında düşündüklərim
“O, var idi və
O, yox idi. Və bu varlıqla
yoxluq arasında yaranan anlaşılmazlıq,
məchulluq ONUN şəffaf
və çəkisiz
varlığına yad
idi”...
İnsanın ilk baxışda fəlsəfi
bir söhbətin başlanğıcı olaraq
gördüyü yuxarıdakı
sətirlər bir romanın şərh hissəsindən alınıb. Bu izahat bir insan
dilindən verilsə də, əslində bütün varlıqlara, hətta cəmiyyətlərə,
millətlərə ünvanlanıb.
Var olma, yox olma, məchulluq,
şəffaf, çəkili
və çəkisiz
olmaq bir az zamana,
bir az da
məkana aid bir hadisə olması gərək. Hər tanımaqda bir
əksiklik və yabançılıq olduğu
şübhəsizdir. Çünki Nitşeyə görə
də varlığın
və ya yoxluğun tərifi varlığı da yoxluğu da yadlaşdırır.
Bəlkə də yadlaşma varlığın ana bətnindən qopması ilə başlayır. Eynilə Qoşa qala qapısının yanında bədənindən qoparılan bir insanın başı kimi... Azərbaycan və Rusiya tarixində iz salan bu baş, getdiyi hər yerdə böyük bir mədəniyyətin də yavaş-yavaş zəifləyib yıxılmasına şahid olmaqdadır. O başın kini, intiqamı və yadlığı ona hər toxunana sirayət edir, böyük bir coğrafiyanın taleyini yad işğalçıların əllərinə təslim etməkdədir.
Erih Froma görə, qədər yoxdur, lazımlılıq vardır; bir də insana aid seçimlər, seçmə mümkünlüyü... O əsas varlığından qoparılan baş və şahid olduğu hadisələr bir qədər ola bilərmi? Yoxsa insan seçimlərindən biridirmi? Naməlum, amma var olan hadisələrin nəticəsində bəziləri üçün acı və məğlubiyyət, bəziləri üçünsə zəfər və sevincdir.
“Baş” gövdəsindən qoparılıb mumiyaya çevrilən bir başın hekayəsi ola bilərmi? Xeyr. “Baş” Pavel Sisianovla Hüseynqulu xanınmı hekayəsidır? O da deyil. Yaxşı, bəs nədir? “Baş” həm bir dövrün, həm də o dövrü hazırlayan keçmişin və gələcəyə damğasını vuran hadisələr zəncirinin hekayəsidir.
Elçinin “Baş” romanını oxuduqdan sonra masamın üzərində bir Asiya xəritəsi açdım və Bakıdan başlayaraq Moskvaya, oradan Təbrizə, oradan da İstanbula qədər gedən yollara baxdım. Bu coğrafiyanı və bu mürəkkəb, uzun yolların taleyini yalnız Pavel Sisianovun başı müəyyən edə bilməzdi. O qədəri təyin edən bir çox səbəb var idi və yazıçı Elçin böyük bir ustalıqla bütün o səbəbləri romanında təkrar canlandırmışdır.
1806-cı ilin 8 fevralında Bakıda, Qoşa qala qapısının yaxınlığında öldürülən Pavel Sisianovun yaddaşında və məktublarında bütün Qafqazın, hətta İran və Osmanlının qədəri var. O, Çar adına hərəkət edərkən yalnız və yalnız öz nəcib ailəsinin qürurunumu düşünməkdədir? O qürur səbəbiyləmi görəsən öz xalqı olan gürcüləri də Rusiyanın köləsi etmək istəməkdədir? Tarix sirlər və bilinməzliklərlə doludur. Amma bir şey çox açıqdır. O da Şərqin sükutudur. Şərqin məğlubiyyətində bəzilərinə görə Şah İsmayılla Yavuz Səlimin döyüşü, bəzilərinə görə də Teymurun bütün Türk dövlətlərini əzib keçməsinin təsiri vardır. Mənə görə isə Şərqin uduzmasının iki əsas səbəbi vardır. Birincisi, Şərq düşüncə sisteminin təqlid metodunu mənimsəməsi, ikincisi isə sevgisizlikdir. Həyata, insana, təbiətə qarşı sevgisizlik ... Bu iki səbəb, təəssüf ki, hələ də davam etməkdədir. Şərqli hələ də ən yaxşı dostu olan qonşusu ilə arasına beş metrlik divar çəkir.
“Baş” romanında addım- addım Şərqdəki düşüncə yorğunluğunu və sevgisizliyi görürük. Bir çıxış yolu axtaran Hüseynqulu xanın həm özünün, həm də ətrafındakıların sanki beyni durmuş və bir tək inisiativ, fikir irəli sürə bilmirlər. Ayrıca, hamısı də bir-birinə nifrət edir. Hüseynqulu xan can hayındadır və Qaçarlara müraciət edir. Orada da vəziyyət Bakıdakından fərqli deyil. Hər kəs bir-birinin quyusunu qazmaqda, bir-birinə nifrət etməkdədir. Və o cəmiyyətdə inkişaf və dəyişmək üçün heç bir hərəkət yoxdur. Məğlub olan, kəsilən “baş” bütün bunları görür və o ölü halıyla bütün Şərqə gülür və təmsil etdiyi rusların zəfərinin zamanının gəldiyini bilir. O baş, yazıçı Elçinin əlində bir projektor kimi gah şahlıqlara, gah keçmişə, gah Sarıçoban qızının könlünə tutulmaqdadır. O könüldəki çarəsizlik, dəyərsizlik və eşq acısı şahlıqla birlikdə Şərqi yamanlaya-yamanlaya öldürməkdədir. O Sarı Çoban Qızı hər gördüyü insana “Sən Abbas Mirzəsənmi?” deyə soruşmaqdadır. Hər kəs: “Bəli, mən Abbas Mirzəyəm” deməkdə və Sarı Şoban Qızı onun qucağına atılmaqdadır. Bu boş, çürümüş və kir iyi verən bədən Abbas Mirzələrin şəxsində bütün Şərqi qorxutmaqdadır.
“Baş” romanı Qoşa qala qapısının yanından başlayar, amma bir qolu Gəncə xanı Cavad xana, bir qolu İstanbuldakı Üçüncü Səlimə qədər uzanar. Çünki yazıçı Azərbaycanın taleyinin həll edildiyi zaman kəsiyində oxucusunu ustalıqla həm keçmişə, həm də gələcəyə aparır.
Romanda üzərində həssaslıqla dayanılmış və sanki bir tablo kimi gözlərimizin önünə gətirilmiş müxtəlif xarakterlər vardır. Bunlar içində üçü mənə ən çox təsir edən xarakterlər oldu. Biri Hüseynqulu xanın bacısı oğlu Mahmud xarakteridir. Bu 19-cu əsr türkçüsünün şəxsində özümün iyirmi yaşındakı zamanlarımı gördüm. Saf, xəyalpərəst, səmimi türkçü ... Elə saf ki, Qacar vəliəhdi Abbas Mirzəyə: “İstanbuldan Təbrizə, Təbrizdən Şirvana qədər bütün türklər birləşməsə, biz hamımız məhv olacağıq” - deyə bilməkdədir. Abbas Mirzənin cavabı indi də ruslara qarşı sadəlövh düşüncələrə sahib olan insanların cavablarından başqa bir şey deyildir: “Bunu eşiyə atın!”
İkinci, Xacə Əbdül Rəhman xarakteridir. Xacə, Abbas Mirzənin hərəm ağasıdır. O fars dilində Nizaminin “Leyli və Məcnun”nu oxuyur. Kitablarda izah edilən eşqi, cinsi zövqü anlamağa çalışır, amma anlaya bilməz. Çünki uşaqlıqdan xədim edilmişdir. Ailəsi yoxdur. Gəldiyi ölkəni də xatırlamır. Xatırladığı tək şey ağappaq bir örtüklü qadın və onun ağzına qoyduğu şirin əppək... Hər dadda o şirin əppəyi və üzünü xatırlamadığı o qadını axtarar. Köksüzlük, eşqsizlik, zövqsüzlük onu fərqli vərdişlərə itələyər. Məsələn, insanların asılmalarını, asılarkən boyunlarının qırılmasını, onların can çəkişmələrini zövqlə izləyər.
Üçüncü xarakter Sarı Çoban Qızı xarakteridir. O, Qacar Vəliəhd Abbas Mirzə tərəfindən atası Sarı Çobandan altı at qarşılığında alınan 15 yaşındakı qızdır. Bu qızın adı yoxdur. Eynilə Şərqin sahibsiz, talesiz, arxasız, əzilən, döyülən bəzi qadınları kimi ... Bu qızın adı olmadığı kimi varlığı, hissi, arzusu, ümidi də yoxdur. “Soyuq bir ilana” bənzəyən Vəliəhd ondan bir neçə gün zövqü üçün istifadə etdikdən sonra onu bir əşya kimi başqasının ağzına atır. Amma Sarı Çoban Qızı eynilə Şərqin qızğın, vəhşi çölü kimidir. Ətrafındakıları yandırar, cırmaqlayar və qaçar ... Amma o qaçış onun da yox oluşudur.
“Baş” romanı nə bir dövrün, nə də bir insanın romanıdır. “Baş” romanı keçmişlə gələcəyin ortasında hələ çabalayan və heç cür fikir inqilabını tamamlaya bilməyən Şərqin romanıdır.
Orxan
ARAS
525-ci qəzet.- 2016.- 30 aprel.- S.15