“Baş”da süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər

 

II yazı

 

Tarixi fon və bədii uydurmalar realist və postrealist müstəvidə

 

“Baş” romanı mükəmməl bir bədii nümunə kimi Elçinin nəsr təfəkkürünün orijinal məhsulu olaraq ortada dayansa da, müəllif bu əsərin araya - ərsəyə gətirilməsində müxtəlif səpkili mənbələrdən yetərincə faydalanmış, onlardan ideyalarının ortaya qoyulmasında istifadə etmişdir. Əlbəttə, istifadə üçün nəzərdə tutulmuş sənədlərdən o, heç də ayrı-ayrı fraqmentlər götürüb çıxarışlar aparmamış, onları tam şəkildə təhlil etmiş, dövrün aydın mənzərəsini yaratmağa çalışmışdır. Əsərlə tanış olduqda biz burada çoxsaylı personajların real insanlar olub tarixdə yer aldıqlarını, onların konkret adlar və soyadlar altında çıxış etdiklərinin şahidi oluruq. Əsərdə kifayət qədər çoxsaylı tarixi şəxsiyyətlər iştirak edirlər. Onlara nümunə kimi biz  Hüseynqulu xanı, Ağa Məhəmməd şah Qacarı, Abbas Mirzəni, knyaz  Pavel Sisianovu, polkovnik fon Qrenfaldı, knyaz Elizbar Eristovu, Valerian Zubovu, imperatritsa Yelizaveta Alekseyevnanı, knyaz Çartorıyskini, İrinarx İvanoviç Zavalişini, M.P.Vaqifi, Stepan Razini, Yemelyan Puqaçovu, Toxtamışı, Əmir Teymuru, III Sultan Səlimin anası Validə Sultanı, Uzun Həsəni, Qara Yusifi, Miranşahı, onun oğlu Abubəkri, Şirvanşah 1-ci İbrahimi, Şəki xanı Seyid Əhmədi, Kaxetiya çarı 2-ci Konstantini, Nadir şahı, 1-ci Aleksandrı, Avarlı Ömər xanı, general - mayor İvan Petroviç Lazarevi, çariça Mariyanı, Napoleon Bonopartı, Jan Pol Maratı, Maksimilyan Robespyeri, Jorj Jak Dantonu, Şarl Anri Sansonu, qraf Timofeyev - Boqoyavlenskini, Arkadi Yevdonimoviç Razumovskini, markiza Natalya de Lafonjeni və başqalarını göstərə bilərik. Bakı Qoşa Qala Qapısının alınmasının təsviri də dürüst tarixi sənədlərə əsaslanmaqla onun özünəməxsus xüsusiyyətləri də məxəzlərdə kifayət qədər adekvat yer almışdır. Məsələn, XVIII əsrin lap son illərində Rusiya Gürcüstanda itirilmiş nüfuzunu bərpa etmək məqsədilə Zubovun başçılığı ilə Azərbaycanın şimal torpaqlarına hərbi yürüş təşkil etmişdi. 1797-ci ilin yazında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücum etməsi, Qarabağ xanlığının müvəqqəti olaraq Məhəmməd bəy Cavanşirin əlinə keçməsi, tezliklə İbrahimxəlil xan tərəfindən Ağa Məhəmməd şah Qacarın cənazəsinin Tehrana yola salınması, qızı Ağabəyim Ağanı Ağa Məhəmməd şah Qacardan  sonra hakimiyyətə gəlmiş Fətəli şah Qacara verməklə  siyasi hərbi münasibətləri normallaşdırması tarixdən yaxşı məlumdur.

 

Yaxud  XVIII əsrin sonu - XIX əsrin lap ilk ilindən başlayaraq, imperator I Aleksandrın əvvəl şərqi Gürcüstanı, sonra Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil, Pəmbək torpaqlarının Rusiyaya qatılmasına nail olmasını da bilirik. 1802- ci ilin dekabrından Quba, Dərbənd, Lənkəran xanlıqlarının İrana qarşı birgə müqavilə imzalayıb çıxış etmələri, Rusiya himayəsinə qəbul olunmaları, 1803- cü ildə general Qulyakovun başçılığı altında rus ordusunun Car-Balakənə hücumu, Tiflisdə Car-Balakən camaatlığı ilə Rusiya arasında “Andlı öhdəlik haqqında saziş” imzalanması, Qulyakovun 1804- cü ildə Cara soxulması, Zaqatala yaxınlığında məğlub edilmiş  rus ordusunun Muxax kəndi ərazisinə çəkilməsi, Qulyakovun öldürülməsi, bundan sonra carlılara divan tutan Sisianovun İlisu sultanlığını da işğal etməsi, növbəti hədəf kimi Gəncəni seçməsi, Sisianovun hədələyici məktublarında Cavad xandan təslim olmağı tələb etməsi, rus qoşunlarının  1804-cü ilin yanvarın 3-də Gəncəni işğal etməsi və qeyri-bərabər döyüşdə Cavad xanın  və onun oğlu Hüseynqulu xanın öldürülməsi də məlumdur. Bunun digər Azərbaycan xanlıqlarının  da taleyinə mənfi təsir etməsi və s. Azərbaycan tarixinin həm şərəfli, həm də məğlubiyyət səhifələri kimi sənədlərdə yer almaqdadır. Qarabağ xanlığının rus təbəəliyinə qəbul olunması, Şuşada rus qoşunlarının yerləşdirilməsi, Sisianovun Şamaxı xanı Mustafa xandan vaxtilə Qarabağdan Şirvana köçürülmüş əhalini geri qaytarmağı və Cavad ərazisini Qarabağa verməyi tələb etməsi, 1805- ci ildə Sisianovun Şamaxı xanına Rusiya hakimiyyətini qəbul etdirdikdən sonra Bakıya yol açılması, Sisianovun güclü artilleriya ilə Bakıya yaxınlaşıb Bakı xanlığının Rusiya tabeliyinə kecməsi ilə bağlı layihəni  Hüseynqulu xana göndərməsi və Sisianovun Bakı xanlığı ərazisində öldürülməsi, 1806-cı ildə rus qoşunlarının Dərbəndi və Bakını işğal etdikdən sonra Bakı xanlığının ləğvi, Quba xanlığının təslim edilməsi, Azərbaycan torpaqlarının Rusiya hakimiyyəti altına düşməsi tariximizin yanğı doğuran mərhələləridir. Car-Balakən camaatlığı Avar xanını və Dağıstan feodallarını Rusiyaya qarşı üsyana səsləməsinə baxmayaraq məğlub olması, İran qoşunlarının  1806-cı ilin iyununda  Şuşaya hücum etməsi, Şuşa qarnizonunun rəisi, Cavad xanın qatili mayor Lisaneviçin Xankəndində İbrahimxəlil xanı öldürməsi, Şəki xanı Səlim xanın buna cavab olaraq rus qarnizonunu Şəkidən qovması, Şəki xanlığının 1806-cı ilin oktyabrında rus qoşunları tərəfindən tutulması, Abbas Mirzənin başçılıq etdiyi İran ordusunun 1809- cu ildə İrəvan uğrunda gedən döyüşlərdə rusları məğlub etməsi, 1813- cü ilin oktyabrında Gülüstan müqaviləsinə görə İrəvan və Naxçıvan xanlıqlarından başqa, Şimali Azərbaycan xanlıqlarının - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Bakı, Quba və Lənkəran - Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın tərkibinə qatılması faktları məlum tarixi olaylar kimi mənbələrdən “boylanmaqdadır”.

 

“Baş” romanının tarixi - coğrafiyası da kifayət qədər real həqiqətləri əks etdirməkdədir. Burada yer almış nəinki Azərbaycan xanlıqları, Gürcüstan, onun müxtəlif knyazlıqları, çarlıqları, şəhərləri, Dağıstan, Avar xanlığı, İran, Türkiyə, Rusiya, Avropa və s. regionlar, ümumiyyətlə, həmin dövrün reallıqlarını əks etdirmək baxımından uyğun mənzərə yaradır. Bununla belə əsərdə yüksək şəkildə bədiiliyin təmin olunması ilə əlaqədar Elçinin özünün bədiiliyi roman materialının infrastrukturuna daxil etməsi də maraqlıdır. Müəllif “Baş” romanında tarixə həm yaxından, həm də uzaqdan fəlsəfi və bədiiyyat kontekstində baxır. Elçinin Azərbaycanla bağlı tarixi olaylara XVIII əsrin əvvəllərindən 500-600 il öncəyə yeri gəldikdə ekskurs etməsi də məqsədsiz deyildir. Bu tipli müraciətlər əsərin daha dolğun və mükəmməl alınmasına xidmət etmək baxımından edilmişdir. Elçinin Rusiya, Avropanın  ayrı - ayrı ölkələrinə (Osmanlı Türkiyəsi, İngiltərə, Fransa, Danimarka və s.) ekskurs etməsi də məqsədli xarakter daşımaqdadır.

 

“Altıyüz il bundan əvvəl, o zaman ki Qızıl Arslan Şamaxını tutdu, Şirvanşah Axistan Şirvanın paytaxtını Bakıya köçürüb, buranı qorumaq üçün ikicərgəli qala divarı tikdi, indi o qala divarı dənizdən də, qurudan da bu qalaya tuşlanmış rus toplarının qarşısında nə edə bilərdi? Sərdar Sisianov altı mindən artıq soldatla şəhərin qabağını kəsmişdi, general Zavalişinin gəmiləri də yenə gəlib Bakının qabağını kəsdirmişdi, Hüseynqulu xan 400, lap olsun 500 - 600 atlı ilə hücum çəkib rus ordusunu məğlub edəcəkdi?” (s.6). Müəllif bu sətirlərdə, bir tərəfdən, qarşıda duran işğalla bağlı Hüseynqulu xanın təşvişlərini ortaya qoymaq məqsədini güdmüşsə, digər tərəfdən, qüvvələr nisbətinin yetərincə fərqli olduğunu göstərib xalqın qeyrət hissəsinin, yenilməzliyinin fərqində olmuşdur. Çünki biz romanın sonrakı səhifələrində xalqın qəhrəmanlığının, nəinki Sisianovun öldürülməsinin, hətta öldürüldükdən sonra onun qəssab Balarzanın qəssab kötüyü üzərində başının bədənindən ayrılmasının və başın torbaya qoyularaq Tehrana yollanmasının şahidi oluruq.

 

Yaxud Stepan Razin və Yemelyan Puqarovla bağlı tarixi olayları Elçinin özünəməxsus şəkildə bədiiləşdirməklə həmin hadisələri öz fərdi interpretasiyasında təqdim etməsi də uğurlu sayılmalıdır. Müəllif onların Moskvadakı “Boloto” meydanında edam səhnəsini öz “rəngləri” və “naxışları” ilə boyamışdı. “Pavel Sisianov isə o zaman - elə indinin özündə də belə düşünmürdü, çünki Yemelyan Puqaçov adi cani və quldur deyildi, o, dövlətə xəyanət etmişdi, ac - yalavac lümpenləri dövlətin üzərinə aparırdı, silahı böyük rus imperiyasına qarşı qaldırmışdı və and içib silahla dövləti müdafiə edən hər bir kəs o yaramazın edamını görməli idi, bu onun borcu idi” (s.33).

 

Elçinin “Baş” romanında tarixi  informasiya materialı ilə təhkiyə arasındakı inteqrasiya bir - birini kifayət qədər tamamlayır və Azərbaycan həyatının, regiondakı çaxnaşmaların analoji mənzərəsini yaradır. Prinsip etibarı ilə “Baş” romanında bədii təxəyyülün birbaşa rolu bizim düşündüyümüzdən daha görümlüdür. Bununla belə əsərdə yer almış və müəllif tərəfindən ortaya qoyulmuş personaj və hadisələrin hamısının, yuxarıda qeyd etdiyimiz kimi, gerçəklikdə prototipləri və analoqu olmuşdur. “Baş” romanında Elçinin başlıca ustalığı ondan ibarətdir olmuşdur ki, o, real tarixi fakt və materialları özünəməxsus şəkildə işləyib hazırlamaqla, yadda qalan məzmun və obrazların yaranmasına nail olmuşdur.

 

Elçin “Baş” romanında bədii uydurmanı əsərdəki reallıqla elə uğurlu şəkildə bağlayır ki, bu, həm də ənənəvi janr formalarının transformasiyasına gətirib çıxarır. Fikrimizcə, “Baş” romanı kompozisiya baxımından romantik prinsip yox, sırf realist, bir sıra hallarda postrealist, elmi-tarixi əsər yaratma prinsipinə söykənilərək qurulmuşdur. Müəllifin XVIII əsrin əvvəllərindəki reallığa marağı, məişət detallarına diqqəti, sənədli təhkiyənin özünün sənədliliyinə meyl etmə, təsvir olunan dövrün milli detallarını incəliyi ilə bilmə ona eyni zamanda oxucunun sönməz münasibətini əks etdirməsindədir. “Baş” romanındakı realist və postrealist estetikanın əsası xarakterlərlə hadisələrin və vəziyyətlərin qarşılıqlı (həm də qarşılıqsız) əlaqələri fonunda, müstəvisində mühüm əhəmiyyət kəsb edir. Müəllifin dövrün reallığına toxunuşu personajlardan hər birinin daxilində öz izini qoyur və burada xarakter şəxsiyyətlə mühitin mürəkkəb əlaqələrinin nəticəsi kimi görünür. Bununla belə burada həmin tarixi mühit əsərdəki fəaliyyət göstərən personajlar tərəfindən təsirə məruz qoyulur. Realist və postrealist estetika burada yazıçı - realist tərəfindən insandan həmin gerçəkliliyə məsuliyyətlə yanaşmağı tələb edir. Bütün bunlar bir daha qəhrəmanla mühitin, xarakterlərlə hadisələrin təsvirin mahiyyətində durduğunu sübut edir.

 

 Nizami Tağısoy

525-ci qəzet.- 2016.- 30 aprel.- S.14