Novruz Nəcəfoğludan yeni kitab
YAZIÇININ İLK ROMANI - “NAĞIL ADAM” ÇAPDAN ÇIXIB
Tanınmış yazıçı Novruz Nəcəfoğlunun bugünlərdə
yeni kitabı işıq üzü görüb.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin dəstəyilə
hazırlanan, eyni zamanda, “ATV-Yaddaş” silsiləsindən ilk nəşr
olan bu kitabda
müəllifin ilk romanı
- “Nağıl adam” adlı bədii-bioqrafik əsəri
yer alıb.
Naşiri
Səlim Babullaoğlu,
redaktoru Seyfəddin Hüseynli, dizayneri Emil Camalov, korrektoru Lətafət Səmədova
olan “Nağıl adam” kitabı “Tuna” mətbəəsində çap
edilib. N.Nəcəfoğlunun
indiyədək bədii
əsərlərdən ibarət
“Bir qış gününün xatirəsi”,
“Yollar uzanan gün”, “Çarəsiz yolçu”, “Keçən
cavan çağım
ola...”, “Atüstü bir nağıl”, “Bir mən oyaqdım...”
və digər kitabları çıxıb.
“Dünya duracaq yer deyil...”, “Sinqapur - böyük dünya şəhəri, iddialı
ölkə”, “Eşitdiyim
və gördüyüm
Yaponiya” kitabları isə onun İsveçrəyə,
Almaniyaya, Malayziyaya, Yaponiyaya səfərlərinin
təəssüratlarını, publisistik qeydlərini əks etdirir. Ədibin bir sıra əsərləri
ingiliscəyə, ruscaya
və digər dillərə çevrilərək
çap edilib, Türkiyədə ayrıca
kitab halında nəşr olunub.
Bəzi
hissələri ötən
ilin payızında
“525-ci qəzet”də dərc
edilən “Nağıl
adam” romanının
yazılma səbəbindən
söz açan müəllifin belə bir fikri diqqət çəkir: “Müdriklərdən
tövsiyədir: “Dostlarının
olması üçün
gərək özün
dost olmağı bacarasan...”
Mən bunu bacardımmı?!
Sevdiyim insanlara - dost bildiklərimə və məni özünə
dost bilənlərə ithaf
etdiyim bu romanla həmin suala cavab tapmağa
çalışmışam”.
Kitabın əvvəlində verilmiş,
romanla bağlı tanıtım səciyyəli
yazını oxuculara təqdim edirik.
“Nağıl adam”
redaktor təqdimatında
Novruz Nəcəfoğlunun “Nağıl
adam”ından bəzi parçalar ötən ilin payızında “525-ci qəzet”də
dərc olunanda müəllif özü bu yeni əsərini
portret-povest kimi təqdim etmişdi.
Qəzetdə çıxan hissələr
əsas götürüldükdə
mətn üçün
belə bir janr təyini əsasən özünü
doğruldurdu da. Ancaq sonradan - “Nağıl adam” bütöv
bir mətn kimi oxunub redaktədən
keçiriləndə - “portret-povest”
təqdimatının bu
əsərə münasibətdə
yetərsizliyi məlum
oldu. İrihəcmli nəsr əsərlərinin
janrını müəyyənləşdirərkən
vacib sayılan əksər parametrlər üzrə bu məqamda roman kəlməsi
(müəllifin seçdiyi
ilkin təqdimata rəğmən!) daha dəqiq, sərrast istilah kimi önə
çıxdı.
“Nağıl adam”ın bu janrla bağlı
ən ümdə, meyar kimi götürülən
tələblərə - roman (xüsusən bu janrın çağdaş
nümunələri!) üçün
səciyyəvi həcm;
xronoloji və coğrafi miqyas genişliyinə (çox
müxtəlif
zamanlarda, tamam fərqli, məsafəcə
uzaq məkanlarda, ayrı-ayrı sosial-mədəni
mühitlərdə baş
verən, ictimai-tarixi mahiyyət daşıyan hadisələri əhatə
etmək baxımından!);
süjetdə (bir əsas xəttə, ana məcraya üzvi surətdə qovuşmaq şərtilə!)
çoxşaxəliliyə; bir neçə (hətta daha artıq!) obrazın həyatının, dünyagörüşünün,
xarakter ştrixlərinin
dolğun bədii təqdimatı... - uyğunluğu
elə ilk oxunuşdaca
(ciddi nəzəri hazırlıq olmadan da!) sezilən, özünü (az qala mübahisə doğurmayacaq qədər!)
aşkar göstərən
keyfiyyətdir. Amma mübahisə
doğuracaq məqam, hər halda, yox deyil. Bu isə janra
münasibətdə başqa
bir (sırf məzmuna bağlı!) parametri nəzərdən
keçirəndə üzə
çıxır. Məzmun
planı əsas alınmaqla baxılarsa, N.Nəcəfoğlunun “Nağıl
adam”ını (müəllif özü “portret” kimi işarələsə
də!) “portretlər
romanı” da adlandırmaq olar, “sənədli roman” da,
“roman-xatirat” da. Əsərin
məzmun mündəricəsində
bütün bu variantları doğruldacaq
kifayət qədər
material var.
Əvvəla, “Nağıl adam”da (biri mərkəzdə, digərləri
nisbətən yan planda olmaqla!) neçə-neçə insanın
- gerçək simaların
portretləri cızılır,
bu əsasda yaradılmış obrazların
xarakter cizgiləri incəliklərinə qədər
təqdim edilir.
İkincisi, əsərdə sənədlərə
- yazılar, məktublar
halında - geniş yer verilir, real hadisələr, həqiqi olaylar (bəzən faktik-statistik təfərrüatla!)
qələmə alınır.
Üçüncüsü, “Nağıl adam”ın məzmunu əslində bütünlüklə xatirat elementlərindən - yaddaş lövhələrindən, xatirələrdən, təəssüratlardan - ibarətdir. Ancaq bütün bu cəhətləri özündə birləşdirən, bunların hamısını ehtiva edən başqa bir təyin də var ki, “Nağıl adam” üçün daha uyğun, daha uğurlu təsir bağışlayır: bioqrafik roman! N.Nəcəfoğlunun bu əsəri ümumən (əlbəttə ki, bədii planda təqdim olunmuş!) bioqrafiyalar toplusudur. Sözün yaxşı mənasında, seçkin bioqrafiyalar məcmusudur. Burada, əsasən, romanın irili-xırdalı obrazlarına çevrilmiş gerçək simaların tərcümeyi-halı (ətraflı ya da yığcam!), onların ömür yolunun bir çox mühüm, maraqlı məqamları əksini tapıbsa da, əsərin bioqrafik tutumu heç də bununla məhdudlaşmır. Mübaliğəsiz demək olar ki, “Nağıl adam”da, insanlardan savayı, kəndin, obanın, məktəbin, dağın, dərənin, çayın, gölün, daşın, lap elə hafizəyə həkk olunmuş hansısa sözün, ifadənin də özünəməxsus bioqrafiyası var. Üstəlik, bütün bu bioqrafiyalara münasibətdə, onların fonunda (yaxud onlarla paralel!) müəllifin də tərcümeyi-halı təqdim olunur, onun da həyatı (dünənli-bugünlü!), dünyagörüşü, mənəvi aləmi göz önünə sərilir. Amma müəllifin bioqrafiyasının məhz bu cür dolayı, əsərdəki obrazlarla vəhdətdə, ya da onların fonunda verilməsi romanı avtobioqrafikliyə yuvarlanmaqdan sığortalayır. Nəticədə, “Nağıl adam”ın janr mənsubiyyəti məhz bioqrafik roman kimi müəyyənləşir.
Başqa müəlliflərin yazılarından alıntılar, müxtəlif mətnlərlə səsləşmələr bu əsəri müasir romançılıq nümunələri ilə əlaqələndirən ortaq cəhətlərdir.
Dili, təhkiyə tərzi etibarilə nağıllarımızı andıran “Nağıl adam” struktur etibarilə epos mədəniyyətimizlə bağlantılıdır ki, bu da təsadüfi deyil. Folklor poetikasını yaradıcılıqda vacib istinadgah sayan müəllif həm özü üçün rahat, əlverişli, həm də oxucularına doğma olan üslubi platforma seçərək, bu romanını dil-təhkiyə cəhətindən də, struktur baxımından da (ayrı-ayrı fəsillərin - eynilə dastanlarımızdakı kimi - səfərlər, yol təəssüratları üzərində qurulması; bir çox məqamda nəsr-şeir növbələşmələri...) xalq ədəbiyyatı ilə sıx əlaqələndirib.
Romanın ana teması, leytmotivi dostluqdur. Əsərin yaranmasına da dostluq anlayışına
ehtiram, dostluğa, dostlara məhəbbət təkan verib. Müəllif dostluğun fərqli zamanlardakı, müxtəlif mühitlərdəki,
romanın obrazlarına
çevrilmiş ayrı-ayrı
insanlar arasındakı
parlaq təzahürlərini
qələmə almaqla,
əslində, bu ali insani
duyğuya sözdən
abidə ucaldıb, çağdaş bir dostluq dastanı yaradıb.
Seyfəddin HÜSEYNLİ
525-ci qəzet.- 2016.- 30 aprel.- S.12