Doktorantura təhsili haqqında mülahizələr

 

 

Azərbaycan Respublikasında doktorantura təhsili "Təhsil sahəsində" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na, 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na, 16 mart 2012-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura  səviyyəsi üzrə ixtisasların Təsnifatı"na, digər normativ-hüquqi aktlara və təlimati sənədlərə uyğun olaraq həyata keçirilir.

 

"Təhsil sahəsində" Azərbaycan Respublikasının Qanununda və "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda doktorantura təhsili bakalavriat və magistratura (o cümlədən, baza tibb təhsili-rezidentura) səviyyələri ilə yanaşı olaraq ali təhsil pilləsinin üçüncü səviyyəsi kimi müəyyən edilir və yalnız ali təhsilin hər üç səviyyəsini müvəffəqiyyətlə bitirənlər tam ali təhsilli hesab edilməlidirlər.

 

Mövcud qanunvericiliyə uyğun olaraq hazırda bakalavriat səviyyəsində ali təhsil yalnız ali təhsil müəssisələrində həyata keçirilir. Magistratura səviyyəsində təhsil ali təhsil müəssisələri ilə yanaşı son illər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da həyata keçirilir. Doktorantura səviyyəsində isə təhsil ali təhsil müəssisələri ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasında və doktoranturalar yaradılan elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatlarda həyata keçirilir. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirənlərə - bakalavr peşə ixtisas dərəcəsi, magistratura səviyyəsini bitirənlərə magistr elmi-ixtisas dərəcəsi, doktorantura səviyyəsini bitirənlərə isə fəlsəfə doktoru (PhD) və ya elmlər doktoru elmi dərəcəsi və bu dərəcələri təsdiq edən müvafiq dövlət nümunəli sənəd - diplom verilir.

 

Bakalavr diplomu onun sahibinə magistraturada təhsilini davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq, magistr diplomu doktoranturada təhsilini davam etdirmək, elmi tədqiqat və elmi-pedaqoji işlərlə, eləcə də müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Fəlsəfə doktoru diplomu onun sahibinə elmlər doktoru proqramı üzrə doktoranturada təhsilini davam etdirmək hüququ verir. Fəlsəfə doktoru və elmlər doktoru diplomu onun sahibinə  eyni zamanda müvafiq ixtisas üzrə və yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadr kimi tələb olunan sahələrdə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

 

Hər şeydən əvvəl hesab edirik ki, "Təhsil sahəsində" Azərbaycan Respublikasının Qanununda və müvafiq sənədlərdə dəyişiklik aparılaraq doktorantura təhsilinin ali təhsil pilləsinin üçüncü səviyyəsi kimi deyil, iki səviyyəli (bakalavriat və magistratura) ali təhsildən sonrakı ayrıca təhsil pilləsi kimi müəyyən edilməsi daha məqsədəuyğun olardı. Bunun əsas səbəbləri kimi aşağıdakıları qeyd etmək istərdik.

 

1. Mövcud qanunvericiliyə uyğun olaraq hazırda magistratura səviyyəsinə qəbul üzrə elan edilən yerlərin sayı ali təhsilin bakalavriat səviyyəsini bitirən məzunların sayının yalnız 20 faizi həcmində müəyyən edilir. Nəzərə alsaq ki, magistratura səviyyəsini bitirən məzunların ən yaxşı halda 20 faizi doktoranturaya qəbul edilir, onda aydın olur ki, hər il bakalavriat səviyyəsinə qəbul edilən abituriyentlərin ən yaxşı halda cəmi 4 faizi (əslində isə 2-3 faizi) son nəticədə tam ali təhsilli hesab edilə bilir. Başqa sözlə hər il ali təhsilin bakalavriat səviyyəsinə qəbul edilən abituriyentlərin 96 faizindən çoxu son nəticədə natamam ali təhsilli hesab edilir ki, bu da ali təhsilin keyfiyyət baxımından qeyri-müəyyənlik yaradır. Ali təhsil pilləsi iki səviyyəli müəyyən edildikdə isə hər il bakalavriat səviyyəsinə qəbul edilən abituriyentlərin ən azı 20 faizi tam ali təhsilli hesab edilə bilər.

 

2. Artıq qeyd edildiyi kimi, ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil əsasən ali təhsil müəssisələrində həyata keçirilir və Təhsil Naziliyi tərəfindən idarə olunur (son illər yalnız magistratura səviyyəsində təhsil qismən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da həyata keçirilir və bu halda da təhsil Təhsil Nazirliyi tərəfindən idarə olunur). Doktorantura səviyyəsində isə təhsil ali təhsil müəssisələri ilə yanaşı kifayət qədər böyük həcmdə tərkibində ali təhsil müəssisəsi olmayan Azərbaycan Milli Elmlər Akademiyasında və doktoranturalar yaradılan elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatlarda həyata keçirilir və bu müəssisələrdə təhsil AMEA və elmi təşkilatların tabe olduqları müvafiq icra hakimiyyəti orqanları tərəfindən Təhsil Nazirliyinin iştirakı olmadan müstəqil olaraq təşkil edilir və həyata keçirilir.

 

3. Ali təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət standartının olmasına baxmayaraq doktorantura təhsil səviyyəsinin dövlət standartı hələ də işlənilməmişdir. Bu sahədə dövlət standartı Təhsil Nazirliyi ilə yanaşı AMEA-nın və tərkibində doktoranturalar yaradılan elmi təşkilatların və onların tabe olduqları müvafiq icra hakimiyyəti orqanlarının da nizamnamə və əsasnamələrinə uyğunlaşdırılmalıdır ki, bu da doktorantura təhsilinin ayrıca təhsil pilləsi kimi müəyyən edilməsi zərurətini yaradır.

 

4. Hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələrində tədris prosesi tamlıqla Avropa Kredit Transver Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. Aydındır ki, ali təhsilin səviyyəsi kimi və ümumiyyətlə qloballaşan dünyaya inteqrasiya və beynəlxalq təcrübəyə uyğunlaşmaq baxımından  doktorantura səviyyəsində də təhsil kredit sisteminə uyğun olaraq təşkil edilməlidir. Lakin aydındır ki, bu halda AMEA-nın və tərkibində doktoranturalar yaradılan elmi təşkilatların və onların tabe olduqları müvafiq icra hakimiyyəti orqanlarının da xüsusiyyətləri nəzərə alınmalıdır ki, bu da doktorantura təhsilinin ayrıca təhsil pilləsi kimi müəyyən edilməsi zamanı daha asan ola bilər.

 

5. Yeri gəlmişkən qeyd edək ki, hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi üzrə təhsilin adambaşına maliyyələşmə mexanizmi əsasında həyata keçirilməsinə baxmayaraq doktorantura səviyyəsi üzrə bu problem hələ də həll olunmayıb. Hesab edirik ki, doktorantura təhsili üzrə adambaşına düşən xərclərin hesablanması zamanı da AMEA-nın və tərkibində doktoranturalar yaradılan elmi təşkilatların və onların tabe olduqları müvafiq icra hakimiyyəti orqanlarının xüsusiyyətləri nəzərə alınmalıdır.

 

Son vaxtlar elmi ictimaiyyəti narahat edən məsələlərdən biri də doktoranturada təhsilalanların nisbətən dar sahədə ixtisaslaşmasıdır. Aydındır ki, qloballaşan müasir dünyada elmi dərəcəli yüksək ixtisaslı kadrlardan daha geniş spektrli bilik, bacarıq və vərdişlərə malik olmaq tələb edilir. Bu isə təhsil proqramlarına müvafiq fənlərin daxil edilməsini və təhsil prosesinə multidissiplinar yanaşmanı tələb edir ki, bu da doktorantura təhsilinin dövlət standartı hazırlanarkən nəzərə alınmalıdır. Hesab edirik ki, doktorantura üzrə təhsil proqramları (kurikulumlar) təlim nəticələrini və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs saatlarının miqdarını, elmi tədqiqat işinə, istehsalat təcrubəsinə, dissertasiyanın hazırlanmasına ayrılan müddəti, elmi-tədqiqat işinin və istehsalat praktikasının təşkili, elmi və elmi-metodiki təminatla bağlı tövsiyələri, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi kimi hazırlanmalıdır.

 

Yuxarıda qeyd edilənlərlə yanaşı olaraq hesab edirik ki, doktorantura təhsilinin dövlət standartı hazırlanarkən bu sahədəki beynəlxalq təcrübə də nəzərə alınmalıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq doktoranturada təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi (təlim nəticələri) üçüncü səviyyəli Dublin deskriptorları ilə müəyyən edilir və kompetensiyalar vasitəsilə ifadə olunur. Təlim nəticələri həm ümumi təhsil proqramı, həm də ayrı-ayrı fənlər və modullar səviyyəsində formalaşdırılır. Nümunə üçün qeyd edək ki, Qazaxıstan Respublikasında doktorantura təhsili ali təhsildən sonrakı təhsil pilləsi kimi müəyyən edilir və onun dövlət standartı Dublin deskriptorları nəzərə alınmaqla hazırlanmışdır.

 

Üçüncü səviyyəli deskriptorlar təhsilalanlar tərəfindən aşağıdakı ümumi təlim nəticələrinin əldə edilməsini nəzərdə tutur:

 

- tədqiqat sahəsini sistemli başa düşdüyünü, bu sahədə istifadə edilən bacarıq və tədqiqat metodları üzrə ustalığa malik olduğunu nümayiş etdirmək;

 

- elmi tədqiqatların kompleks prosesini planlaşdırmaq, işləmək, reallaşdırmaq və korrektə etmək;

 

- milli və beynəlxalq səviyyədə dərc edilməyə layiq olan şəxsi orijinal tədqiqatları ilə elm sahəsinin sərhədlərini genişləndirmək üçün töhfələr vermək;

 

- yeni və mürəkkəb ideyaları tənqidi təhlil etmək, qiymətləndirmək və sintez etmək;

 

- öz bilik və nailiyyətlərini həmkarlarına, elmi ictimaiyyətə və geniş kütləyə bildirmək;

 

- biliklərə əsaslanan cəmiyyətin inkişafına dəstək vermək.

 

Dublin deskriptorlarına uyğun olaraq doktorantura pilləsində məzunların  əldə etməli olduğu kompetemsiyalar aşağıdakı kimi müəyyən edilir:

 

Aşağıdakılar haqqında təsəvvürə malik olmaq:

 

- elmlərin təkamülündə paradiqmanın inkişafının və əvəz olunmasının əsas mərhələləri;

 

- təbiət (sosial, humanitar, iqtisadi) elmlərin məzmun, dünyəvilik və metodoloji xüsusiyyətləri;

 

- müvafiq bilik sahəsi üzrə elmi məktəblər, onların nəzəri və praktiki işləmələri;

 

- müvafiq sahədə dünya və Azərbaycan elminin elmi konsepsiyaları;

 

- elmi işləmələrin praktik fəaliyyətdə tətbiqi mexanizmi;

 

- elmi ictimaiyyətdə qarşılıqlı təsir normaları;

 

- alim-tədqiqatçının pedaqoji və elmi etikası.

 

Bilmək və anlamaq:

 

- qlobalizasiya və beynəlxalq aləmə inteqrasiya şəraitində milli elmin müasir tendensiyaları, inkişaf istiqamətləri və qanunauyğunluqlarını;

 

- elmi idrakın metodologiyasını;

 

- müvafiq sahədə dünya və Azərbaycan elminin nailiyyətlərini;

 

- elm və təhsilin sosial məsuliyyətini (anlamaq və qəbul etmək);

 

- elmi əlaqələrin və beynəlxalq əməkdaşlığın təmin edilməsi məqsədi ilə xarici dili;

 

Bacarmaq:

 

- elmi tədqiqat prosesini təşkil etmək, planlaşdırmaq və həyata keçirmək;

 

- tədqiqat sahəsində müxtəlif nəzəri konsepsiyaları təhlil etmək, qiymətləndirmək, müqayisə etmək və nəticə çıxarmaq;

 

- müxtəlif mənbələrdən alınan məlumatları təhlil etmək və işləmək;

 

- müasir nəzəriyyələr və təhlil üsulları əsasında akademik tamlıqla xarakterizə olunan müstəqil elmi tədqiqatlar aparmaq;

 

- yeni ideyalar vermək, öz bilik və ideyalarını elmi ictimaiyyətə ötürməklə elmi idrakın sərhədlərini genişləndirmək;

 

- tədqiqatların müasir metodologiyasını seçmək və istifadə etmək;

 

- özünün növbəti peşə inkişafını planlaşdırmaq və proqnozlaşdırmaq;

 

Vərdişlərə malik olmaq:

 

- müxtəlif elmi nəzəriyyələri və konsepsiyaları (ideyaları) tənqidi təhlil etmək, qiymətləndirmək və müqayisə etmək;

 

- analitik və eksperimental elmi fəaliyyət;

 

- tədqiqat nəticələrini planlaşdırmaq və proqnozlaşdırmaq;

 

- natiqlik məharəti və beynəlxalq elmi kofranslarda, seminarlarda və forumlarda çıxış etmək;

 

- elmi yazışma və elmi ünsiyyət;

 

- elmi tədqiqat prosesini planlaşdırmaq, koordinasiya etmək və həyata keçirmək;

 

- tədqiqat (bilik) sahəsini sistemli başa düşmək, seçilmiş elmi metodun keyfiyyətliliyini və nəticəyönümlülüyünü nümayiş etdirmək;

 

- elmi tədbirlərdə, respublika və beynəlxalq səviyyəli fundamental elmi layihələrdə iştirak etmək;

 

- kollektivə rəhbərlik etmək və onu lider kimi idarə etmək;

 

- elmi və elmi-pedaqoji fəaliyyətə məsuliyyətli və yaradıcı münasibət;

 

- patent axtarışı aparmaq və müasir informasiya və innovasiya texnologiyalarından istifadə etməklə elmi məlumatları ötürmək təcrübəsinə malik olmaq;

 

- məxsusi elmi kəşfləri və işləmələrinə dair intellektual və müəlliflik hüquqlarını qorumaq;

 

- xarici dildə müstəqil ünsiyyət yaratmaq.

 

Kompetentliyə malik olmaq:

 

- informasiya selinin sürətlə artması və yenilənməsi şəraitində elmi və elmi-pedaqoji fəaliyyət sahəsində;

 

- nəzəri və təcrübi elmi tədqiqatların aparılması sahəsində;

 

- elmi tədqiqatlarda nəzəri və tətbiqi məsələlərin qoyulması və həll edilməsi sahəsində;

 

- müvafiq sahədəki problemlərin peşəkar və hərtərəfli təhlilinin aparılması sahəsində;

 

- şəxslərarası münasibət və insan resurslarının idarəedilməsi məsələlərində;

 

- mütəxəssislərin ali təhsil müəssisələrində hazırlanması məsələlərində;

 

- elmi layihələrin və tədqiqatların ekspertizasının aparılması sahəsində;

 

- peşə yüksəlişinin daimi təmin olunması sahəsində.

 

Qeyd edilənlərlə yanaşı ayrı-ayrı doktorantura ixtisasları üzrə xüsusi kompetensiyalar işəgötürənlərin və cəmiyyətin sosial tələbləri nəzərə alınmaqla əlavə olaraq işlənilməlidir.

 

Doktorantura təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi, başqa sözlə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi və keyfiyyəti illik attestasiya, doktorluq imtahanlarının verilməsi, müvafiq elmi dərəcə almaq üçün dissertasiya işinin ilkin müzakirəsi ilə müəyyənləşdirilir və təhsil proqramları dissertasiya işinin müdafiəsi ilə yekunlaşır.

 

Təhsilalanların biliyinin qiymətləndirilməsinin əsas məqsədi doktorantura təhsilinin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəldilməsinə xidmət etməkdir. Təhsilalanların biliyinin qiymətləndirilməsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır:

 

- qiymətləndirmə meyarlarının ölçüləbilən və etibarlı olması;

 

- qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə olunması;

 

- qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması;

 

- qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə bacarığının formalaşması, onlarda öz təlimlərini yaxşılaşdırması istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması.

 

Son olaraq qeyd edək ki, doktorantura təhsilinin keyfiyyətini daha da yüksəltmək və inteqrasiya proseslərini sürətləndirmək məqsədi ilə bir çox hallarda doktorantlara biri inkişaf etmiş xarici ölkələrdən olmaqla ikili elmi rəhbər və ya elmi məsləhətçinin təyin edilməsi zərurəti yaranır. Hesab edirik ki, doktorantura təhsilinin dövlət standartı hazırlanarkən bu məsələ də nəzərə alınmalıdır.

 

 

Aydın KAZIMZADƏ

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor

525-ci qəzet.- 2016.- 3 may.- S.4